• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Neft düşür, Rusiya çökür, Avropa çabalayır – HƏFTƏNİN İQTİSADİ MƏNZƏRƏSİ

  • Hesabat
  • 22 Noyabr 2014 14:17
  • 2 103 Baxış
Neft düşür, Rusiya çökür, Avropa çabalayır – HƏFTƏNİN İQTİSADİ MƏNZƏRƏSİ

Yola saldığımız həftə dünya gündəmini istehlak bazarlarında gözlənilən zeytun yağı və şokolad qıtlığı zəbt etdi.

Avropada pis hava şəraiti, zərərli həşəratlar bu məhsulların qiymətlərinin yüksəlməsinə səbəb oldu. Bu, az deyilmiş kimi, şokolad qıtlığının belə gözləndiyi irəli sürüldü. Amma son ayların prioriteti olan “qara qızıl”ın qiymətinə gəlincə, neftə olan tələbatın 40 faizini ödəyən OPEK ölkələrinin xarici işlər nazirlərinin Vyanada keçiriləcək toplantısı yaxınlaşdıqca qiymət sabitləşir. Nəzərə çatdıraq ki, noyabrın 27-də reallaşacaq bu toplantıda hasilatla bağlı veriləcək qərarlar neftin gələcək dəyərini müəyyən edəcək. Doğrusu, təşkilat üzvləri arasında hasilatla bağlı fikir ayrılıqları var. Məsələn, İran və Venesuela qiymətlərin saxlanması üçün hasilatın azaldılmasının tərəfdarıdır. Lakin Səudiyyə Ərəbistanı bunun əksinə çıxış edir. Əgər OPEK dövlətləri neft hasilatının azaldılması istiqamətində razılığa gələrlərsə, 2008-ci ildən indiyə qədər bu, hasilatın azaldılması sahəsində ilk addım ola bilər. Analitiklər deyir ki, OPEK aşağı qiymətləri uzun müddət saxlamaq istəyir. Təşkilatın məqsədi neftin barelinin 80-85 dollar ətrafında olmasıdır. Hasilatın azaldılması ilə bağlı qərar qəbul ediləcəyi halda isə “qara qızıl”ın qiyməti ancaq ilin sonuna 95 dollara yüksələ bilər.

Başlayaq böhrandan xilas ola bilməyən avro bölgəsindən. Avropa Mərkəz Bankının rəhbəri Mario Draghi, inflyasiyanın artırılması üçün bütün lazımi addımların atılacağını bəyan edib. Draghi bildirib ki, inflyasiyanın yüksəlməsinə ehtiyac duyulsa, aktiv alış proqramı genişlədiriləcək: “İnflyasiya üzərindəki təzyiq kanallarını artıracağıq”. Onu da bildirək ki, Draghinin açıqlamasından sonra avro dollar qarşısında 0,4 faiz dəyər itirdi.

Dünyanın ən böyük ikinci iqtisadiyyatı olan Çinin də dərdi az deyil. 25 ildir davam edən sürətli artımdan sonra iqtisadiyyatda ləngimə qeydə alınıb. Bunun qarşısını almaq “bəstəboy asiyalılar” üçün təxirəsalınmaz addıma çevrilib. Belə ki, Çinin Mərkəz Bankı iki il sonra ilk dəfə faiz dərəcələrini azaltmağa qərar verib. Bank bir il vədəli haqq faizini 0,25 bal endirərək 2,75 faizə salıb. Bir il vədəli borc vermə faizi isə 0,4 bal endirilərək 5,6 faizdə saxlanılıb. Faiz endirimi daha çox borclanmanı stimullaşdıran artım tərəfdarı arasında doğru addım kimi qiymətləndirilir.

Söz Çindən düşmüşkən, bu ölkə ilə bağlı həftənin daha bir iqtisadi xəbəri Avstraliya ilə imzaladığı sərbəst ticarət razılaşmasıdır. Çin və Avstraliya arasında 10 il davam edən müzakirələrdən sonra bu barədə qərara gəlinib. Tarixi razılaşma Çinin dövlət başçısı Şi Cingpinginin Avstraliya səfəri zamanı rəsmiləşdirilib. Gələn il tətbiq olunmağa başlayacaq razılaşmadan sonra iki ölkə arasındakı ticarətin həcminin 20 milyard dollar artması gözlənilir. Razılaşmaya əsasən, Avstraliya hökuməti Çindən gələn məhsullardan gömrük vergisi almayacaq. Çin hökuməti isə Avstraliyadan gələn məhsulların 85 faizini gömrük vergisinin xaricində tutacaq.

Sazişin ən çox dağ-mədən, kənd təsərrüfatı, heyvandarlıq, ticarət, investisiya, infrastruktur, enerji, mədənçilik və maliyyə sektorlarına müsbət təsir edəcəyi gözlənilir.

Yeri gəlmişkən, Çin Avstraliyanın ən böyük ticarət ortağıdır. Bu ölkəyə ixrac ümumi daxili məhsulun 5,3 faizini təşkil edir. Çin noyabr ayında Cənubi Koreya ilə də sərbəst ticarət razılaşması imzalayıb.

Amerika Birləşmiş Ştatlarında isə istehlakçı inflyasiya illik əsasda gözlənildiyindən çox artıb.

Ölkənin İş Nazirliyi tərəfindən açıqlanan oktyabr ayı üzrə inflyasiya rəqəmləri bazara müsbət təsir edib. Neft qiymətinin düşməsi səbəbindən inflyasiyanın azalacağı gözlənilsə də, kirayə və sağlamlıq xərclərindəki artım nisbətləri tarazlayıb. Təyyarə biletləri, avtomobil və tütün məhsullarının qiymətləri də yüksəlib.

Baza inflyasiyası 0,1 faiz olaraq açıqlansa da, illik əsasda inflyasiya 1,7 faiz artaraq proqnozları doğruldub. Avro bölgəsində isə inflyasiya 0,4 faiz qeydə alınıb.

Nəzərə çatdıraq ki, Amerika Mərkəz Bankının (FED) inflyasiya hədəfi illik əsasda 2 faizdir. Sadəcə, enerji qiymətlərinin düşməsi, ləngiyən qlobal iqtisadiyyat və dolların güclənməsi inflyasiyanın FED-in hədəfindən az olmasına səbəb olub.

İş dünyası

Macarıstan Parlamentinə təqdim edilən, ölkədəki xarici süpermarketləri hədəf alan qanun tənqidlərə səbəb olub. İqtisadiyyat Nazirliyinin hazırladığı bu qaydalar ölkədə fəaliyyət göstərən və illik 160 milyon avro endossament əldə edən supermarketlərin iki il zərərlə işlədiklərini açıqladıqları halda, qida satışı icazələrinin ləğv edilməsini nəzərdə tutur.

Xarici sərmayəçilər isə xüsusilə özlərini hədəf alan yoxlamalar səbəbiylə xərclərinin artdığını bildiriblər. Yerli marketləri dəstəkləməkdə günahlandırılan hökumət bu addımı vergi yayınmalarının qarşısını almaq məqsədilə atdığını önə çəkir: "Hökumətin bu siyasətindən macar marketlərinin təsirlənməyəcəyini bilirik. Ayrıca bu vəziyyət macarlar üçün daha böyük bir bazar fürsəti təqdim edəcək. Bəzi böyük xarici mağaza zəncirləri bu şərtlərdə fəaliyyətlərinə davam etməyin gəlirli olmayacağını düşünüb ölkəni tərk edə bilərlər".

Dünyanın ən prestijli fəaliyyətlərindən biri olan Los Anceles avtomobil sərgisi isə yola saldığımız həftə qapılarını ziyarətçilərə açıb. Bir çox avtomobil şirkətləri son modellərini sərgiləməyə başlayıblar. Sərgidə 2015-ci ildə yollara çıxacaq yeni modellər də təqdim olunub. Qeyd edək ki, noyabrın 30-da sərgi ictimaiyyət üçün də açıq olacaq.

Girişdə qeyd etdiyimiz kimi, şokolada həsrət qala bilərik. Belə ki, gedərək artan şokolad istehlakına rəğmən, kakao istehsalı qeyri-kafidir. Xüsusilə Asiya ölkələrində şokolad istehlakının sürətlə artması təklif-tələb tarazlığının pozulmasına gətirib çıxarıb. Dünyanın ən böyük kakao istehsalçıları şokoladın ana maddəsinin 2020-ci ildə ehtiyacı ödəməyəcəyini deyirlər. Artan istehlak və qeyri-kafi istehsal səbəbindən kakaonun qiyməti 2012-ci ildən bu tərəfə 60 faiz bahalaşıb.

Qiymətlərin sürətlə artması satıcıları da narahat edir. Göbələk xəstəliyi quraqlıq plantasiyaların məhsuldarlığını aşağı salıb. Dünyanın ən böyük ixracatçısı mövqeyində olan Braziliya hazırda kakao idxal edən ölkə vəziyyətinə düşüb.

Yaşanan bu xoşagəlməz səbəblərdən 2030-cu ildə illik 2 milyon ton kakao kəsirinin yaranacağı proqnozlaşdırılır. Keçən il 25 faiz nisbətində qiyməti artan şokoladın da yaxında kürü kimi lüks istehlak qidası sayılacağı gözlənilir.

Azərbaycan

Ölkəmizin iqtisadi göstəriciləri yenə də ürək açır. Azərbaycanda əmtəə bazarı bir ildə 10% , istehlak bazarı 9%, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7% artıb. Son 7 ildə fermerlərə 785 mln. manata yaxın subsidiya verilib. Milli Məclisin plenar iclasında 2015-ci ilin büdcə zərfinə daxil olan qanun layihələri müzakirə edilib. Noyabrın 28-dək hökümətə zaman verilib. Beləliklə, 8 gün sonra Milli Məclisdə 2015-ci ilin dövlət büdcə zərfinə daxil olan qanun layihələrinin təsdiq olunması gözlənilir. Xatırladaq ki, 2015-ci ildə icmal büdcənin gəlirləri 20,2 milyard manat, xərcləri isə 25,9 milyard manat nəzərdə tutulub. İcmal büdcənin gəlirlərində 2014-cü ilin proqnozları ilə müqayisədə nə az, nə çox, 1,7 milyard manat və ya 7 faizdən çox azalma baş verəcək. Xərclər isə 2014-cü ilin proqnozuna nisbətən 6 faiz artıb. Gələn il icmal büdcədə kəsir 5,1 milyard manat olmaqla, 2014-cü ilin proqnozunu iki dəfə üstələyir. Cari ilin proqnozunda bu rəqəm 2,4 milyard manat göstərilir. Kəsirin ÜDM-də xüsusi çəkisi 8,7 % təşkil edir. İcmal büdcənin tərkib hissəsi olan dövlət büdcəsinə gəlincə, burada gəlirlər 19,43 milyard manat (5,7 faiz artım), xərclər isə 21,1 milyard (5,2 faiz artım) manat proqnozlaşdırılır. Büdcə kəsirinin 1.6 milyard manat təşkil edəcəyi gözlənilir. 2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat proqnozlaşdırılıb.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 105 manat məbləğində nəzərdə tutulub.

Söz büdcədən düşmüşkən, müzakirələr zamanı ən çox toxunulan mövzu kommersiya banklarının faiz siyasəti olub. Millət vəkillərinin hər biri faizlərdən şikayət ediblər. Mərkəzi Bankın sədri Elman Rüstəmov isə bildirib ki, malliyyə naziri Samir Şərifovla kredit faizlərinin, xüsusilə də biznes kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması ilə bağlı müzakirələr aparılır.

Məlum olub ki, biznes kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyə çatdırılması əsas hədəflərdəndir: “Biz bir sıra amilləri də hərəkətə gətirəcəyik və 2015-ci ildə kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması istiqamətində addımlar atacağıq”.

AMB rəhbəri ölkədə faiz dərəcələrinin yüksək olmasının səbəblərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, əmanətlər üzrə faiz dərəcəsinin yüksək olması kredit faizlərinin yüksək olmasına gətirib çıxarır: “2014-cü ildə Azərbaycan iqtisadiyyatı üzrə faiz dərəcəsi 14,3 % təşkil edir. Bunun təxminən dörddə üçü kommersiya kreditləridir. Bu kreditlər üzrə faiz dərəcəsi 10,8 % təşkil edir. Yəni, təxminən 11 %-dir. Bu kreditlərin dörddə birini təşkil edən istehlak kreditləri üzrə faiz dərəcəsi təxminən 18 % təşkil edir. Lakin bu istehlak kreditlərinin strukturu çox müxtəlifdir. Burada kreditlər iki hissəyə bölünür: təminatlı və təminatsız. Tutaq ki avtomobil kreditləri üzrə faiz dərəcəsi 14,8 %-dir. Dövlət xətti ilə verilən ipoteka kreditləri üzrə faiz dərəcəsi isə 4 və 8%-dir. Bütövlükdə bankların öz vəsaitləri hesabına verdikləri ipoteka kreditləri üzrə faiz dərəcəsi isə 9-10 %-dir. Lakin istehlak kreditləri üzrə faiz dərəcələri 35 %-ə qədər çatır. Amma bu hansı kreditlərdir? Bu, tam təminatsız kreditlərdir. Yəqin ki, bir çoxunuz, millət vəkilləri, iş adamları və sair kredit kartlarından istifadə edirlər. Kredit kartları üzrə verilən kreditlər tam təminatsızdır. Sadəcə olaraq, bankda hesabınız var, kredit kartları götürmüsünüz. Hər hansı vəsaitə ehtiyac varsa, imzaladığınız müqaviləyə görə, sizə qoyulan limitlər üzrə vəsaitinizi artıra bilərsiniz. Bu kreditlər üzrə faiz dərəcələri çox yüksəkdir. Əhalinin bir çox hissəsi belə kreditlərdən istifadə edir. Bütün dünya praktikasında bu çox yüksək riskli kredit hesab olunur. Çünki bunun arxasında girov dayanmır, çox sadələşdirilmiş bir kreditdir. Sadəcə, bu kredit çox vaxt hətta telefonla həll olunur. Burada geri qayıtmayan, problemli kreditlər təxminən 18 %-ə çatır. Təbii ki, bu gün bankları müdafiə etmək fikrində deyiləm. Əgər kreditlərin maya dəyərinə baxsaq, ilk növbədə əmanət faizlərin toxunmaq istəyirəm. Əmanətlər üzrə orta faiz təxminən 9,6 %-dir. Bu, olduqca böyük bir rəqəmdir. Bizim əhali öz vəsaitlərini banklara çox yüksək faizlə qoyur. 2014-cü ildə bankların əhaliyə ödəyəcəkləri faiz gəlirləri 500 mln. manat təşkil edəcək. Bu, olduqca ciddi bir rəqəmdir və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında olduqca mühüm rol oynayır. Bankların isə kreditlərdən əldə edəcəyi gəlirlər təxminən 420-430 mln. manat səviyyəsində proqnozlaşdırılır. Yəni banklar bu gün əmanətlərə görə əhaliyə daha çox faiz ödəyirlər. Yəni, bütövlükdə fəaliyyətlərindən götürdükləri gəlirlər bundan azdır. Açıq etiraf etmək lazımdır ki, bu gün pula olan tələbat əhəmiyyətli dərəcədə çoxdur, kreditlərə olan tələbat əhəmiyyətli dərəcədə çoxdur. Bu bazar hələ də tələb bazarıdır. Təklif bazarı deyil. Tələbat böyük olanda qiymətlər də yüksək olur”.

Elman Rüstəmov ipoteka kreditlərinə də toxunub. Dünya Bankının araşdırmalarına diqqət çəkən sədr onu da qeyd etdi ki, Azərbaycanda ipoteka kreditlərinə olan ilkin tələbat 6 milyard dollardır: “Biz gələn il üçün bu istiqamətdə ayrılan vəsaitlərin əsaslı şəkildə artırılmasını hədəfləyirik. Maliyyə Nazirliyi ilə bu məsələ ilə bağlı müzakirələr aparılır. Mənzil problemi təxirə salınmış tələbatdır. Bu problem bizə babalarımızdan ötürülmüş problemdir”.

Həftənin daha bir vacib hadisəsi “Şahdəniz 2” layihəsi üzrə daha iki müqavilənin imzalanması oldu. Bu barədə BP-Azərbaycan şirkətinin yaydığı məlumata bildirilirdi ki, bu iki müqavilə ümumilikdə 226 milyon dollar dəyərindədir və “Bredero Shaw” şirkətinin boru örtükləmə bölməsinin bir hissəsi olan “ShawCor Nederland B.V.” (Bredero) şirkəti ilə imzalanıb.

Bu müqavilələr üzrə işlərə “Şahdəniz-2” layihəsinin sualtı ixrac boru kəmərlərinin korroziya əleyhinə və ağırlaşdırıcı betonla örtüklənməsi, həmçinin Bakıdakı boru-örtükləmə müəssisəsi olan “Caspian Pipe Coatings” (CPC) zavodununun modernləşdirilməsi daxildir. Modernləşdirmə işləri həmin müəssisənin layihənin korroziya əleyhinə və ağırlaşdırıcı beton örtükləmə tələblərinə cavab verməsini təmin edəcək.

Müqavilələr çərçivəsində bütün tikinti və örtükləmə işləri yerli resurslardan istifadə etməklə Bakıdakı CPC müəssisəsində həyata keçiriləcək. Müqavilələrin icrasına təxminən 300 yerli işçi qüvvəsinin cəlb olunacağı gözlənilir. Bu da Şahdəniz konsorsiumunun Azərbaycanın yerli resurslarından istifadəni optimallaşdırmaqla bağlı götürdüyü öhdəliyi bir daha nümayiş etdirir. Örtükləmə işlərinin CPC zavodundakı modernləşdirmə işləri başa çatdıqdan sonra, 2015-ci ilin yanvar ayında başlaması gözlənilir.

Məndən bu qədər. Hər birimizə uğurlu həftəsonu tətili.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR