“Vosmoy bazarı”ndan beynəlxalq birjaya - Avropa qovur, Rusiya itirir, Çin qazanır
Bizi izləyin

Hesabat

“Vosmoy bazarı”ndan beynəlxalq birjaya - Avropa qovur, Rusiya itirir, Çin qazanır

Yola saldığımız həftə Avro Bölgəsindəki maliyyə problemlərinin geridə qalmadığı dəqiqləşdi. Neftin qiyməti ən aşağı səviyyəni nümayiş etdirdi. Belə ki, WTI markalı neft Nyu-York birjasında 2,14 dollar ucuzlaşaraq 2015-ci il üçün “fyuçə” müqavilələrində 57,81 dollardan hesablandı. Beləliklə, neft təkcə bir həftədə 8 dollar (12 faiz) ucuzlaşdı. “Morgan Stanle” neft ixrac edən ölkələrə daha bəd xəbər verdi. Bank son hesabatında 2015-ci ildə “qara qızıl”ın barelinin 43 dollar təşkil edəcəyini açıqladı. Rubl da neftə adekvat olaraq dəyərdən düşdü. Cümə günü qapalı bazarda bir dollar 57,4990 rubla, avronun kursu isə 71,23 rubla qalxdı. Rusiya Mərkəz Bankı rublun tarixi enişinə maneə törətmək üçün bazara təsir imkanlarından istifadəyə başladı. Nəticə kimi bazara 1,9 milyard dollar çıxardı.

Başlayaq neftin qiymətindən. Neftin qiymətinin ucuzlaşması beynəlxal qurumların öz proqnozlarını dəyişməsinə gətirib çıxarıb. Beynəlxalq Enerji Agentliyi (IEA) neftə olan tələbatın 2015-ci ildə də düşəcəyini açıqlayıb. Agentlik tələb proqnozunu 900 min barelə endirib. Eyni zamanda bəyan edib ki, neft ixrac edən ölkələrdə, eləcə də Rusiyada neft istehlakı azalaq. Dünyanın ən böyük sərmayə bankı “Morgan Stanle” neft ixrac edən ölkələrə bəd xəbər verib.Bank son hesabatında 2015-ci ildə “qara qızıl”ın barelinin 43 dollar təşkil edəcəyini bildirib. Qeyd edib ki, sürətli enişin kökündə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC)) istehsal həcmini azaltmaması dayanır. Bundan əlavə, “Morgan Stanle” iddia edib ki, neftin qiymətinin aşağı olması sərmayələrə mənfi təsir edəcək.Təchizatın azalmasına səbəb olacaq bu vəziyyət neftin qiymətinin 2017-ci ildən etibarən yüksəlməsinə gətirib çıxaracaq.

Bu arada “qara qızıl”ın ucuzlaşması neft istehsal edən ölkələrə təsir etməyə başlayıb. Dubay birjası ötən günü 7 faiz dəyər itkisiylə tamamlayıb. ABi-Dabi, Umman və Qətərdəki dəyər itkiləri 4 faizə çatıb.

Neftin qiymətinin düşməsindən sonra dəmir, polad da ucuzlaşmağa başlayıb. Konkret olaraq, dəmirin qiyməti 49 faiz düşərək neftdəki sərt enişi belə geridə buraxıb. Nəzərə çatdıraq ki, dəmirin qiyməti 2009-cu ilin iyunundan bəri ən aşağı səviyyəni nümayiş etdirib. Beynəlxalq bazarlardakı bu ucuzlaşmada 2014-cü ildə Çinin ixrac və idxal əməliyyatlarının azalması böyük rol oynayır.

Yuxarıda qeyd etdiyimiz kimi, neft rublu özü ilə aşağıya doğru sürükləyir. Moskva birjasında dolların kursu daha 19 qəpik bahalaşaraq 55,0455 dollara yüksəlib. Avronun kursu 15 qəpik qalxaraq 68,4 rubl olub. Rublun sürətli ucuzlaşması, eləcə də ölkədəki inflyasiya Rusiya Mərkəzi Bankının uçot stavkasını artırmağa vadar edib. Bank uçot stavkasını 10,5 faizə qaldırıb. Halbuki ilin əvvəlində bu rəqəm 5,5 faiz idi. Maraqlıdır ki, bankın bu qərarı bazarları təmin etməyib.

Günü-gündən pisləşən iqtisadi vəziyyət ölkənin makro-iqtisadi proqnoz göstəricilərini dəyişməsinə gətirib çıxarıb. Mərkəz Bankının son proqnozlarına görə, Rusiyada artım 2015-2016-cı illərdə sıfıra yaxın olacaq. İnflyasiya isə 10 faiz səviyyəsində qərarlaşacaq.

Həftə əmtəə və valyuta birjası üçün uğurlu keçməsə də, çinlilərə düşərli oldu. Çin birinciliyi Amerikanın əlindən aldı. Belə ki, ABŞ 1872-ci ildən bu tərəfə əlində tutduğu "dünyanın ən böyük iqtisadiyyatı" ünvanını Çinə uduzub. BVF-nın son məlumatlarına görə 2014-cü ildə Çin alıcılıq qabiliyyəti imkanlarını 17,6 trilyon dollara yüksəldib. ABŞ-da isə bu rəqəm 17,4 trilyon dollar olub. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2015-ci ildə iki ölkə arasındakı fərq 1 trilyon dollara çatacaq.

Bu arada qeyd edək ki, Amerika hələ də ÜDM-in həcminə görə liderdir. ABŞ-da bu rəqəm 17 trilyon dollar olub.

Fransada iqtisadiyyatı canlandırmaq üçün hökumətin hazırladığı qanun layihəsi parlamentə təqdim edilməzdən əvvəl müzakirələrə yol açdı. Yeni maliyyə naziri Emmanuel Macronun adını daşıyan, gəlirləri artırmağı hədəfləyən qanunun ən çox mübahisə doğuran maddəsi iş yerlərində bazar günü də işə icazə verilməsidir.

Qanunun bir başqa maddəsi də ölkədə nəqliyyat vasitəsi kimi qatardan istifadənin azaldılmasını hədəfləyir. Hansı ki bundan sonra hökumət şəhərlərarası avtobus səfərlərinin edilməsinə “yaşıl işıq” yandırmağı hədəfləyir. Bunun nəticəsində qiymətlərin 8 dəfə azalmasının təmin ediləcəyi düşünülür. Lakin bir çox iqtisadçının simvolik hesab etdiyi islahatların nə qədər müvəffəqiyyətli olacağı sual doğurur.

İş dünyası

Qətər otellər zənciri “Constellation Hotels” Fransanın paytaxtı Parisdəki “Grand Hotel”i 330 milyon avroya satın aldığını açıqlayıb. Əldə edilən razılaşmaya görə, “Grand Hotel”in administratorluğu 30 il köhnə sahibində qalacaq. Bundan əlavə “Constellation Hotels” tarixi otelin bərpası üçün 60 milyon avro həcmində büdcə ayıracaq.

bp isə neftin qiymətinin aşağı olması səbəbindən yenidən təşkilatlanmağı qərara alıb. Bu çərçivədə gələcəkdə 1 milyard dollarlıq büdcə ayrmağı planlaşdırır. Digər tərəfdən, şirkət ixtisarlara hazırlaşır. BP-nin prezidenti, baş icraçı direktoru Bob Dadli ABŞ, Böyük Britaniya, Almaniya və Azərbaycan nümayəndəliklərində ixtisarlar aparılacağını deyib.

Rusiyada hökümət də benzinin qiymətini qaldırmağı düşünür. Energetika naziri Aleksandr Novak 2015-ci ildə Rusiyada benzinin qiymətinin 10 faiz qalxacağını açıqlayıb. Nazir qiymət artımının növbəti ildə inflyasiya səviyyəsinə bağlı olacağını deyib. Nazirin bu açıqlaması ilə “LukOil”ın rəhbəri Vahid Ələkbərov da razılaşıb. İş adamı deyib ki, benzinin dəyəri inflyasiyaya uyğun 10 faiz qalxa bilər.

Federal Avtomobil Xidmətinin rəhbəri isə ilin əvvəlindən avtomobil yanacağının 9,7 faiz, dizelin 3 faiz qalxdığını deyib. Onun sözlərinə görə, iyul-oktyabr ayında topdansatış qiymətləri əhəmiyyətli dərəcədə artıb. Bu rəqəm 35 faiz təşkil edib: “Lakin sonradan onların qiymətinin 18-20 faiz ətrafında düşməsi baş verdi. Növbəti il üzrə qiymət inflyasiyadan asılı olacaq”. Qeyd edək ki, noyabr ayında benzinin orta qiyməti 33,65 rubl təşkil edib. Eləcə də А-76 (АИ-80) markalı benzin 30,3 rubl. (artım 0,1%), Аİ-92 - 32,68 rubl, Аİ-95 - 35,47 rubl (artım 0,1%). olub. Dizel yanacağının orta istehlak qiymətləri 34,08 rubl təşkil edib.

Azərbaycan

Gəldik çatdıq stabil iqtisadiyyatlı, dünya bazarlarındakı təlatümlərin yanından yel olub keçə bilmədiyi öz ölkəmizə. Başlayaq statistik rəqəmlərdən. Bu il Azərbaycanda neft-qaz sektorunda istehsal 3% azalıb, sahibkarlara 280 mln manat güzəştli kredit verilib, ilin əvvəlindən pul bazası 444 milyon manat artmasına baxmayaraq, bir ayda 58,8 milyon manat düşüb, Vergilər Nazirliyi büdcəyə 7 milyard manat ödəyib, orta aylıq nominal əməkhaqqı 441,8 manata çatıb, ölkədə 943,4 milyon manat kreditin ödəmə vaxtı keçib, 2014-cü ilin 9 ayında mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrünə nəzərən 13,1 faiz artıb, Azərbaycana mobil telefon idxalı azalıb.

Həftənin daha bir önəmli xəbəri Azərbaycanın İranla yeni sərhəd-buraxılış məntəqələri açmağı planlaşdırması oldu. Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Əsgər Abdullayev bildirib ki, Biləsuvar rayonu ərazisində gömrük məntəqəsinin açılması zəruridir: "Hazırda danışıqlar gedir və demək olar ki, artıq razılıq əldə olunub. Gələcəkdə eləcə də “Xudafərin” sərhəd-buraxılış məntəqəsini açmaq istəyirik". Sədr müavini həmçinin “Biləsuvar” sərhəd-buraxılış məntəqəsinin bütün gün ərzində işləməsi məsələsinə də toxunub və bildirib ki, İran tərəfi buna artıq razılıq verib. Abdullayevin qeyd etdiyi kimi, “Biləsuvar” sərhəd-buraxılış məntəqəsinin bütün gün ərzində işləməsi orada intensivliyin artması ilə əlaqədar, eləcə də yüklərin Naxçıvana sutka ərzində çatdırılması üçün lazımdır.

“Azərbaycan qazının Avropaya nəqli üzrə layihələrə investisiyalar 45-48 miyarda çatacaq”. Bunu isə ARDNŞ rəhbəri Rövnəq Abdullayev deyib. ARDNŞ rəhbərinin sözlərindən belə nəticəyə gəlinib ki, “Şahdəniz-2” və Azərbaycan qazının Avropaya nəqli bahalanır. Amma hələ aydın deyil artım hasilat layihəsində, yoxsa yeni infrastruktur yaradılmasında olacaq.

İnfrastruktura Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi, TANAP və TAP qaz kəmərlərinin tikintisi daxildir. Onların işində ən bahalısı olan TANAP-da ARDNŞ 58% paya malikdir. İlkin məlumata görə, layihə 11,8 miyard dollara başa gələcək.

Azərbaycan qazı Türkiyəyə 2018-ci ildə çatacaq. ТАР-ın tikintisi başa çatandan sonra 2020-ci ilin əvvəlinə Avropada olacaq.

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr Ticarət Mərkəzi” SC-nin səhmlərinin 99,89 faizinin satılması üzrə investisiya müsabiqəsi elan etməsi də həftənin önəmli hadisələrindən oldu. 514,981 min ədəd səhmin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə biləcəklər. Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 312 min manat köçürməlidir.Bu ada hər bir səhmin 60 qəpik təşkil etməsi deməkdir.

Daha bir həftəni yola saldıq. Çalışın yaltaq, öz məqsədi üçün hər cildə düşən, insanlarla yalnız çıxarları naminə ünsiyyət quran insanlardan uzaq olun. Hər kəsə uğurlu həftəsonu tətili.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm