Biz yazırıq, “Facebook” qazanır - Həftənin iqtisadi mənzərəsi
Bizi izləyin

Hesabat

Biz yazırıq, “Facebook” qazanır - Həftənin iqtisadi mənzərəsi

Yola saldığımız həftə barışıq həftəsi oldu. Rusiya yelkənləri endirdi. Ukrayna ilə mavi qazın ixracına dair saziş imzaladı. Vergi qaçaqçılığına qarşı mübarizəyə başlayan 80 ölkə Almaniyanın paytaxtı Berlində banklararası informasiya mübadiləsinə dair razılığa gəldilər. “Facebook” üçüncü rübün nəticələrini açıqladı. Məlum oldu ki, hesabat dövründə sosial şəbəkənin gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 59 faiz artaraq 3,20 milyard dollara yüksəlib. Həftəyə damğasını isə bütün dünyada 31 oktyabrda qeyd olunan “Cadugərlər Bayramı” vurdu. “Cadugərlər” iqtisadiyyatı hərəkətə gətirdi.

Başlayaq son ayların əsas müzakirə mövzusu olan rublun məzənnəsindən, neftin qiymətindən. Həftə ərzində rubl dollar və avro qarşısında zəifləməkdə davam etdi.Təkcə dollara nisbətən rubl 20 faiz dəyərdən düşdü. Valyuta səbətində rus valyutasının məzənnəsi limiti keçdi. Vəziyyət o həddə çatdı ki, “Bank Rusiya” bazara növbəti müdaxiləyə hazırlaşdığını bəyan etdi. Ardınca rublu müdafiə etmək məqsədilə faiz artımına getdi. Əslində, bankın pul siyasəti yığıncağının ardından verilən bu qərar bazarları çaşdırdı. Çünki bazar 0,5 faizlik artım gözlədiyi halda bank faizləri birdən-birə 1,5 faiz artırdı. Beləliklə, Rusiyada faiz nisbətləri 9,5 faizə çatdı.

Düzdür, faiz artımı qərarına baxmayaraq, rublun dəyər itkisi cümə günü də davam etdi.

Bu arada bildirək ki, “Bank Rusiya” təkcə faiz artımı ilə rublu qorumağa çalışmayıb. Bank təkcə oktyabr ayı üzrə rublun məzənnəsini qorumaq məqsədilə 27 milyard dollar xərcləyib. Konkret, ötən ayın əvvəlindən son həftəsinin bazar ertəsinə qədər intervensiyanın məbləği 21,04 milyard dollar olub. Bank oktyabrın 28-də 4 milyard dollar intervensiya reallaşdırıb. 31-nə qədərsə rubla daha 2 milyard dollar xərcləyib.

Neftin qiymətinə gəlincə, vəziyyət ruscadır. “Qara qızılın” qiymətinin 85 dollardan yuxarı qalxması bir də real görünmür. Müxtəlif araşdırma şirkətlərinin “falları” isə gah pessimist notlar üzərindədir, gah da optimist.

Məsələn, “Goldman Sachs” bankının ekspertləri hesab edir ki, neftin qiymətindəki eniş davam edərək, 2015-ci ildə 80 dollara düşəcək. Bankın hazırladığı "Yeni Neft Nizamı" hesabatında bildirilir ki, 2015-ci ilin ikinci rübündə “Brent” tipli neftin bareli 80 dollara, Qərb Teksas tipli neft 70 dollara düşəcək.Hesabata görə, 2015-in ilk rübündə hər iki növ neftin qiyməti bugünkü səviyyədə olacaq.“Goldman Sachs” bildirir ki, 2015-ci ildə neftin qiymətində gözlənilən azalma neft istehsalının artması, qlobal neft tələbinin dəyişməməsi, ABŞ-ın qaya neftinin istehsal xərcinin azalması ilə bağlı olacaq. Hesabatda qiymətlərdəki enişdən sonra Səudiyyə Ərəbistanının istehsalı məhdudlaşdırmasının gözlənildiyi də deyilir. Digər OPEK ölkələrinin də bu prosesdə Səudiyyə Ərəbistanını izləyəcəyi irəli sürülür.

“Goldman Sachs” Səudiyyə Ərəbistanının oktyabr və noyabr aylarında Asiya ölkələrinə neft ixrac edərkən qiymətləri salacağını da vurğulayır. Beynəlxalq Enerji Agentliyinin ekspertləri isə xam neftin qiymətinin uzun müddət 50-60 dollar səviyyəsinə enməsinin gözlənilmədiyini açıqlayıblar.

Onlar bunun üçün Çindəki iqtisadi zəifləmənin davam etməyəcəyini, ABŞ-da neft istehsalında yaşanan artımın da ehtiyatların məhdud olması səbəbindən tukənəcəyini əsas gətirirlər.

Qeyd edirlər ki, neftin qiymətlərinin 86 dollar olmasında 2-3 amil rol oynayır. Birinicisi, Avropa iqtisadiyyatının son dərəcə zəif olması və Çindəki iqtisadi artımın zəifləməsidir. Bütün bunlar dünyada neftə tələbi azaldıb. Lakin bu, keçicidir. Avropanın daim belə zəif iqtisadiyyata sahib olacağı gözlənilən deyil. Neftin qiymətindəki azalmanın digər əhəmiyyətli səbəbi ABŞ və Liviyada ciddi istehsal artımlar göstərilir: “ABŞ-dakı neft istehsalı artımının davamlı olması qeyri-mümkündür. Çünki ehtiyatlar məhduddur. Bu iki səbəbi bir yerə qoyduğumuz zaman neft qiymətinin, bəzilərinin dediyi kimi, 50-60 dollar səviyyəsinə düşəcəyi gözlənilmir”.

Ekspertlər onu da bildiriblər ki, Avropa və Çin iqtisadiyyatları özlərinə gəldikdən sonra tələb yenidən artacaq: “2015-ci il üçün proqnozlaşdırdığımız dünya neft istehlakı tələbi 2014-cü ildən daha yüksəkdir”.

Həftənin daha bir maraqlı faktı neftin qiymətindəki enişin dayanması üçün hər kəsin Səudiyyə Ərəbistanının hasilatı azaltmasını gözlədiyi bir zamanda İranın da hasilatı artıracağının ortaya çıxmasıdır. İran tezliklə gündəlik neft hasilatını 4,3 milyon barel artırmağı planlaşdırır.

İranın neft naziri Mansur Moazzaminin dediyinə görə, ölkəsinin heft hasilatı sentyabrda 2,675 milyon barel təşkil edib. Bununla belə, İran neft emalı zavodlarının istehsal gücünü gündəlik 1,8 milyon bareldən 3 milyon barelə qaldırmaq istəyir. İran ekspertlərin hesablamalarına görə, ölkənin təsdiqlənmiş neft ehtiyatları 60 ilə yetəcək qədərdir.

Məlum olub ki, İran neftin qeyri-stabil qiymətini nəzərə alaraq, müxtəlif ssenariləri gözdən keçirir. Hazırda siyasi və iqtisadi amillər qlobal neft bazarında qiymətlərin azalmasına təsir edir. İranlı nazir bildirib ki, onlar ölkəni neftin qiymətinin həm 5 dollar, həm də 140 dollar olduğu dövrdə idarə ediblər: “Qiymət dəyişməsi ilə bağlı heç bir problem yoxdur. Növbəti il üçün büdcə hazırlanarkən hökumət neftin barelini 90-100 dollar intervalında götürməyib. Problemdən qaçmaq üçün daha real qiymət təyin edilib. Çünki İran büdcəsi heç vaxt defisitlə üzləşməyib. İran şirkətləri də neftin qiymətini 2015-ci il üzrə 70 dollardan proqnozlaşdırır: “Büdcədə də neftin qiyməti məhz bu həddən götürüləcək”.

12 saat davam edən danışıqlardan sonra Ukrayna və Rusiyanın razılığa gəlməsi də dünya iqtisadiyyatnın axarına təsir edən qərarlardan biri oldu. Qış mövsümündə Rusiya qazının 1000 kubmetrini Ukraynaya 385 dollardan satacaq. Nəzərə çatdıraq ki, Avropa Komissiyası 350-380 dollar arası qiymət təklif edirdi. O ki qaldı Ukraynanın qaza görə borcuna, bu məbləğ təxminən 5 milyard dollardır. Novakın sözlərinə görə, ilin sonuna qədər borcun 3,1 milyard dolları ödənəcək. 1,450 milyard dollar isə yaxın günlərdə - noyabr ayı üçün tədarükdən əvvəl qaytarılacaq.

Avropa, Rusiya iqtisadiyyatı problemlərin məngənəsində çarpışdığı zamanda ABŞ iqtisadiyyatında atəş-fəşanlıqdır. Ümumi daxili məhsul üçüncü rübün sonunda pronozlardan da artıq yüksəlib. Artım 3,5 faiz təşkil edir. Amerikanın Mərkəz Bankı (Fed) isə iki il davam edən bond alışı proqramını təxirə saldı. Bunula da dollar dəyər qazansa da, qızılın qiyməti düşdü.

İtaliya isə bu günə qədər kredit dərəcələndirmə təşkilatını məhkəməyə verən ilk ölkə oldu. Roma rəhbərliyi, “Standart & Poor's” (S&P) və” Fitch”in beş əməkdaşını 2011-2012-ci illərdə ölkənin qeydini ədalətsiz şəkildə aşağı salaraq 117 milyard avro zərər vurduqları üçün məhkəməyə verib. 2015-ci ildə başlayacaq iddianın tərəflərindən olan “S&P” günahlandırmaları əsassız adlandırır.

Xatırladaq ki, İtaliya cari ilin fevral ayında “Moody's” da daxil olduğu üç kredit dərəcələndirmə təşkilatı haqqında istintaqa başlamışdı. Lakin “Moody's” haqqındakı iddialar yetərsiz olduğundan iş bağlanmışdı.

Vergi qaçaqçılığına qarşı mübarizəyə başlayan 80 ölkə, nəhayət, Almaniyanın paytaxtı Berlində banklararası informasiya mübadiləsi razılaşmasına imza atdılar. 2017-ci ildən etibarən qüvvəyə minəcək razılaşmaya əsasən, hər ölkə özünün vergi odəyicilərinin xaricdəki maliyyə durumu haqqında məlumat əldə edə biləcək. Bu arada razılaşmaya imza atan tərəflər arasında Avropa Birliyi üzvlərinin arasında “vergi cənnəti” kimi tanınan Kayman və Virciniya adaları da var.

Təxminlərə görə, “vergi cənnətləri” 6 trilyon avroya sahibdir. Bu nəhəng miqdar dünyadakı vergi təşkilatlarının hər il cəmi 130 milyard avro az vergi toplamasına səbəb olur.

Aya, eləcə də həftəyə damğasını "Cadugərlər Bayramı" vurdu. Qorxuducu kostyumlarla gecəni əylənərək keçirmək istəyənlərin paltarların satıldığı mağazalara axını iqtisadiyyatı hərəkətə gətirdi.

Yalnız ABŞ-da geyim xərcləri 8 milyard dollar oldu.

Yeri gəlmişkən, bu il xüsusilə Xristian dünyasında geniş bir coğrafiyada qeyd olunan "Cadugərlər Bayramı"nda maraqlı kostyumlar ortaya çıxdı. Bəziləri IŞİD xadimləri kimi geyinərkən, kimiləri də 5 min adamın həyatını itirməsinə səbəb olan Ebola xəstəliyinə qarşı geyilən paltarları kostyum olaraq istifadə etdi.

İş dünyası

Xalis mənfəəti 3 dəfəyə qədər azalan BP-nin TANAP-a qatılması üçün son hüquqi proseduralar aparılır . BP şirkəti 2015-ci ildən TANAP-ın tam hüquqlu iştirakçısı olacaq. Layihə iştirakçıları 70 faiz payla Dövlət Neft Şirkəti, 30 faiz payla Türkiyənin “Botaş” şirkətidir. Hazırda BP-nin layihə iştirakçısına çevrilməsi üçün hüquqi proseduralar gedir. 2014-cü ilin sonuna layihədə iştirakçıların payı bu şəkildə olacaq: ARDNŞ 58 faiz, BP 12 faiz, “Botaş” 30 faiz. Türkiyəyə ilk qaz təchizatı 2018, Avropaya isə 2019-cu ildə reallaşacaq.

Mark Zukerberq yenə qaz vurub, qazan doldurub. Belə ki, “Facebook”un gəlirləri bu ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 59 faiz artaraq 3,2 milyard dollara yüksəlib.

“Facebook”un açıqladığı üçüncü rübün nəticələrinə əsasən, şirkətin üçüncü rübdə xalis qazancı keçən ilin eyni dövrü ilə müqayisədə 90 faiz artaraq, 425 milyon dollardan 806 milyon dollara yüksəlib. “Facebook”un gəliri də keçən ilin eyni dövrünə görə 59 faiz artaraq 2,2 milyard dollardan 3,20 milyard dollara çatıb. Hesabatda o da bildirilir ki, gələn il şirkətin xərcləmələri 75 faiz yüksək olacaq. Bu ilin dördüncü rübündə şirkətin gəlir artımı yavaşlayacaq. Onu da bildirək ki, bu rəqəmlərin açıqlanmasından sonra “Facebook”un birjadakı hissələri 10 faizə yaxın dəyərdən düşüb.

“Facebook”un cəmi reklam gəlirləri ümumi gəlirlərinin 66 faizini təşkil edib. Keçən il bu nisbət 49 faiz səviyyəsində idi.

“Facebook”un gündəlik aktiv istifadəçi sayı keçən ilin eyni dövrünə görə 19 faiz artaraq, sentyabr ayında 864 milyona çatıb. 703 milyon “Facebook” istifadəçisi hesablarına “ağıllı telefon” və tablet mobil cihazlar vasitəsilə daxil olub.

Cənubi Koreyanın texnika şirkəti “Samsung”un isə üçüncü rübdə xəyal qırıqlığı yaşadığı bəlli oldu. Səbəb isə “kitayski” texnikalar oldu. Belə ki, çinli şirkətlərin ucuz texniki əşya istehsalı Koreya şirkətinə mənfi təsir edib. “Samsung” bu ilin üçüncü rübündə 3,8 milyard dollar dəqiq qazanc əldə edib. Beləcə şirkətin qazanc nisbəti keçən ilin eyni dövrü ilə müqayisədə 60 faiz azalıb. 2011-ci ildən bəri ilk dəfə “Samsung”un qazanc nisbəti üst-üstə eniş göstərib.

Rüb ərzində satışları 19,6 faiz düşən “Samsug” 45 milyard dollar endossament əldə edib.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Əvvəlcə bəd xəbərdən başlayaq. Beynəlxalq Valyuta Fondu Azərbaycanın iqtisadi inkişafı haqqında pessimist proqnoz açıqlayıb BVF-ya görə, 2014-cü ildə Azərbaycanda ümumi daxili məhsulu (ÜDM) 3,9 faiz təşkil edəcək. 2015-ci ildə isə bu rəqəm 3,4 faizdən yüksək olmayacaq. Qeyri-neft sektorunun artımı 7,5 faiz təşkil edəcək. Bunun nəticəsi kimi, BVF cari ildə Azərbaycanda nominal ÜDM-in həcmini 60,487 mlrd. manat (77.180 mlrd. dollar) proqnozlaşdırıb. 2015-ci ild isə 65,110 mlrd. manat (83,161 mlrd. dollar) olacaq. Qeyri-neft ÜDM- 37,522 mlrd. manat (47,925 mlyd. dollar) və 41,347 mlrd. manat (52,811 mlrd. dollar) gözlənilir.

BVF neft sektoru ilə bağlı proqnozunu da artırıb. Əvvəllər 2014-cü il üçün 0,9 faiz artım gözlənilirdisə, bu rəqəmi 1,4 faizə qaldırıb. 2015-ci il üçün isə 0,1 faizdən 0,9 faizə artırıb.

Fondun gözləntilərinə görə, 2014-cü il üzrə neft ÜDM-i 22,965 mlrd. manat (29,255 mlrd. dollar) təşkil edə bilər. 2015-ci il üzrə neft ÜDM-i 23,763 mlrd. manat (30,350 mlrd. dollar) olacaq.

BVF-dan qeyd edilir ki, 2014-cü ildə Azərbaycanın neft ixracı 10,9 mlrd. dollara düşəcək. 2015-ci ildə 17,2 mlrd. dollar təşkil edəcək. Neft idxalı isə artaraq 3,1 mlrd. və 2,9 mlrd. dollar olacaq. Fond Azərbaycan hökümətinin inflyasiya ilə bağlı gözləntilərinin özünü doğruldacağına inanmır. BVF-nın proqnozlarına əsasən, orta inflyasiya 3,1 faiz təşkil edəcək. 2015-ci il üçün bu rəqəm 3,3 faizdir.

2014-cü ilin 4-cü rübündə istehlak inflyasiyası 2,5 faiz, 2015-ci il üzrə isə 4 faiz olacaq. Bu arada onu da qeyd edək ki, Azərbaycan höküməti 2014-cü il üzrə 2 faiz inflyasiya proqnozlaşdırıb.

BVF gözümüzü qorxutsa da Dünya Bankının (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) illik "Doing Business-2015" hesabatı könlümüzü xoş etdi. Sözügedən reytinqində Azərbaycan biznesin açılmasının sadəliyi üzrə "TOP 20"-yə daxil olub. Bu göstərici üzrə Azərbaycan reytinqin əhatə etdiyi 189 ölkə arasında 12-ci yeri tutaraq Çin (128-ci yer), Avstriya (101-ci yer), Belçika (14-cü yer), Braziliya (167-ci yer), Xorvatiya (88-ci yer), Çexiya (110-cu yer) və digər bu kimi ölkələri qabaqlayıb, Ümumilikdə Azərbaycan reytinqdə 80-ci yeri tutur. Azərbaycanın reytinqi aşağıdakı göstəricilərə əsasən formalaşıb: müəssisələrin biznesinin açılması – 12-ci yer, vergilərin ödənişi 33, beynəlxalq ticarət 166, mülkiyyətin qeydiyyatı – 10, tikintiyə icazələrin alınması 150, kreditləşdirmə 104, müflisləşmənin həlli 94, müqavilələrin icrasına təminat 31, investorların hüquqlarının müdafiəsi 51, elektrik təchizatı sisteminə qoşulma – 159-cu yer.

Həftənin daha bir maraqlı xəbəri Bakıda keçirilən Azərbaycan-Türkiyə Biznes Forumu oldu. Forum sayəsində bəlli oldu ki, Azərbaycan və Türkiyə arasında illik ticarət dövriyyəsi 15-20 mlrd. dollar səviyyəsinə qədər qalxa bilər. O cümlədən Son səkkiz ildə Türkiyədən Azərbaycana 1,9 milyard dollar həcmində investisiya qoyulub. Azərbaycandan Türkiyəyə yatırılan sərmayələrin həcmi daha yüksək olub. Göstərilən müddətdə Türkiyəyə 5 mlrd. dollar həcmində investisiya yatırılıb.

Beləcə, daha bir həftəni yola saldıq. Hər kəsə uğurlu həftəsonu istirahəti…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm