Pulları Çin-çin ABŞ – milyon, milyon… rubl – İLİN İQTİSADİ YEKUNU
Bizi izləyin

Hesabat

Pulları Çin-çin ABŞ – milyon, milyon… rubl – İLİN İQTİSADİ YEKUNU

Yola saldığımız il bir sıra ölkələrin iqtisadiyyatlarına qara hərflərlə yazıldı. İlin əvvəlində başlayan Rusiya -Ukrayna müharibəsi birjaları silkələdi. Neft 2010-cu ildən bu tərəfə ilk dəfə 80 dollardan aşağı düşdü, rubl isə dibə vurdu. Əvəzində ABŞ-ın iqtisadi mövqeyi daha da gücləndi, Avrozonada qeyri-müəyyənlik davam etdi. İqtisadi böhranın başladığı 2008-ci ildən bu yana Avro Bölgəsi və ABŞ ilk dəfə 2014-cü də fərqli iqtisadi yanaşma nümayiş etdirdilər. Avropa Mərkəz Bankının rəhbəri Mario Draghi ilə FED-in yeni rəhbəri Janet Yellənil pul siyasətlər mövzusunda yollarını ayırdılar. FED-in son bir neçə ildə atdığı radikal addımların nəticəsində Amerika iqtisadiyyatında canlanma baş verdiyi halda Avro Bölgəsində tam tərs vəziyyət söz mövzusu oldu. “Artım relsinə” heç cür otura bilməyən Avropa Mərkəz Bankı sonda müvəffəqiyyətli performans sərgiləyən FED-in köhnə strategiyalarını izləmək məcburiyyətində qaldı.

Qlobal iqtisadi artıma gəlincə, ilin III rübü ərzində qlobal iqtisadiyyat 3.5% artdı. İnkişaf etmiş ölkələrdə bu göstərici 2.1%, inkişaf etməkdə olan ölkələrdə 4.8% təşkil etdi. Bununla belə, ümumilikdə 2014-ci ilin ikinci yarısından iqtisadi artım gözlənildiyindən zəif oldu. Bu da ilin sonuna neqativ gözləntiləri formalaşdırdı...

Başlayaq Amerika və onun ən böyük iqtisadi tərəfdaşı olan Avropadan. İl ərzində ABŞ Federal Ehtiyatlar Sistemi (FES) pul siyasətini sərtləşdirmək istiqamətində tədbirlərini davam etdirdi. Belə ki, FES tərəfindən iqtisadiyyata aylıq likvidlik dəstəyi limiti 15 mlrd. dollara (2012-ci ilin sentyabrında 85 mlrd. dollar) qədər endirildi. ABŞ iqtisadiyyatı ilin üçüncü rübündə proqnozlaşdırılandan daha çox böyüdü. İlin ikinci rübündə 4.6 faiz artım qeydə alındı. Bu da ölkədə 2003-cü ildən indiyə qədər ən böyük – altı aylıq böyümə demək idi. Üçüncü rübdə isə artım 5 faiz təşkil etdi. Beləliklə də, Amerikada ötən 11 ildə ən sürətli artım müşahidə olundu. Ölkənin 2014-cü ili 4.3 faiz artımla başa vurması gözlənilir.

Avrozona iqtisadiyyatında isə son illərin makroiqtisadi problemləri 2014-cü ildə də həllini tapmadı. Avrozona iqtisadiyyatında artım III rübdə 0.2% təşkil etdi. Mövcud vəziyyətdə iqtisadi aktivliyi yüksəltmək məqsədilə Avropa Mərkəzi Bankı pul siyasətini daha da yumşaltdı. Belə ki, ilin əvvəlində 0.25% olan yenidənmaliyyələşdirmə dərəcəsi iyun ayında 0.15%, sentyabr ayında isə 0.05% həddinə endirildi. Faiz dərəcələrinin endirilməsinə baxmayaraq, Avrozonada deflyasiya meyilləri davam etdi. 18 üzvdən ibarət Avro Bölgəsində illik inflyasiya oktyabr ayında 0,4 faiz səviyyəsindən geriləyərək, noyabr ayında 0,3 faizə düşdü. Müqayisə üçün bildirək ki, keçən ilin eyni dövründə illik inflyasiya 0,9 faiz idi. Noyabr ayında baza inflyasiyası illik 0,7 faiz artdı. Noyabrda illik inflyasiya 28 üzvü olan Avropa Birliyində (AB) 0,4 faiz olaraq açıqlandı. Ən yüksək illik inflyasiya 1,5 faiz ilə Rumıniya və Avstriyada qeydə alındı.

Avro Bölgəsinin ən böyük iqtisadi gücə malik ölkələrinin göstəricilərinə gəldikdə, Fransada iqtisadi artım rəqəmləri proqnozları doğrultdu. Ölkə iqtisadiyyatı ilin üçüncü rübündə 0.3 faiz, illik əsasda 0.4 nisbətində böyüdü. Noyabrda 0.4 faiz artan istehlak xərcləri illik əsasda 1.1 faiz gerilədi.

İngiltərə iqtisadiyyatı isə üçüncü rübdə 0.7 faiz artım nümayiş etdirərək gözləntiləri qarşıladı.

Onu da qeyd edək ki, İngiltərə Mərkəz Bankı ölkənin artım proqnozunu gələn il üçün 3.1 faizdən 2.9 faizə endirmişdi.

Nəhayət, bölgə iqtisadiyyatının lokomotiv gücü Almaniyada üçüncü rübdə real ödənişlər 2013-cü illə müqayisədə 1.8 faiz nisbətində artdı. Bu son üç ildəki ən böyük yüksəliş kimi nəzərə alındı.

Federal Statistika Dairəsinin məlumatlarına görə, ən böyük artım yaşayan sektorlar bankçılıq, sığorta, ünsiyyət, informasiya və enerji istehsalı sahəsində baş verib.

Dünyanın digər ən böyük iqtisadiyyatına malik Yaponiyaya gəlincə, ilin üç rübündə bu ölkənin iqtisadiyyatında 1.6%-lik resessiya müşahidə edildi. Ölkənin ixracatı noyabrda 4,9 faiz artdı, ancaq bu rəqəm proqnozlardan aşağı oldu. Belə ki, iqtisadçılar noyabr ayında ixracın 7 faiz artacağını proqnozlaşdırmışdılar.

Oktyabrda 9,6 faiz olan ixracın bir ay sonra yarıbayarı azalması yeni hökümətə etimadları azaltdı.

İdxal isə noyabr ayında illik əsasda 1,7 faiz endi. Bu arada çoxsaylı yapon şirkətlərinin mərkəzlərini xaricə daşımasını ixracın düşməsinə təsir göstərən əsas faktorlardan sayılır.

Rusiya

İl Rusiya üçün uğursuz oldu. Belə ki, Rusiya Krım yarımadasını işğal etməklə başına iqtisadi bəlalar açdı. Sovet rejimindən sonra ilk dəfə Qərb ölkələri ona qarşı maliyyə sanksiyalar tətbiq etdilər. Ukraynanın şərqində Malayziya Hava Yollarına aid sərnişin təyyarəsinin qəzaya uğraması isə sanksiyaların daha da sərtləşdirilməsinə gətirib çıxardı. Qərbin sərmayə bazarları Rusiyanın dövlət, qeyri-dövlət müəssisələrinin, eləcə də banklarının üzünə bağlandı. Qarşı tərəf də cavabsız qalmadı. Avropadan məhsul alışına embarqo tətbiq etdi. Bununla da böhrandan əvvəl də zəifləmə siqnalları verən şimal qonşumuzun iqtisadiyyatı daha bərbad duruma düşdü.

Rublun məzənnəsi tarixi minimumuna endi. Dekabrın 15-də isə Rusiyada “Qara bazar ertəsi” yaşandı. Rublun kursu son 15 ildə ən aşağı səviyyəsinə düşdü. Bir gecədə Moskva birjasında dolların kursu 6,3 rubl qalxaraq, 64,4 rubla, avro 6,6 rubl bahalaşaraq, 78,9 rubla bərabər oldu. Səhəri isə dollar 78 rubl, avro 100 rubl təşkil etdi. Rusiya Mərkəzi Bankı əsas uçot dərəcəsini 17 faizə qaldırdı, valyuta auksionlarının həcmini artırdı. Beləliklə də, Rusiya Mərkəzi Bankı il başlayandan uçot stavkası ilə bağlı altıncı qərarını vermiş oldu. MB ilk dəfə faizləri martın 3-də 5,5 faizdən 7 faizə qaldırmışdı. Aprelin 25-də isə rəqəmlər 7,5 faizə, oktyabrda 9,5 faizə, 11 dekabrda 10,5 faizə yüksəltdi. Bu müddətdə rublun dollara qarşı məzənnəsi 85 faiz ucuzlaşaraq, 1 dollar 64 rubl oldu. Mərkəzi Bankın 80 milyard dollar xərcləməsi belə rublu qorumadı. Ölkə prezidenti Vladimir Putinin oliqarxlarla görüşü, eləcə də onlardan əllərindəki valyutanı mərhələli şəkildə bazara çıxarmalarıni xahiş etməsi, o cümlədən Maliyyə Nazirliyinin müdaxiləsi rublu özünə gətirdi.

Rusiyanın dərdi təkcə rubl deyil. Ölkənin xarici ticarət dövriyyəsi azaldı. Eləcə də növbəti il üçün artım proqnozları aşağı salındı. Əslində, bütün bunlar gözlənilən idi. Çünki Rusiyanın dünya iqtisadiyyatındakı payı cəmi 2,5 faizdir. Üz-üzə gəldiyi Amerika Birləşmiş Ştatlarında isə bu payı 22,8 faizdir. Avropa ölkələrini nəzərə almasaq, təkcə ABŞ iqtisadiyyatı Rusiya iqtisadiyyatından təxminən on dəfə böyükdür. Rusiya kifayət qədər böyük oyunçularla oynadığından iqtisadiyyatındakı resessiyanın hələ 2 il davam edəcəyi şübhə doğurmur.

Neft

İlin daha bir zərbəsi neftin qiyməti ilə bağlı oldu. “Qara qızıl”ın dəyəri uzun müddətdir bu qədər düşməmişdi. Neftə tələbatın azalması, bunun fonunda OPEK-in hasilatı azaltmaması, ABŞ-ın şişt neft istehsalını artması qiymətlərin düşməsində başlıca rolu oynadı. Düzdür, 2014-cü ildə Çində iqtisadi artımın zəifləməsi, Avro bölgəsindəki durğunluğun da prosesdə müəyyən payı oldu. Ən pisi də odur ki, neftin qiymətinin bundan sonra 100 dollar təşkil etməsinin artıq mümkün olmadığı iddia olundu.

İşsizlik

2014-cü ildə dünya iqtisadiyyatında iqtisadi artımın bərpası prosesinin ləng getməsi nəticəsində işsizlik problemi həllini tapmadı. İlin əvvəlində 2013-cü ildə daha 5 milyon insanın işsiz statusu qazandığını açıqlayan Beynəlxalq Əmək Təşkilatı SOS siqnalı verdi. Dünyada 206 milyondan artıq insanın işsiz olduğunu aşkara çıxdı. Bunun da 73 milyon nəfəri gənclərin payına düşür. İşsizlik İEÖ- də 7.6%, İEOÖ-də 6.7% səviyyəsindədir. Avropada işsizliyin ən yüksək olduğu ölkələr Yunanıstan (27,1%), İspaniya (25,1%) və Xorvatiya (17.4%), ən aşağı olduğu ölkələr isə Avstriya (4.9%), Almaniya (5.1%) və Lüksemburqdur (6%).Onu da bildirək ki, BƏT beş ildən sonra, yəni 2019-cu ildə işsizlərin sayının 213 milyon nəfər olacağını iddia edir. Bildirilir ki, orta işsizlik səviyyəsi 6% təşkil edir və 2017-ci ilədək bu göstərici dəyişməyəcək.

Azərbaycan

2014-cü ildə Azərbaycan enerji sahəsində bir sıra uğurlu layihələrə imza atdı. Bura TAP, TANAP layihələri daxildir. Hər iki layihə həm ölkə üçün, həm də Avropanın enerji təminatı və təhlükəsizliyi üçün çox vacib və önəmli hesab edildi.

İl banklar üçün təlatümlü keçdi. İlin əvvəlində, Mərkəzi Bank istehlak və avtomobil kreditlərinin verilişini məhdudlaşdırdı. Bu, ilk əvvəl bankların gəlirlərini azaltsa da, ilin ikinci yarısından başlayaraq “qaz vurub qazan doldurdular”.

Ölkənin makroiqtisadi göstəricilərinə gəlincə, Ümumi Daxili Məhsul istehsalı 2014-cü ilin on bir ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq, 53,7 milyard manata çatdı. Əlavə dəyərin 42,6 faizi sənaye sahələrində, 12,6 faizi tikinti kompleksində, 5,1 faizi kənd təsərrüfatında, 4,9 faizi nəqliyyatda, 10,0 faizi ticarət və pullu xidmət sahələrində, 1,8 faizi informasiya və rabitədə, 15,8 faizi digər sahələrdə istehsal olundu.

Əhalinin hər nəfərinə 5710,7 manatlıq (7281,3ABŞ dolları) əlavə dəyər istehsal olundu. Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 6,5 faiz artdı, neft sektorunda isə 3,4 faiz azaldı. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 6,6 faiz artdı, neft sektorunda isə 3,0 faiz azaldı. Yanvar-noyabr ayları ərzində 19,2 milyard manat məbləğində və ya keçən ilin müvafiq dövründə olduğundan 9,5 faiz çox istehlak malları satıldı, 6,5 faiz çox, yaxud 6,1 milyard manatlıq pullu xidmət göstərildi. Əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq, 33,6 milyard manata çatdı. Onun hər nəfərə düşən həcmi 3573,3 manat və ya orta hesabla ayda 324,8 manat təşkil etdi. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,9 faiz bəndi üstələyərək, 3,4 faiz oldu. İstehlak inflyasiyası 0,1 faiz təşkil etdi. Xarici ticarət dövriyyəsinə gəlincə, ayrı-ayrı fiziki şəxslərin yanvar-oktyabr aylarında 146 dövlətlə 26,6 milyard ABŞ dolları məbləğində xarici ticarət əməliyyatı apardığı məlum oldu. Xarici ticarət dövriyyəsinin 19,2 milyard dollarını və ya 72,3 faizini ölkədən ixrac olunan mallar, 7,4 milyard dollarını (27,7 faizini) ölkəmizə idxal edilən məhsullar təşkil etdi.

Ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqısı 2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,5 faiz çoxalaraq 441,8 manata çatdı. İşsizlərin sayı 28,9 min nəfərə düşdü. Ölkədə xarici investor fəallığı yüksək olaraq qaldı.

Məndən bu qədər. Hər birinizə uğurlu bayram tətili.

2015-ci ilin ilk iqtisadi həftəsində görüşənədək.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm