Moskvada Azərbaycanın ticarət mərkəzi açılacaq
Bizi izləyin

Hesabat

Moskvada Azərbaycanın ticarət mərkəzi açılacaq

Bakıda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yekunlarına görə, Moskvada Azərbaycanın Sərgi-Ticarət Mərkəzinin açılması haqqında saziş imzalanıb. İclas hər iki ölkənin baş nazir müavinlərinin - Eyyub Yaqubov və Dmitri Roqozinin sədrliyi ilə keçirilib.

Publika.az-ın "İTAR TASS"-a istinadən məlumatına görə, Roqozin bildirib ki, 2013-cü ilin yekunlarına görə iki ölkə arasında ticarət dövriyyəsi tarixdə ən yüksək həddə - 3,6 mlrd. dollara çatıb ki, bu da ötən ildəki rəqəmdən 5% çoxdur. Onun sözlərinə görə, Rusiya ölkəyə qarşı sanksiyalarla əlaqədar Qərb ölkələrindən idxalın yerini doldurmaq üçün Azərbaycandan gələcək kənd təsərrüfatı məhsullarına ümid edir.

Bununla əlaqədar olaraq Roqozin Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına tədarükündə maraqlı olduğunu qeyd edib. Rusiya tərəfi Azərbaycana bu kənd təsərrüfatı məhsullarının logistikası, emalı, Moskvada saxlanılması ilə bağlı bir sıra layihələr təqdim edib. Bu layihə artıq fəal şəkildə həyata keçirilir, bu təcrübə digər böyük Rusiya aqlomerasiyalarına da yayıla bilər, deyə Roqozin bildirib. Öz növbəsində, Eyyubov yeni sanksiyaların Rusiyanı sarsıda bilməyəcəyindən, əksinə, onu gücləndirəcəyindən əmin olduğunu söyləyib.

“Avropa İttifaqı, ABŞ və Rusiya arasında yaranmış vəziyyəti başa düşürük. Rusiyanı heç kim sındıra bilməz, o, heç vaxt əyilməyəcək, əksinə, bu, onu daha da möhkəmləndirəcək” - deyə, İTAR-TASS Eyyubovdan xüsusi sitat gətirib.

İclasda Roqozin Azərbaycan prezidentinin energetika məsələləri üzrə yüksək səviyyəli qrup yaratmaq ideyasının həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

“21-ci əsrdə, resurslar uğrunda mübarizənin getdikcə gücləndiyi və münaqişələr yaratdığı bir dövrdə Rusiya və Azərbaycanın birgə fəaliyyəti daha çox sabitliyə, daha çox sülhə gətirib çıxara bilər. Yəni bu, təkcə energetika və iqtisadi məsələlər deyil. Bu, əslində siyasi məsələlərdir” - deyə, baş nazirin müavini vurğulayıb.

İclasın yekunlarına görə müqavilə-hüquqi bazanın təkmilləşdirilməsi üzrə işi davam etdirmək qərarı qəbul olunub.

Xüsusən, bitkilərin karantini və müdafiəsi; mallara gömrük nəzarəti; dəniz nəqliyyatı sahəsində əməkdaşlıq; Azərbaycan gəmilərinin Rusiyanın daxili su yollarında üzməsi qaydaları və şərtləri haqqında; Xəzər dənizində axtarış və xilasetmə sahəsində əməkdaşlıq haqqında; turizm sahəsində; gənclər siyasəti sahəsində; əmək miqrasiyası sahəsində əməkdaşlıq haqqında sazişlərin razılaşdırılması və imzalanmaq üçün hazırlanması nəzərdə tutulur.

Həmçinin, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində; Azərbaycan-Rusiya sərhədində buraxılış məntəqələrinin tənzimlənməsi və inkişafı sahəsində qarşılıqlı fəaliyyət və informasiya mübadiləsi haqqında; miqrasiya sahəsində əməkdaşlıq haqqında; cinayətkar yolla əldə olunmuş gəlirlərin leqallaşdırılmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında; bədən tərbiyyəsi və idman sahəsində əməkdaşlıq haqqında; qiymətli kağızlar bazarları sahəsində əməkdaşlıq və informasiya mübadiləsi haqqında ikitərəfli sazişlər imzalanmaq üçün hazırlanır.

İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın 15-ci iclası 2015-ci ildə Yekaterinburqda keçiriləcək. İclas VI Rusiya-Azərbaycan regionlararası forumunun keçirilməsinə həsr ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm