İŞİD təkcə baş yox, həm də pul kəsir...
Bizi izləyin

Hesabat

İŞİD təkcə baş yox, həm də pul kəsir...

Yola saldığımız həftə dünyanın əksər ölkələri növbəti ilin büdcə layihələrini müzakirə etdilər.Xüsusilə Rusiya, Fransa büdcə kəsirlərini necə örtəcəklər dilemması qarşısında qaldılar. İŞİD-in gündəlik neft satışından 3 milyon dollar qazandığı ortaya çıxdı.Avro bölgəsində inflyasiya düşdü. Avropa Birliyi İrlandiyanı beynəlxalq şirkətlərə qeyri-qanuni vergi güzəştləri etməkdə günahlandırdı. Amerika Birləşmiş Ştatlarının işsizliyə ağır zərbə endirdiyi bəlli oldu. Belə ki, avqustda 6.1 faiz olan işsizlik nisbəti sentyabrda 5,9 faizə enməklə son 6 ilin ən aşağı səviyyəsinə düşdü. Düzdür, mütəxəssislər bu enişdə işsizlərin iş axtarma idarələrində qeydiyyatdan keçməmələrinin rolunun olduğunu düşünürlər. Çünki avqustda 62,8 faiz təşkil edən işçilərin və iş axtaranların nisbəti sentyabrda 62,7 faizə geriləyib.

Başlayaq Avro Bölgəsindən. Bölgədə özəl sektorun sentyabra olan göstəriciləri xəyalları puç etdi.

“Markit” tərəfindən hər ay nəşr olunan satın alma idarəçiləri indeksi avqust ayında 52.5 səviyyəsindən sentyabr ayında 52.3 səviyyəsinə düşdü. Bu vəziyyət isə tələbin azalmasının ən böyük işarəsi hesab edilir. Digər tərəfdən bölgənin ən böyük iqtisadiyyatına sahib Almaniyaya aid rəqəmlər az da olsa artdığı hada, Fransada əksinə eniş nümayiş etdirdi.


Avropa Mərkəzi Bankı (AMB) da boş dayanmadı. Bölgədə iqtisadi artımı canlandırmaq məqsədiylə kisənin ağızını açdı. AMB prezidenti Mario Draghi 1 trilyon avro dəyərində təminatlı qiymətli kağız alacaqlarını bəyan etdi . Məlum oldu ki, qurum satınalmalara noyabr ayının ortasından başlayacaq: “Avro Bölgəsi ölkələri büdcə siyasəti mövzusunda indiyə qədər həyata keçirilən islahatları davam etdirməlidirlər. Bundan əlavə sabitlik və artım qaydalarına uyğun şəkildə irəliləməlidirlər. 2015-ci ildə büdcə layihəsində də əsas prinsip bu olmalıdır”.

Çərşənbə günü 2015-ci ilin büdcəsini açıqlayan Fransanı xatırladan Draghi islahatlar mövzusunda Paris rəhbərliyinə güvəndiyini söyələyib.


Neftin qiyməti yenə “sözə baxmadı”. Qərb Texas növü xam neft (WTI) 2012-ci ilin iyunundan bəri ən aşağı səviyyəsinə enərək 88 dollar təşkil etdi. Brent tipli neftin barreli isə 92 dollar səviyyəsinə gerilədi.

Bu azalmada anbarları genişlənən Səudiyyə Ərəbistanının qiymətləri endirməsi əhəmiyyətli rol oynasa da qlobal maliyyə məlumatlarının mənfi istiqamətdə açıqlanması bazara öz təsirini göstərdi. Qeyd edək ki, son dövrlər Texas növü xam neft 12 faiz, Brent tipli neft isə 16 faiz dəyər itirib.


Qlobal maliyyə böhranın yaralarını sarmaqda çətinlik çəkən ispan iqtisadiyyatından da xəbər var.Ölkədə işsizlik nisbətinin sentyabr ayında da artdığı açıqlanıb. Əmək Nazirliyinin hesabatına görə, ölkədə işsizlərin sayı 4,5 milyon nəfərə çatıb. Gənclər arasında işsizlik nisbəti xüsusilə maksimuma çatıb.


İşsizliyin yüksək rəqəmlərlə ifadə olunduğu Fransada isə Maliyyə Nazirliyi 2015-ci ilin büdcəsini açıqladı. 2014-cü ilin ictimai xərcləmələrindəki artımı 0,2 faizdə tutmağı hədəfləyən hökumət bu istiqamətdə cəmi 21 milyard avro qənaət etməyi planlaşdırır. Fransa Maliyyə Naziri Mişel Sapın büdcəni şərh edərkən bildirib ki, hökumət ötən ilin yayında müəyyənləşdirdiyi iqtisadi strategiyanı davam etdirməyi qərara alıb:”2014-ci ildə büdcə kəsirinin ümumi daxili məhsul nisbətinin 4, faizindən 4,3 faizə geriləməsini nəzərdə tutmuşuq. Bundan əlavə 2016-cı ildə büdcə kəsirinin ÜDM-ə nisbətinin 3,8 faizə, 2017-ci ildə 2,8 faizə düşməsi proqnozlaşdırılıb. 2019-cu ildə isə büdcə kəsirinin tamamilə bağlanması gözlənilir”.

İctimai borcu 2 trilyon avronu keçən ölkədə hökumətin iqtisadi artım hədəfləri də optimist dəyərləndirilib. Rəsmi Parisə görə ictimai borc 2016-cı ÜDM-in 98 faizinə yüksələcək. Cari ilin sonunda isə bu rəqəm 95,3 faiz olacaq. Mütəxəssislər isı mövzuda daha pessimistdilər və Fransanı Yunanıstanın aqibəti gözləyəcəyinə dair xəbərdarlıq edirlər: " Bir şok terapiyasına ehtiyac var. Bu müalicə nə Sarkozi, nə də Olland dövründə tətbiq olundu. Proseslərin dramatik tərəfi də bundadır. Büdcə kəsiri və borc artmağa davam edəcək. Hal-hazırda bu vəziyyət çox gözə dəymir çünki faiz dərəcələri çox aşağı səviyyədədir. Amma bir bazar günü oyandığımızda bu nisbətlərin qalxdığını görəcik. Fransada yunan böhranı yaşanacaq".


Həftənin bombasını isə İŞİD-in maliyyə imkanlarına dair xəbərlər partlatdı. Məlum oldu ki, İŞİD dünyanın ən zəngin terror təşkilatıdır. O təkcə qaçaq neftdən gündəlik 3 milyon dollara yaxın gəlir əldə edir və Şimali İraqda 7, Suriyada 6 neft quyusuna malikdir.

Qeydə edək ki, Suriya və İraqda əhəmiyyətli nöqtələri zəbt edən İŞİD iki ölkənin neft ehtiyatlarına da qismən əl qoyub və nefti qaçaqçılıq yolu ilə 25 dollar/barreldən satır. Hansı ki, bu da qeyri-qanuni ticarət. sayılır. Yeri gəlmişkən analitiklər əməliyyatların hər gün aparılan 90 milyon barrel neft ticarətinə təsiri olmadığını irəli sürürlər. Daha bir vacib məqamsa, İŞİD-in Suriya rejiminə neft satdığı istiqamətində iddiaların olmasıdır. Amma İŞİD-in əlindəki neft qaynaqları zaman keçdikcə azalır. Belə ki, hava hucumlarından əvvəl təşkilat gündəlik 220 min barrel neft satırdısa həmin rəqəm indi 70 minə düşüb.


Bu arada hücumlardan təkcə İŞİD ziyana düşməyib. Amerikanın İraq və Suriya kimi bölgələrə, xüsusilə də neft mərkəzlərinə hava hücumlarından AB və Amerika bazarları da pis istiqamətdə təsirlənib. Xüsusilə investorlar daha çox ziyana düşdülər. Ərəb Əmirliklərinin birjaları 1,6 faiz , Misir 0,6 faiz, Səudiyyə Ərəbistanı 2,8 faiz dəyər itkisi yaşayıb.


Qonşu Türkiyədən də xəbər var. Ölkənin hazırkı xarici borcu 401.7 milyard dollara çatıb.

Dəqiq xarici borc stoku isə 237.8 milyard dollar olaraq reallaşıb. Özəl sektorun borcu 278 milyard dollar, cəmiyyət seqmenti üzrə borc 119.5 milyard dollardır.


Xatırladaq ki, 2013-cü ilin dekabrına olan məlumata görə, Türkiyənin dəqiq xarici borc stoku 214.4 milyard dollar olub. Özəl sektorun borcu xarici borcların həcmində 255,3 milyard dollarla 68,5 faiz paya malik idi. Cəmiyyətin borcu 111,7 milyard dollar (30 faiz), Türkiyə Mərkəzi Bankının borcu 5,6 milyard dollar (1,5 faiz) təşkil edirdi. Göründüyü kimi, Türkiyə cari ildə xarici borclarının həcmini artırıb.


İş dünyası


Avropa Birliyi (AB) “Apple” və “Fiat” kimi şirkətlərin birlik daxilində vergi qaçaqmalçılığı etdikləri iddiası ilə istintaqa başlayıb. Birliyin Rəqabət Komissiyası ilk olaraq Amerikanın texnologiya nəhəngi “Apple” ilə İrlandiya arasında 1991-2007-ci illərdə əldə edilən vergi razılaşmasını araşdırmağa başlayıb. Komissiya vergi razılaşmalarının AB-nin qaydalarına uyğun gəlmədiyini irəli sürüb.


Hesabatda o da bildirilir ki, “Apple” İrlandiya ilə vergi razılaşması bağlamaqla milyonlarla dollar qeyri-qanuni qazanc əldə edib. Komissiya Hollandiyadan “Starbucks” və Lüksemburqun “Fiat” la əldə etdiyi xüsusi razılaşma haqqında məlumatları istəyib.


Lüksemburqun “Fiat”a göstərdiyi dövlət yardımının Avropa Birliyinin qaydalarına zidd olduğu deyilir. Lüksemburq hökuməti isə Avropa Komissiyası ilə əməkdaşlıq etdiyini və bu iddiaların əsassız olduğunu bildirir. İstintaqın sonunda iki böyük şirkətin vergi borcları ilə qarşılaşacağı gözlənilir. Amma dövlət yardımı göstərildiyi halda şirkətlərə vergi cəzası kəsilməyəcək.


Avropa Hava Təhlükəsizlik Agentliyi təyyarələrdə internet ve telefon qadağasını qaldırdı. Agentlikdən verilən açıqlamada cip telefonlarının ve elektrik cihazlarının risk yaratmadığı qeyd edilib. Maraqlıdır ki, havayolları şirkətləri agentliyin bəyanatını ciddiyə almayıblar. Təhlükəsizlik məsələlərinin daxildə müəyyən ediləcəyini bildiriblər.


Azərbaycan


Gəldik çatdıq ölkəmizə. Yola saldığımız həftə Qurban Bayramının gəlişi ilə aidiyyatı dövlət qurumlarının, eləcə də dini adət-ənənələrə sadiq xalqımızın başının mal-qara bazarına qarışması yumurtanı və südü dəyərə mindirdi. Belə ki, situasiyadan istifadə edən istehsalçılar yumurtanın, südün qiymətini qaldırdılar. “Nikoil Bank” iş adamı Hafiz Məmmədova verdiyi 2 milyon dollar borcun davasına başladı, məhkləmə icraçılarını müştərisinin qapısına göndərərək kreditin girovu kimi rəsmiləşdirilən evinin müsadirə olunmasına çalışdı. Digər tərəf isə daha da biabır olmamaq üçün banka 200 min dollar ödəməklə müddət qazandı. Borclu borclunun sağlığını istəyər buna deyiblər.

Digər xəbərlərə gəlincə, “Şahdəniz” Mərhələ 2 layihəsi çərçivəsində yeni müqavilələr imzalandı, Azərbaycanda bir ildə dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi 7,5% azaldığı, vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. manata yaxınlaşdığı, ilin əvvəlindən bankların aktivləri 15,5% artdığı, ARDNŞ-in Novorossiysk limanından neft ixracını 48% azaltdığı, cari il ərzində Dağıstandakı sərhəd məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya 157 ton meyvə-tərəvəz daşındığı bəlli oldu.


Həftənin daha bir önəmli xəbəri TANAP layihəsi çərçivəsində stansiyalar tikintisinin tenderinə qatılacaq firmalar müəyyənləşməsidir. TANAP layihəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qəbul edilmiş qərara əsasən, Türkiyənin təbii qaz ehtiyacının təmin edilməsi və Avropa bazarına qaz nəql edilməsi baxımından böyük önəmi olan TANAP layihəsinin kompressor və ölçü stansiyalarının tikintisinin tenderində iştirak edəcək 11 firma müəyyənləşdirilib. Həmin firmalar aşağıdakılardır:

ABB S.p.A. Process Automation Division - Türkerler İnşaat Turizm Madencilik Enerji Üretim Ticaret ve Sanayi A.Ş.

Bonatti S.p.A.

Daewoo Engineering and Construction Co.,Ltd - Tekfen İnşaat ve Tesisat A.Ş.

Enterpose Projects

Gama Güç sistemleri Mühendislik ve Taahhüt A.Ş. - Gama İndustrial Plants Manufacturing and Erection İnc.

İntec Energia S.A.

Runj Lloyd Ltd.

Salpem S.p.A. - Rönesans Endüstri Tesisleri İnşaat Sanayi ve Ticaret A.Ş.

Techint Compania Tecnica İnternazionale S.p.A.

10) Technicas Reunidas S.A.

11) Techimont S.p.A. - Alsim Alarko Sanayi Tesisleri ve Ticaret A.Ş.


TANAP layihəsinin 1810 km-lik Türkiyə bölümünün giriş nöqtəsi Türkiyə- Gürcüstan sərhədindəki Cilvəgözü məntəqəsi olacaq. Layihənin ölkədəki çıxış nöqtələrini isə Əskişəhər və Trakya bölgəsi təşkil edəcək.

TANAP layihəsindən ilk qaz nəqlinin 2018-ci ildə illik 16 mlrd. kubmetr olaraq həyata keçirilməsi nəzərdə tutulub. Sonrakı illərdə həcmin mərhələli şəkildə illik 24 və 31 mlrd. kubmetrə çıxarılması planlaşdırılıb.


Asiya İnkişaf Bankı 2014-2018-cü illərdə Azərbaycanla tərəfdaşlıq strategiyasını təsdiqlədi. Dörd ildə Azərbaycana 752 mln dollar vəsaitin ayrılması nəzərdə tutulur. Sənəd Azərbaycan iqtisadiyyatını şaxələndirməyə, yeni bazarlara çıxışı genişləndirməyə, rayon mərkəzlərində və kənd yerlərində məhsuldarlıq göstəricilərini artırmağa imkan verir.


Məlumat üçün bildirək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bu dövrdə ölkəyə 20 layihəyə 1 mlrd. 637,4 mln. dollar kredit ayırıb. Bunun 697,5 mln. dolları xərclənib. Kreditlərin 46,26%-i nəqliyyat və İKT, 33,9%-i su, bələdiyyə və xidmətə, 11,42%-i energetikaya, 7,08%-i maliyyə sektoruna yönəldilib.



“Azərbaycan neft hasilatı yüksək olanda ixracatdan çoxlu mənfəət əldə edib. Bu gəlirlər Neft Fonduna yönəldilib, strateji vacib layihələrə xərclənib”. Bunu da Türkiyənin İstanbul şəhərində keçirilən "Regional İnkişaf üçün Əlavə İmkanların Yaradılması" mövzusunda Dünya İqtisadi Forumunda maliyyə naziri Samir Şərifov bildirdi. O ARDNF-dən daha çox vəsait dövlət büdcəsinə ayrılıb və müxtəlif layihələrə xərcləndiyini amma tədricən bu layihələrin azaldığını söyəldi: “Ona görə Neft Fondunun xərcləri azalacaq”.



Məndən bu qədər. Hər birinizə xoş istirahətlər.



Leyla Əliyeva






Oxumağa davam et
Reklam
Reklam

Gündəm