Qlobal artım proqnozları dəyişdi, İngiltərə şirkətlərini, Malayziya təyyarələrini satışa çıxardı, 20 min nəfər ixtisar edildi - HESABAT
Bizi izləyin

Hesabat

Qlobal artım proqnozları dəyişdi, İngiltərə şirkətlərini, Malayziya təyyarələrini satışa çıxardı, 20 min nəfər ixtisar edildi - HESABAT

Yola saldığımız həftə dünya birjalarının və iqtisadiyyatları neftdən asılı olan ölkələrin gözü Vyanada keçirilən Neft İxrac edən Ölkələr Birliyinin toplantısına yönəldi. Nəticə əvvəlcədən gözlənildiyi kimi olsa da, yəni 2014-cü ildə qəbul edilən qərar dəyişdirilməsə də, neftin qiyməti yenə ucuzlaşdı. Avropa Mərkəzi Bankı da OPEC kimi əvvəlki qərarını qüvvədə saxladı. Faiz nisbətini artırmadı. Əvəzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı qlobal artım proqnozlarını endirdi. İş dünyasına gəlincə, orada da xəbərlər ürəkaçan olmadı. “Qazprom” pul qazanmağa yeni vasitə tapdığına sevindi, Avropanın ən böyük bankı HSBC ixtisarlara hazırlaşdı, Malayziya Hava Yolları təyyarələrini satışa çıxardı.

Başlayaq Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) Vyanada reallaşan toplantısından. Gözləndiyi kimi, toplantıda OPEC üzvləri ilə təşkilata üzv olmayan neft ölkələri arasında istehsalın həcmi ilə bağlı müzakirələr reallaşdı. OPEC açıq şəkildə dekabra qədər xam neftin qiymətlərində dəyişikliyə gedilməyəcəyini bəyan etdi. Bildirdi ki, bazar payı qorunub saxlanacaq və aşağı qiymət siyasəti davam etdiriləcək. Hətta OPEC-in ümumi katibi Abdullah Salam əl-Bedri hər kəsi aşağı qiymətə alışmağa da çağırdı: "Son 4 il ərzində neftin barelinin 100 dollardan yüksək olmasını təqdirlə qarşıladıq. Bu vəziyyətdən çox yaxşı qazanc götürdük. Lakin həmin dövr sona çatdı. Belə yaşamağa öyrəşməliyik. Neft artıq 100 dollar olmayacaq”.

Məlumat üçün qeyd edək ki, OPEC-in hasilatı (gündəlik 30 milyon barrel) 2012-ci ildəki səviyyədədir. Sadəcə, bazarların tələbi bu səviyyədə deyil. İqtisadiyyatları neftdən asılı olan bir çox OPEC ölkəsi tavanın yüksəldilməsini istəsələr də, Səudiyyə Ərəbistanı buna qarşı çıxır.

Həftənin daha bir önəmli hadisəsi Avropa Mərkəz Bankının (AMB) maraqla gözlənilən pul siyasəti toplantısı oldu. Düzdür, OPEC-in iclası kimi burada da bazarlar sürpriz qərarla üzləşmədilər. Bank 0,05 faiz olan faiz nisbətini yenə də dəyişdirmədi. Çünki iqtisadiyyatı və inflyasiyanı canlandırmaq üçün pul genişləmə proqramı tətbiq edən bank aşağı faiz nisbətini problem hesab etmir: "Aşağı faiz nisbətlərinin uzun müddət tətbiq olunması bir sıra problemləri özü ilə gətirir. Amma bu, pul siyasətimizi dəyişdirmək üçün etibarlı səbəb deyil”.

Yeri gəlmişkən, Avro Bölgəsində inflyasiya son 5 aylıq enişdən sonra yüksəlişə keçib. Gözləntilərdən artıq bahalaşan istehlak qiymətləri may ayında 0,3 faiz olub. Avropa Birliyi Statistik Ofisindən gələn son məlumatlar qiymətlərin xüsusilə qida və xidmət sektorunda artdığına işarə edir. İnflyasiyadakı yüksəliş Avropa Mərkəz Bankının martda tətbiq etdiyi istiqraz alış proqramının müsbət nəticəsi kimi dəyərləndirilir.

Belə ki, 2016-cı ilin sonuna qədər bank istiqraz alışı proqramı çərçivəsində 1 trilyon 100 milyard avroluq alış planlaşdırır. Martda start götürən proqramdan sonra 19 üzvlü Avro Bölgəsində inflyasiya artıb.

İngiltərə büdcə kəsirini bağlamaq üçün çarəni özəlləşdirmədə tapdı. Seçkilərdəki zəfərdən sonra hakimiyyətlərini 5 il uzatmağı bacaran mühafizəkar hökumət “Royal Mail”dəki bütün hissələrini satışa çıxardı.

2013-ci ilin payızından şirkətdəki payını azaltmağa başlayan Cameron hökuməti əlində qalan 30 faiz hissəsini də satacaq. London rəhbərliyi bu əməliyyat sayəsində xəzinəyə 2,3 milyard dollar gəlir daxil etməyi planlaşdırır.

O ki qaldı büdcə kəsirinə, bu rəqəm ölkənin ümumi daxili məhsulunun 90 faizinə bərabərdir. 2019-cu ilə qədər büdcə kəsirini bağlamağı hədəfləyən hökumət bu müddətdə nazirlik və ictimai xidmət xərcləmələrində 25 milyard sterlinq azalmaya getməyi hədəfləyir. Bir məqamı da vurğulayaq ki, İngiltərə Mərkəz Bankı Avropa Mərkəz Bankı kimi ölkə tarixindəki ən aşağı səviyyəli faiz nisbətini dəyişdirməməyi qərara alıb. Artıq altı ildir faiz nisbəti 0,5 faizdir. İngiltərənin aşağı faiz nisbətini saxlamasının əsas səbəbi bu ilin birinci rübündə iqtisadi artımın yavaşlamasıdır.

Həftə ərzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) da qlobal artım proqnozlarını dəyişdirdi. Təşkilat 2015-cü il üçün bu nisbəti 4 faizdən 3,1 faizə çəkdi. 2016-cı il üzrə 4,3 faizdən 3,8 faizə endirdi. Nəzərə çatdıraq ki, təşkilatın proqnozlarında dəyişikliyin səbəbi ABŞ iqtisadiyyatının ilin birinci rübündə pis göstəricilər nümayiş etdirməsidir. Nəticədə OECD ölkə iqtisadiyyatındakı artım proqnozunu 3,1 faizdən 2 faizə çəkib. Çin iqtisadiyyatındakı yavaşlamanın da davam edəcəyini açıqlayan OECD 2014-cü ildə iqtisadi artımı 7,4 faiz proqnozlaşdırırdısa, bu il həmin rəqəmin 6,8, 2016-cı ildə isə 6,7 faiz olacağını bildirir.

Təşkilatın ən bədbin proqnozu isə Yunanıstanla bağlıdır. OECD bütün tərəfləri xəbərdar edib. Qeyd edib ki, böhranın sona çatması üçün tərəflər ən qısa müddətdə razılaşmaya gəlməlidirlər.

OECD-in hesabatında diqqətiçəkən məqam xam neftin qiymətindəki azalmanın iqtisadi artıma müsbət təsir edəcəyi ilə bağlı proqnozdur. Təşkilata görə, 2016-cı ilin sonundan etibarən artım nisbəti böhrandan əvvəlki səviyyəni tuta biləcək. Təşkilatın ən böyük narahatçılığı isə sərmayələrin gözlənildiyindən aşağı olması ilə bağlıdır: “Yüksək səviyyəli işsizlik nisbəti, artan bərabərsizlik, maaşlardakı zəif artımlar canlanmanı yavaşladır”.

İş dünyası

Yola sadığımız həftə “Qazprom” pul qazanmağın yolunu tapdı. Rusiyaya qarşı maliyyə sanksiyalarından böhran yaşayan şirkət çarəni qaya neftində görərək strategiyasına dəyişiklik etdi. “Qazprom” Liqroin və Qərbi Sibirdə 2018-ci ildən başlayaraq gündəlik 40 min barel qaya nefti istehsal edəcək. Qərbin neft şirkətlərindən bu mövzuda dəstək ala bilməyən “Qazprom” üzünü Çinə çevirib.

İki ölkə qaya neftinin çıxarılmasında texnoloji əməkdaşlıq barədə razılığa gəlib. Bundan əlavə Rusiya təbii qazının Çinə çata bilməsi üçün lazım olan boru xəttinin inşası nəzərdə tutulub. İki ölkə arasında 2014-cü ildə imzalanan razılaşmaya görə boru xətti sayəsində 2019-cu ildən etibarən Çinə ildə 38 milyard kubmetr təbii qaz ötürüləcək.

Avropanın ən böyük bankı HSBC isə ixtisarlara hazırlaşır. Bankın mərkəzini İngiltərədən Asiyaya daşımağı planlaşdıran rəhbərlik 2017-ci ilin sonuna qədər 20 min nəfərlə yollarını ayıracaq. Son illərdə qazanc əldə etməkdə çətinlik çəkən, eləcə də maliyyə cəzasına uğrayan bank Türkiyə və Braziliya bazarlarından da çıxa bilər. Konkret, Türkiyədə 300 şöbəsi olan HSBC 2014-cü ildə də 155 milyon dollar zərərlə üzləşib.

Onu da bildirək ki, yeni strateji plan gələn həftə açıqlanacaq.

Adı təyyarə qəzalarıyla məşhurlaşan Malayziya Hava Yolları iflasla üz-üzədir. Yenidən təşkilatlanma proqramının tətbiqinə hazırlaşan rəhbərlik 20 min işçisindən 6 min nəfəri ilə yollarını ayıracaq. 2014-cü ildə təyyarələrindən biri itən, digəri isə vurularaq salınan Malayziya Hava Yolları bir çox beynəlxalq səfərini də ləğv edəcəyini, sahib olduğu 6 ədəd “Airbus A380” tipli sərnişin təyyarəsindən ikisini satışa çıxaracağını açıqlayıb.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Həftənin surpriz xəbəri ipoteka ilə ev almaq ümidi olanlara verildi. Belə ki, Azərbaycanda bir sıra banklar ipoteka krediti üzrə ilkin ödənişləri artırdılar. Konkret olaraq, İpoteka Fondunun ipoteka xətti üzrə ipoteka kreditləri verən 29 bankdan 12-si adi və güzəştli ipoteka, 5 bank isə adi ipoteka kreditləri üzrə ilkin ödənişi artırıb. Artım 2,5-3 dəfə təşkil edir. Ekspertlərin fikrincə, bankların ilkin ödənişi artırması Azərbaycanda ipotekaya tələbatın azalmasına səbəb olacaq. Əhali mənzil alarkən kreditlərə daha az müraciət etmək məcburiyyətində qalacaq. Xüsusilə bu, hərbçilərə aiddir, çünki məhz həmin kateqoriyadan olan insanlar ilkin ödənişin verilməsi ilə bağlı müəyyən çətinliklər yaşayırlar.

Daha bir önəmli hadisə Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatlarının aprellə müqayisədə 42,9 milyon dollar artaraq (0,51 faiz) 8,43 milyard dollara çatması, əvəzində bazarlarda Azərbaycan neftinin ucuzlaşması oldu. Düzdür, SOCAR prezidenti Rövnəq Abdullayev hələ ki nikbindir. Belə ki, o, neftin qiymətinin düşməsinə baxmayaraq, bütün layihələrin həyata keçirildiyini deyir: “Heç bir layihəni dayandırmamışıq. Çünki həmin layihələrin maliyyələşmə məsələləri həll olunmuşdu. Maliyyə mənbələri bəlli idi. Bütün layihələr qrafikə uyğun həyata keçirilir”.

Söz enerjidən düşmüşkən. Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı nəzərdə tutulan işlərin təxminən 31%-i artıq yekunlaşıb. Bunu jurnalistlərə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel deyib. Onun sözlərinə görə, bura layihələndirmə, torpaqların alınması və s. işlər daxildir: “"Çıraq" yatağındakı platformada yenidənqurma işlərinə iki ay sonra başlanacaq: "Bilirsiniz ki, "Qərbi Azəri" platformasında profilaktik işlər aparılır. Bu işlər bitəndən sonra "Çıraq" platformasında da profilaktik işlər aparılacaq. İşlər cari hasilata təsir etsə də, illik hasilata təsiri olmayacaq. Bizə lazım olan quyulardan 8-ni qazmışıq. Həmçinin, iki platforma üçün iki dayaq blokları quraşdırılıb. Sualtı borular düzən gəminin modernləşdirilməsi işləri başa çatdırılıb. Bir neçə günə işlərə start veriləcək. Gürcüstanda tikilməli olan iki iri kompressor stansiyasının tikintisinə artıq başlanılıb".

O qeyd edib ki, ümumilikdə, "Şahdəniz" layihəsinin ikinci hissəsi və Cənub Qaz Kəməri üçün təkcə Azərbaycanda dəyəri 10 mlrd dollardan artıq olan müqavilələr imzalanıb. Azərbaycanda hər iki layihənin icrasına 12 500 işçi cəlb edilib.

Məndən bu qədər. Hər birinizə uğurlu həftəsonu tətili.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm