• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rusiya –Ukrayna yeni rolda: “Aşıq deyişməsi”

  • Hesabat
  • 17 May 2014 13:13
  • 2 034 Baxış
Rusiya –Ukrayna yeni rolda: “Aşıq deyişməsi”

Yola saldığımız həftə dünya iqtisadiyyatı yenə də ənənəvi problemləri üzərində baş sındırdı. Avro Bölgəsi iqtisadiyyatının neçə faiz artdığını hesabladı, Rusiya ilə Ukrayda mavi qaz tədarükü ilə bağlı bir-birini hədələdi, qızılın qiyməti siyası olaylardan gah alovlandı, gah söndü, “Forbes” şirkətlərin pullarını saydı, “Credit Suisse” 2,5 milyard dollar cərimə ilə üz-üzə qaldı.

Başlayaq Avro Bölgəsindən. Ümumi daxili məhsul ilin ilk rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.2 faiz artıb. Avropa Statistika Təşkilatının (Eurostat) məlumatına görə, Almaniyanın ÜDM-i 0.8 , Fransanın 0, İtalyanın -0.1, İspaniyanın isə 0.4 faiz olub. Portuqaliya iqtisadiyyatı birinci dörddə -birdə 0.7 faiz azalıb.

İqtisadçılar Avropa Mərkəz Bankına zəifləyən iqtisadiyyatı qurtarmaq və inflyasiyada balanslı idarəetməni təmin etmək üçün təşviq tədbirlərinin tətbiqi mövzusunda təzyiq göstərirlər. Bu arada Avropa Mərkəz Bankının rəhbəri Mario Draghi da keçən həftə verdiyi açıqlamasında Rəhbərlik Şurasının iyunda hərəkətə keçəcəyinə dair siqnal vermişdi.

Həftə ərzində Rusiya ilə Ukrayna arasında təbii qazın idxalı ilə, ikincinin birinciyə olan borcu ilə bağlı “aşıq deyişməsi” davam etdi. “Qazprom” un rəhbəri Aleksey Miller Rəsmi Kievin iyunun 3-ü səhər saat 10.00-a qədər borcunu ödəmədiyi təqdirdə qazın verilişini kəsəcəklərini bəyan etdi.

Rusiyanın baş naziri Dmitri Medvedev isə Ukraynanın Beynəlxalq Valyuta Fondundan 3, 2 miyard dollar kredit paketi götürdüyünü xatırladaraq borclarını ödəmələri üçün pullarının olduğunu deyib.

Nəzərə çatdıraq ki, Ukraynanın “Qazproma” 3,5 milyard dollardan çox borcu olduğu irəli sürülür. Bu vəsait Rusiyanın Polşaya bir ildə tədarük etdiyi qazın qiymətinə bərabərdir.

Məlumat üçün onu da bildirək ki, cari ilin birinci rübündə “Naftoqaz”ın borcu 1,6 milyard dollar olub. Eyni zamanda Ukraynanın 2013-cü ildən də 637 milyon dollar borcu qalıb. Ölkənin təkcə may ayının 15 günü üçün qaza olan borcu 665 milyon dollardır. “Qazprom”un statistikasına əsasən, 2013-cü ildə “Naftoqaz” 12,9 milyard kubmetr rus qazı tədarük edib. 2014-cü ilin 5 ayında Ukrayna ötən ilin həcminə bərabər mavi qaz alıb. Belə ki, yanvarda idxal 2,45 milyard kubmetr, fevralda 1,64 milyard kubmetr, martda 1,86 milyard kubmetr, apreldə 2,7 milyard kubmetr olub. May ayının 12- günündə isə idxal 1,35 milyard kubmetr təşkil edib. Bu gedişlə “Naftoqaz” Rusiyadan may ayının sonuna 11 milyard kubmetr qaz alacaq. Qeyd edək ki, Ukraynanın ümumi qaz idxalı 20 milyard kubmetr, daxili tələbat isə 40 milyard kubmetr təşkil edir.

Ukrayna hadisələri təkcə mavi qaz krizi yaratmayıb. Qızıl qiymətlərinin də birjalarda oynamasına gətirib çıxarıb. Qiymətli metal Ukrayna böhranının təsiri ilə son bir həftənin ən aşağı səviyyəsinə düşüb. Xatirladaq ki, mayın 11-də Ukraynanın şərqinin ölkədən ayrılması ilə bağlı referendumdan sonra spot qızıl 0.2 faiz dəyər qazanaraq unsiyası 290 min dollar olmuşdu.

İş dünyası

Yola saldığımız həftə ”Forbes” jurnalı 2014-cü ilin ən böyük şirkətlərinin adını açıqladı. Siyahıda Çin şirkətlərinin sayının artması diqqət çəkdi. Çinin ICBC şirkətinin rəhbərlik etdiyi siyahıda elə növbəti sırada China Construction Bank dayanır.Üçüncü yerdə Agricultural Bank of China,növbəti yerlərdə JPMorgan Chase, Berkshire Hathaway, Exxon Mobil, General Electric, Wells Fargo, Bank of China, PetroChina, Royal Dutch Shell, Toyota Motor, Bank of America, HSBC, APPLE, Citigroup, BP, CHEVRON, Volkswagen Group, Wal-Mart Stores, Gazprom, Samsung Electronics, BNP Paribas və Total gəlir. Bu arada siyahı hazırlanarkən biznes müəssisələrinin gəlirləri, qazancları, əllərindəki varlıqlar və bazar dəyərləri əsas götürülüb.

Amerika Birləşmiş Ştatlarının avtomobil nəhəngi “General Electric” qəzalı vasitələrini gec geri çağırdığı üçün rekord cəza aldı. ABŞ səlahiyyətliləri avtomobillərindəki emal səhvlərini zamanında bildirmədiyi üçün şirkətə 35 milyon dollar cəza kəsdi:" Qəbul edə bilməyəcəyimiz şeylərdən biri insanın və ya bir şirkətin təhlükəni görüb buna qarşı susmasıdır. Susmaq bir çox adamın ölümünə səbəb ola bilər. “General Electric” 2009-cu ilin noyabr ayından bu yana kontakt açarlarındakı və hava yastıqlarındakı problemi bilib”.

Xatırladaq ki, avtomobillərdəki nasazlıq 13 adamın ölümünə səbəb olub. Şirkət kritik vəziyyəti düzəltmək üçün ilin əvvəlindən bu tərəfə 10 milyon avtomobili geri çağırıb.

İsveçrənin nəhəng banklarından “Credit Suisse” amerikalıların vergidən yayınan sərvətlərini gizlətməyə kömək etdiyi üçün 2,5 milyard dollar (1,8 milyard avro) cərimələnə bilər.

Məlumatlara görə, “Credit Suisse”dən vergidən qaçan bütün amerikalıların adları istənilir.

Gəldik çatdıq ölkəmizə. Həftə ölkə iqtisadiyyatı üçün də sakit ötüşmədi. Dövlət Statistika Komitəsi birinci rübün iqtisadi-sosial göstəricilərini açıqlamaqda davam etdi, Milli Məclisdə “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası müzakirə olundu .Məlum oldu ki, Amerika, Avropa iqtisadiyyatının problemlərin məngənəsində olduğu dövrdə biz qaz vurub qazan doldurmuşuq.

Başlayaq “Statkomun” mənalı rəqəmlərindən. DSK-nın hesabatına görə, bu ilin dörd ayında Azərbaycan iqtisadiyyatı 3% , əhalinin gəlirləri 5% artıb. Yanvar-aprel aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 11,0 milyard manatlıq məhsul istehsal olunub. Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-aprel aylarının səviyyəsini 4,3 faiz üstələyib. Neft-qaz sektorunda isə 2,9 faiz azalma baş verib. İqtisadiyyatda muzdla çalışan işçilərin sayı 1510,4 min nəfərə çatıb. Onlardan 900,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 609,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.Eləcə də ölkəyə gətirilən avtomobillərin sayı bir il ərzində 13% azalıb, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 14% artıb

2013-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı müzakirələrə gəlincə, maliyyə nazirinin keçən il ərzində sənaye sahəsində 26,7 mlrd. manat, yaxud ÜDM-in 46,3% həcmində, tikinti sahəsində 6,8 mlrd. manat (müvafiq olaraq 11,8%), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 3,1 mlrd. manat (müvafiq olaraq 5,3%), nəqliyyat və anbar təsərrüfatında 2,8 mlrd. manat (müvafiq olaraq 4,8%), informasiya və rabitə xidmətləri sahəsində 1 mlrd. manat (müvafiq olaraq 1,8%), ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 4,1 mlrd. manat (müvafiq olaraq 7,1%), turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 1,1 mlrd. manat (müvafiq olaraq 1,8%), sosial və digər xidmətlər sahəsində isə 8,5 mlrd. manat (müvafiq olaraq 14,7%) həcmində əlavə dəyərin yarandığını söyləməsinin ardınca millət vəkilləri bəh-bəhlə “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” qanunu qəbul etdilər.

Həftənin daha bir xəbəri Əmanətlərin Sığortalanması Fondundan gəldi. Fond 2014-cü ilin may ayının 19-dan etibarən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 9%-ə endiriləcəyini bildirdi. Bunun kommersiya banklarının təklif etdikləri kreditlərin faiz dərəcələrinə nə dərəcədə təsir edəcəyini isə zaman göstərəcək.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi də boş dayanmadı. 2014-cü ilin birinci rübü ərzində qiymətli kağızlar bazarının göstəricilərini təqdim etdi. Bəlli oldu ki, bazarın bütün seqmentləri üzrə aparılan əməliyyatların sayı və həcmi ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2,4 dəfə artıb.

Əməliyyatların həcmi 4 milyard manata çatıb. Bu da qeyri-neft ÜDM-nin 56 faizinə bərabərdir.

Dövr ərzində şirkətlərin kapital bazarları vasitəsi ilə maliyyələşmə meyllərinin artması qiymətli kağızlar bazarında ilkin bazar əməliyyatlarının sayının 3,1 dəfə, həcminin isə 68 faiz artaraq 326,3 milyon manat təşkil etməsinə səbəb olub. Bununla yanaşı, bütün növ qiymətli kağızların təkrar bazar ticarəti üzrə əqdlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz, həcmi isə 2,5 dəfə artaraq 3,7 milyard manat təşkil edib.

“Azərbaycan Avropa Birliyi ilə birlikdə 5 il ərzində Cənub Qaz Dəhlizinin yaradılması istiqamətində böyük işlər görəcək.Bu məqsədlə Azərbaycan prezidenti tərəfindən baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrliyi ilə Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyası bu gün 45 milyard dollar sərmayə qoyulacaq dörd böyük layihə ilə məşğuldur”.

Bunu isə jurnalistlərə verdiyi açıqlamasında energetika naziri Natiq Əliyev deyib. O deyib ki, bu layihələr sırasına daxil olan “Şahdəniz” layihəsinin tam miqyaslı işlənilməsi çərçivəsində iki platforma tikiləcək. Nazir qeyd edib ki, Cənubi Qafqaz boru kəməri Gürcüstan ərazisində Türkiyə sərhədinə qədər genişləndirilməlidir. Onun sözlərinə görə, kəmərlə bağlı mühəndis işləri təhlil olunub, Dövlət Komissiyası tərəfindən bəzi qərarlar qəbul edilib, maliyyələşmə məsələsi həllini tapıb: “Ən mühüm layihələrdən biri də Trans-Anadolu kəmərinin (TANAP) tikintisidir. Bu layihədə operator Azərbaycandır, ölkəmiz maliyyələşmənin əksəriyyətini öz üzərinə götürüb. Bu yaxınlarda İstanbulda olarkən TANAP layihəsi ilə bağlı bütün işlərlə məşğul olduq. Həm Azərbaycan, həm də Türkiyə hökuməti tərəfindən vaxtlı-vaxtında qərarlar qəbul edilir, köməkliklər göstərilir. Hansı çətinliklər varsa, operativ həll olunur. TANAP çox mürəkkəb layihədir, həm Türkiyənin ərazisində qurudan, həm də dənizdən kəmər keçəcək. Bunun üçün layihələr hazırlanıb. Boru və digər ləvazimatlarla bağlı artıq sifariş verilib, hazırlıq işləri görülüb. İnanıram ki, TANAP layihəsi vaxtında istifadəyə veriləcək”. N. Əliyev Trans-Adriatik boru kəmərinin (TAP) də mühüm olduğunu qeyd edib: “Bu kəmər Adriatik dənizinin dibi ilə İtaliyaya Azərbaycan qazının nəqlini nəzərdə tutur. Bu layihələr 5 il ərzində həyata keçiriləcək və 5 il ərzində Avropanın enerji xəritəsi dəyişəcək”.

Beləcə daha bir həftəni yola saldıq. Sizi bilmirəm, mən 17 rəqəmini “çox sevirəm”.Unutmayaq ki, gözəl həyat təkcə bizim deyil.Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR