Qara günə düşən “qara qızıl”, bədbinləşən avro və rusların batan milyardları…
Bizi izləyin

Hesabat

Qara günə düşən “qara qızıl”, bədbinləşən avro və rusların batan milyardları…

2015-ci ilin ilk həftəsi “qara qızıl”ın qara günə düşməsi ilə başladı. Həftə ərzində neft eniş rekordlarını qıraraq, 49 dollara qədər ucuzlaşdı. Avro ilə rublun məzənnəsi də zəiflədi. Belə ki, Avropa Mərkəz Bankının rəhbəri Mario Draghinin pul kütləsinin artmasına dair açıqlamaları bazarları hərəkətə gətirdi. Avro dollara nəzərən 4.5 ilin ən zəif səviyyəsinə düşdü. Rubla gəlincə, ötən il dollar qarşısında 40 faiz zəifləyən rus valyutası dollar və avroya nisbətdə yenə dəyər itirdi. 1 dollar 59,5 rubla, bir avro 71,7 rubla çatdı. Beləliklə də, ötən ilin sonunda Rusiya Mərkəzi Bankı və Maliyyə Nazirliyinin xərclədikləri milyardlar batdı. Avropa Komissiyası isə Ukraynaya əlavə 1,8 milyard avro makromaliyyə yardımı göstərməyə hazır olduğunu açıqladı. Məşhur fond sehrbazı Corc Soros bu rəqəmdən razı qalmayaraq, Ukrayna iqtisadiyyatının stabilləşməsi üçün 50 milyard dollar vəsaitin lazım olduğunu bəyan etdi...

Başlayaq neftdən. Həftə ərzində neftin qiyməti beynəlxalq bazarlarda eniş rekordları qırdı. 2014-cü ildə 46 faiz nisbətində ucuzlaşan neft Asiya və Avropadakı emalat sənayelərinin zəifləməsi səbəbindən 5.5 ilin ən aşağı səviyyəsindən satılırdı. London və Nyu York birjalarında “Brent”, o cümlədən ABŞ tipli neftin bareli 50 dollardan aşağı endi.

Xatırladaq ki, bir ay əvvələ qədər Brent tipli neftin bareli 69 dollardan satılırdı. 2014-cü ilin iyununda isə qiymət 100 dollar idi. Maraqlıdır ki, neftin düşməsi həm istehlakçılar, həm də şirkətlər tərəfindən məmnuniyyətlə qarşılanıb. Lakin bu proses sektordakı sərmayələrə zərbə endirib. Qərb iqtisadiyyatının da vəziyyətdən zərərlə çıxacağı gözləniləndir. Lakin aşağı qiymətlərdən ən ağır təsirlənən ölkə neft və təbii qaz gəlirlərinin büdcəsinin yarısını təşkil etdiyi Rusiyadır. Artıq “Fitch” Rusiyanın uzunmüddətli suveren reytinqini mənfiyə endirib. Bununla bərabər, qiymətləndirmə agentliyi şimal qonşumuzun ümumdaxili məhsul istehsalının 4 faizə qədər azalacağını bildirib. Əvvəl bu rəqəm 1,5 faiz proqnozlaşdırılırdı. “Fitch”in gözləntilərinə görə, Rusiya iqtisadiyyatında artım bir də 2017-ci ildə baş verəcək. İnflyasiyaya gəldikcə, agentliyin təxminlərində bu rəqəm 8,5 faizdir.

Neftlə bərabər avronun məzənnəsi də bədbin rəqəmlər nümayiş etdirdi. Avropa valyutası dollar qarşısında dəyər itirdi. Avro bölgəsinin pul vahidinə mənfi inflyasiya şərhləri də yaramadı, o, son 9 ilin ən aşağı səviyyəsinə endi. Mütəxəssislərə görə, Avropa Mərkəz Bankının bazarları təmin etməyən şərhləri və Yunanıstandakı son inkişaflar avronun dəyərini itirməsində rol oynayır. Bundan əlavə, Almaniyanın Avropa Mərkəzi Bankının qərarlarına müqavimət göstərməsi pul vahidinin yaxın günlərdə daha da çox dəyər itirəcəyi ehtimalını yaradır.

Avro bölgəsindən daha bir xəbər defilyasiyanın başlamasıdır. 2009-cü ildən bəri ilk dəfə mənfi olaraq reallaşan illik inflyasiya nisbəti dekabrda mənfi 0,2 faiz təşkil etdi. Avropa Komissiyası inflyasiyanın canlanacağını düşünsə də, mütəxəssislər bu fikirlərə qatılmırlar: "İstehlakçılar daha çox alış gücünə sahib olacaq və bu, yaxşı bir şeydir. Amma digər tərəfdən, mənfi inflyasiya ilə birlikdə maaşlar da düşəcək. Bu, borclu ölkələr üçün müsbət hal deyil".

İngiltərədə isə hər kəsi ölkənin Avropa Birliyinin tərkibində qalıb-qalmayacağı maraqlandırır. Belə ki, mayda keçiriləcək seçkilər ölkənin Avropa Birliyindəki (AB) gələcəyini də müəyyən edəcək. Çünki baş nazir David Kameron seçkiləri qazanacağı halda, ölkənin Birliyə üzvlüyünün referenduma təqdim olunacağını bəyan edib.

Bu xəbər AB əleyhdarlarını sevindirsə də, iş dünyasında gərgin müzakirə mövzüsuna çevrilib. Ekspertlər İngiltərənin AB-dən ayrılmasının zərərlərini indidən hesablayırlar: “Əgər AB-dən çıxsaq, bu, London üçün pis olacaq. Avropa Birliyinin etdiklərindən xoşlanmaya bilərik, ancaq əgər bir klubu dəyişdirmək istəyirsinizsə, onun parçası olmalısınız”…

Ukraynadan da xəbər var. Avropa Komissiyası bu ölkəyə əlavə 1,8 milyard avro makromaliyyə yardımı etməyə hazırlaşır. Yeni proqram Ukraynanın maliyyə proqblemlərinin həllinə hesablanıb. Vəsait güzəştli kredit şəklində ayrılır. Onu da bildirək ki, rəsmi Kiyev Avropa Komissiyasından 2 milyard avro həcmində yardım istəmişdi. Məşhur “fond sehirbazı” Corc Soros Ukrayna iqtisadiyyatının dirçəlməsi üçün bu rəqəmi aşağı hesab edir. Onun fikrincə, Ukrayna iqtisadiyyatına 50 milyard dollar vəsait lazımdır.

İş dünyası

Yola saldığımız həftə iş dünyası banklarla bağlı xəbərlərlə silkələndi. İngiltərənin “Standart Chartered“ bankı maliyyə tədbirləri çərçivəsində ticari bankçılıq hissəsindən 2 min işçisini ixtisar etdi. 86 min nəfər əməkdaşı olan bank işdən çıxarmaların əksəriyyətinin Asiyada reallaşdırılacağını açıqladı.

Asiya və inkişaf etməkdə olan ölkələrdə şöbələri olan “Standart Chartered” keçən ilin oktyabrında da 2 min nəfərin işinə son vermişdi. Qeyd edək ki, bank 2015-ci ildə işdən çıxarılacaq 2 min nəfərin yerinə yeni işçi götürülməyəcəyini açıqlayıb.

İsveçrənin bankı “Credit Suiss”in İtaliyadakı Milano şöbəsində isə maliyyə polisi axtarışlara başladı.

Axtarışın səbəbi bankın Bermud adalarındakı şöbəsində iştirakı bildirilməmiş fondları gizləmək üçün İtaliya zənginlərinə kömək etməsidir. Belə ki, İtaliya mediasına görə, istintaq ölkənin ən zəngin min adamının 8 milyard avro həcmində vergi qaçaqçılığı etməsi iddiaları əsasında başlayıb…

Cənubi Koreyalı ağıllı telefon istehsalçısı “Samsung” 2014-cü ildən narazı qalıb. Şirkət ilin son rübündə bazar payında və gəlirində eniş yaşayıb.

Amerikanın “Apple” və Çinin ağıllı telefon istehsalçılarıyla rəqabətdə çətinlik çəkən şirkət fəaliyyət gəlirinin təxminən 4 milyard avro olacağını bildirib. Bu rəqəm 2013-cü ilin eyni dövrü ilə müqayisədə 37 faiz azalma deməkdir.

Gəldik çatdıq öz ölkəmizə. 2014-cüi ili iqtisadi uğurlarla başa vuran Azərbaycan bu ili də müsbət notlarla başlayıb. Məsələn, məlum olub ki, SOCAR ötən il ərzində dövlət büdcəsinə ödənişlərini 18% artırıb, İstanbulda 75 milyon dollara əmlak satın alıb, Azərbaycan banklarının xarici öhdəlikləri 5 mlrd. manata yaxınlaşıb.

Başlayaq “SOCAR Türkiyə"nin İstanbulda əmlak almasından. Şirkət İstanbulun yeni yaşayış və iş mərkəzi -"Vadistanbul"da sahəsi 19 min kvadratmetr olan bir blokun satın alınması haqqında müqavilə imzaladı.

SOCAR-ın açıqladığı məlumata görə, sənədə əsasən, yeni bina 2016-cı ilin martında təhvil veriləcək, bundan qısa müddət sonra isə “SOCAR Türkiyə” özünün yeni mərkəzinə köçəcək.

“SOCAR Türkiyə”nin baş icraçı direktoru Kənan Yavuz imzalanma mərasimində deyib ki, Türkiyədə 20 mlrd. dollarlıq investisiya portfelini idarə edən və sürətlə böyüyən şirkətin ehtiyaclarını təmin edə biləcək mərkəzi idarəetmə binası üçün seçim apararkən onlar yalnız bu günü deyil, sabahı da düşünərək hərəkət ediblər: “Gələcəkdəki ehtiyaclarımızı da planlaşdıraraq, “Vadistanbul Bulvar”ı seçdik. Hazırkı ofisimiz şirkətimizin ehtiyaclarını ödəmək üçün yetərsiz olduğundan müxtəlif binalarda kirayənişin kimi həyata keçirdiyimiz fəaliyyətləri vahid mərkəzdə toplamaqla məsrəfləri azaltmaq, məhsuldarlığı artırmaq niyyətindəyik”.

O bildirib ki, yeni bina “Odeabank” ilə iki il ödəniş aparmamaq şərti ilə 10 il müddətinə götürülən kredit hesabına maliyyələşdiriliəcək: “Bu kredit əlverişli olmaqla yanaşı, SOCAR-ın Türkiyədə icra etdiyi layihələrə bəslənilən yüksək etimadın göstəricisidir. Layihələrimiz sürətlə irəliləyərkən, şirkətlərimizin bütün funksiyalarının eyni mərkəzdə birləşdirməyin faydalı olacağına inanırıq. Etdiyimiz bu yatırımı əməkçilərin motivasiyasını yüksəldəcək bir vasitə olaraq görürük”.

Bəlli olub ki, “SOCAR Türkiyə” İstanbulun Ayazağa səmtində həyata keçirilən “Vadistanbul Bulvar” layihəsinə daxil olan 19 min kvadratmetrlik bloku “Odeabank” ilə imzaladığı 2 ili ödənişsiz olmaqla 10 illik kredit müqaviləsi çərçivəsində 75 mln dollara satın alıb…

Həftənin daha bir müzakirə mövzusu əmanətlərə gəlir vergisinin tətbiqinin bərpasıdır. Hətta bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi hazırlanaraq parlamentə təqdim edilib. Məcəlləyə təklif edilmiş dəyişikliyə əsasən, bundan sonra yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin ancaq 5000 manatadək olan hissəsi vergidən azad olunacaq. Layihə olduğu kimi qəbul olunsa, bu halda orta hesabla 5000 manatdan yuxarı olan (illik 10%-lə cəlb edilmiş) bütün əmanətlər vergiyə cəlb ediləcək. Əmanətin illik faizi azaldıqca, vergiyə cəlb edilməyən əmanətin həcmi də artacaq və ya əksinə. Məsələn, illik 9%-lə 5555 manat, 8%-lə 6250 manat məbləğində güzəştli əmanət qoya biləcəklər. İllik faiz dərəcəsi 11-ə qalxdıqda isə güzəştli əmanətin məbləği 4545-ə qədər azalacaq. Ancaq burada əmanətçilərin 2 vacib nüansa diqqət yetirməsi çox vacibdir. Birincisi, göründüyü kimi, söhbət konkret olaraq bir banka yatırılmış əmanətdən gedir. Əmanətçi vergi ödəməmək üçün əmanətlərini bir neçə hissəyə bölməklə müxtəlif banklarda yerləşdirə və ya onu ailə üzvlərinin adlarına keçirə bilər. Bu, ailə əmanətlərin inkişafını stimullaşdıracaq. İkinci nüans faizin vergiyə cəlb olunan hissəsi ilə bağlıdır. Əgər əmanətçi banka illik 10%-lə 10 min manat yatırıbsa, bu halda onun gəliri 1000 manat olacaq və deməli, ödəyəcəyi vergi məbləği 50 manat ((1000 AZN – 500 AZN) x 10%) olacaq. Nəzərə çatdıraq ki, hazırda əmanət bazarının təxminən yarısı ölkənin 5 iri bankının payına düşür. Yerdə qalan yarısına isə 39 bank nəzarət edir. Vergi güzəştinə düşmək üçün əmanətçilər vəsaitlərini banklar arasında bölməli olacaqlar ki, bu da vəsaitlərin bərabər paylanmasını stimullaşdıracaq. Ancaq bu addım Mərkəzi Bankın 2015-ci ildə kredit faizlərinin aşağı salınması ilə bağlı qarşısına qoyduğu məqsədə çatması təşəbbüsünə ziddir. Çünki yeni sistem bazarda əmanət faizlərinin artımına gətirib çıxaracaq. Əmanətçini itirməmək və ödənilməli olan vergi məbləğini kompensasiya etmək üçün bank faiz dərəcəsini qaldırmalı olacaq. Bu isə əmanətlərin bahalaşmasını şərtləndirəcək. Deməli, bu il kreditlərin ucuzlaşmasını gözləmək tezdir”.

Vergi Məcəlləsinə edilən daha bir dəyişiklik isə avtomobil sahibi olmaq istəyənlər üçün bəd xəbər oldu. Belə ki, həmin dəişikliyə Azərbaycana xaricdən gətirilən avtomobillərə görə ödənilən aksiz vergisini məbləğləri artırılır. Ekspertlərin fikrincə, bu da avtomobillərin qiymətini bahalaşdıracaq.

Məndən bu qədər. Hər kəsə uğurlu həftəsonu tətili…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm