• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Avropa və Rusiya kəmərləri sıxır, Qazaxıstan əhalisi kef edir

  • Hesabat
  • 15 Noyabr 2014 15:00
  • 1 390 Baxış
Avropa və Rusiya kəmərləri sıxır, Qazaxıstan əhalisi kef edir

Yola saldğımız həftə “qara qızıl”ın həftəsi qara gətirdi. Neftin qiyməti ucuzlaşaraq London birjasında 79 dollardan, WTI tipli neftin qiyməti isə Nyu-York birjasında 77,18 dollardan satıldı. Qiymətin belə düşməsinə səbəb kimi isə analitiklər bazar iştirakçılarının OPEK-in hasilatı azaldacağına şübhə ilə yanaşmasını göstərdilər. Avropa Komissiyası və ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirmək üçün müzakirələrə qərar verdilər. Rusiyalı ekspertlər isə Avropanı bu sanksiyalardan 1 trilyon avro itirə biləcəyinə dair xəbərdar etilər.Həftə ərzində rubl da özünü yaxşı aparmadı. Moskva birjasında dolların məzənnəsi yüksələrək 47 rubla, avro isə 59 rubla çatdı. Bu da ilin sonuna qədər 1 dolların 50 rubl, avronun isə 60 rubl olacağı ilə bağlı proqnozların özünü döğrultması demək oldu.

Başlayaq Avropadan. “Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməti planlaşdırmır. Amma “qara siyahını” uzada bilər”. Həftə ərzində belə bir açıqlama ilə Almaniya kansleri Angela Merkel çıxış etdi. Qeyd edək ki, bu dəfə Avropanın əsəbinə Minsk sazişinin atəşkəslə bağlı maddələrinə əməl edilməməsi toxunub. Xatırladaq ki, bir müddət əvvəl Avropa İttifaqının Rusiyaya qarşı əlavə sanksiyalar tətbiqi istiqamətində müzakirələrə başlayacağı deyilirdi. Hətta bu müzakirələrin noyabrın 17-də baş tutacağı irəli sürülür. Kanslerin inkarına baxmayaraq, mətbuat noyabrın 17-də Rusiyaya qarşı sanksiyalara baxılacağını yazır.

Avro Bölgəsindən söz düşmüşkən, Rusiyalı ekspertlər sanksiyalar səbəbindən birlik ölkələrinin 1 trilyon avro itirəcəyini söyləsələr də Avropa Statistika Ofisi nikbin rəqəmlər açıqlayıb. Belə ki, avropalı “statkom”ilin üçüncü rübündə iqtisadiyyatın proqnozlaşdırılan həddə artdığını açıqlayıb. Bildirib ki, bölgədə Ümumi Daxili Məhsul əvvəlki ilin müvafiq dövrünə nisbətdə 0.2 faiz artıb. Son 6 ildi böhran yaşayan Yunanıstanda iqtisadi artım 0,7 faiz təşkil edib.

Kəmər sıxma tədbirləriylə ayaqda dayanan Yunanıstanda isə xalq bunun əksini deyir. Əhali iqtisadi yaxşılaşmanı öz sosial həyatında hiss etmədiyini irəli sürür: "Biz bunu hiss etmirik. Yalnız elə olduğunu söyləyirlər. Rəqəmlər keçmişdə olduğu kimi hiylə ola bilər. Heç biri reallığı əks etdirmir”.

Bu arada şərhlərə görə, Avro Bölgəsində artıma Fransanın bazar gözləntilərini aşması və bölgənin lokomotiv iqtisadiyyatı Almaniyanın əvvəlki rübdəki daralmadan çıxması təsir edib. Onu da qeyd edək ki bölgədə illik inflyasiya 0.4 faiz artıb. Ancaq bu aşağı səviyyə bölgədə deflyasiya riskinin yaranacağı istiqamətində narahatlıqları geridə qoymur.

Rublun taleyi isə qara gətirib. Moskva birjasında dolların məzənnəsi yüksələrək 47 rubla, avro isə 59 rubla çatıb. Analitiklərə görə, rublun dəyərsizləşməsinə neftin qiymətinin düşməsi, eləcə də Rusiya Mərkəzi Bankının müdaxiləni dayandırması səbəb olub. Xatırladaq ki, Mərkəzi Bank noyabrın 10-dan rublun məzənnəsini tənzimləmək kursundan imtina edib. Düzdür, əslində rubl artıq 1-2 aydır qeyri-rəsmi “üzən məzənnəyə” keçib. Çünki Mərkəzi Bank bir ay ərzində 30 dəfədən çox dəhlizin yuxarı sərhədini artırmağa məcbur olub. Bazara isə əvvəlcə ciddi müdaxilə etsə də, sonrakı dövrlərdə gündəlik 350 milyon dollar həcmində müdaxilə ilə kifayətlənib. Ən pisi isə odur ki, rublla bağlı proqnozlar da pesimistdir. Versiyalar var ki, 2015-ci ilin martında artıq dollar 200 rubl təşkil edəcək.

Son bir ayda dəyərsizləşən təkcə rubl deyil. İflasla üz-üzə gələn, Rusiyaya ciddi qaz borcu olan, eləcə də beynəlxalq təşkilatlardan aldığı borclarla ayaqda qalmağa çalışan Ukraynada ölkənin pul vahidi qrivna dollara nəzərən hər gün əriyir. Dolları qarşısında 6.7 faiz dəyər itkisi yaşayan grivna rekord səviyyəyə - 15.85 faizə qədər geriləyib. Bu nisbəti 13 faiz səviyyəsində tutmağa çalışan Ukrayna Mərkəz Bankının qoruma siyasəti isə ölkənin kurs ehtiyatları azaldır.

Neftin qiymətinə gəlincə, JPMorgan Chase” investisiya bankı dünya bazarında neftin bir barelinin qiymətinin 65 dollara enəcəyini istisna etmir. Bank qeyd edir ki, dünya iqtisadiyyatında artım tempinin gözlənilənlərdən aşağı olması neft bazarında tələbatın təklifi üstələməsi ilə nəticələnib. Bu isə OPEK-ə üzv olan ölkələr tərəfindən kvotanın azaldılmasına zəmin yaradıb. Lakin, hazırkı vəziyyətdə əsas problem ondan ibarətdir ki, OPEK-ə üzv olan ölkələr noyabr ayında baş tutacaq növbəti iclasda neftin hasilatının azaldılması ilə bağlı ortaq məxrəcə gələ bilməyəcək.

“JPMorgan” analitikləri hesab edir ki, əgər OPEK noyabrda neft hasilatının kvotasını aşağı salınması ilə bağlı qərar qəbul etməsə, qiymətlər bir barelə görə 70 dollara qədər aşağı düşə bilər. Bankın hesablamalarına görə, 2015-ci ilin yanvar ayında neftin bir bareli 65 dollara qədər enəcək. Bununla yanaşı, bankın analitikləri hesab edir ki, neftin qiymətinin sürətlə azalması OPEK-ə üzv olan ölkələrin “qara qızıl”ın hasilatını azaltmağa stimul verəcək.

Bazarların qan ağladığı zamanda qonşumuz – qazaxlar kefdədirlər. Çünki Nursultan Nazarbayev ilin-günün bu vaxtı “Nurlu yol” layihəsi təsdiqləyib. Hansı ki bu proqram çərçivəsində iqtisdiyyatın müxtəlif sahələrinə iri pullar yönəldiləcək. Kiçik və orta sahibkarlığın güzəştli şərtlərlə kreditləşməsinə 552 milyon dollar (100 milyard tenqe), bank sektorunun sağlamlaşdırılmasına 1,38 milyard dollar (250 milyard tenqe), yeni investisiyaların cəlbinə 443 milyon dollar (81 milyard tenqe) və s. ayrılacaq. Proqramda əsas diqqəti cəlb edən sahələrdən biri də yaşayış fondunun gücləndirilməsinə ayrılan vəsaitdir. Belə ki, proqram çərçivəsində dövlət sosial evlər tikərək əhaliyə uzun müddətli kirayəyə verəcək. Kirayə qalan sonradan o evi almaq hüququna malik olacaq. Yəni vətəndaş əlavə pul ödəməklə həmin evi sonda ala biləcək.Bundan başqa ipoteka kreditlərində ilkin ödəniş ləğv ediləcək, kreditin faiz dərəcəsi çox aşağı olacaq. Bunun üçün 2015-2016-cı illərdə sosial kirayə evlərinin tikintisinə 1 milyard dollara qədər (180 milyard tenqe) vəsait ayrılacaq.

İş dünyası

Rusiya Ukrayna qarşıdurması təkcə prosesdə iştirak edən ölkələrin iqtisadi göstəricilərinə deyil, brend şəbəkələrin fəaliyyətlərinə də əngəl yaradıb. İngilis moda zənciri “New Look” Rusiya və Ukraynadakı mağazalarını bağlayıb.Şirkət iki ölkə arasında yaşanan gərginlik səbəbindən bu yola müraciət etdiyini açıqlayıb. Rusiyada 20 və Ukraynada 6 mağazası olan şirkət son zamanlarda Almaniya, Çin və Polşada yeni butiklər açıb. 1969-cu ildən bu yana fəaliyyət göstərən şirkətin dünyada 1100 mağazası var.

Rusiyanın yeni Xodorkovskisinin - milyarder, “Sistema” Şirkətinin idarə heyətinin rəhbəri Vladimir Yevtuşenkovun ev həbsi daha dörd ay uzadıldı. Yevtuşenkov qanunsuz şəkildə əldə edilən pul və ya mülkiyyətin mənimsilməsindən günahlandırılır. Daha əvvəl də özəlləşdirilmədə qanunsuzluqlara yol verdiyinə dair ittihamlara məruz qalan Yevtuşenkov 29 ildir telekom və neft sektorunda fəaliyyət göstərir.

Dünyanın ən böyük istehlakçı məhsulları şirkəti Procter & Gamblenin (P&G) satışa çıxardığı “Duracell”i 71,2 milyardın sahibi Uarren Buffett almaq istəyir. Məşhur amerikalı sərmayəçiyə aid “Berkshire Hathaway” şirkəti batareya istehsalçısını 1,8 milyard dollar nağd və cəmdə 4,7 milyard dollarlıq hissə alışını əhatə edən bir razılaşma qarşılığında satın alacaq. Razılaşmanın 2016-cı ilin əvvəlində imzalanması gözlənilir. Qeyd edək ki, P&G ötən ay batareya sektorundan çıxmağı planlaşdırdığını bildirərək “Duracell”i satışa çıxarmışdı.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Yola saldığımız həftə İran prezidenti Azərbaycana ilk rəsmi səfərini reallaşdırdı və ticari, iqtisadi əlaqələrin genişlənmdirilməsi yönündə bir sıra yeni razılaşmalar gündəmə gəldi. Dövlət Statistika Komitəsi isə 10 ayın makro iqtisadi göstəricilərini açıqladı. Bəlli oldu ki, bu ilin 10 ayında Azərbaycanda ÜDM-in artımı 3% təşkil edib, Ölkədə orta aylıq əmək haqqı 441,6 manata çatıb, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1507,4 min nəfər olub, əhalinin hər nəfərinə düşən gəlirlər keçən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 3229,5 manat və ya orta hesabla ayda 322,9 manat olub. İnşaat kompleksində bütün maliyyə mənbələrindən əsas kapitala 13.2 milyard manat həcmində, yaxud 0.6 faiz çox vəsait yönəldilib. Azərbaycanda istehsal olunan sənaye məhsullarının 80%-dən çoxu özəl sektorun payına düşüb. Oktyabr ayının 1-nə kimi ölkənin hüquqi və fiziki şəxslərinə verilən 17.6 milyard manat kreditin məbləği 19.2 faiz artıb. Onun 79.4 faizi uzunmüddətli olub, 5.5 faizinin ödəmə vaxtı keçib. Bundan əlavə bəlli olub ki, hesabat dövründə Azərbaycanda pul bazası 11 646, 2 milyon manat təşkil edib. Ölkədə pul bazası ilin əvvəlindən 504 mln manat, yəni 5 faiz artmasına baxmayaraq, son bir ay ərzində 218 milyon manat azalıb. Dövriyyədə olan nağd pullar azalaraq 11,042,3 milyon manata, bank ehtiyatları isə 593,2 milyon manat təşkil edir. Məcburi bank ehtiyatlarında da azalmaya doğru dəyişikliklər baş verib. Sərbəst bank ehtiyatları 474,7 milyon manat, məcburi ehtiyatlar isə 118,5 milyon manat təşkil edib.

Kreditlərdən və bankların fəaliyyətindən söz düşmüşkən, istehlak kreditlərinin verilməsi ilə bağlı Azərbaycan Mərkəzi Bankı (AMB) müəyyən tənzimləyici addımlar atmağa hazırlaşır. Bunu AMB-nin baş direktoru Rəşad Orucov deyib. O bildirib ki, bu addımlar artıq atılıb və nəticə artım dinamikasının ötən ilin göstəriciləri ilə müqayisədə 2 dəfə aşağı düşdüyünü göstərir:“Hesab edirik ki, bu, banklarda istehlak kreditlərinin verilməsinin dinamikasına bir qədər də azaldıcı təsirlər göstərəcək. Bu tənzimləyici tədbirlərin əsas istiqamətlərindən biri odur ki, insanların gəlirlərinin onların borc yükünə uyğunlaşdırılması tələb olunacaq. Düşünürük ki, insanların tələbləri onların borc yükünə uyğun olmalıdır. İnsanlar rahat şəkildə borclarını ödəməlidirlər. Bunun üzərində iş gedir və ilin sonunadək müəyyən addımlar atılacaq”.

Baş direktor bildirib ki, kredit verilməzdən öncə banklar tərəfindən müştərilərin aylıq gəlirləri müəyyən olunmalıdır: “Bununla bağlı müxtəlif variantlara baxırıq və düşünürük ki, 50 faizə qədər normal göstəricidir. Yəni vətəndaşların gəlirinin 50 faizi bütün borclar üzrə ödənişlərə yönəlməlidir. Eyni zamanda banklar qarşısında tələblər qoyuruq ki, kreditləşmə prinsiplərinə əməl etsinlər. İlk növbədə banklar öz məsuliyyətini anlamalıdır. Borclalanların maliyyə imkanlarını düzgün qiymətləndirilməlidir. Bank əmin olmalıdır ki, borclarını vaxtında düzgün özünə əlavə yük yaratmadan xidmət edə biləcək. Eyni zamanda borcalan da məsuliyyətini dərk etməlidir. Bilməlidir ki, borcu vaxtında qaytarmalıdır. Hər iki istiqamətlər həm banklarla, həm də əhalinin maliyyə savadlılığını artırmaqla bağlı iş gedir”.

Azərbaycanla bağlı önəmli hadisələrdən biri də İran prezidentinin ölkəyə səfəri oldu. Hansı ki bunun nəticəsi olaraq yeni ticari, iqtisadi əlaqələrin genişləndirilməsinə dair razılaşmalar gündəmə gəldi.

“Azərbaycan qazı sayəsində ölkəsindəki təbii qaz qiymətlərinin də düşəcəyinə ümid edirik”

Belə bir bəyanatla isə Macarıstanın baş nazir Viktor Orbán çıxış edib. O qeyd edib hazırdakı müqavilələr Azərbaycanın enerji ehtiyatlarının Avropanın cənubuna çatmasına qarantiya verir: “Gələcək illərdə üzərimizə düşən vəzifə Azərbaycan qazının Cənubi Avropadan Orta Avropaya gəlməsi üçün lazımlı şərtləri bir araya gətirməkdir. Bunu bacarmağın yalnız bir yolu var. O da qonşu ölkələrin boru xəttlərini bir-birlərinə bağlaması".

Xatırladaq ki,ötən həftə Macarıstan Parlamenti “Cənub Axını” layihəsinin inşaat işlərinin sürətləndirilməsi istiqamətində bir qanun da təsdiqləyib. Azərbaycan prezidenti İlham Əliyev isə bu haqda bildirib ki, Azərbaycan enerji mövzusunda Avropa üçün yeni qaynaq halına gələ bilər: “Ölkəmizin də Avropa bazarına ehtiyacı var. Azərbaycan böyük qaz və neft ehtiyatlarına sahibdir. Bu qaz və nefti Avropaya ixrac edə bilərik”.

Daha bir maraqlı xəbər parlamentin komitələrində yaşayış minimumu və ehtiyac meyarı haqda qanun layihələrinin müzakirəsi ilə bağlıdır. Hansı ki hər ikisinin n cüzi artırılması gözlənilir. Yaşayış minimumunu indiki 125 manatdan 131 manata artırmaq planlaşdırılır. Əmək qabiliyyətli əhali üçün bu göstərici (2014-cü ildə 136 manat) 140 manat, pensiyaçılar və uşaqlar üçün (103 manat) 108 manat olacaq. Ayda 1575 manat maaş (əlavə pul və ayırmalarsız) alan deputatlar Prezident Administrasiyasından gələn qanun layihəsini müsbət qiymətləndirib.

2014-cü ilin “Yaşayış minimumu haqqında” qanununa əsasən, minimal əmək haqqı və əmək penziyalarının baza hissəsi yaşayış minimumuna uyğun olmalıdır. Bundan başqa, müxtəlif müavinət, təqaüd, ünvanlı sosial yardım üçün meyar müəyyən ediləndə yaşayış minimumu nəzərə alınır.

Məndən bu qədər. Hər birinizə uğurlu həftə sonu..

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR