• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şotland kişiləri ətəklərini qaldırır, Rusiya isə qazı

  • Hesabat
  • 13 Sentyabr 2014 14:35
  • 1 435 Baxış
Şotland kişiləri ətəklərini qaldırır, Rusiya isə qazı

Yola saldığımız həftə dünya iqtisadiyyatına damğasını “Apple” vurdu.

Şirkət, nəhayət, ağıllı saatını, iki yeni iPhone modelini və mobil ödəmə sistemini təqdim etdi. Şotlandiyadakı referendumun İngiltərə iqtisadiyyatına potensial təsirləri gündəmə gəldi, Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların ikinci paketini təsdiqlədi. Rusiya iqtisadiyyatını xilas etmək üçün İranla 8 milyard dollarlıq müqavilə imzaladı. Neftin qiyməti 16 ayın ən aşağı səviyyəsinə gerilədi.

Başlayaq neftin qiymətindən. Qlobal böhran və müharibələrə rəğmən artan istehsal və azalan tələb neftin qiymətini 100 dollardan da aşağı saldı. Beləliklə, “qara qızıl” 16 ayın ən aşağı səviyyəsinə geriləmiş oldu. Keçən ilin iyununda bareli 115 dollar olan neftin qiyməti o tarixdən bu yana 14 faiz nisbətində düşüb. Bu ilin yanvarında 104.71 dollar olan OPEC-in səbət barel qiyməti iyunda 107.89 dollar təşkil edib. Sentyabrda isə qiymət 98.46 dollara düşüb.Yaranmış vəziyyəti başbilənlər belə şərh edirlər: "Artan neft istehsalı qiymətlər üzərində aşağı istiqamətli təzyiqi davam etdirəcək. Başda İraq olmaqla yaz aylarından etibarən geopolitik risklər düşməyə başlayıb”.

Həmişə olduğu kimi, neftin qiymətinin düşməsi yenə də istehlakçıların üzünü güldürüb. Lakin vəziyyətin uzun müddət bu şəkildə davam etməyəcəyi proqnozlaşdırılır. Çünki Səudiyyə Ərəbistanı keçən ay gündəlik neft istehsalını 400 min barelə çəkəcəyini açıqlayıb…

Avropa Birliyi Rusiyadan embarqonun intiqamını amansızca aldı. İki dəfə təxirə saldığı yeni sanksiya paketini qəbul etdi. Sanksiyaya daxil etdiyi şəxslərin və şirkətlərin siyahısını rəsmi şəkildə açıqladı. Bu siyahıda “Rosneft”, “Transneft”, “Qazprom”, “Sirius”, “Çemkompozit”, “Kalaşnikov”, “Tulskiy orujeyniy zavod”, “NPK Tennoloqii maşinostroeniya”, “Vısokotoçnıe kompleksı”, “Almaz-Antey”, “Bazalıt”, “Oboronprom”, “Uralvaqonzavod”, “Sberbank”, “VTB”, “Qazprombank”, “Posselxozbank” daxil edilib. Onu da qeyd edək ki, sanksiya sənədinə əsasən, “Rosneft” başda olmaqla, Rusiyanın digər neft şirkətləri Avropadan borc ala bilməyəcəklər.

Yeri gəlmişkən, deyilənlərə görə, Rusiya bu sanksiyaları cavabsız qoymağı düşünmür. Konkret mavi qazın ixracı ilə bağlı sanksiyalar yoldadır. Bu qış Rusiya Avropanı soyuqdan donduracağı istisna deyil. Amma bu, Rusiyanın özünə də təsirsiz ötüşməyəcək. Belə ki, qaz və neft gəlirlərindən formalaşan federal büdcə ixracın azaldılmasından ağır zərbə ala bilər.

Rusiya ilə bağlı xəbərlər təkcə bu deyil. Rusiya kimi Amerikanın “cənnətindən” qovulan İran bir-birinə dəstək olmağı qərara aldılar. Tehranda keçirilən Rusiya və İran 11-ci hökumətlərarası komissiyasının toplantısında tərəflər iqtisadiyyatın müxtəlif sahələri üzrə razılığa gələrək 8,4 milyard avro investisiya müqaviləsi imzaladılar.

Müqaviləyə əsasən, Rusiya və İran öz milli valyutalarından istifadə etməyi planlaşdırır. Danışıqların əsas mübahisəli məqamı Rusiyaya İran neftinin idxal ediləcəyi idi. Lakin Rusiyanın energetika naziri Aleksandr Novak ölkəsinə İran neftinin idxalının müzakirə mövzusu olmadığını bəyan etməklə bu yöndə söz-söhbətlərə son qoydu. Bildirdi ki, İran neftinin realizə edilməsində rus treyderlərinin iştirakı ilə bağlı təkliflər var.

Xatırladaq ki, “Reuters” bu əməkdaşlıq haqqında İran neftinin Rusiya məhsullarına dəyişdiriləcəyi istiqamətində bəhs edirdi. Bildirilirdi ki, İran sutkada Rusiyaya 500 min barrel neft ixrac edəcək. Bunun əvəzində Rusiyadan məhsul və texnika idxal edəcək. Razılaşmanın aylıq dövriyyəsi isə 1,5 milyard dollar qiymətləndirilirdi.

Rusiyanın energetika naziri Aleksandr Novak hələlik İrandan neft ixracatının nəzərdə tutulmadığını deyir: “Təklif var ki, rus treyderləri İran neftinin satışını həyata keçirsin. Hələlik, bunu müzakirə etmirik. Nəzəri baxımdan, belə bir şey mümkünsuz deyil, perspektiv var. İran, neftini özü realizə edir. Biz treyderlərimizin bunu həyata keçirməsini təklif edirik”.

Rusiya Mərkəzi Bankı isə hər şeyə rəğmən sos siqnalı verir. Əvvəla bank ötən gün pul siyasəti təşkilatının toplantısında faiz siyasətini dəyişdirmədi və 8 faiz nisbətində saxladı. Bildirək ki, MB iyulun 25-dəki iclasında inflyasiya və geopolitik riskləri səbəb göstərərək faizləri 8 faizə qaldırmışdı.

Budəfəki müzakirələrdən sonra verilən açıqlama sanksiyalar və yüksək inflyasiya riski səbəbindən MB-nın iqtisadi porseslərdən narahatlığını göstərir.

Xüsusilə Rusiyanın avqust ayında tətbiq etdiyi qida embarqosu ölkə daxilində inflyasiyanın yüsəlməsinə yol açıb. Hazırda Rusiya Mərkəzi Bankı qida ixracı qadağasının uzunmüddətli təsirlərinə konsentrə olmuş vəziyyətdədir. İndiyədək bunun qısamüüdətli olacağını düşünürdülər. Mərkəzi Bank daha sərt pul siyasətləri tətbiq etmək və faizləri artırmaq məcburiyyətində qala bilər. Onu da xatırladaq ki, Bank əvvəllər bu il üçün inflyasiyanın 5 faiz olacağını proqnozlaşdırırdı. Faktiki inflyasiya faizi isə 7 faizdir.

At ili təkcə Ukrayna, Rusiya, Amerika, Avropa Birliyinə düşərsiz olmadı. Okeanın şərqində yerləşən yapon iqtisadiyyatında da vəziyyət qənaətbəxş deyil. Yaponiya iqtisadiyyatı ilin ikinci rübündə 7.1 faiz daralaraq 2009-cu ilin ilk rübündən bu yana ən böyük kiçilməni nümayiş etdirib. Halbuki, iqtisadçılar iqtisadi daralmanın 7 faiz ətrafında olacağını gözləyirdilər. Buna səbəb isə aprel ayında satış vergilərinin artırılması nəticəsində pərakəndə satışlarda və xalqın xərcləmələrində enişin olmasıdır.

307 ildir Böyük Britanyanın bayrağı altında İngiltərəyə bağlı olan Şotlandiya “boşanmanı” nəzərdə tutan referendum keçirməyi qərara alıb. Sentyabrın 18-də reallaşacaq müstəqillik referendumu ölkənin yalnız siyasi deyil, eyni zamanda iqtisadi taleyini də müəyyən edəcək. Artıq, dollarla müqayisədə ingilis pul vahidi sterlinq son 10 ayın ən aşağı səviyyəsinə düşüb. Bundan əlavə, müstəqillikdən sonra şotlandiyalıların ən böyük ixrac məhsulu olan milli içkiləri ilə bağlı bazarda problem yaşayacaqları deyilir.

Ekspertlər yaranmış vəziyyəti belə şərh edir: "İqtisadi və ticari baxımdan əhəmiyyətli təsirə sahib böyük bir diplomatik birliyin üzvüyük. Sənayenin inkişafına köməkçi olan bu birlik Şotlandiyanın müstəqil olacağı təqdirdə fəaliyyətini itirəcək".

Bu arada 4 milyon şotlandiyalının “bəli” deyəcəyi halda müstəqillik müddəti 2016-cı ilin martından başlayacaq.

İş dünyası

Rusiyanın dövlət neft şirkəti “Qazprom”un gəlirləri 40 faiz azalıb. Azalmanın həcmi valyuta ilə 231,6 milyard rubl – 6,19 milyard dollar təşkil edib. Hərçənd, şirkətin dövriyyəsi birinci rübdə 7 faiz artmışdı. Amma “Qazprom”un xalis gəlirləri analitiklərin proqnozlarını doğrultmayıb. Şirkətdən bildirilib ki, birinci rübdə xalis gəlirlər 15 faiz azalıb. Dövriyyə artsa da, gəlirlərin azalması şirkətin istehsal zamanı böyük xərcləmələr həyata keçirməsi ilə izah edilir. "Qazprom"un maliyyə hesabatına nəzər salanda məlum olur ki, şirkət iki istiqamətdə əhəmiyyətli xərc reallaşdırıb.

İlk əvvəl 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə əməliyyat xərcləri təxminən 139 miylard 697 milyon rubl (3,7 milyard dollar) artıb . İkinci istiqamət isə “Naftoqaz”ın borcunu qaytarmamasıdır.

İş dünyasında daha bir önəmli hadisə “Ferrari”də sükanı idarə edənin dəyişməsi oldu. Sadə dillə desək, şirkətin rəhbəri Luca Cordero de Montezemolo oktyabrın 13-dən vəzifəsindən gedəcək.

1970-ci ildən “Ferrari”də işə başlayan Montezemolo 1991-ci ildə direktor vəzifəsinə keçib. “Formula 1”də çoxsaylı zəfər qazanan komandanın rəhbəri olub. Montezemolonun təqaüdə çıxmaq qərarına elə “Formula 1”dəki müvəffəqiyyətsizliyin səbəb olduğu deyilir. Bundan əlavə, irəli sürülən versiyalardan biri də onun “Ferrari”nin hissələrinin 90 faizinə sahib olan “Fiat”ın direktoru Sergio Marchionne ilə yola getməməsidir. Montezemolonun “Ferrari”dəki vəzifəsini isə Marchionne təhvil alacaq.

Girişdə qeyd etdiyimiz kimi yola saldığımız həftə iqtisadiyyata damğasını “Apple” vurdu. Şirkət, nəhayət, ağıllı saatını, iki yeni iPhone modelini və mobil ödəmə sisteminin təqdimatını keçirdi. iPhone və iPadlardan sonra bazara uzun müddətdir yeni məhsul çıxarmayan dünyanın ən böyük texnologiya şirkətinə bu yöndə təzyiqlər var idi. Amma yenə də “Apple”nin rəqiblərindən geriə qaldığı irəli sürülür.

Şotlandiya bankları isə “müstəqillikdən” qaçırlar. Ölkənin ən böyük bankı “Royal Bank of Scotland” (RBS) referendumundan “bəli” cavabı çıxacağı halda onun mərkəzi ofisini Londona daşıyacağını açıqlayıb. İngiltərənin əhəmiyyətli banklarından olan “Lloyds Banking Group” da Edinburqdakı mərkəzini Londona köçürəcəyini bildirib. Sentyabrın 18-də reallaşacaq referendumdan Şotlandiyanın müstəqillik qazanacağı daha real görünür…

Mark Zuckerberg də boş dayanmadı. Şirkət “Facebook” istifadəçilərinin paylaşmalarının müəyyən müddət sonra avtomatik silinməsinə imkan verən layihə üzərində işləyir. Dünyada 1.3 milyard istifadəçisi olan Amerika şirkətdən bildirilib ki, ilk mərhələdə Yeni Zelandiyada sınanan sistem uğurlu alınıb. Bu sistem paylaşımların istifadəçi tərəfindən təyin olunan müddətdən sonra silinməsini təmin edir.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Dövlət Statistika Komitəsi ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqladı. Məlum oldu ki, bu il Azərbaycanda ümumi daxili məhsul istehsalı 2,4%, qeyri-neft sahələrində istehsalın həcmi 5,4% artıb, sənaye məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb, əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz çoxalaraq 24 milyard manata çatıb.

Onun hər nəfərə düşən həcmi 2559,9 manat olub. Gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 2,4 faiz üstələyərək 3,8 faiz olub. Eləcə də avqust ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,3 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 8,6 faiz bahalaşıb. Digər xəbərlərə gəlincə, Bakı Fond Birjasının dövriyyəsi 57% artıb, “Royal Sığorta” şirkətinin lisenziyası ləğv edilib, Vergilər Nazirliyi borclu vergi ödəyicilərin siyahısını açıqlayıb, İtaliya Azərbaycan qazı ilə bağlı qərar verib, Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib, Türkiyə parlamenti TANAP layihəsi ilə bağlı iki sənədi təsdiqləyib, ARDNŞ prezidenti Rusiyaya qaz nəqlinin dayandırılmasına aydınlıq gətirib və fasilənin təmirlə bağlı olduğunu deyib.

Başlayaq İtaliyanın Azərbaycan qazı ilə bağlı qərarından. İtaliya hökuməti Transadriatik Qaz Kəməri (TAP) layihəsinə dair daha bir mühüm addım ataraq kəmərin İtaliya hissəsi üçün ekoloji uyğunluq fərmanını imzalayıb. TAP-dan verilən məlumata görə, razılıq yerli icmaların iştirakçıları, ictimai məsləhətləşmələr və prosesə yaxından cəlb olunmuş hökumətin milli və regional orqanları da daxil olmaqla, mütəmadi geniş müzakirələrdən sonra əldə olunub. Bildirilir ki, TAP dünya səviyyəli layihəni İtaliyaya məsuliyyətlə çatdırmağa çalışır və o, bütün iştirakçılarla birgə sıx əməkdaşlığı davam etdirəcək.

Qeyd edək ki, TAP boru kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Avropaya ixracı üçün nəzərdə tutulub. 870 km uzunluğunda boru kəməri Yunanıstandan başlayacaq və Türkiyə, Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya qədər uzanacaq.

TAP-ın səhmdarları “BP” (20%), “SOCAR” (20%), “STATOIL” (20%), “FLUXYS” (16%), “TOTAL” (10%), “E.ON” (9%) və “AXPO” (5%) şirkətidir.

Xatırladaq ki, Qərb mətbuatı Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Transadriatik Qaz Kəməri (TAP) layihəsinə qarşı İtaliyada etirazların davam etdiyi yazırdı. Etirazçılar TAP-ın marşrutunu dəyişməyi tələb edirdilər. Kəmərin bir hissəsi İtaliyanın Adriatik dənizi sahillərindəki Salento bölgəsindən keçməlidir. Yerli əhali və ekoloqlar bildirirdilər ki, bu ərazidə qaz ixracı kəmərinin tikintisi ətraf mühitə zərbə vuracaq, tarixi abidələri təhlükə qarşısında qoyacaq və zeytun bağlarının məhvi ilə nəticələnəcək.

Enerji sektoru ilə bağlı daha bir mühüm xəbər bu ayın sonuna qədər Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Yunanıstanın dövlət qazpaylayıcı şirkəti DESFA-nın 66% səhmlərinin alınması ilə bağlı Avropa İttifaqı tərəfindən sazişin imzalanacağıdır. Bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev danışıb: “Avropada bu cür sazişlərin əldə olunması uzun prosesdir. Burada Yunanıstan tərəfinin razılığı ilə bərabər, Avropa İttifaqının də razılığı olmalıdır. Hesab edirik ki, DESFA-nın səhmlərinin ARDNŞ tərəfindən əldə olunması proseduru ilə bağlı sentyabrın sonunadək yekun qərar veriləcək”.

Dövlət Sosial Müdafiə Fondu isə ölkədə pensiyaların artımı ilə bağlı yeni metodların tətbiqinə hazırlaşdığını bəyan etdi. Məlum oldu ki, yeni sistem tətbiq olunduğu halda pensiyaların artırılması baza hissəsi əsasında deyil, sosial sığorta haqları hesabına həyata keçiriləcək. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev yeniliyin pensiya ilə bağlı islahatlarda öz əksini tapdığını bildirib.Onun sözlərinə görə, bu gündən sonra pensiya artımları yalnız sığorta prinsipləri əsasında reallaşdırılmalıdır: “Yəni birtərəfli qaydada pensiyaların artımı üçün dövlət büdcəsindən vəsaitlərin ayrılması deyil, sosial sığorta haqları şəklində vəsaitlərin yığılması, fərdi hesablara toplanan pensiya kapitalların artırılması nəticəsində vətəndaşların pensiya məbləğlərinin sığorta əsasında hesablanması qaydasında artırılması bizim gündəliyimizdə durur”.

Məndən bu qədər. Hər birimizə uğurlu həftə sonu tətili.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR