Bankların qara həftəsi – Kef edin, "lobya"nın qiyməti düşür
Bizi izləyin

Hesabat

Bankların qara həftəsi – Kef edin, "lobya"nın qiyməti düşür

Bankların qara həftəsi – Kef edin, lobyanın qiyməti düşür

Yola saldığımız həftə havalar sərinləşsə də, dünya iqtisadiyyatında hərarət artdı. Avropa Mərkəz Bankı real sektoru canlandırmaq məqsədilə fəaliyyəti tarixində ilk dəfə depozitlər üzrə faizləri mənfiyə çəkdi, Avropa Komissiyası Litvanın 2015-ci ildə bölgəyə daxil olması üçün yaşıl işıq yandırdı, “Naftoqaz”ın ötən həftədən ödədiyi 786,4 milyon dollar “Qazprom”un hesabına oturdu, Vladimir Putin Çinlə imzalanan uzunmüddətli müqavilənin qazın qiymətini qaldırmaq təşəbbüslərini asanlaşdırdığını bəyan etdi, Fransada, İtaliyada işsizlik rəqəmləri qanları qaraltdı. İş dünyasında isə BVF İngiltərədə daşınmaz əmlakın qiymətinin maliyyə riskləri yaratdığını açıqladı, “Lloyds Bankings Group” “BP”-yə kredit verməkdən imtina etdi, Papa Francis Vatikan bankında təmizləmə işləri apardı. Azərbaycana gəlincə, bizdə həmişə olduğu kimi həftəmiz çal-çağırla keçdi.

Başlayaq Avropadan. Həftə ərzində Avropa Mərkəz Bankı uzun müddətdir gözlənilən yığıncağında proqnozları doğruldaraq siyasət faizini 0.15 faizə, depozitlər üzrə faizləri isə -0.10-a endirdi. Beləliklə, bank real sektoru canlandırmaq üçün bu günə qədər heç bir Mərkəzi Bankın sınamadığı qərara imza atdı.

Xatırladaq ki, 2011-ci ildən bu yana Mario Draghinin rəhbərliyi altında Avropa Mərkəz Bankı siyasət faiz nisbətlərində dörd dəfə endirimə gedib. Lakin son toplantıda Draghi yeni siyasət faiz endiriminə gedilməyəcəyini bildirib. O həmçinin aşağı inflyasiyanın bir müddət daha davam edəcəyini deyib: “2015-ci ildə yüksəlişə keçəcək”.

Fransa ilə İtaliyada vəziyyət ruscadır. Konkret olaraq, Fransada 2014-cü ilin ilk rübündə işsizlik nisbəti dəyişməz qalıb. Ölkənin Statistika Təşkilatının açıqlamasına görə, hesabat dövründə işsizlik Beynəlxalq Əmək Təşkilatının normalarına uyğun 10,1 faiz olub. İşsizlərin sayı 23 min artımla 2 milyon 779 min nəfər təşkil edib.

Avropanın üçüncü ən böyük iqtisadiyyatı sayılan İtaliyaya gəlincə, burada da işsizlik nisbəti yeni rekordu qırıb. Statistika göstərir ki, ilin ilk rübündə işsizlik nisbəti son 37 ilin ən yüksək səviyyəsinə çıxaraq 13.6 faiz olub. Gənclər arasında bu rəqəm 46 faizi ötüb.

Altı ildir davam edən durğunluqdan sonra Yunanıstanda milli gəlir proqnozlardan az geriləyib. Belə ki, may ayında ÜDM-in növbəti ay üçün -1.1 azalacağı proqnozlaşdırılsa da, 0.9 faiz eniş baş verib. Onu da qeyd edək ki, hökümət 2014-cü il ərzində 0.6 faiz artım gözləyir. Nə deyək, arzulamaq pis şey deyil.

Kredit dərəcələndirmə təşkilatı “Standart & Poor's” İrlandiyanın kredit qeydini BBB+‘dən A-ya qaldırıb. Agentlik ölkədəki müsbət iqtisadi göstəriciləri nəzərə alaraq təyin etdiyi A qeydini, iki il ərzində daha da yüksəldəcəyini bəyan edib.

“Standart and Poors” İrlandiyanın 2014-2016 illəri arasında böyümə nisbətlərində də artım olacağını proqnozlaşdırır. Bu rəqəmin 2 faizdən 2.7 faizə yüksəlməsi nəzərdə tutulur.

İş dünyası

Avropa Birliyi və Rusiya arasında gündən-günə artan gərginlik iş dünyasını təsir etməkdə davam edir.

İngilis bankı – “Lloyds Bankings Group” British Petroleum-a kredit verməkdən imtina edib. British Petroleum 20 faiz hissəsinə sahib olduğu rus neft şirkəti “Rosneft”dən xam neft və neft məhsulları satın almaq məqsədilə “Llyods” başda olmaqla bir sıra ingilis bankından 1.5 milyard avro həcmində kredit istəmişdi. “Loyds”un geri çəkilmə qərarında ən böyük faktorun “Rosneft” in direktoru İgor Setçine olduğu deyilir. Rusiya hökumətinə yaxınlığıyla tanınan İgor Setçine Avropa Birliyi və Amerika Birləşmiş Dövlətləri tərəfindən qara siyahıya alınan iş adamlarından biridir.

Yola saldığımız həftənin daha bir maraqlı hadisəsi Papa Francisin Vatikan bankının maliyyə yoxlama qrupunun işinə son verməsidir. Adı çirkli pulların yuyulması, sui-istifadə kimi qalmaqallarda hallandırılan bankın müvafiq şöbəsinin üzvlərinin hamısı vəzifələrindən uzaqlaşdırılıb.

Papa Francis bankdakı beş italyan mütəxəssisin yerinə isveçrəli, sinqapurlu, amerikalı və italyan əsilli olmaq üzrə fərqli ölkələrdən dörd mütəxəssis təyin edib. Hansı ki, bu mütəxəssislərin vəzifə müddətləri 2016-cı ildə bitəcək.

Dünyanın ən gizli bankı olaraq da xatırlanan Vatikan bankı bu ölkənin maliyyə işlərinə nəzarət etmək məqsədilə Papa Benoit XVI tərəfindən qurulub. Artıq bir müddətdir ki, bank çirkli pulların yuyulmasında iştirakda günahkar bilinərək Avropa Birliyi başda olmaqla beynəlxalq təşkilatların təzyiqi ilə üzləşib.

Londonda daşınmaz əmlakın sürətlə bahalaşması Beynəlxalq Valyuta Fondunu dilə gətirdi. BVF İngiltərə iqtisadiyyatının güclü şəkildə inkişafa başladığı, artımın daha stabil vəziyyətdə olduğu zamanda daşınmaz əmlak bazarının risk yaratdığını bildirir. Həmçinin bu vəziyyətin maliyyə risklərini özü ilə gətirəcəyini bəyan edir.

Azərbaycan

Gəldik çatdıq öz bol-bəhrəli, defilyasiyalı, stabil iqtisadiyyatlı, güclü maliyyə sektoruna malik ölkəmizə. Söz maliyyə sahəsindən düşmüşkən, Mərkəzi Bank aprel ayı üçün bank sektoru üzrə statistik məlumatları açıqlayıb. Məlum olub ki, Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi 31 faiz artıb, bankların aktivləri 22 mlrd. manatı ötüb. Problemli kreditlərin həcmi isə son 1 ildə 18,7 faiz, 2014-cü ilin 4 ayında 13 faiz çoxalıb. 102,8 milyon manatın taleyi sual altına düşüb. Halbuki ötən il 44 milyon manata bərabər olub.

Başlayaq MB-nın hesabatından. Qurumun ilin əvvəlində gördüyü sərt tədbirlər uzunmüddətli dövr üçün bank sistemini xilas etməyə yönəlsə də, illərlə mövcud olmuş xroniki xəstəlikləri üzə çıxardı. Hesabat gösərdi ki, ölkədə zərərlə işləyən bankların sayı 11-ə çatıb. Halbuki ilin əvvəlində cəmisi 4 bankın maliyyə vəziyyəti pis idi. Bankların zərəri 34 milyon manat həddindədir. Digər problem vaxtı keçmiş kreditlərlə bağlıdır. Problemli kreditlərin həcmi artıq 895,6 milyon manatdır. Ümumi kredit qoyuluşunda payı 10 ay əvvəlki həddə – 5,5%-ə çatıb. Bu, o deməkdir ki, bankların ölkə iqtisadiyyatına yönəltdiyi hər 100 manatın 5,5 manatı geri qayıtmır. Bu, kritik hədd sayılmasa da, prosesin ona doğru getməsi şübhəsizdir. Problemli kreditlərin həcmi hətta 2003-cü ildə ölkə iqtisadiyyatına yönəldilən kredit qoyuluşundan da çoxdur.

Dükanda bütün naz-nemətlərin qiymətlərinin od püskürdüyü zamanda Statistika Komitəsi defilyasiya xəbəri ilə gündəmə bomba kimi düşdü. DSK-nın hesablamalarına görə, bu ilin may ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,9% ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,8% ucuzlaşıb. Ay ərzində buğda unu, qarabaşaq yarması, mal və toyuq əti, balıq və balıq məhsulları, pasterizə olunmamış üzlü süd, qatıq, şor, yumurta, banan, alça, çiyələk, kələm, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, soğan, sarımsaq, kartof, qurudulmuş üzüm, qurudulmuş xurma, şəkər tozunun qiymətlərində ucuzlaşma, düyü, makaron və vermişel, kərə yağı, zeytun yağı, limon, alma, armud, şabalıd, çuğundur, kökün qiymətlərində isə bahalaşma müşahidə olunub.

Həftə ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) da boş dayanmadı. Molla Pənah Vaqifin həyat və yaradıcılığının yer aldığı illik hesabatını açıqladı. Nə əlaqəsi var bilmirəm amma yəqin bir tərəfdə poeziya, digər tərəfdə dünya, yerli iqtisadiyyatın makro iqtisadi göstəricilərinin təhlili, karbohidrogenlərin satışından əldə olunan gəlirlərin əks olunduğu hesabat da bir yenilikdir. Bunun sirli mənasını Şahlar Mövsümovdan yaxşı kimsə bilmir.

Hesabatın özünə gəlincə, 2001-2013 illərdə fonda daxil olan vəsaitlərin həcminin 101 mlrd. dollar təşkil etdiyi məlum olur. Daxilolmaların 64%-i istifadə olunduğu halda, 36%-i yığıma yönəlib.

Ötən il ARDNF daxil olan vəsaitlərin həcmi 17 mlrd. 329,2 mln. manat olub ki, ondan 9,5%-i yığıma yönəlib. Bundan başqa, 2012-ci fonda daxil olan vəsaitlərin həcmi 17 mlrd. 405,4 mln. təşkil edib ki, ondan 24,9%-i yığıma yönəlib.2003-2013 illərdə ARDNF-dən dövlət büdcəsinə yönələn transfertlərin həcmi 46,435 mlrd. manat, o cümlədən 2013-cü ildə 11,35 mlrd. dollar təşkil edib.

Ötən ilin sonuna ARDNF-nin aktivləri 5,12% artaraq 35 mlrd. 877,5 mln. manat təşkil edib. Onu da qeyd edək ki, aktivlərin 90% yüksək gəlirli qiymətli kağızların payına düşür. Ötən il ARDNF-nin investisiya portfelinin gəlirliliyi 1,77% təşkil etdiyi halda, son 7 ildə portfelin orta gəlirliliyi 2,46-ya bərabər olub.

Sonda həftənin daha bir önəmli hadisəsi Türkiyədə “STAR” neftayırma zavodunun (NEZ) maliyyələşdirilməsinə dair imzalanan kredit sazişi oldu. Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin mərasimdəki sözlərindən bəlli oldu ki, müqavilənin dəyəri 3,3 mlrd. Dollardır. 2018-ci ilə qədər Türkiyənin neft sektorunda 120 mlrd. dollarlıq sərmayə qoyulacaq. Bunun da 20 mlrd. dolları Azərbaycanın payına düşəcək

Məndən bu qədər. Hər kəsə uğurlu həftəsonu…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm