Kişilərin qadına uduzduğu həftə – Kəmərlərinizi möhkəm sıxın
Bizi izləyin

Hesabat

Kişilərin qadına uduzduğu həftə – Kəmərlərinizi möhkəm sıxın

Yola saldığımız həftə dünya birjası Ukrayna, Rusiya adlı iki qonşunun qaz saçyoldusundan deyil, İraqdakı qarşıdurma səbəbindən çalxalandı. Brend tipli xam neftin qiyməti 9 ayın ən pik həddinə çatdı, əvəzində isə ivalyuta birjasında dollar dəyərsizləşməyə başladı. Bütün siyasi oyunların təpəsində dayanan ABŞ-da iqtisadiyyat artım nümayiş etdirdi. Aylardır davam edən RusiyaUkrayna arasındakı təbii qaz probleminə gəlincə, ödənməyən borclar və qiymətlə bağlı narazılıqlar səbəbindən ikincinin qazı kəsildi. Bununla da MoskvaKiev rəhbərliyi arasındakı təbii qaz porbleminin həlli ədalət məhkəməsinin ümidinə qaldı.

Başlayaq İŞİD-in Mosulu ələ keçərməsi ilə neftin qiymətindəki dalğalanmadan. Getdikcə yüksələn təzyiq beynəlxalq bazarları Katrina qasırğasından betər silkələyir. Qarşıdurmaların şiddətlənəcəyi şəraitdə neftin qiymətinin 2014-cü ilin sonuna maksimum həddi –120 dolları aşacağı belə proqnozlaşdırılır. Hətta bəzi analitiklrər qiymətlərin 125-150 dollara yüksələcəyini də deyirlər. Rəylərə görə, İraq dünyada xam neft istehsalçı və ixracatçıları arasında ən əhəmiyyətli ölkələrdən biridir: “OPEC ölkələri arasında İrandan sonra ikinci sırada gəlir. Ölkədəki neft istehsalında ən kiçik dəyişiklik belə neftin ümumi qiymətlərində böyük təsirə malikdir”.

Avropada xalq kəmərləri sıxmaqda, dövlət isə maliyyə tədbirlərini atırmaqda davam edir. Avropalıların budəfəki dərdi də vergidən yayınanlardır. Belə ki, kəmərləri sıxdıqca sərvətlərini offshore hesablarda saxlayıb, ölkələrindən vergi qaçıranların sayı günü-gündən artır. Hesablamalar göstərir ki, vergidən yayınanların ucbatından birlik ölkələri hər il 1 trilyon avro itirir. Vəziyyətdən çıxış yolu kimi maliyyə nazirləri yüksək vergilərdən qaçmaq üçün fərqli metodlardan istifadə edən şirkətlərə qarşı mübarizəni nəzərdə tutan qanun hazırlayıblar.

Onu da qeyd edək ki, bəzi biznes subyektləri Avropa hüququndakı boşluqlardan faydalanaraq vergi nisbətlərini əhəmiyyətli dərəcə aşağı salıblar. Misal üçün, Fransada kiçik biznes obyektləri cəmi gəlirlərindən 30 faiz vergi veriblər. Konkret, ölkənin ən zəngin 40 şirkəti kimi tanınan CAC40 vergi optimizasiyası adı altında, eləcə də offshore hesablardan istifadə etməklə ümumi qazanclarından 6 faiz nisbətində vergi ödəyiblər.

Yeri gəlmişkən, Avropa Birliyi maliyyə nazirlərinin yeni tənzimləmələri sayəsində iri müəssisələr də vergi azad olmalarından faydalana bilməyəcəklər.

FED rəhbəri Jannet Yellen həftə ərzində pul qazanan bütün kişilərin qənimi oldu, Bütün diqqətlər

Mərkəz Bankın Pul Təşkilatının Vaşinqtondakı iki gündəlik yığıncağına kökləndi. Sərmayəçilər FED-in faiz nisbətlərini gözləntilərindən daha sürətlə artıracağıni proqnozlaşdırsalar da, Yellen bu sahədə bir qərar vermədi. Hətta bank 45 milyard dollara saldığı aylıq istiqraz alışı proqramını 10 milyard dollar da azaltmağı nəzərdə tutsa da, bunu hələlik reallaşdırmadı.

İş dünyası

Dünya iqtisadiyyatının kiçildiyi zamanda böhranı fürsətə çevirən zənginlərin sayı artıb. İsveçrədə açıqlanan rəqəmlərə görə, qlobal iqtisadiyyat keçən il 2,2 faiz nisbətində geriləyib. Buna rəğmən, dünyada zənginlərin sayı 15 faiz nisbətində artaraq 13 milyon 700 nəfərə çatıb. İqtisadi böhranla mübarizə aparan Avropanın bəzi ölkələrində artım nisbəti 10 faizi ötüb.

Dünyanın ilk dörd iqtisadiyyatından birinə sahib Amerikada sərvəti 1 milyon dollardan artıq olanların sayı 16.6 faizlik artımla 4 milyon nəfəri keçib. Yaponiyada bu rəqəm 2.3 milyon, Almaniyada 1.1 milyon nəfər təşkil edib. Çindəki zənginlərin sayı 700 min nəfərfir. Məlumatlara görə, varlılarla bərabər, kasıbların da sayı artıb.

İngiltərənin neft nəhəngi BP Çinin neft istehsalçısı CNOOC-ə mayeləşdirilmiş qaz tədarükü ilə bağlı 20 milyard dollar həcmində müqavilə imzalayıb. Razılaşmanın qüvvədə olma müddəti 20 ildir. ABŞ torpaqlarından gələn qaz “bp”nin Texasda olan Freeport fabrikində mayeləşdiriləcək.

Avropa avtomobil bazarı 2014-cü ilin yanvar-may ayında 2013-cü ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artım nümayiş etdirib. Hesabat dövründə Avropa Birliyi, eləcə də Avropa Sərbəst Ticarət Birliyi ölkələrində 5 milyon 619 min 263 ədəd avtomobil bazara çıxarılıb. Halbuki keçən ilin müvafiq dövründə 5 milyon 273 min 214 ədəd satış reallaşdırılmışdı. Hollandiyada avtomobil satışında 5,3, İsveçrədə 4,2, Avstriyada 1,7, Belçikada 0,8 faiz azalma qeydə alınıb. Satışların artdığı bazarlar Portuqaliya (42 fazi), İslandiya (32 faiz), Xorvatiya (27 faiz) olub. Qonşu Türkiyə isə 23,7 fazi daralma ilə Avropa avtomobil satışı reytinqində 7-ci sırada qərarlaşıb.

Birjalar

Bildirdiyimiz kimi, həftə ərzində İraqdakı siyasi olaylar səbəbindən birjalar dalğalandı. Yekun olaraq, vəziyyət aşağıdakı kimidir.

Amerika fond bazarında Dow Jones indeksi 0,15% - 16 947 bəndədək, S&P 500 0,17% - 1 963 bəndədək, Nasdaq 0,20% - 4 368 bəndədək artıb. Avropa fond bazarlarında Almaniya DAX-ı 0,17% - 9 987 bəndədək, Fransa CAC-40-ı 0,48 % - 4 541 bəndədək azalıb, FTSE 100 indeksi isə 0,25% - 6 825 bəndədək artıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin dəyəri 0,83 dollar bahalaşaraq 1 barelə görə 107,26 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,25 dollar ucuzlaşaraq 114,81 dollar olub.

Azərbaycan

Gəldik çatdıq öz bol-bəhrəli ölkəmizə. Avropada, Amerikada yaşanan iqtisadi böhranın fonunda iqtisadiyyatımız durmadan böyüyür. Deməli belə. Bu ilin I rübündə Azərbaycan iqtisadiyyatına yönəldilən xarici investisiyaların həcmi 25%, istehlak bazarı 9% artıb. Əsas çörək mənbələrimizdən olan benzin və dizel yanacağının istehsalı azalıb. Bununla belə, Kənd Təsərrüfatı Nazirliyi kədərlənməyimizi rəva bilməyib, bu il 2,5 mln. tona yaxın taxıl istehsalının gözlənildiyini açıqlayıb və ac qalmayacağımızın müjdəsini verib.

Başlayaq xarici investisiyalardan. Bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına 3,6 mlrd. ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 25,1% çox xarici investisiyalar yönəldilib.

Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, investisiyaların 14,5%-i iqtisadiyyata maliyyə kreditləri, 53,0%-i birbaşa, 32,5%-i isə portfel və digər investisiyalar şəklində daxil olub. Birbaşa investisiyaların həcmi 1,9 mlrd. dollar təşkil edərək 2013-cü ilin eyni dövrü ilə müqayisədə 34,6% artıb, onun 1,6 mlrd. dolları və ya 86,3%-i iqtisadiyyatın neft-qaz sektoruna yönəldilib.

Bu dövrdə ölkə rezidentlərinə 521,3 mln. dollar ekvivalentində və ya əvvəlki ildəkindən 3,1% çox xarici kreditlər təqdim edilib.

Həftənin daha bir önəmli hadisəsi isə İranla Azərbaycan arasındakı qaz swap müqaviləsinə dəyişikliklə bağlıdır. Bakıda səfərdə olan İran sənaye və ticarət nazirinin birinci müavini Müctəba Xosrovtac İranın belə bir fikirdə olduğunu bildirib. Nazirin sözlərinə görə, bu məsələ ötən gün ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşdə də müzakirə olunub: “Biz Naxçıvan Muxtar Respublikasına qaz verir və eyni həcmdə Azərbaycandan idxal edirik. İranın yayda qaza ehtiyacı azalır, qışda isə çoxalır. Biz təklif edirik ki, bizə veriləcək qaz Azərbaycanın yeraltı anbarlarında saxlanılsın və qışda İrana nəql olunsun”.

“Avtomobil satışlarının azalması sığorta şirkətlərinin gəlirlərinə mənfi təsir göstərib”. Bunu da az danışıb saz danışan maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, bununla bağlı hazırda müvafiq qiymətləndirmələr davam edir: “Avtomobil satışlarının azalması şübhəsiz ki, sığorta şirkətlərinin gəlirlərinə mənfi təsir göstərib. Bu isə öz növbəsində bütövlükdə sığorta bazarına təsirsiz ötüşməyə bilməz. Amma təsirin miqyasını indidən hər hansı bir rəqəmlərlə göstərmək tezdir”.

Beləcə, daha bir yorğun iş həftəsini yola saldıq. Hər birinizə xoş istirahətlər.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm