Rusiya soyuğundan qaçan Avropa Azərbaycanın istisinə sığınır - İQTİSADİ HESABAT
Bizi izləyin

Hesabat

Rusiya soyuğundan qaçan Avropa Azərbaycanın istisinə sığınır - İQTİSADİ HESABAT

Yola saldığımız həftə dünyanın xammal və valyuta bazarları üçün gərgin keçdi. Bir tərəfdən Beyənlxalq Enerji Agentliyinin “Aylıq Neft Bazarı Hesabatı”, digər tərəfdən isə Minsk görüşü bazarların ahəngini pozdu. Neft və rubl gah ucuzlaşdı, gah da bahalaşdı. Beynəlxalq reytinq agentliyi “Fitch” isə defolt təhlükəsi ilə əlaqədar Ukraynanın uzunmüddətli kredit reytinqini endirdi. Digər xəbərlərə gəlincə, Beynəlxalq bir bankın İsveçrədə açılan hesablar vasitəsilə minlərlə müştərinin vergidən yayınmasına kömək etdiyi ortaya çıxdı. Bakıda “Cənub qaz dəhlizi” ilə bağlı ilk məşvərət yığıncağı keçirildi. Nəzərə alsaq ki, enerji təhlükəsizliyi Avropa üçün siyasi və milli təhlükəsizlik kimi qiymətləndirilir, Azərbaycanın bu layihə vasitəsilə prosesdə oyanayacağı rolun təməl daşları qoyuldu.

Başlayaq həftənin əvvəlində İstanbulda keçirilən G-20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündən. Toplantıda OECD-in "Böyüməyə Keçid'‘ adlı hesabatının təqdimatı keçirildi. Həmin hesabatda inkişaf etmiş ölkələrin böyük qisimində islahat sürətinin son iki ildə yavaşlamasının ürəkaçan olmadığı qeyd edilir.

Avro Bölgəsi iqtisadiyyatı isə 2014-cü ilin son rübündə proqnozdan çox artım nümayiş etdirərək Qərbi sevindirdi. Belə ki, Avropa Birliyi Statistika Ofisinin məlumatına görə, 18 üzvlü Avro Bölgəsi 2014-cü ildə 2013-cü illə müqayisədə 0,3 faiz artıb. Statistikaya nəzər saldıqda məlum olur ki, artım əsasən lokomotiv ölkələrdə baş verib. Konkret olaraq, Almaniya iqtisadiyyatında keçən ilin son rübündə 0,7 faiz, Fransada 0,4 faiz artım qeydə alınıb. Düzdür, Fransanın iqtisadi artım sürəti əvvəlki ilin son rübü ilə müqayisədə azalıb. Ancaq 2015-ci il üçün fransızların ümidləri böyükdür. Xüsusilə sərmayələrin artdığı qeyd edilir. O baxımdan yeni ilin ilk rübündə 0,4 faizlik artım gözlənilir.

İtaliya iqtisadiyyatında isə son 13 rübdə olduğu kimi, yenə də artım nümayiş edilmədi. Eləcə də ölkənin iqtisadiyyatında 2015-ci ildə də ciddi performans gözlənilmir. Borc böhranında boğulan Yunanıstana gəlincə, isə ilin son rübündə iqtisadi inkişaf yenə də dayanıb.

Beynəlxalq reytinq agentliyi “Fitch” Ukraynanın uzunmüddətli kredit reytinqini “CCC” dən “CC”-yə endirdi.

Agentliyin ölkənin reytinqini endirməsinin səbəbi defolt ehtimalı ilə əlaqədardır. Bu arada Rusiya iqtisadiyyatı ilə bağlı bədbin proqnozlar verən Beynəlxalq Valyuta Fondu isə Ukrayna iqtisadiyyatı haqqında daha pozitiv fikirdədir. Fondun rəhbəri Kristine Lagarde gələcək 4 ildə Ukraynaya 40 milyard dollar həcmində maliyyə paketi ayrılacağını bildirib. Məlum olub ki, 17,5 milyard dollarlıq maliyyə tranşı ilə bağlı razılaşma artıq təmin edilib. Onu da bildirək ki, Lagarde Ukraynanın yeni hökümətini tərifləyib də: “Ukrayna səlahiyyətliləri islahatlar mövzusunda əvvəl heç görmədiyimiz cəsarəti və dayanıqlılığı nümayiş etdirib. Ukrayna büdcə kəsiri mövzusunda hədəflərinə çatmaq xaricində bütün sahələrdə müvəffəqiyyəti təmin edib'‘.

Xatırladaq ki, korrupsiya ilə mübarizə, bank sektorunda islahatların aparılması, özəlləşdirmədə şəffaflığın təminatı BVF-nın Ukraynadan tələb etdiyi əsas islahatlardır.

Ötən həftə Avropa ölkələrinin qapısını döyən Yunanıstanın yeni hökuməti bu həftə Brüseldəki Avropa Birliyi maliyyə nazirlərinin yığıncağını gözlədi. Yunanlar gələcək üçün ümidlərini qorumaq istəyərkən Afina birjasında 3,7 faiz eniş yaşandı. Qeyd edək ki, Yunanıstan kreditorlara 240 milyard avro həcmində borc qaytarmalıdır. Avropanın ən çox borcu olan ölkəsi ayın sonuna qədər problemə həll tapmazsa, maliyyədən məhrum ola bilər.

Girişdə qeyd etdiyimiz kimi, bu həftə xammal bazarlarının həsrətlə gözlədiyi Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) 2015-ci illə bağlı "Neft Bazarı Hesabatı" açıqlandı. Təşkilat 2015-ci il üzrə qlobal neft tələbinə dair proqnozunu gündəlik 20 min barel artıraraq 92,32 milyon barelə yüksəltdi. Hesabata görə, buna səbəb Amerika qitəsi ölkələrinin neft tələbindəki artımın davam etməsidir. Nəzərə çatdıraq ki, qlobal neft təchizatı yanvarda dekabr ayı ilə müqayisədə gündəlik 290 min barel geriləyərək, 93,15 milyon barel səviyyəsində reallaşıb.

Beynəlxalq Enerji Agentliyinin “Aylıq Neft Bazarı Hesabatı” isə tamamilə fərqli havada oldu. Sənəddən məlum oldu ki, 2020-ci ilə qədər dünyanın ən böyük neft istehsalçısı Amerika olacaq. Hesabatın diqqətiçəkən hissəsi isə neftin qiyməti ilə bağlı oldu. Sənəddə bildirilir ki, 2015-ci ildə neftin qiymətində yüksək eniş qeydə alınmayacaq. Amma sürətli artım da gözlənilmir. Agentlik Beynəlxalq Valyuta Fondunun iqtisadi artımın yavaşlaması ilə bağlı proqnozuna və neftin qiymətinin düşməsinə uyğun olaraq qlobal neft tələbinə dair artım proqnozunu da gündəlik 1,1 milyon barelə endirdi.

Beynəlxalq bir bankın İsveçrədə açılan hesablar vasitəsilə minlərlə müştərinin vergidən yayınmasına kömək etməsi də gündəmə bomba kimi düşdü. Bu olayda diqqəti çəkən isə hökumətlərin bundan xəbərdar olmasının irəlü sürülməsidir. Nəzərə çatdıraq ki, vergidən yayındırılan vəsaitlərin ingilis bankı “HSBC”dəki hesablarda saxlandığı təxmin edilir. Konkret “HSBC” aralarında məşhur iş adamları olmaqla çox sayda adamın İsveçrə üzərindən vergidən yayınmasına vasitəçilikdə günahlandırılır.

İş dünyası

Neftin dünya bazar qiyməti bütün sektorları vurmaqdadır. Dünyanın ən böyük dəmir-polad nəhəngi “Arcelor Mittal” 2015-ci ildə qazancında eniş gözlənildiyini açıqladı. Enişə səbəb kimi şirkətin mədənçilik fəaliyyətinin azalması və polad bazarının keçən ilə nisbətlə yavaşlaması göstərilir.

Deyirəm, Çinin “copy paste” ağıllı telefon modelləri “Apple” ilə “Samsung”un axırına çıxacaq. Asiya bazarlarını zəbt edən Çinin ağıllı telefon nəhəngi “Xiaomi” indi də Amerika bazarına göz dikib.

“Xiaomi”nin San-Fransiskoda keçirilən təqdimatında şirkət rəsmi olaraq Amerika bazarına girdiyini açıqlayıb. Çin şirkəti ilk etapda cib telefonu aksessuarlarını satışa çıxaracağını bildirib.

Çin şirkəti ilk əvvəl “Apple”ə rəqib cib telefon modellərini satmayacaqlarını açıqlayıb: "Biz yalnız cib telefonu satan bir şirkət deyilik. Geniş diametrli bir texnologiya şirkətiyik".

Fransanın enerji şirkəti şirkəti “TOTAL” neftin qiymətinin düşməsinə adekvat olaraq kəmərləri sıxmaqda davam edir. TOTAL qənaət tədbirləri çərçivəsində bu il sərmayələrini 10 faiz azaldıb. Bundan əlavə, şirkət yeni neft yataqları axtarışı istiqamətindəki fəaliyyət xərclərini də 30 faiz azaltmaq qərarı verib.

Bildirək ki, fransız şirkəti bu ilin sonuna qədər təxminən 2 min işçisi ilə vidalaşmağı planlaşdırır. Neftin qiymətindəki eniş şirkətə ən az 6,5 milyard dollar zərər vurub.

Dünyanın ən böyük içki şirkəti ”Coca-Cola” da zərərə işləyir. Ötən ilin sonunda şirkətin gəlirləri 55 faiz düşüb. “Coca-Cola”nın illik işlətmə gəliri əvvəlki ilə nisbətdə 2 faiz enişlə 10 milyard 87 milyon dollar olaraq reallaşıb.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Həftənin önəmli hadisəsi Bakıda “Cənub qaz dəhlizi” ilə bağlı ilk məşvərət yığıncağı oldu. Toplantıda xüsusilə dövlət başçısının layihə ilə bağlı söylədikləri diqqət çəkdi. Belə ki, prezident İlham Əliyev bildirdi ki, Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi kimi çıxış edəcək: ”Cənub qaz dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Çünki Azərbaycan beynəlxalq bazarlara böyük həcmdə təbii qazı ixrac etmək imkanı qazanacaq. Bu həm də istehlakçı və tranzit ölkələr üçün enerji təhlükəsizliyidir. Bu gün enerji təhlükəsizliyinə istənilən ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz. Enerji resursları nəinki çiçəklənmə, proqnozlaşdırma və sabitlik mənbəyi ola bilir, həmçinin bəzən rəqabət və düşmənçilik mənbəyinə də çevrilir. Fikrimizcə, bizim fəlsəfəmiz ondan ibarətdir ki, enerji resursları sabitliyə, proqnozlaşdırmaya, əməkdaşlığa və qarşılıqlı dəstəyə töhfə verməlidir. Əminəm ki, hasilatçı, tranzit və istehlakçı ölkələr üçün uduşlu vəziyyət, layihənin 3 komponenti arasındakı maraqlar balansı layihəmizin uğurla həyata keçirilməsinin başlıca səbəbi olacaq. Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq".

Dövlət başçısı həmçinin "Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsi məqsədilə nəzərdə tutulan bütün məsələlərin öz həllini tapacağını da qeyd edib: "Layihə vaxtında icra olunacaq və hamımız "Cənub qaz dəhlizi"nin baş tutmasını qeyd edəcəyik. Lakin buna nail olmaq üçün əlaqələndirmə, qarşılıqlı etimad və bu prosesə qoşulmuş bütün ölkələr arasında sıx qarşılıqlı əlaqə lazımdır”.

Həftə ərzində DESFA-dan da xəbər çıxdı. Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev bildirdi ki, Yunanıstan və Azərbaycan hökumətləri arasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ölkənin qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin səhmlərinin 66%-nin alınması müzakirə olunmur: “Hazırda müvafiq prosedura uyğun olaraq DESFA-nın özəlləşdirilməsinə dair məsələ Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. Bu prosedur başa çatana qədər, Yunanıstan hökuməti bu məsələyə qarışa bilməz. Bu qurum məsələyə baxandan sonra, sənədi rəsmi Afinaya təqdim edəcək. Yalnız bundan sonra, Yunanıstan hökuməti bununla bağlı öz münasibətini açıqlaya bilər”.

Yunanıstanın ətraf mühit və energetika naziri Panayotis Lafazanisin fevralın 12-də Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasında iştirak etdiyini xatırladan səfir qeyd edib ki, yunanıstanlı nazir səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmilərlə DESFA-nın özəlləşdirilməsi və Trans-Adriatik qaz kəmərinin (TAP) reallaşdırılmasına dair konstruktiv danışıqlar aparıb: “Azərbaycanda keçirdiyi görüşlərdə nazir Panayotis Lafazanis qeyd edib ki, Yunanıstanda iqtidara gələn yeni hökumət Azərbaycanla hərtərəfli, o cümlədən enerji sahəsində əməkdaşlığı daha da genişləndirmək niyyətindədir və ölkəmizlə münasibətlərə optimist yanaşır”.

Məndən bu qədər. Sevgililər gününüz mübarək. Hətta sevgiliniz sizdən kilometrlərlə uzaqdadırsa, ayıran kaş elə həmişə yollar olsun...

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm