• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Dünya bazarında təlatüm, qazanan “Apple”, itirən “Qazprom” və 3 milyard dollarlıq qənaət - HESABAT

  • Hesabat
  • 2 May 2015 15:27
  • 1 089 Baxış
Dünya bazarında təlatüm, qazanan “Apple”, itirən “Qazprom” və 3 milyard dollarlıq qənaət - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatı üçün gərgin keçdi. Amerika Mərkəz Bankı FED-in faiz artımına gedib-getməyəcəyi sual olaraq qaldı. Neftin qiyməti 21 həftədən sonra ilk dəfə 66 dollara yüksəldi. Rusiya Mərkəzi Bankı uçot dərəcəsini il başlayandan ikinci dəfə aşağı saldı və bununla da rubla can verdi. Fransada işsizlərin sayı artdı, Yaponiyada inflyasiya yüksəldi, Yunanıstan Beynəlxalq Valyuta Fondu (BVF) və Avro Bölgəsi ilə müzakirələr aparan heyətdə dəyişiklik etdi. “Qazprom”un gəlirlərinin 86 faiz azaldığı bəlli oldu, Ukrayna Rusiyadan 16 milyard dollarını tələb etdi.

Başlayaq həftələrdir müzakirəsi gedən FED-in gözlənilən toplantısından. Qurumun bu dəfə faiz dərəcəsi ilə bağlı hansısa razılığa gələcəyi güman edilir. Xatırladaq ki, mart ayında FED-in Açıq Bazar Komitəsi razılığa gələ bilməmişdi. Bir qrup iyunda faiz artımına gedilməsini istəmişdi. Lakin Amerika iqtisadiyyatı ilə bağlı açıqlanan məlumatlar, eləcə də dolların dəyərindəki artım belə bir qərarın payızdan əvvəl verilməyəcəyini göstərir.

Yunanıstan düşdüyü maliyyə probleminə bu həftə də əlac axtardı. Beynəlxalq Valyuta Fondu (BVF) və Avro Bölgəsi ilə müzakirələri aparan heyətdə dəyişiklik etdi. Maliyyə naziri Yanis Varoufakisin rəhbərlik etdiyi heyətin tərkibində siyasəti qrupunun yaradılması qərara alındı. Qrupun koordinatoru kimi xarici işlər nazirinin müavini Euclides Tsakalotos təyin edildi. Onu da bildirək ki, yeni qrupun yaradılması barədə qərar “Eurogroup”un toplantısında verilmişdi. Həmin vaxt yunan nümayəndə heyəti konkret islahat proqramı ortaya qoymamışdı.

Yaponiya nəhayət istədiyinə nail oldu. Təxminən 20 ildir deflyasiya təhlükəsi ilə burun-buruna olan ölkənin iqtisadiyyatında son bir ildə ilk dəfə inflyasiya yüksəliş nümayiş etdirib. Buna səbəb də Yaponiya Mərkəz Bankının pul siyasətində dəyişikliyə getməyəcəyini bəyan etməsidir. Hansı ki, bu qiymətlərdə 0,2 faizlik artıma səbəb olub. Müsbət xəbərə baxmayaraq, ölkənin hədəflədiyi illik 2 faiz inflyasiya nisbəti hələ real deyil.

Avro Bölgəsi də deflyasiya riskindən uzaqlaşır. Martda Avropa Mərkəzi Bankının tətbiq etdiyi maliyyə proqramı iqtisadiyyata öz təsirini göstərib. İnflyasiya nisbəti dörd ayda ilk dəfə yüksəlişə keçib.

Dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanından da xəbər var. Ölkənin “Aracom” neft şirkəti köklü struktur dəyişikliklərə getmək qərarına gəlib. “Əl Ərəbiyə” televiziyasının verdiyi xəbərə görə, şirkət Neft Nazirliyindən ayrılaraq muxtar qurum olacaq. Taxtın ikinci varisi Şahzadə Məhəmməd bin Salman tərəfindən verilən qərar Yüksək İqtisadiyyat Şura tərəfindən də qəbul edilib. Onu da bildirək ki, bu islahatın ölkənin neft siyasətinə necə təsir edəcəyi bilinmir. Amma bunun başlanğıc olduğu deyilir.

Rusiya Mərkəzi Bankı bu həftədə də rublu canlandırmaqla məşğul oldu. İlin əvvəlindən artıq ikinci dəfə uçot stavkasını endirdi. Bununla da may ayının 5-dən Rusiyada uçot stavkası 12,5 faiz təşkil edəcək. Beləliklə də, ilin əvvəli 17 faiz təşkil edən uçot stavkası əvvəlcə 14,5 faizə, indi isə 12 faizə endirilmiş oldu. Qeyd edək ki, ekspertlər uçot stavkasının 1-2 faiz endiriləcəyini proqnozlaşdırırdılar. Rusiya Mərkəzi Bankı il ərzində inflyasiyanın stabilləşəcəyini proqnozlaşdırır. Eləcə də ümumi daxili məhsulun tempinin bərpa olunacağını gözləyir. Bununla bərabər, Mərkəzi Bank birinci rübdə ÜDM-in azalmasını istisna etmir. Onu da bildirək ki, mart ayının 10-da Rusiyada illik inflyasiya 16,7 faiz təşkil etsə də, apreldə 16,5 faiz olub. Bu arada Mərkəzi Bankın uçot stavkası ilə bağlı qərarı rublun məzənnəsinə təsir edib. Birjalarda dollar və avro rubla qarşı yenə zəifləyib. Bir dollar 51,30 rubla, 1 avro 57,3 avro səviyyəsinə düşüb.

2014-cü il kimi 2015-ci il də fransızlara qara gəlib. Fransada işsizlik nisbəti yüksəlməkdə davam edir. İş Nazirliyinin şərhinə görə, fevralda 0,4 faiz artan rəsmi işsizlərin sayı martda da eyni nisbətdə artım nümayiş etdirib. Beləliklə ölkədəki işsiz ordusu ilk dəfə 3,5 milyon nəfərə yüksəlib. 25 yaşdan kiçik işsizlər arasında işsizlik 1 faiz də artıb. Xatırladaq ki, yanvar ayında Fransada işsizlik azalmışdı.

İş dünyası

Neftin qiymətinin düşməsi, ölkələrdəki devalvasiyalar, hətta işsizlik belə telefon satışına təsir etməyib. Dünyanın ən böyük texnologiya şirkətlərindən olan “Apple” 2015-ci ilin ilk üç ayında 61,2 milyon ədəd “iPhone” satıb. “Apple” xüsusilə Çində yüksək satış rəqəmləri əldə edib. Şirkətin bir səhmə düşən gəliri 2,33 dollar olub. Araşdırma şirkətlərinə görə, “Apple” keçən il 10.22 milyard dollar, yəni hissə başına 1.66 dollar gəlir əldə edib. Şirkət təkcə Çindən 16,8 milyard dollar gəlir əldə edib. “Apple Watch”un qızıl korpuslu ağıllı saatları Rusiyada 1,75 milyon rubl təşkil edir. Bunu da dollara konvertasiya etdikdə 33 458 dollar alınır.

Söz “Apple”dən duşmuşkən, “Apple Watch” Rusiyada Avropa və Amerikadakından 4 dəfə bahadır. Amerikada eyni model ağıllı saatlar 15 min dollar təşkil edir. Satıcıların sözlərinə görə, Rusiyada insanlar “Apple Watch”la maraqlansalar da, hələlik bu texnikaya kimsə pul vermək niyyətində deyil. Xüsusilə saatların paslanmayan korpuslu modeli də Rusiyada həddən artıq bahadır. Belə ki, ABŞ-da bu qiymət 699 dollar, Rusiyada internet mağazalarda qiymət isə 2660 dollardır. Məlum olur ki, ağıllı saatların Rusiyadakı qiymət Avropadakından 2-4 dəfə bahadır. Fiziki şəxslər tərəfindən Rusiyaya belə saatlardan cəmi 1500-2000 ədədi gətirilib.

Xatırladaq ki, “Apple Watch”un dünya bazarlarında satışına bu ilin aprel ayının 24-dən başlanılıb. “Aplle”nin ağıllı saatları üç versiyada istehsal edilib. Birinci versiya alüminium korpuslu “Watch Sport”dur. İkinci versiya paslanmayan korpusa malik “Watch”. Üçüncüsü tərkibində 18 karatlıq brilyant olan “Watch Edition”dur. İndiyə qədər alıcılar (62 faiz) əsasən modellərdən ən ucuzuna pul ödəyiblər. Hansı ki bu da “Watch Sport”dur. Ağıllı saatın qiyməti 349 dollardır.

Rusiyanın ən böyük təbii qaz istehsalçısı “Qazprom “ölkə iqtisadiyyatındakı çöküşdən payını alıb. Neft şirkətinin 2014-cü ildəki dəqiq qazancı 86 faizə düşərək 2,8 milyard avro olub. Rublun digər valyutalar qarşısında zəifləməsi dollarla borclanan şirkətin xərclərini daha da artırıb. “Qazprom”un gəlirlərinin azalmasına 2014-cü ildə Ukrayna başda olmaqla avropalı müştərilərə təbii qaz satışının azaldılması da rol oynayıb.

Söz “Qazprom”dan və Ukraynadan düşmüşkən, “Naftoqaz” şirkəti Stokholm Arbitraj Məhkəməsi vasitəsiylə Rusiyadan 16 milyard dollar tələb edir. “Naftoqaz” 2014-cü ilin oktyabrında Rusiya təbii qazının tranzit qiymətinə yenidən baxılması iddiası ilə məhkəmə qarşısında iddia qaldırıb. Ukrayna şirkəti mövcud müqavilənin ləğv edilməsini, Avropa Birliyinin üçüncü enerji paketinə uyuqunlaşdırılmasını tələb edir. İddiada “Qazprom”a ödənilən əlavə pulun geri qaytarılması da əksini tapıb. Həmin məbləğ də 16 milyard dollardır.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Bu həftə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov hesabat verdi. Məlum oldu ki, 2015-ci ilin yanvar-mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri 2 028,0 milyon manat, büdcə xərcləri isə 2 335,6 milyon manat təşkil edib, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə əlaqədar Dövlət Neft Fondunun (ARDNF) büdcədənkənar gəliri 7 488,7 milyon manat olub.

O bildirib ki, 2015-ci ilin ilk 3 ayı ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 938,9 milyon manat, о cümlədən mənfəət neftinin və qazın satışından 1 936,3 və tranzit gəlirləri 2,6 milyon manat təşkil edib: “Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 89,1 milyon manata bərabər olub. Hesabat dövrü ərzində Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 1 941,7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 47,9 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 25,1 milyon manat vəsait ayrılıb. Bakı-Tbilisi-Qars yeni dəmiryolu layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 3,9 milyon manat vəsait ayrılıb. 2,7 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. "Cənub Qaz Dəhlizi" layihəsi üzrə isə 307,4 milyon manat vəsait ayrılıb. 2015-ci ilin yanvar-mart aylan ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 6,9 milyon manat təşkil edib".

Məlum olub ki, 2015-ci il aprelin 1-nə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən 5,86% azalaraq, 34 930,5 milyon dollara bərabər olub.

Ş.Mövsümov fevral ayındakı devalvasiyadan da danışıb. O deyib ki, Azərbaycan Mərkəzi Bankının manatın devalvasiyası ilə bağlı verdiyi qərar tamamilə doğru addım idi. Belə ki, devalvasiya qısa və uzun müddətli hədəflərin nail olmasına imkan yaradıb: “Devalvasiya nəticəsində fondun büdcəsinin icrasında pozitiv dəyişikliklər baş verdi. Biz büdcəyə 10 milyard manat transfert etmək üçün əgər 13 milyard dollar konvertasiya etməli idiksə, devalvasiyadan sonra biz cəmi 10 milyard dollar konvertasiya edəcəyik. Yəni, fond 3 milyard dollar vəsaitə qənaət edə bildi”.

Ş. Mövsümov əlavə edib ki, ARDNF-in büdcədə nəzərdə tutduğu tədbirləri tam icra etməyə imkanı var.

DESFA-dan da xəbər var. Belə ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin səhmlərinin alınması məsələsi Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) asılı olmadığını deyib. Onun sözlərinə görə, DESFA-nın özəlləşdirilməsi ilə bağlı müqavilənin imzalanması ilin sonuna kimi uzadılıb.

"Hazırda bununla bağlı araşdırma aparılır və 34 nəfərlik nümayəndəmiz Avropa Komissiyasının verdiyi sualları cavablandırır”, - deyə SOCAR prezidenti qeyd edib.

Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır.

2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib. 2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.

SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR