Çin dünyanı "copy-paste" edir, Ukrayna boynubükük, Rusiya meydan oxuyur
Bizi izləyin

Hesabat

Çin dünyanı "copy-paste" edir, Ukrayna boynubükük, Rusiya meydan oxuyur

Çin dünyanı "copy-paste" edir, Ukrayna boynubükük, Rusiya meydan oxuyur

Daha bir gərgin həftəni və ayı yola saldıq.

Suriya, Ukraynada hadisələrin, eləcə də siyasi qarışıqlığın astanasında olan Türkiyədə olayların son məcrası müəmma olaraq qaldı. Konkret olaraq, ABŞ,Avropa Birliyi və Rusiya maraqlarının toqquşduğu bu dövlətlərdə hansı gücün qalib gələcəyini söyləmək çətindir.Bəlli olan odur ki, Ukrayna qarşıdakı iki ildə nə az, nə çox 25 milyard avro xarici köməyə ehtiyac duya bilər. Çünki ölkənin milli pul vahidi sürətlə dəyər itirməkdədir.Təkcə fevralda grivina 20 faiz dəyərdən düşüb. Ukrayna Mərkəz Bankı milli valyutanın dəyərini qorumaq üçün səy göstərsə də kurs ehtiyatı bitmək üzrədir. Hazırda ölkə xaricdən maliyyə vəsaiti axtarışındadır. Rusiyanın kredit xəttinin açılması yönündə geri çəkilməsinə baxmayaraq Avropa Birliyi köməyə hazır olduğunu deyir.

Başlayaq Ukraynadan.

Ölkədə hakimiyyətə gələn hökumət borclarını ödəyəcək qədər ehtiyatları olduğunu və çaxnaşmaya gərək qalmadığını açıqlayıb. Bazarları sakitləşdirməyə çalışan baş nazir Arseniy Yatsenyuk, Beynəlxalq Valyuta Fondu (BVF) ilə kredit almaq istiqamətində görüşlərin davam etdiyini söyləyir: “Təcili ehtiyac duyulan kreditin alınması üçün əlimizdən gələn səyi göstərəcik. Və islahatlar aparacıq. Burada ana prioritetlərdən biri Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq proqramını davam etdirməkdir. Bütün şərtləri tamamlayacağıq. Təkrar edirəm kredit üçün lazım olan şərtlər yerinə yetiriləcək. Ukrayna Parlamenti və Koalisiya kreditin alınması üçün lazımlı olan qanunlara yaxında səs verəcək".

Ukrayna Mərkəz Bankının rəhbəri Stepan Kubiv BVF səlahiyyətlilərinin ilk qiymətləndirmələr üçün gələcək həftə Kievdə olacağını deyib. BVF rəhbəri Christine Lagarde də Ukrayna ilə əlaqədar vəziyyəti qiymətləndirdi. Lagarde bildirib ki, qətiliklə gerçəklərə söykənib vəziyyəti olduğu kimi qiymətləndirməlidirlər. Bu anda çaxnaşma olmağı tələb edəcək kritik bir vəziyyət görmürük: “Ümid edirik ukraynalı səlahiyyətlilər kifayət qədər qiymətləndirilməmiş mənasız ədədlər ortaya atmazlar".

Ukrayna xalqı isə bütün bu şərhlərə baxmayaraq banklardan nağd pul çəkməkdə davam edir. Ukrayna Mərkəz Bankı, keçən həftə haqq hesablarının 7 faiz nisbətində azaldığını açıqlayıb. Banklarda olan 17,8 milyard dollar haqq hesabının15 milyard dollara düşdüyü deyilir.

Məhz bu səbəbdən də Mərkəz Bankı gündəlik çəkilə biləcək kurs miqdarına müvəqqəti məhdudlaşdırma tətbiq etməyə başlayıb. Bank gündəlik kurs çəkilişi həcmini 500 min dollarla məhdudlaşdırıb.

Rusiya isə qalibiyyəti əldən verməmək üçün növbəti “kartını” oynadı. Vəd etdiyi kredit xəttini açmamağı bəs deyil, Ukraynaya qarşı mavi qaz təzyiqinə başladı. Rusiyanın “Qazprom” konserni borclarını ödəmədiyi təqdirdə, qazın qiymətinə olan endirimi ləğv edəcəyini bəyan edib. Şirkətdən bildirilib ki, qazın qiymətinin bu cür ödənilməsi və öhdəliklərinin yerinə yetirilməsi ilə Ukrayna hazırda qazın qiymətinə olan endirimi saxlamaya bilər: “Endirim haqda razılaşma ödənişlərin vaxtında edilməsini nəzərdə tuturdu”.

“Qazprom”un məlumatına görə, Kiyevin qaza olan borcu 1,54 mlrd. dollardır. Həmçinin cari qaz nəqlinin ödənişi də edilməyib. Bu arada şirkətdən o da deyilib ki, Rusiya qazının Avropaya nəqli fasiləsiz olaraq həyata keçirilir. 2014-cü ilin fevral ayında qaz nəqlinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə eynidir.

Qeyd edək ki, Ukrayna Rusiya qazına görə endirimi 2013-cü ilin dekabrında Vladimir Putinlə Viktor Yanukoviçin görüşü zamanı əldə edib. Razılığa əsasən, yeni ildən Kiyev yanacağın 1000 kub metrinə görə 400 dollar əvəzinə, 268 dollar ödəyir. Endirim müddəti haqda isə heç bir məlumat verilməyib. Həmin vaxt Rusiya Ukraynaya 15 mlrd. dollar kredit də təqdim edib. Lakin hazırda Rusiya kreditin verilməsini dayandırıb.

Amerika Birləşmiş Ştatları (ABŞ) isə ixrac rəqəmlərinin gözləniləndən aşağı olduğunu revize edib.

Noyabr və dekabr aylarında istehlak xərcləmələri gözləniləndən zəif olub. Amerika iqtisadiyyatının üçdə ikisini meydana gətirən daxili istehlakın 3,3 faiz nisbətində böyüdüyü təxmin edilir.

Amerikan Mərkəz Bankının (FED) rəhbəri Janet Yellənil ağır qış şərtlərinin iqtisadiyyata mənfi təsir etdiyini bildirir. Bununla belə o, iqtisadiyyatın yaxında normala dönəcəyini söyləyir.

Avropanın ikinci böyük iqtisadiyyatı Fransada da işsizlik “xərçəng” xəstəliyi kimi ölkə iqtisadiyyatının əsas probleminə çevrilib. Yanvar ayında ölkədə işsizlik nisbəti yenə yüksəlib.

İş Nazirliyinin işsizlik rəqəmlərini açıqlaması prezident François Hollandeyə yenidən zərbə vurub. Nazirliyin məlumatlarına görə, işsizlik rəqəmləri yanvarda bir əvvəlki aya nisbətən 0,3 faiz nisbətində artıb. Yanvar ayında işsizlər ordusuna 8 min 900 adam da əlavə olunub. Beləcə Fransadakı işsizlərin sayı 3 milyon 316 min nəfəri keçib.

Avropa Komissiyasının proqnozlarına görə, Fransada işsizlik rəqəmləri 2014-2015-ci illərdə 11 faiz nisbətində qalacaq.

Maliyyə böhran sonrası qurtarma proqramı tətbiq olunan Yunanıstanla “troika” səlahiyyətliləri arasında növbəti kredit xətti üçün görüşlərə başlanılıb. Avropa Birliyi Komissiyası, Avropa Mərkəz Bankı və Beynəlxalq Valyuta Fondunun meydana gətirdiyi “Troyka” Yunanıstanda OECD tərəfindən istənilən islahatların yerinə yetirilib gətirilmədiyini araşdırmağa start verib. “Troyka” ilə yunan səlahiyyətlilər arasındakı yığıncaqlar davam edərkən, mətbuatda bankların ən az 20 milyard avroya ehtiyac duyulması yönündə xəbərlər yer almaqdadır.

Yunanıstan Avropa maliyyə nazirlərinin may ayında baş tutacaq yığıncağından əvvəl razılaşmanın tamamlanmasını istəyir. “Troyka” ilə razılaşma bu yığıncaqda imzalanacaq.

İş dünyası

Ötən il qlobal arenadakı səhmdarlar arasında qazanc 1 trilyon dolları aşıb. City Sərmayə və Rəhbərlik şirkətinin açıqladığı rəqəmlərə görə, qlobal əsasda bölünən qazanc payı ötən il 2,8 faiz nisbətində yüksəlib. Pay paylamasındakı bu yavaş artıma baxmayaraq 2009-cu ildən bəri səhmdarların qazancı 43 faiz səviyyəsində qalxıb.

Ən sürətli qazanc payı artımı Çin başda olmaqla inkişaf etməkdə olan ölkələrdə qeydə alınıb. Avropalı şirkətlər bu mövzuda ikinci olarkən, Amerikalı şirkətlər üçüncü sırada yer alıblar. Ən çox qazanan sektorlar neft, bankçılıq və telekomunikasiya olub.

Yaponyada virtual pul “Bitcoin” ticarəti aparan saytlardan biri iflasla bağlı açıqlama yayıb. Bir dövr virtual pul “Bitcion” ticarətinin ən böyük saytı halına gələn Mt. Gox pirat hücumlarının ardından müflisləşib. İllik 1,33 milyon dollar gəliri olan Mt. Gox, Tokio Bölgə Məhkəməsinə borclarının sahib olduğu varlığı keçdiyini ifadə edib.

Təhlükəsizlik sisteminin zəif olduğunu qəbul edən sayt özlərinə və müştərilərə aid 473 milyon dollar dəyərində 850 min “Bitcoin”in itirdiklərini açıqlayıb. Ay başında hesab əməliyyatlarını dayandıran Mt. Gox çərşənbə axşamı günü internet saytını bağlamışdı.

Avropanı sarsıdan maliyyə böhrandan sonra ictimailəşdirilən Şotlandiya Kraliyət Bankı 6 il ardıcıl zərərə uğradığını açıqlayıb. İngiltərə hökumətinin 2008-ci ildə 81 faizlik qisimini ictimailəşdirdiyi Şotlandiya Kraliyət Bankı 2013-cü ildə təxminən 14 milyard dollar zərər edib. Açıqlanan bu zərər son altı ilin ən yüksək səviyyəsi olub. Zərərin ardından bankın səhmləri dəyər itirib.

Şotlandiya Kraliyət Bankı t yenidən quruluşlanma planı hazırlayıb. Plan çərçivəsində bankın 4 müəssisəsi qapadılaraq 3-ə endiriləcək. Sərmayə bankçılığı hissəsində işləyən minlərlə insanın isə işinə son veriləcək.

İqtisadiyyatı sürətlə böyüyən Çin təkcə “copy paste”ni deyil, həm də milyarderlərinin sayını gedərək artırır. Belə ki, sərvəti bir milyard dollardan artıq olanların yeni siyahısında ABŞ-dan 400, Çindən isə 358 milyarder yer alıb. Bir ildə ölkədə milyarderlərin sayı 41 nəfər artıb. Siyahıda olan Çinli 87 zənginin isə siyasətlə güclü bağlarının olduğu göstərilib. Asiyanın ən zəngini isə 33,3 milyard dollar sərvəti ilə Li Ka-shingdir. Türkiyəyə gəlincə, ölkədə 38 milyarder var.

Gəldik ölkəmizə. Yola saldığımız həftə ölkədə daşınmaz əmlakın qiymətini çıxmaq şərti ilə qan qaraldan hadisə baş verməyib.

İlk əvvəl Maliyyə Nazirliyinin xarici borcların həcmi ilə bağı açıqladığı rəqəmlərdən başlayaq.

Azərbaycanın xarici dövlət borcu 2014-cü il yanvarın 1-nə 4 753,2 mln. manat, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 8,2% təşkil edib. Nazirliyin məlumatına görə,Azərbaycanın cəlb etdiyi kredit vəsaitlərinin 8,1%-i 10 ilə qədər, 43,6%-i 10 ildən 20 ilə qədər, 48,3%-i isə 20 ildən artıq olan müddətə ayrılıb. Yanvarın 1-nə xarici borcun 11,7%-i Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları (SDR), 47,1%-i ABŞ dolları, 28,8%-i avro, 9,5%-i yapon yeni, 2,9%-i isə digər valyutalar, o cümlədən BƏƏ dirhəmi, İslam dinarı, Səudiyyə rialı, Küveyt dinarı və İsveçrə frankının payına düşür.

Əsasən Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər Azərbaycanda iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə elektrik stansiyalarının tikintisi və bərpası, yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, aviasiya və dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və energetika və s. sahələrə sərf edilib.

Müqayisə üçün bildirək ki, xarici dövlət borcunun ÜDM-ə nisbəti Türkiyədə 36%, Rusiyada 14,1%, Gürcüstanda 32,9%, Macarıstanda 79,8%, Slovakiyada 34,3%, Çexiyada 40,2%-dir.Məhz buna görə, hələki başımızı yastığa rahat qoya bilərik.

Bu il “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasilatın azalacağı gözlənilir. Bunu isə “Reuters”ə müsahibəsində layihənin operatoru olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrel bildirib: “Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun işlənməsi və istismarı layihəsinə bu il təxminən 2 mlrd. ABŞ dolları həcmində sərmayənin yatırılması planlaşdırılır. Bu, ötən ilki xərcdən nisbətən azdır”.

Q.Birrel deyib ki, builki vəsait AÇG-də 19 quyunun qazılmasına sərf olunacaq.

Xatırladaq ki, keçən il AÇG-yə çəkilən əsaslı xərclər 2,8 mlrd. dollar təşkil edib. Bunun əsas hissəsi “Qərbi Çıraq” platformasının tikintisinə xərclənib. Şirkət “Qərbi Çıraq” platformasından neft hasilatına başladığını ötən ay açıqlayıb və bildirib ki, bu il platformadan orta hesabla gün ərzində 60 min barel neft hasil olunacaq.

Şirkətin regional rəhbəri əlavə edib ki, AÇG-də hasilat bu il nisbətən az olacaq. Buna səbəb isə “Mərkəzi Azəri” və “Qərbi Azəri” platformalarında planlaşdırılmış təkmilləşdirmə işlərinin aparılması olacaq. Bu, platformada əməliyyatların bir neçə həftə dayanmasına səbəb olub. Bu işlərin Azərbaycan Dövlət Neft Şirkəti ilə razılışdırıldığını vurğulayan Q.Birrel fasilənin nə vaxt bitəcəyini açıqlamayıb.

Onu da biildirək ki, 2013-cü ildə AÇG-də hasilat 2,2% azalaraq 32,9 mln. tondan 32,2 mln. tona (gündəlik – 650 min barel) düşüb.

Bu həftənin daha bir önəmli hadisəsi Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi oldu.

Dəyişikliyə əsasən, 95-dən az oktan ədədi ilə ifadə olunan (A-72 markalı) benzin növü üzrə 15 faizlik gömrük idxal rüsumu ləğv edilib. Bu qərar 2014-cü il iyunun 1-dək qüvvədədir. A-95 və daha yüksək markalı benzin növləri üzrə də 15 faizlik gömrük idxal rüsumu ləğv edilib və bu, zamanla məhdudlaşdırılmayıb. Yüksək markalı benzin növləri üzrə gömrük idxal rüsumunun ləğv edilməsi fevralın 1-dən qüvvədədir.

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 2014-cü il 21 yanvar tarixli 16 nömrəli qərarını isə ləğv edib. Həmin qərara əsasən, bütün benzin növləri üzrə 15 faizlik gömrük idxal rüsumu bu il iyunun 1-dək ləğv edilmişdi. Nazirlər Kabinetinin digər qərarı ilə 95-dən az oktan ədədi ilə ifadə olunan benzin növü üzrə aksiz vergisi 1 ton üçün 250 dollardan 1 dollara endirilib. Bu qərar da iyunun 1-dək qüvvədədir. 95 və ya daha çox, lakin 98-dən az oktan ədədi ilə ifadə olunan yanacaq növləri üzrə aksiz vergi dərəcəsi 1 ton üçün 100 dollar, 98 və ya daha çox oktan ədədi ilə ifadə olunan yanacaq növləri üzrə aksiz vergi dərəcəsi 1 ton üçün 150 dollar müəyyənləşdirilib və bu, zamanla məhdudlaşdırılmayıb. Yüksək markalı benzin növləri üzrə yeni aksiz vergi dərəcələri fevralın 1-dən qüvvədədir.

Beləcə gəlib çatdıq sona. Hər kəsə yaxşı həftəsonu tətili. Həyat qısadı,çalışın dəyərləndirin.

Pul, hirs, kin, hikkə bir zamana qədərdir. Sonda etdikləri və vicdanı qarşısında qalmayan insan yoxdur. Bunu unutmayın.

Xudahafiz

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm