• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qızıl birjasında “inqilab”, avronu “yeyən” dollar, Rusiyadan qaçan avtomobillər, silah, brilyant və... TANAP - HESABAT

  • Hesabat
  • 21 Mart 2015 16:00
  • 1 580 Baxış
Qızıl birjasında “inqilab”, avronu “yeyən” dollar, Rusiyadan qaçan avtomobillər, silah, brilyant və... TANAP - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatı üçün aylardır gözlənilən qərarların verilməsi ilə yadda qaldı. ABŞ Mərkəzi Bankı rolunu oynayan Federal Xəzinə faizləri 0 həddində saxladı. Qızlın qiymətinin müəyyən edilməsi ilə bağlı əsrlərdir mövcud olan ənənə dəyişdirildi. Yunanıstan növbəti həftə qaytaracağı borcların dərdinə düşdü. Rusiya Ukraynaya satdığı qazın qiymətində bir qəpik də endirimə getməyəcəyini, əksinə, artım olacağını bəyan etdi. Qarsda Trans-Anadolu təbii qaz boru xəttinin təməli atıldı.

Başlayaq uzun müddətdir müzakirəsi davam edən ABŞ Mərkəzi Bankının faiz siyasəti qərarından. Yola saldığımız həftə aylardır bazarlar tərəfindən maraqla gözlənilən qərar verildi. Bank faizləri 0-a yaxın saxlayacağını, dərəcələri pilləli olaraq artıracağını açıqladı. Lakin FED artıma nə zaman gedəcəyinin tarixini bəyan etmədi. Bununla belə, ekspertlər inanırlar ki, Federal Xəzinə hələ azı bir neçə ay “0” faizi dəyişməz olaraq saxlayacaq. Bankıın bəyanatında deyilir ki, hələ bir müddət ölkənin əmək bazarındakı vəziyyətə baxılacaq. Buna baxmayaraq, bu xəbər artıq səhm qiymətlərini kəskin şəkildə yüksəldib.

Bank faizlərinin aşağı olması istər fiziki, istərsə də hüquqi şəxslərin ucuz kreditlər almasına imkan yaradır.

İngilltərədə may ayında keçiriləcək seçkilərə fokuslanan hökumət 2015-cü ilin büdcə planı hazırladı. Layihədə artım proqnozlarını yüksəldən mühafizəkar Ceyms Kameron hökuməti 2015-ci ildə nisbəti 2,5 faizə çəkdi. Bununla bərabər vergi öhdəliklərini də artırdı.

Yunanıstan üçün “qara” həftə yaxınlaşır. Ölkə bazar ertəsi və cümə günü borclarının bir hissəsini ödəməlidir. Konkret olaraq, Yunanıstan bazar ertəsi Beynəlxalq Valyuta Fonduna 910 milyon avro ödəycək.Faiz borcunun cümə gününə olan həcmi isə 1,6 milyard avrodur.Bütün bunlar ölkıdə maaşların ödənə bilməməsi qorxusunu yaradıb. Çünki ölkənin Mərkəzi Bankının vəsaitləri artıq tükənib. Qeyd edək ki, yaranan gərginliyi sakitləşdirməyə çalışan hökümət maaşların vaxtında ödənəcəyini açıqlayıb. Lakin mütəxəssislər buna şübhə edirlər: "Bir çox vergi ödəyicisi vergilərini ödəmir və vergi gəlirləri sürətlə azalıb. Eyni zamanda, xarici investisiyaların həcmi aşağı düşüb. Yunan bankları xarici paylarını bağlamaq məcburiyyətində qalıblar".

Yeri gəlmişkən, hökumət B planının olduğunu da deyir. Lakin indiyə qədər planın məğzi açıqlanmayb.

Həftənin daha bir hadisəsi Rusiya ilə Ukrayna arasındakı mavi qazın qiymətinə dair növbəti danışıqların zamanının müəyyənləşməsi oldu. Üçtərəfli görüş növbəti həftənin beşinci günü Bruseldə baş tutacaq. Lakin artıq Rusiyanın qonşusuna güzəştə getməyəcəyi açıq şəkildə bəllidi. Belə ki, ölkənin enerji naziri Aleksandr Novak ikinci rübdə Ukraynaya ixrac edilən qazın qiymətinin 1000 kubmetr üçün 348 dollar təşkil edəcəyini bildirdi. Xatırladaq ki, 2015-ci ilin birinci rübündə qiymət 320 dollar olub. Nazirin sözlərindən bəlli olub ki, Ukrayna, Avropa Birliyi və Rusiyanın üçtərəfli növbəti görüşündə qazın yay qiymətləri müzakirə ediləcək.

Valyuta bazarlarında da vəziyyət yaxşı deyil. Avro son 12 ilin ən aşağı səviyyəsinə düşüb. Hazırda avronun məzənnəsi ABŞ dolları ilə eyni səviyyədədir. Proqnozlara görə, 2016-ci ildə dolların məzənnəsi avrodan daha yüksək olacaq. Avronun düşməsi isə Avropadakı ixrac mallarını ucuzlaşdıra bilər. Beləcə, xarici müştərilər bazara daha çox maraq göstərəcək. Bundan əlavə, Avropa məhsulları ixracatçılar üçün daha cazibəli olacaq. Yaranmış vəziyytdən ən çox faydalanan sektorlardan biri də turizm sayılır. Bəzi proqnozlara əsasən yay mövsümündə xüsusilə Amerika və Orta Şərqdən Avropaya gələn turistlərin sayında böyük artım baş verəcək.

İş dünyası

“Opel” Rusiyadan ümidini kəsdi. Amerikanın nəhəng avtomobil istehsalçısı “General Motors”un (GM) Avropadakı bölümü olan “Opel” Rusiyanın avtomobil bazarından çıxacağını açıqlayıb. Peterburqdakı fabrikini bağlamağa hazırlaşan istehsalçı bu qərarını rus iqtisadiyyatının çökməsi, satışların azalması ilə izah edib. Rus avtomobil bazarında keçən ay satışlar 38 faiz nisbətində azalıb. Rublun dəyərindəki itki Cənubi Koreya istehsalçısı olan “SsangYong”un da Rusiyaya ixracını təxirə salmasına gətirib çıxarıb. “General Motors”a aid digər avtomobil istehsalçısı “Chevrolet” bəzi modellərini bazardan geri çəkib.

Moskva rəhbərliyi isə itirən tərəfin avtomobil istehsalçıları olduğunu və gələcək ildən etibarən bazarın köhnə parlaq günlərinə qovuşacağını açıqlayıb.

İş dünyasında həftənin daha bir önəmli hadisəsi qızlın qiymətinin bundan sonra Londonun 4 bankı tərəfindən müəyyən edilməyəcəyi oldu. Əsirlərdir davam edəb bu ənənə sona çatdı. 18 trilyon dollarlıq qızıl bazarının daha şəffaf sahə olması məqsədilə atılan addım sayəsində bundan sonra qiymət texniki mühitdə müəyyənləşəcək. Prosesə tərəfsiz yoxlama orqanı nəzarət edəcək. Hər kəs qiyməti internet vasitəsiylə təqib edə biləcək. Gümüş, platin və paladyumun qiymətlərinin müəyyənləşdirilməsində də keçən ildən bu sistemə keçilib.

Çin indi də dünya silah ixracında liderliyə göz dikib. Stokholum Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2014-cü ildə dünya səviyyəsində hərbi xərclərlə bağlı apardığı araşdırmanın nəticələrinə görə, silah ixracında ABŞ və Rusiyadan sonra Çin üçüncü sırada gəlir. Silah ixracatını 143 faiz artıran Çin Almaniya və Fransanı geridə buraxıb. Silah ixracında Amerikanın payı 31, Rusiyanın payı isə 27 faizdir.

Çin silahlarına ən çox tələb göstərən ölkələr isə Pakistan, Banqladeşdir. Dünyanın ən çox silah idxal edən ölkəsi isə Hindistandır. Ölkə idxalının 70 faizini Rusiya silahları təşkil edir. Türkiyə isə silah idxalında yeddinci sırada yer alır. Türkiyənin silah alışlarında ABŞ-ın payı 58 faizdir.

Hesabatın ən maraqlı hissəsi isə qlobal silah ticarətinin həcmi ilə bağlıdır. 2010 -2014-cü illər arasında qlobal silah ticarət həcmi 2005- 2009-cu illər arasındakı dövrə nisbətən 16 faiz artıb.

Silah kişilərin necə sevimli oyuncağı hesab edilirsə, qadınların da oyuncağı zərgərlik məmulatlarıdır. Silah satışı kimi dünyada brilyanta olan tələb də artıb. Brilyant istehsalçısı “De Beers”ın açıqladığı rəqəmlərə əsasən, dünya üzrə brilyant satışları 2014-cü ildə 3 faiz artımla 81 milyard dollara çatıb. Dünyanın ən böyük brilyant bazarının və eyni zamanda gəlir bərabərsizliyinin ən yüksək səviyyədə olduğu ABŞ-da brilyanta tələb 7 faiz artaraq 37 milyard dollar təşkil edib.

Çində brilyant satışı 10 milyard dollara çatıb. Ümumiyyətlə isə 2015-ci ildə bütün böyük bazarlarda brilyant satışlarının artacağı gözlənilir. 2019-cu ildə brilyant təchizatının 163 milyona çatacağı təxmin edilir.

Azərbaycan

Çatdıq öz ölkəmizə. Həftə Milli Məclisdə baş nazir Artur Rəsizadənin təqdimatında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatının dinlənilməsi ilə başladı. Elə həmin gün Qarsda Trans-Anadolu təbii qaz boru xəttinin təməli atıldı.

Başlayaq hökümətin hesabatından. Baş nazirin təqdimatından məlum oldu ki, dünya iqtisadiyyatında baş verən qeyri-davamlılığın ölkə iqtisadiyyatına təsiri azalıb. 11,5 milyard xarici investisiyaya şərait yaradılıb. Əhalinin gəlirləri artıb, inflyasiya isə 1,4 faiz səviyyəsində saxlanılıb. Valyuta ehtiyatları 51,3 milyard dolları keçib. Ünvanlı sosial yardım alan şəxslərin sayı 33 faiz azalıb. Bir ailəyə düşən sosial yardım 149 manat təşkil edib. Ölkə üzrə yoxsulluğun səviyyəsi azalaraq 5 faizə düşüb. Məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib. 4 mindən çox məcburi köçkün ailəsi mənzillə təmin edilib, bu istiqamətdə 650 milyon manatdan artıq maliyyə xərclənilib. Sahibkarlara 290 milyon manat kredit verilib, 39 iri müəssisə yaradılıb. Ötən il üçüncü dövlət proqramı qəbul edilib, əvvəlki proqramlar səbəbindən regionlarda çoxlu sayda istehsal müəssisələri, sənaye parkları yaradılıb, təmir-tikinti işləri aparılıb. Regionların inkişafına 4,5 milyard manat yönəldilib. 2014-cü ilin sənaye ili elan olunması qeyri-neft sektorunun inkişafını stimullaşdırıb. Bunun nəticəsi olaraq 2014-cü ildə ölkədə 230-dan çox sənaye müəssisəsi açılıb.

Yeri gəlmişkən, parlamentdə hökümətin hesabatı zamanı valyuta ilə kredit götürən vətəndaşların narahatçılığına da son qoyuldu. Mərkəzi Bank sədri Elman Rüstəmov banklara valyuta kreditlərinin vaxtını uzatmaları və faizləri aşağı salmalarının tövsiyyə olunduğunu bildirdi. Prosesi ciddi nəzarətdə saxlayacaqlarını deyən MB sədri bir sıra məsələlərə də aydınlıq gətirdi. O, bank sektorunda heç bir problem olmadığını, özəl bankların yaxşı kapitallaşdığını söylədi. Məlum oldu ki, məcmu kapitalı 50 milyon manat olmayan banklarla müqavilə bağlanıb. O banklar da bağlanmayacaq, fəaliyyətləri davam edəcək. Dolların manata qarşı güclənib-güclənməyəcəyinə gəlincə, baş banker qeyd etdi ki, məzənnə siyasətində ilin sonuna ciddi dəyişiklik gözlənilmir: “Lakin nəzərə alınacaq məsələ neftin qiymətidir. Bundan sonra məzənnə siyasəti daha çevik olacaq. Fundamental dəyişiklik olsa, cəmiyyət məlumatlandırılacaq”.

Yola saldığımız həftə SOCAR avrobondların yerləşdirilməsi prosesini başa çatdırdı. Eləcə də şirkət Mərkəzi Bankdan 1 mlrd. manata yaxın kredit götürəcəyini bəyan etdi. SOCAR prezidenti Rövnəq Abdullayevin mətbuata açıqlamasına görə, kredit Neft-Qaz və Neft Kimya Kompleksi tikintisinin maliyyələşdirilməsinə sərf olunacaq. Mərkəzi Bankdan cəlb olunacaq kredit bir milyard manata yaxın olacaq. Kredit layihənin tikintisi başlayandan 10 il müddətinə götürüləcək: “Kredit 5 il müddətinə ödənişin uzadılması ilə cəlb ediləcək. Düşünürəm ki, 3- 4 il müddətinə layihənin tam tikilib istifadəyə verilməsi mümkün olacaq”. O həmçinin qeyd edib ki, OGPC-də tender prosedurları aparılır: “Yay aylarında artıq tender elan ediləcək və podratçı alyanslar seçiləcək”.

Girişdə qeyd etdiyimiz kimi həftənin ən önəmli hadisəsi Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başçıları və Avropa Komissiyasının vitse-prezidentinin iştirakı ilə Qarsda Trans-Anadolu təbii qaz boru xəttinin (TANAP) təməlinin atılması oldu. Layihənin tikintisi üzrə konsorsium martın sonuna qədər boru kəmərinin tikintisi işlərinə başlayacaq.SOCAR rəhbəri Rövnəq Abdullayevin sözlərinə görə, artıq 3 şirkət tenderdə qalib gəlib və 3 lot üzrə işlərə başlanılıb: “Türkiyənin Əskişəhər şəhərinə qədər olan 1 380 kilometr məsafədə tender başa çatıb. Bu tenderə görə, birinci lotda olan – Qars vilayətinə qədər olan hissədə iş aparmaq üçün Türkiyənin “Fernas İnşaat A.S.” şirkəti qalib gəlib. Mart-aprel aylarında işə başlamağı planlaşdırdığımız üçün artıq qaz boruları sahələrə daşınır. Aprel ayında ikinci sahədə Azərbaycana məxsus “Akkord” şirkəti işlərə başlayacaq. Üçüncü sahədə isə “TEKFEN İnşaat ve Tesisat A.S” tikinti işlərinə hazırlaşır”.

R. Abdullayev bildirib ki, bu ilin axırına qədər 4-cü lotda işlər başa çatdırılacaq: “Bu işi bir il gec başlamağımızın əsas səbəbi odur ki, TANAP-la nəql olunacaq ilk qazı Türkiyə alacaq və bu qazı Əskişəhər götürəcək. Avropaya gedən xəttə isə 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində ilk qaz axını veriləcək. Kifayət qədər vaxtımız olduğundan, tenderi bir il gec başladıq. Bu həm də bizə daha yaxşı qiymətlər almağa imkan yaratdı. Çünki iş və tələbat çox olanda qiymətlər də qalxır. Kəmərin Türkiyə hissəsində ümumilikdə 100 mindən çox insan və xeyli sayda ağır texnika işə cəlb olunacaq”.

O deyib ki, TANAP layihəsinin icra olunması üçün vacib olan maliyyə məsələsi tam həll olunub: “TANAP–a ayrılan vəsaitin 58%-ni SOCAR öz üzərinə götürüb. Artıq digər tərəfdaşlar da layihəyə daxil olublar və aprelin 1-dən etibarən öz maliyyələrini bura cəlb etməyə başlayacaqlar. Mütəxəssislərimiz yeni maliyyə mənbələrinin cəlb olunması üzərində işləyirlər. Hətta BP və “Botaş” şirkətləri ilə danışıqlar aparılıb. Layihəni vaxtında başa çatdırmaq və Avropaya qazı tez buraxmaq üçün nəğd vəsaitlə layihələşməsini biz həyata keçirdik. İşə başlayandan sonra maliyyələşməni hissə-hissə həyata keçirməyə başlayacağıq”.

SOCAR prezidenti qeyd edib ki, bu layihə 1 852 kilometr məsafədə, yəni Avropa sərhəddinə qədər uzanır: “TANAP SOCAR-ın beynəlxalq səviyyədə olan ən böyük layihəsidir. Layihə 10 mlrd. dollar məbləğində böyük vəsaitə və on minlərlə işçiyə malikdir”.

Hər birinizə uğurlu bayram tətili…

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR