• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kasko sığortada yığım 7,5%, ödəniş isə 6,2% azalıb

  • Hesabat
  • 15 Aprel 2015 04:35
  • 547 Baxış
Kasko sığortada yığım 7,5%, ödəniş isə 6,2% azalıb

Bu ilin yanvar-mart aylarında sığorta növləri arasında ən ciddi artım sərnişinlərin icbari fərdi qəza sığortasında qeydə alınıb.

Publika.az-a Sığortaçılar Assosiasiyasından bildirilib ki, bu növ sığortadan toplanan sığorta haqqı 139,5 dəfə artaraq 301,1 min manat təşkil edib. Bundan başqa, kreditlərin sığortasında yığım 26,7 dəfə artaraq 221,1 min manat, sağalmaz xəstəliklərdən sığortada isə yığım 10 dəfə artaraq 126,2 min manat olub.

Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 61,3% artaraq 5,2 milyon manat, fərdi qəza və xəstəlik sığortasında 34% artaraq 3,34 milyon manat, səfər sığortasında 5,4% artaraq 386,4 min manat, əmlakın yanğından və digər risklərdən sığortasında 36,6% dəfə artaraq 7,12 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 10,6% artaraq 10,9 milyon manat, daşınmaz əmlakın icbari sığortasında 2,8 dəfə artaraq 9,26 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 71,8% artaraq 168,2 min manat, avtomobillərin icbari sığortasında isə 26,2% artaraq 15,15 milyon manat təşkil edib.

3 ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə auditorların peşə məsuliyyətinin icbari sığortasında qeydə alınıb. Bu növ sığortadan toplanan sığorta haqqı 32,6% azalaraq 2425 manata düşüb. Bundan başqa, işçilərin dələduzluğu sığortasında yığım 16,3% azalaraq 219,1 min manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 15,1% azalaraq 232 min manat olub.

Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 8,8% azalaraq 16,06 milyon manat, tibbi sığortada 4,1% azalaraq 34,34 milyon manat, avtomobillərin könüllü sığortasında 7,5% azalaraq 7,56 milyon manat təşkil edib.

Bu ilin yanvar-mart aylarında sığorta ödənişlərinin ən ciddi artımı isə həyatın yaşam sığortasında qeydə alınıb. Bu növ sığortada ödənişlər 4,7 dəfə artaraq 5,8 milyon manat təşkil edib.

Bundan başqa, həyatın ölüm halından sığortasında ödəniş 4,5 dəfə artaraq 748 min manat, kənd təsərrüfatı heyvanlarının sığortasında isə 3 dəfə artaraq 122,4 min manat olub.

Sığorta ödənişlərinin məbləği tibbi sığortada 12,3% artaraq 11,96 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortasında 35,5% artaraq 538,5 min manat, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortada 33,6% artaraq 675,7 min manat, avtomobillərin icbari sığortasında isə 19,9% artaraq 7,26 milyon manat təşkil edib.

3 ay ərzində sığorta ödənişlərinin ən çox azalması avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə ödəniş 92,7% azalaraq 14,8 min manat olub. Bundan başqa, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında ödəniş 73,1% azalaraq 2 min manat, kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında isə ödəniş 53,1% azalaraq 10,6 min manat təşkil edib.

Sığorta ödənişlərinin məbləği fərdi qəza və xəstəlik sığortasında 10,8% azalaraq 275,1 min manat, səfər sığortasında 21,2% azalaraq 48,4 min manat, kasko sığortasında 6,2% azalaraq 6,16 milyon manat, daşınmaz əmlakın icbari sığortasında isə 41,2% azalaraq 240,1 min manat olub.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR