Bankdakı pullarınızdan xəbəriniz var ?
Bizi izləyin

Hesabat

Bankdakı pullarınızdan xəbəriniz var ?

Yay gəlsə də, dünyada əsən soyuq küləklər səngimədi. Müxtəlif ölkələrdə yaşanan siyasi gərginliklərin tozu-torpağı birjalarda, qlobal iqtisadiyyatda duman yaradıb. Son xəbərdarlıqlara görə, Avropa Rusiya ilə qaz savaşına davam edərsə və birinci idxalı dayandırarsa bu növbəti maliyyə böhranına yol açacaq. Yeri gəlmişkən, yola saldığımız həftə Avropa Mərkəzi Bankının rəhbəri Mario Draghi ilə həmkarı Janet Yellənilin (FED rəhbəri) bəyanatları da birjalarda dumanın ərşə çıxmasına az “qaz” vermədi. Biri danışdı avro dəyər itirdi, o biri proqnoz verdi qızlın qiyməti düşdü. Allah səbr versin.

Başlayaq Avropadan. Avropa Mərkəzi Bankı faiz dərəcələrini dəyişdirmədi. Konkret faiz nisbətini rekord aşağı səviyyədə 0.25 faiz, depozitlər üzrə faziləri 0, marjinal faiz nisbətini 0.75 faiz nisbətində saxladı.Bankın rəhbəri Mario Draghi bunun üçün növbəti ayı gözlədiklərini bəyan etdi: “İqtisadi artım və inflyasiya nisbətlərindəki proqnozların nəticələrini gözləyirik. Hər hansı dəyişiklik olacaqsa, bu önümüzdəki ay baş verəcək. Bölgənin iqtisadiyyatında irəliyə doğru müsbət dəyişikliklər var”.

Draghi deyib ki, bölgədə inflyasiya uzun müddət aşağı səviyyədə olacaq. Lakin 2015-ci ildə də pilləli olaraq artmağa başlayacaq: “Qlobal iqtisadi və geosiyasi inkişafları yaxından izləyirik. Lazım olduğu zaman hərəkətə keçəcəyik. Bu halda qeyri-ənənvi vasitələrdən istifadə edə bilərik”.Bu arada Draghi nin şərhindən sonra Avropa birjaları günü artımla başa vurdular. Avro dollar qarşısında dəyərini itirdi.

Onu da bildirək ki, Avro Bölgəsində böhranın təsirlərinin ən çox hiss edildiyi ölkələrdən biri Portuqaliyadır. Hazırda kreditorlardan xilas olmağa hazırlaşır. Hökumət kəmər sıxma siyasətlərini sonlandırmamasına baxmayaraq, xilasetmə proqramınından çıxmaq istəyir.

Qadınları razı salmaq doğurdan da çətindir. Belə ki, Draghinin həmkarı Amerika Mərkəz Bankının rəhbəri Janet Yellənil hələ iqtisadi nəticələrdən razı qalmadığını ifadə edib.O, iqtisadi artımın və məşğulluq bazarının hələ təminedici səviyyədə olmadığını açıqlayıb. FED rəhbəri geopolitik gərginliklərin iqtisadiyyata daha pis təsir edəcəyini də söyləyib: "İqtisadi fəaliyyətlərin bu il keçən ilə görə daha sürətli artmasını gözləyirik. Təhlükəli risklərdən biri də, geopolitik gərginliklər və inkişaf etməkdə olan ölkələrdəki maliyyə gərginliklərin artması kimi xaricdəki mənfi təsirlərdir. Bu cür faktorlar qlobal iqtisadiyyatda etibarı sarsıda bilər."

Yellənil, inflyasiya nisbətinin bütün səylərə baxmayaraq 2 faizin altında qalmasının əhəmiyyətli risklər yarada biləcəyini də vurğulayıb. Qadının şərhində sonra isə qızılın dəyəri 1,2 faiz düşərək 293 min dollara qədər geriləyib.

Qonşuların düşmənçiliyi müsibət olurmuş. Rusiya Ukraynaya mavi qazla bağlı əvvəlcədən ödəniş sistemi tətbiq etməyi qərara alıb. Ölkənin energetika naziri Aleksandr Novak bildirib ki, “Qazprom” 16 mayda “Naftoqaz Ukrayna” üçün iyun ayının qaz tədarükü ilə bağlı ilkin qiyməti təyin edəcək. Faktiki mavi qazın təslimatı Ukraynanın 31 mayda edəcəyi ödənişdən asılı olacaq. Qeyd edək ki, 7 maya olan rəsmi məlumata görə, Ukraynanın qaza olan borcu 3,5 milyard dollara yüksəlib.Xatırladaq ki, Aleksandar Novak hələ bir müddət əvvəl “Qazprom”un 16 mayda iyun ayı üçün ilkn hesabı təqdim edəcəyini demişdi:“Əgər aprel ayında tədarük edilmiş qaz üçün ödəniş həyata keçrilməzsə, 16 mayda “Qazprom” iyun ayı üçün ilkin hesab tələb edəcək. Ukrayna tərəfi 31 maya qədər hesab üzrə ödənişi həyata keçirmək imkanı olacaq. Onda iyun ayında tədarük ediləcək qaz 31 maya qədər ödənilmiş vəsaitə uyğun olacaq”.

Nazir vurğulayıb ki, bu qazın məhdudlaşdırılması deyil. Sadəcə olaraq 1 iyundan Ukrayna həyata keçirdiyi ödənişə uyğun həcmdə qaz alacaq. Novak həmçinin bildirib ki, hazırda qazın qiyməti müzakirə edilmir.

Onun sözlərinə görə 2009-cu ildəki müqavilə etibarlıdır. Qeyd edək ki, artiq aprel ayından ”Qazprom” II rübə uyğun olaraq Ukraynaya qazın qiymətini 1,5 dəfə artıraraq 485 dollara qədər yüksəldib.

Söz qazdan düşmüşkən. Avropa da Rusiyanı qaz idxalını dayandıracağı ilə hədələyir. Avropa parlamenti Avropa bazarında Rusiyanın enerji şirkətlərinə daha sərt sanksiyaların tətbiq olunmasına dair çağrışlar edib.Bu vaxt "Cənub axın" təbii qaz boru xəttinin inşasının dayandırılması və Rusiya ilə bağlanan ticarət razılaşmalarının nəzərdən keçirilməsi də irəli sürülüb. O da bildirilib ki, Ukraynada vəziyyətin gərginləşəcəyi halda daha sərt tədbirlər atılacaq.“Fitch” Agentliyinin mütəxəsisslərinin şərhinə görə, Rusiyadan Avropa Birliyinə təbii qaz idxalının qadağan edilməsi Avropa iqtisadiyyatı və sənayesı üçün ciddi nəticələrə səbəb olacaq. Təbii qaz qıtlığı yanacağın qiymətində artıma gətirib çıxaracaq. Zəncirvari şəkildə elektrikin, kömürün və neftin qiymətləri yüksələcək. Təbii qaz qıtlığı, polad və kimya sənayesinə də mənfi təsir edəcək.O da qeyd edilir ki,Rusiyadan təbii qaz idxalının uzun müddət üçün qadağan edilməsi, Avropanın vergi ödəyicilərinin ciblərinə də mənfi bir təsir edəcək.

Məlumat üçün bildirək ki, bu gün Rusiyadan ixrac edilən yanacağın 50 faizini Şərq Avropa ölkələri götürür. Rusiyalı ekspertlər isə deyir ki, təbii qazın alternativ qaynaqları Avropaya Rusiya yanacağından baha başa gələcək. Bu gün Avropa təbii qaz idxalını qısa müddət üçün dayandırmağa hazırdır: “Rusiyadan təbii qaz idxalatının uzun müddət üçün qadağan edilməsi, təbii qaz böhranına yol aça bilər. Nəticədə maliyyə böhranı meydana gələ bilər. Avropalı liderlərin şüurlu olaraq belə bir addım atacaqlarını zənn etmirik”.

Doğrudan da, qaz sözün bütün mənalarında strateji əhəmiyyətə malikdir. Son hadisələr necə “qaz” veribsə Rusiya vətəndaşları və şirkətlər xarici banklardakı hesablarını bağlayırlar. Yalnız mart ayında xaricilərə aid 60 maliyyə kredit təşkilatından 1,8 milyard dollar pul çəkilib. Son zamanlar “Privatbank” Ukrayna bankına aid olan “Moskomprivatbank” sərmayə çəkilişi baxımından lider olub. Bu bankın hesab həcmi 40 faiz azalıb. Ən böyük zərər görən 10 bank arasında XKF-bank, Raiffeisen Avstriya bankının şöbəsi “Rayffayzenbank”, “Societe General” Fransız qrupuna aid ”Rosbank”, Citigroup-Citibank Amerika qrupu, “Deutsche Bank” alman konsorsyumu, “BNP Paribas” və “Credit Agricole” Fransız bankları, “İNG Bank” Hollandiya bankı və “Commerzbank” alman bankının şöbələri var.Adıçəkilən bankların milyonlarla dollar itirdikləri deyilir. Ümumiyyətlə, son iki ayda Qərbin Rusiyaya qarşı siyasi intriqaları üzündən zərər görən xarici kredit təşkilatlarının sayı 60-ı keçib.

Bir az da yapon iqtisadiyyatından danişaq. Hazırda yaponların dərdi təkcə təbii fəlakətlər, boylarının qısa olması deyil. Ölkənin dövlət borcu 10 trilyon dollara çatıb. İl ərzində borc 330 milyard dollar artıb. Yaponiyanın maliyyə qurumlarının proqnozlarına əsasən bu rəqəm 2014-cü maliyyə ilində 11,32 trilyon dollara çatacaq. Yeri gəlmişkən, artıq dövlətin borcu ümumi daxili məhsulu 2 fədə üstələyir. Bu sənayenin 7 aparıcı ölkəsi ( Amerika, Fransa, İngiltərə, Kanada, İtaliya, Almaniya,Yaponiya) arasında ən yüksək göstəricidir.

İş dünyası

Texnologiya nəhəngi “Apple” məşhur “Beats Audio” firmasını satın almağa hazırlaşır. “Financial Times” tərəfindən ortaya atılan son iddiaya əsasən “Apple” ”Beats Electronics”i 3,2 milyard dollar almaq istəyir.

Məsələ ilə bağlı hər iki şirkət hələlik açıqlama verməyiblər. Lakin razılaşmanın önümüzdəki həftə rəsmiyyətə qovuşacağı təxmin edilir.

Dünyanın ən böyük reklam şirkətlərindən olan Fransanın “Publicis” və Amerikanın “ Omnicom” reklam şirkətləri birləşmə ilə bağlı razılaşmalarının ləğv ediblər.

Beləliklə reklam sektorunun ən böyük birləşməsi olaraq tarixə keçməsi gözlənilən 35 milyard dollarlıq müqaviləyə xitam verilib. Razılaşmanın pozulmasına səbəb rəhbərlikdəki anlaşılmazlıq, vergi problemləri və rəqabət qaydaları daxilində təsdiq müddətinin yavaş irəliləməsi göstərilir.

Birləşmiş Ərəb Əmriliklərində təşkil edilən Dubay Arabian Travel Market Sərgisi böyük marağa səbəb olub. Sərgi turizm sektorunun Körfəz ölkələri üçün nə qədər əhəmiyyətli olduğunu bir daha gündəmə gətirib. Sərgidə altı Ərəb ölkəsinin təyyarə bileti üçün xərclədiyi pulun dünya ortalamasından 260 faizdən daha çox olduğu bildirilib. Birləşmiş Ərəb Əmrliklərinə turistlərin böyük əksəriyyəti Səudiyyə ərəbistanı, Hindistan və İngiltərədən gedir.

Gəldik çatdıq öz ölkəmizə. Yola saldığımız həftə Dövlət Statistika Komitəsi ötən ayın iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqladı. Bəlli oldu ki, bir ayda ərzağın qiyməti qalxıb, xarici ticarət dövriyyəsinin həcmi 9,7 milyard ABŞ dolları təşkil edib. Tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,4 faiz ucuzlaşıb. Rüb ərzində yerüstü tikililər bölməsində 0,6 faiz ucuzlaşma, yol və körpü tikintisində isə 0,9 faiz bahalaşma müşahidə edilib.Sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb. O cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 0,1 faiz artıb. Emal sənayesi üzrə isə 0,4 faiz aşağı düşüb.

Söz artımdan düşmüşkən, əhalinin banklardakı borcu da artıb. İqtisadiyyata 15941.2 mln manat kredit qoyluşu həyata keçirilib. Qoyuluşların 34 faizi dövlət banklarının payına düşüb. Özəl bankların iqtisadiyyata kredit qoluşları 10010.8 mln manat olub. Bu da kredit qoyuluşlarının 62.8 faizi deməkdir. Diqqəti çəkən kreditlərin 40 faizinin 6510.2 mln manatının sırf ev təsərrüfatlarına verilməsidir. Daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) 906.0 mln manat, ticarət və xidmət sektoruna 2272.8 mln manat, kənd təsərrüfatı və emal sektoruna 741.5 mln manat, hökumət idarələrinə 1.1 mln manat, digər sektorlar 226.1 mln manat kredit yönəldilib. Vaxtı keçmiş kreditlərin həcmi 853.7 mln manat, və ya 5,4 faiz olub. Bu da ilin əvvəli ilə müqayisədə artım deməkdir. Belə ki, ilin ilk ayında vaxtı keçmiş kreditlərin portfelde payı 5,2 faiz təşkil edirdi

Həftənin daha bir müzakirə mövzusuna, "Bank of Azerbaijan" ASC-nin müflis olması ilə bağlı xəbərlərə gəlincə, bu da öz təsdiqini tapır. Maliyyə qurumu təkzib etsə də Mərkəzi Bank sədri "Bank of Azerbaijan"nın maliyyə problemi olduğunu təsdiqlədi . Bildirdi ki, "Bank of Azerbaijan"ın müvəqqəti likvidlik problemi var. Bunu bilirlər: “ Mərkəzi Bank "Bank of Azerbaijan"ın həm sahibləri ilə, həm də onun menecmenti ilə danışıqlar aparır. Ümid edirik ki, bu danışıqlar müvəffəqiyyətli olacaq".

2 ildir deyirlər amma ortada bir şey yoxdur. Söhbət ipoteka proqramının təkmilləşdirilməsindən gedir. MB sədri Elman Rüstəmov yenə də ipoteka strategiyasının hazır olduğunu diqqətə çatdırıb: “İpoteka kreditlərinin faizlərinin aşağı salınması barədə strategiya hökumət və Mərkəzi Bankın maliyyə sektoru ilə birgə geniş müzakirə olunacaq”.

E.Rüstəmov strategiyanın dəqiqləşdiriləcəyini, təsdiq olunandan sonra reallaşdırılmasına başlanacağını qeyd edib: “Biz ölkədə vahid ipoteka strategiyasının olmasının tərəfdarıyıq. Gənclər və İdman Nazirliyinin bu strategiya ilə bağlı təklifləri də bu kontekstdə müzakirə olunaraq qəbul edilməlidir. Son nəticədə vahid ipoteka strategiyası həyata keçirilməlidir”.

“Cənubi-Şərqi Avropanı qazla təmin edəcək Trans-Adriatik qaz boru kəməri (TAP) gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçün də geniş imkanlar açacaq”.

Bunu isə ARDNŞ prezidenti Rövnəq Abdullayevi deyib. R.Abdullayev qeyd edib ki, “Cənub qaz dəhlizi”nin açılmasında və möhkəmləndirilməsində Trans-Anadolu boru kəməri (TANAP) bir dayaq kimi müstəsna rol oynayacaq. Uzunluğu 870 km olacaq TAP isə Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək, sonra Yunanıstan və Albaniya ərazilərindən, Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq. Eyni zamanda Azərbaycanla Albaniya, Xorvatiya və Monteneqro arasında başqa bir enerji dəhlizi - Cənub-Şərqi Avropa dəhlizi haqqında da razılıq əldə edilib. Perspektivdə buraya Rumıniya, Macarıstan və Avstriya da əlavə oluna bilər. O, ARDNŞ-ın həm də Avropa Komissiyası ilə birlikdə Bolqarıstana qaz nəqlinin alternativ variantları üzərində işlədiyini açıqlayıb.

Beləcə bir həftəni də çal-çağırla, atəş-fəşanlıqla yola saldıq. Günlər ay içində bir-birini elə sürətlə qovur ki. Və hər sabah bu günə daha çox yaxın olur.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm