Büdcə kəsirinin qapanmasının axırıncı yolu – fahişəlik leqallaşdırılır
Bizi izləyin

Hesabat

Büdcə kəsirinin qapanmasının axırıncı yolu – fahişəlik leqallaşdırılır

Büdcə kəsirinin bağlanmasının axırıncı yolu- Fahişəlik leqallaşdırılır

Yola saldığımız həftə dünya iqtisadiyyatının əsas gündəmini enerji məsələləri təşkil etdi. Avropa Birliyi “Avropa Enerji Təhlükəsizliyi Strategiyası” hesabatını açıqladı və orada TANAP-ın vacibliyini vurğuladı, Türkiyə “Şahdəniz 2” layihəsində payını 19 faizə, TANAP-da isə 30 faizə yüksəltdi, “Naftoqaz” Rusiyaya olan 2 milyard dollar borcundan 788 milyon dollarını transfer etdiyini açıqladı.

Yaponiyada inflyasiya 23 ilin zirvəsinə yüksəldi, Fransa və Almaniyada diplomlu işsizlərin ordusunun daha da böyüdüyü bildirildi. Ən önəmli xəbər isə İngiltərədən gəldi. İtaliyanların ardınca ingilislər də narkotik və fahişəlik sektorundan axan pulları milli gəlirə daxil edəcəklərini bəyan etdilər. Bu da o deməkdir ki, fahişəlik rəsmən iqtisadiyyatın bir sahəsinə çevrilir. Nə deyə bilərik, Allah bərəkət versin…

Başlayaq İngiltərədən. İtaliyadan sonra İngiltərə də narkotik və fahişəlikdən iqtisadiyyata axan pulları milli gəlirə daxil etmək istəyir. İngiltərənin Milli Statistik Təşkilatının məlumatına görə, sözügedən bu bazarlarda illik 10 milyard sterlinq (16.7 milyard dollar) dövr edir. 2014-cü ildə hər iki sektorun ÜDM-ə daxil edilməsi planlaşdırılır. Təşkilatdan bildirilir ki, ölkədə qeyri-qanuni fəaliyyətlərin milli gəlirə qatqısı 0.7 faiz həcmindədir. İngiltərədə 5.3 milyard sterlinq gəlir fahişəlikdən, 4.4 milyard isə qeyri-qanuni narkotikdən təmin edilir. Xatırladaq ki, bir müddət əvvəl İtaliyanın baş naziri Matteo Renzi də büdcə kəsirinin bağlanması üçün fahişəlik və narkotik sektorunu da milli gəlirə daxil edəcəyini söyləmişdi. Yeri gəlmişkən, Hollandiyada qanuni olan bu sahələrdən əldə edilən qazanc milli gəlirə çoxdan daxil edilib.

Yaponiyada isə inflyasiya 23 ilin zirvəsindədir. Sənaye istehsalı, istehlak xərcləmələri geriləyib. Vergi nisbətlərindəki artım, maaşlardakı məhdudlaşdırma, yapon istehlakçılarını çətin vəziyyətdə qoyub. Yaponiyada istehlakçı qiymətləri 3.2 faizə yüksələrkən, sənaye istehsalı ötən ayla müqayisədə 2.5 faiz geriləyib. İnflyasiyanı idarə altına almağa çalışan hökumətin səyləri hələlik heç bir nəticə verməyib.

ABŞ iqtisadiyyatı ilin ilk rübündə gözləniləndən daha çox kiçilib. Amerikanın Ticarət Palatasının məlumatlarına görə, ABŞ-da ÜDM keçən ilin son rübündə 2.6 faiz artım nümayiş etdirdiyi halda bu ilin ilk rübündə 1 faiz geriləyib. Qış aylarının sərt keçməsi ABŞ iqtisadiyyatının bütün sektorlarına təsir göstərib. Bununla belə, istehlakçı xərcləmələrində 3.1 faiz, cəmiyyət xərcləmələrində isə 4.3 fazi artım olub. Həmçinin Amerika Mərkəz Bankının (FED) rəhbəri Janet Yelləninilin "Amerika iqtisadiyyatı sərt böyümə içindədir” deməsi iqtisadçıların proqnozlarını yuxarı çəkib. Ekspertlər ABŞ iqtisadiyyatının ikinci rübdə 3 faiz böyüyəcəyini gözləyirlər. Onu da bildirək ki, ölkə iqtisadiyyatındakı kiçilmə hökumətdə resessiya narahatçılığı yaratmayıb. Halbuki 2011-ci ilin ilk rübündən bu tərəfə Amerika iqtisadiyyatında kiçilmə baş verməmişdi. 2011-ci ildə reallaşan ən son kiçilmədə ABŞ iqtisadiyyatı 1.3 faiz geriləmə yaşamışdı. Rusiyanın Çinlə mavi qaz sazişi imzalaması, Avropada bu ölkədən enerji asılılığını azaltmaqla bağlı təşəbbüsləri yenidən gündəmə gətirib. Və alternativ olaraq Türkiyə üzərindən keçəcək qaz kəməri irəli sürülüb. Avropa Cənub Koridorunun ən ciddi variant olduğunu bəyan edib. AB-nın Enerji Komissarı Günther Öttingerin açıqladığı “Avropa Enerji Təhlükəsizliyi Strategiyası” hesabatında göstərilib ki, birliyin siyasi hədəfi yeni qaynaqların alternativini açmaqdır. O da bildirilib ki, Cənub Koridoru müştərək mənfəəti özündə daşıyan layihədir, Avropa vətəndaşlarının enerji təhlükəsizliyini təmin etmək məqsədilə infrastrukturun yaradılması üçün xaricdən və daxildən sərmayəçilər gözlənilir. Ancaq bu sərmayəçilər Avropa torpaqları üzərində etibarlı olan "Tək Bazar" və rəqabət qaydalarına əməl etməlidirlər. Hesabatda, 2020-ci ildən etibarən ildə 10 milyard kub metr təbii qazın Trans Anadolu (TANAP) və Trans-Adriatik (TAPIN) boru xətti layihələrini əhatə edən Cənub Koridorundan AB bazarına çatdırmasının gözlənildiyi də vurğulanıb: “Orta Şərqin AB-yə bağlanması çərçivəsində yeni boru xəttlərinin istehsalı həyati əhəmiyyət daşıyır: ‘Türkiyədə inşası nəzərdə tutulan boru xətti infrastrukturu ildə 25 milyard kub metrə qədər təbii qazın Avropa bazarına çatdırılmasını təmin edəcəyi proqnozlaşdırılır. Daha uzun vədəli perspektivdə Türkmənistan, İraq və sanksiyaların qaldırılması şərtlərini qarşılasa, İranın da Cənub Qaz Koridoruna qoşulması istisna edilmir. Nəzərə çatdıraq ki, 2013-cü ildə cəmi 400 milyard avro dəyərində enerji idxalı reallaşdıran AB bu vəsaitin 130 milyard avrosunu Rusiyaya ödəyib. Estonya, Latviya, Litva, Slovakya, Finlandiya və Bolqarıstanın enerjidə Rusiyadan asılılığı 100 faizin üzərindədir. Həftə ərzində aylardır Rusiya ilə Ukrayna arasında davam edən mavi qaz savaşı da səngimədi.

“Qazprom” Viktor Yanukoviçin devrilməsindən sonra tətbiq etdiyi tariflər sayəsində borcu 2 milyard dollara çatan “Naftoqaz”dan pulunu tələb etdi. Ukrayna fevral və mart tədarükünə görə Rusiyaya 786 milyon dollar ödəməyə başladığını açıqladı. Məlum oldu ki, “Qazprom” növbəti həftənin birinci günü bu pul transferini alacaq. Hazırda isə qalan borcun ödənməsi və təbii qaz üçün tətbiq olunacaq qiymətlər tərəflər üçün həllini gözləyən iki prioritet məsələ olaraq qalır. Ukrayna mavi qazın 1000 kubmetrinin 268,5 dollardan hesablanması məqsədilə Stokholm arbitraj məhkəməsinə müraciət edəcəyini deyir. Bildirək ki, Ukraynada baş verən siyasi hadisələrdən sonra Rusiya ölkəyə endirimli qaz satışını dayandırıb. Mavi qazın 1000 kub metrinin qiymətini 268,5 dollardan 485,5 dollara yüksəltdi. Bir məqamı da vurğulayaq, mavi qaz tədarükü ilə bağlı üçtərəfli – Ukrayna, Rusiya, Avropa Birliyi arasında görüş iyunun 2-də Brüsseldə baş tutacaq. Görüşlə bağlı Avropa komissarı təkcə “Ukraynanın borcunu tam ödəməyə gücü var. Artıq 786 milyon dollar həftənin birinci günü “Qazprom”un hesabında olacaq” deyə bildirib.

Söz enerjidən düşmüşkən, türk qardaşlarımız da boş dayanmadı. Çoxdan planladığı Fransız enerji şirkəti “Total”ın “Şahdəniz 2” layihəsindəki 10 faiz payını aldı. Beləliklə, bu layihədə öz payını 19 faizə çatdırdı. Ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da qatıldığı imza mərasimində BOTAŞ-ın TANAP layihəsindəki hissəsinin 20 faizdən, 30 faizə qaldırılmasına dair daha bir razılaşma əldə edildi. Ərdoğan “Şahdəniz 2” layihəsi ilə bağlı bunları dilə gətirdi: "TANAP” ilə bağlı razılaşmalar 2012-ci ilin iyununda İstanbulda imzalanmışdı. Bundan sonra BOTAŞ-ın TANAP-dakı payı 20 faizdən 30 faizə yüksəlir. “Şahdəniz 2”dəkı payımızın 9 faizdən 19 faizə qalxması “TPAO” nı böyük ortaq vəziyyətinə gətirdi. "TANAP” gələcəyə istiqamətlənmiş layihədir. Ukraynada yaşananlar ölkələr arasındakı həmrəyliyin əhəmiyyətini göstərdi. Ölkəmizin 21 bölgəsindən keçəcək proyektin inşası əsnasında ortaya çıxacaq iqtisadi məxrəci də inkişaf baxımından əhəmiyyətli görürük. “TANAP”i yalnız ticari bir sərmayə kimi dəyərləndirmirik. Türkiyə mövcud fürsətləri konkret proyektlərə çevirmək üçün səylərini davam etdirəcək".

İş dünyası

“Siemens” yenidən təşkilatlanma çərçivəsində 11 min 600 əməkdaşını işdən çıxarmağa hazırlaşır. Dünya səviyyəsində 360 min işçiyə sahib olan şirkət bu əməliyyat nəticəsində ildə 11 milyard avro qənaət etməyi hədəfləyir. “Siemens”in idarə heyətinin rəhbəri Joe Kaeser şirkətin təpədən-dırnağa yenidən qurulacağını bildirib. “Siemens”in ildə 13.6 milyard avro endossament edən 51 min nəfərin çalışdığı tibbi texnologiya istehsal edən şirkətini də bağlaması gözlənilir.

ABŞ bir müddətdir araşdırma altında olan Fransanın ən böyük bankı “BNP Paribas”a 10 milyard dollar (7.35 milyard avro) rekord cəza kəsə bilər. İran, Sudan və Kuba kimi ölkələrə tətbiq olunan sanksiyaların pozulması səbəbiylə aparılan istintaqda amerikalı səlahiyyətlilərin bu dəfə işi möhkəm tutduqları bildirilir. Bank səlahiyyətlilərinin cəzalarını 8 milyard dolların altına çəkmək üçün müzakirələr apardıqları deyilir. İki tərəfin eyni zamanda ABŞ-dan və ya ölkəyə xaricdən ediləcək pul transferlərini müvəqqəti dayandırmaq istiqamətində görüşdüyü də qeyd edilir.

Texnologiya nəhəngi “Google” dörd ildir üzərində gizlicə çalışdığı elektrikli sürücüsüz avtomobilinin ilk görüntüsünü paylaşdı.”Google”nin ‘öz-özünə gedə bilən avtomobil proyektində sükan, qaz, çarx kimi idarə vasitələri yoxdur. Vasitə təcili vəziyyət düyməsi xaricində heç bir insani müdaxilə tələb etmir. İllərdir normal avtomobillər üçün kamera və istiqamət tapma cihazları kimi texnologiyalar təqdim edən “Google” prototip avtomobilindən ilk mərhələdə 100 ədəd istehsal etmək istəyir. Vasitə hələlik saatda 40 km sürətlə gedir. Gəldik çatdıq öz bol bəhrəli ölkəmizə. Şükür, bizdə nə özünü apara bilməyən “BNP Paribas” kimi banklar var. Nə də layihəsində sükan, qaz, əyləc, çarx kimi idarə vasitələrsiz avtomobil istehsal etmək istəyən “Google” kimi şirkət. Bunun əvəzində durmadan müqavilə imzalayan, xaricə investisiyalar yatıran, benzini başqalarına ucuz, özümüzə baha satan işlək Dövlət Neft Şirkətimiz var. Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə “SOCAR Turkey Energy” şirkəti İzmir şəhərində inşa etdiyi “Star” neft emalı zavodu layihəsinin tikintisinə 3,29 mlrd. ABŞ dolları maliyyə cəlb edib. “Petkim Holding”in bu barədə açıqlamasına əsasən, “SOCAR Turkey Enegy” İzmirin Əliağa vilayətində inşa olunacaq neft emalı zavodunun tikintisi üçün maliyyə vəsaitinin cəlb olunmasını artıq tam təmin edib. Şirkət 23 kommersiya bankı ilə 3 mlrd. 290 mln dollar kredit vəsaitinin ayrılması üçün saziş imzalayıb. Belə ki, ayırılan ümumi kreditin 2,29 mlrd. dolları ilk 4 ili güzəştli olmaqla 18 il müddətinə verilib. Kreditin qalan 600 mln. dollarlıq hissəsinin isə 4 il güzəştli olmaqla, 15 il müddətinə ayrılıb. Qeyd edək ki, ARDNŞ-in İzmirdə inşa etdiyi “Star” neft emalı zavodunun tikintisinin ümumi dəyəri 5,7 mlrd. dollar təşkil edir. ARDNŞ-dan daha bir xəbər də var. "Rosneft" ilə Azərbaycanda, Rusiyada və üçüncü ölkələrdə neft və qazın kəşfiyyatı və hasilatı üzrə birgə müəssisənin yaradılması haqqında saziş imzalayıb. Sənədi Beynəlxalq Peterburq İqtisadi Forumu çərçivəsində "Rosneft" rəhbəri İqor Seçin və ARDNŞ prezidenti Rövnəq Abdullayev imzalayıblar.

Bəh-bəh, sabahdan tıxaclarda tər tökməyə hazır olun.

İyunun 1-də Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edəcək. "Üçgünlük səfər çərçivəsində nazir Azərbaycan hökumətində görüşlər keçirəcək, eləcə də Respublikada fəaliyyət göstərən bir sıra müəssisələrə, habelə Sumqayıt Texnoloji Parkına baş çəkəcək. Xatırladaq ki, ötən şənbə günü Ulyukayev XVIII Petrburq Beynəlxaql İqtisadi Forumu çərçivəsində Azərbaycanın sənaye və iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşmüşdü. Görüşdə bir sıra sənəd layihələr müzakirə olunmuşdu.

Hansı ki bura qarşılıqlı dəstək və investisiyaların müdafiəsi haqqında hökumətlərarası saziş, iki ölkənin iqtisadiyyat nazirlikləri arasında əməkdaşlıq haqqında memorandum, həmçinin Ümumrusiya Sərgi Mərkəzi ərazisində Azərbaycanın Ticarət Sərgi Mərkəzinin yaradılması haqqında AzərbaycanRusiya hökumətlərarası saziş daxildir. Beləcə, daha bir həftəni yola saldıq. Özünüzdən muğayat olun.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm