• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Top və qaz uğrunda savaş - Hesabat

  • Hesabat
  • 28 İyun 2014 15:08
  • 1 046 Baxış
Top və qaz uğrunda savaş - Hesabat

Yola saldığımız həftə dünya iqtisadiyyatına damğasını ilin ilk rübündə ABŞ-ın nümayiş etdirdiyi iqtisadi göstəricilər və 40 il sonra yenidən neft ixarcına qərar verməsi, eləcə də Yaponiyada işsizlərin artımı, Argentinanın ilan hekayəsinə dönən dövlət borcu problemi, “Qazprom”un avropalı şirkətləri təhdid etməsi vurdu. İş dünyasına gəlincə, jurnalistikamızın xilası “Google” kompüterdən, avtomobillərə, televiziyalara və saatlara keçdi. Belə ki, şirkət internetə bağlana bilən yeni məhsullarını təqdim edi. Dünya Kuboku çərçivəsində iki nəhəng idman geyim şirkəti – “Adidas” və “Nike” arasında gərgin ticari mübarizəyə start verildi.

Başlayaq başıbəlalı Ukraynadan.”Qazprom” Moskvada təşkil edilən ümumi yığıncağında onlardan mavi qaz alıb Ukraynaya tədarük edən avropalı şirkətləri təhdid etdi. Konkret olaraq, şirkətlərə “hamam suyu ilə dost tutumayın” mesajı verdi.

Qeyd edək ki, Rusiya qaz təhcizatını dayandırdıqdan sonra avropalı şirkətlər Ukraynaya qaz satmağa başlamışdılar. Ancaq “Qazprom” prezidenti Aleksey Millerin buna reaksiyası gecikmədi : "Rus qazı, bizim qazımız indi Ukraynada var. Ukrayna sanki öz qazıymış kimi istifadə edir. Tərs qaz axışı edən şirkətlərə qaz verilişini kəsəcəyik. Avropalı şirkətlər xüsusilə bu sözümüzü diqqətə almalıdılar”.

Məlumat üçün bildirək ki, Rusiyadan Qərb Avropaya gedən qazın 49 faizi Ukrayna ərazisindən keçir. Aleksey Millerin inkar etməsinə baxmayaraq, yaxın zamanda az miqdarda da olsa rus qazının Ukraynaya girməsi gözlənilir. Kiyev hökumətinin bu həcmin daha da çoxaldılması üçün müzakirələri davam etdirəcəyi də bildirilir.

Bu yaponlara ölüm yoxdu da. İctimai borcun artmasına rəğmən, iqtisadi göstəriciləri par-parıldayır. Ölkədə işsizlik 17 ildən bu yana ən aşağı səviyyəyə düşüb. Yaponiya hökumətindən verilən açıqlamaya görə, ölkədə işsizlik nisbəti may ayında 3,5 faiz olub.

Dünya iqtisadiyyatının sahibi Amerikanın iqtisadi göstəriciləri gözləntiləri doğrultmadı. İqtisadçıların 1,8 faiz nisbətində təxmin etdiyi azalma 2,9 faiz olaraq reallaşdı. Son beş ilin ən aşağı səviyyəsini nümayiş etdirdi.

İqtisadi artımdakı yavaşlama qışın ağır keçməsi ilə əlaqələndirilsə də bunun başqa səbəbləri də olduğu irəli sürülür. Yeri gəlmişkən, böyümə nisbətinin şok bir səviyyədə geriləməsinin,eləcə də İraq və Suriyada IŞİD bölgələrinə hücumun bazarlara mənfi təsir edəcəyi proqnozlaşdırılır.

Söz ABŞ-dan düşmüşkən, Obama hökuməti 40 il sonra yenidən xam neft ixracına qərar verib.

Amerika Ticarət Nazirliyi Pioneer Natural Resources Co. ve Enterprise Products Partners LP-yə neft təchizatı ilə bağlı icazə imzalayıb. Deyilənə görə, istifadəçilər bu xam nefti benzin, reaktiv yanacağı və ya dizelə çevirə biləcəklər.

İki şirkətin nə qədər ixrac reallaşdıracağı isə hələ dəqiqləşdirilməyib. Ancaq daşınmanın avqustda kiçik ölçü ilə başlaması gözlənilir. 2015-ci ildən etibarən gündəlik ixracın 700 min barelə çatdırılacağı deyilir.

Yeri gəlmişkən, ölkədə neft ixracatının önünün açılmasından sonra ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının ardından dünyanın ən böyük neft ixracatçısı mövqeyinə gələcək.

Argentinanın ilan hekayəsinə dönən dövlət borcu problemi Birləşmiş Millətlər Təşkilatının müzakirəsinə qədər gedib çıxıb. Belə ki, ABŞ məhkəməsi Argentinanın 2001-ci ildən bəri ödəmədiyi dövlət borclarını 30 iyuna qədər ödəməsinə dair qərar verib. Qarşı tərəf isə öznövbəsində bunun yeni böhranın başlanğıcı kimi qiymətləndirib.

İş dünyası

Rusiyanın dövlət neft şirkəti “Rosneft” İngiltərənin BP şirkəti ilə yeni tədarük razılaşması imzalayıb. Beş illik dövrü əhatə edən razılaşma, 12 milyon ton neft məhsullarının tədarükünü nəzərdə tutur.

Çinli e-ticarət nəhəngi “Alibaba” ictimaiyyətə açılış layihəsini reallaşdırmaq üçün New York Birjasını seçib. Alış-veriş saytı “Alibaba”nın birjadakı səhmləri “ ATA” simvoluyla icra olunacaq.

Onu da xatırladaq ki, “Alibaba” Groupun birjaya daxil olması mövzusunda detallar indiyə qədər açıqlanmamışdı. Şirkət may ayında Amerika İnvestisiya Təşkilatına müraciət etmişdi. Bu zaman hətta hansı birjanı seçməsi istiqamətində qərarsızlıq yaşadığını bildirmişdi.

“Alibaba”nın nominal dəyərinin 1 milyard dollar olduğu deyilir. Bazar dəyərinin isə 150-200 milyard dollar arasında reallaşması təxmin edilir.

İdman böyük biznesdi. Kişilərin iş-güclərini buraxıb saatlarla izlədikləri o futboldan millət nə milyardlar qazanır.Deməli belə, iki idman geyim nəhəngi “Adidas” və “Nike” arasında gərgin satış mübarizəsi başlayıb.

Alman idman geyim şirkəti “Adidas” 2014-cü ilin Dünya Kubokunun keçirildiyi i müddətdə “Brazuca” adlandırılan 14 milyon rəsmi futbol topu satmağı hədəfləyir. Qrupun rəhbəri Herbert Hainer bəyan edib ki, 2010 –cu ilin Dünya Kubokunda “Jabulani” adı verdikləri futbol topundan 13 milyon ədəd satmışdılar.

Futbol seqmentində dünya liderliyini əlində tutan “Adidas” kubok daxilində 9 qruopun sponsorluğunu boynuna götürüb. Qrupların 8 milyondan çox futbol formasının satılması nəzərdə tutulur.”Nike” isə 10 qrupa sponsorluq edir. “Adidas” ın Almaniya, “Nike”nin isə Braziliya ilə razılaşması var.

Nəhayət, Londonda evlərin qiymətləri ingilislərin özlərini də narahat etməyə başladı. Ölkənin Mərkəz Bankı gedərək artan ev krediti istifadəsinə qarşı tədbirlərə start verib. Bankın Maliyyə Komitəsi ev kreditlərini gəlirin 4,5 misli qədər məhdudlaşdırmağı hədəfləyir. Günü-gündən azalan faiz və işsizlik nisbətləri əmlak qiymətlərini hər il ölkə daxilində 10, Londonda isə 20 faiz artmasına səbəb olur. Londonda iqamətgah sahibi olmaq istəyən xarici sərmayəçilər isə əmlak qiymətlərini odlamış vəziyyətdədirlər.

İngiltərə Mərkəz Bankının rəhbəri Mark Carney isə “ iqamətgah bazarında yaşanan qiymət artımları dözümlülük limitimizə çatdı”,- deyə bildirib: “İngiltərə iqtisadiyyatındakı yığışma üçün ən böyük risklər iqamətgah bazarından qaynaqlanır. Vəziyyəti qiymətləndirəcəyik”.

Gəldik çatdıq ölkəmizə. Yayın gəlişi hamını yuxuya verib. Hərdən adama elə gəlir ki, iqtisadi sahəyə aid dövlət orqanları, biznes sektoru hamılıqla tətilə çıxıblar. Allah eşqinə, həftənin önəmli hadisələrinə nəzər salın: Rusiya azərbaycanlı sahibkarlara ümumi dəyəri 7,5 mlrd. dollar olan 18 layihə təqdim edib, bank sektoruna bu ölkədən 550 mln. dollar cəlb olunub, SKMF bu ilin əvvəlindən sahibkarlara 122 mln. manat güzəştli kredit verib, ötən il Azərbaycana 2 milyon 500 minə yaxın turist gəlib, ARDNŞ Rumıniyaya indiyədək 50 mln. avro yatırıb.

İctimai nəqliyyatda gediş haqqının artırılması ilə fikirlərin ortaya atılması isə son damla oldu. Belə ki, Nəqliyyat Nazirliyi sahibkarların dəfələrlə bu təşəbbüslə çıxış edib onlara müraciət ünvanladıqlarını iddia etməyə başlayıb: “Müəyyən sahibkarlar var ki, onların məsrəfləri ödənilmir. Ona görə qiymətlərin qalxmasını istəyirlər. Lakin bu məsələ Tarif Şurasının səlahiyyətlərinə aiddir”.

Bir məqamı da vurğulayaq ki, nazirlik ötən il qiymətin qalxması ilə bağlı Tarif Şurasına müraciət edib, lakin qurum məsələyə baxmayıb. Qeyd edək ki, ölkəyə avtobusların gətirilməsi ilə məşğul olan sahibkarlar ictimai nəqliyyatda gediş haqqının qaldırılmayacağı halda 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları üçün avtobusların gətirilməsinin mümkün olmayacağını deyirlər.

Məndən bu qədər. Daha bir yorğun həftəni geridə qoyduğumuza sevinirəm. Hər birinizə xoş istirahətlər…

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR