Dolların məzənnəsi mübahisəyə səbəb oldu, bankların fəaliyyəti məhdudlaşdırıldı
Bizi izləyin

Hesabat

Dolların məzənnəsi mübahisəyə səbəb oldu, bankların fəaliyyəti məhdudlaşdırıldı

Yola saldığımız həftə dünya iqtisadiyyatı ənənəvi problemləri ilə baş qatdı. Federal Rezerv Sisteminin faiz artımı yenə müzakirə mövzusu olaraq qaldı. Amerika Neft İnstitutunun hesabatı isə neftin qiymətini yüksəltdi.

Başlayaq elə Amerika Neft İnstitutunun (APİ) hesabatından. Hesabata əsasən ABŞ-da xam neft ehtiyatları 16-23 fevral tarixlərində 0,884 mln. barel azalıb. Halbuki neft ehtiyatlarının 3,3 mln. barel artacağını proqnozlaşdırırdılar. Xatırladaq ki, APİ-nin hesabatı bu gün, fevralın 23-də ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) tərəfindən açıqlanacaq rəsmi hesabatın ilkin siqnalı kimi qəbul olunur.

EİA-nın proqnozuna görə, hesabat həftəsində neft ehtiyatları 3,475 mln. barel artım göstərməli, benzin ehtiyatları 0,888 mln. barel, distillat ehtiyatları isə 0,483 mln. barel azalmalı idi.

APİ-nin hesabatından sonra "Brent" markalı neftin qiymətinin 0,9% artaraq 56,35 dollar/barelə çatdı.

ABŞ dollarının məzənnəsi də müzakirə mövzusu oldu. Donald Trampla ölkənin maliyyə naziri Stiven Mnuçin arasında dolların cari məzənnəsi məsələsi gərgin mübahisələr yaratdı. ABŞ prezidenti dolların hazırda çox möhkəm olduğunu qeyd edir: "Bu, bizi öldürür". Lakin maliyyə naziri güclü dolların ABŞ iqtisadiyyatına etimad yaratdığını bildirir: "Dolların uzun müddətdə möhkəmlənməsi - müsbət tendensiyadır".

"The Wall Street Journal"a müsahibə verən S.Mnuçin, uzunmüddətli perspektivdə dolların möhkəmlənməsinin müsbət siqnal olduğunu qeyd edib: "Mən bunu gözləyirəm. Lakin qısamüddətli perspektivdə güclü dolların müsbət olduğu qədər, mənfi tərəfləri də var. Dolların prezident seçkilərindən sonra kəskin yüksəlməsi Tramp hakimiyyətinə inamı göstərir".

Bu arada "Capital Economics" makroiqtisadi araşdırma şirkəti inkişaf etməkdə olan ölkələrin valyutalarının çoxunun bu il ucuzlaşacağını bildirib. Şirkətin hesabatında həmçinin Meksika pesosunun Donald Trampın bu ölkəyə sərt davranışları səbəbindən qorunmadığı qeyd olunub. Bununla yanaşı, Çili pesosu və Peru solunun mis və dəmir qiymətlərinin qlobal əmtəə bazarlarında düşməsi səbəbindən ucuzlaşacağı, Cənubi Afrika Respublikası randının və Türk lirəsinin isə bu ölkələrin cari balanslarında ciddi kəsirə qarşı həssas olduqları hesabatda öz əksini tapıb.

Türkiyənin isə cari balansında kəsir 2016-cı ilin yekununa görə, 32,6 mlrd. ABŞ dolları olub. Həmçinin hesabatda Şərqi Avropa ölkələri valyutalarının avro ilə sıx əlaqədə olduqlarından zəifləyəcəkləri qeyd olunub. Hesabatda avronun 2017-ci ilin sonuna qədər dollarla müqayisədə paritetdən aşağı düşəcəyi deyilib.

Qazaxıstan Mərkəzi Bankı ölkədəki baza uçot dərəcəsini 12%-dən 11%-ə endirdi. Bununla yanaşı, uçot dərəcəsi koridorunun aşağı həddi 10%, yuxarı həddi isə 13% olaraq müəyyən edilib.

Xatırladaq ki, Qazaxıstanda bu ilin yanvar ayında inflyasiya hədəflənən səviyyə - 6-8%-dək geriləyib.

Qazaxıstan Mərkəzi Bankının sədri Daniyar Akişevin sözlərinə görə, inflyasiya gözləntilərinin azalması, sabitliyin bərpası, daxili valyuta bazarında proqnozların verilə bilməsi, işgüzar fəallığın artması, eləcə də xarici amillərin müsbət tendensiyası pul-kredit siyasətini yumşaltmağa imkan yaradıb.

Baş bankir yeni faiz endirimi qərarının verilməsi imkanlarını hələlik məhdud hesab etdiyini bildirib.

Rusiyada bank sistemi dəyişir. 2019-cu ilin 1 yanvar tarixindən etibarən 1 milyard rubla qədər kapitala sahib banklar baza lisenziyası almalı olacaqlar. Dövlət Duması tərəfindən qəbul edilən “Çoxmərhələli bank sistemi haqqında qanun” layihəsində bildirilir. Qanun layihəsinə əsasən, kredit təşkilatlarını iki növ lisenziya üzrə ayırmaq təklif edilir – 1 milyard rubla qədər kapitala sahib olan banklar baza lisenziyası, 1 milyard rubl və ondan daha çox kapitala sahib təşkilatlar isə universal lisenziyası əldə edəcək.

Qanun layihəsinin müəlliflərindən biri, Dövlət Dumasının maliyyə bazarları üzrə komitəsinin sədri Anatoliy Aksakov qeyd edib ki, baza lisenziyasına sahib banklar üçün nəzarət yükü və tənzimləyici tələblər iki dəfə endiriləcək. Bununla yanaşı, onlar yerinə yetirilən əməliyyatlar toplusu ilə kifayətlənəcək. Ümumilikdə, belə banklar ölkədən xaricdə müxbir hesabları aça və yüksək riskə malik qiymətli kağızlarla işləyə bilməyəcək.

İş dünyası

Dünyada 2,5 trilyon barel texniki çıxarıla bilən neft ehtiyatı qalıb və bu, 2050-ci ilədək bütün dünyada tələbatın ikiqat ödənilməsi üçün kifayətdir. BP-nin baş iqtisadçısı Spenser Deylin belə bir bəyanatla çıxış edib: "Mənim neftlə bağlı fikrim həmişə belə olub: bizim 2011-2014-cü illərdə şahidi olduğumuz 100-110 dollarlıq qiymət səviyyəsi tarazlıq baxımından təbii görünmür. Bu, özlüyündə həmin vaxt mövcud olan bir çox problemlərin törəməsidir. Xüsusilə, "ərəb baharı" səbəbindən tədarüklərdə yaranan əhəmiyyətli problemlər".

Rusiyanın ən böyük neft şirkəti “Rosneft”in 2016-cı il üzrə qazancı əvvəlki illə müqayisədə 49 faiz azalaraq 181 milyard rubla düşüb. Neftin qiymətindəki eniş səbəbindən şirkətin 2016-cı ildə dəqiq qazancı əvvəlki illə müqayisədə 49 faiz geriləyərək 181 milyard rubla (təxminən 3,1 milyard dollar) düşüb.

Neftin qiymətində yaşanan sabit yüksəliş səbəbindən şirkətin qazancı keçən ilin son rübündə bir əvvəlki ilin eyni dövrünə görə 100 faiz artaraq 26 milyard rubldan 52 milyard rubla yüksəlib.

Keçən il şirkətin cəmi satış gəlirləri 10 azalaraq 4,9 trilyon rubla düşüb. 2016-cı ilin son rübündə şirkətin gəlirlər bir əvvəlki illə müqayisədə 21,4 faiz artaraq 1,4 trilyon rubla yüksəlib.

Neftin istehsal həcminə görə, dünyanın ən böyük neft şirkəti olan “Rosneft” ”Bashneft”dəki rus hökumətinə aid səhmlərin 50,08 faizini satın alıb.

Azərbaycan

Gəldik çıxdıq öz ölkəmizə… “Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli reytinqini "BB+" investisiya səviyyəsində saxlayıb.

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 26 minə yaxın vergi ödəyicisinin toplam olaraq 350 mln. manata qədər vergi borcu üzrə hesablanan faiz və maliyyə sanksiyalarının silinməsi planlaşdırılır. Vergilər nazirinin müşaviri Ələkbər Məmmədovun sözlərinə görə, bu vaxta qədər 69 mindən çox vergi ödəyicisinin faiz və sanksiyalar üzrə borcunun silindiyini deyib: "Ümumilikdə, 79 minə qədər vergi ödəyicisinin borcunun silinməsi gözlənilir".

Məndən bu qədər...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm