Çin Hollivudun bir nömrəli bazarı oldu, Amerikada işsizlərin sayı azaldı, SOCAR və “Qazprombank” müqavilə imzaladı – HESABAT
Bizi izləyin

Hesabat

Çin Hollivudun bir nömrəli bazarı oldu, Amerikada işsizlərin sayı azaldı, SOCAR və “Qazprombank” müqavilə imzaladı – HESABAT

Banklar faiz nisbətlərinə əl gəzdirdi, dünyanın ən varlı regionu tapıldı, supermarketin vergi cənnətində milyardlar aşkarlandı

Yola saldığımız həftə dünyanın iqtisadi güclərində bankların faiz nisbətlərinə əl gəzdirmələri ilə yadda qaldı. ABŞ Mərkəzi Bankı uzun müzakirələrdən sonra yenə də faiz nisbətini dəyişmədi. Rusiya Mərkəzi Bankı uçot stavkasını 1 bal da endirdi. İsveçrə Mərkəzi Bankı (SNB) frankın məzənnəsinin güclənməsinin iqtisadiyyata mənfi təsir etməsi səbəbindən faiz nisbətini aşağı səviyyədə sabit tutmaq qərarına gəldi. Avropa Mərkəzi Bankı isə Yunanıstanın likvidit tələbi ilə razılaşdı. İngiltərədə statistika ölkədə həyat standartlarının yaxşılaşdığını açıqladı.

Başlayaq FED-in toplantısından. ABŞ Mərkəz Bankı, nəhayət, ölkənin iqtisadi göstəricilərini müzakirə etdi. Oktyabrda pul genişləmə proqramının sona çatmasından sonra səlahiyyətlilər faiz nisbətlərini bu ay yüksəldəcəklərini açıqlasalar da, artım qərarı verilmədi. Mütəxəssislər əvvəlcədən Amerika iqtisadiyyatında rəqəmlərin Janet Yelləninilin faiz nisbətlərini artırmaq həvəsinin əksinə, pessimist çıxa biləcəyinə dair şərhlər verirdilər. Bu arada Beynəlxalq Pul Fondunun (IMF) rəhbəri Kristine Lagarde də ABŞ Mərkəz Bankını təmkinli olmaq mövzusunda xəbərdar edib.

Amerikadan daha bir xəbər var. İşsizlik maaşı ilə bağlı müraciət edənlərin sayı azalıb.

Amerika Əmək Nazirliyinin məlumatına görə, keçən həftə ilk dəfə işsizlik maaşı istəyənlərin sayı əvvəlki həftəyə nisbətən 12 min nəfər azalaraq 267 min nəfər təşkil edib. FED işsizlik nisbətinin bu il sonunda düşəcəyini proqnozlaşdırır.

İngiltərədə isə maaşlar artaraq son 4 ilin ən yüksək səviyyəsinə çatıb. Statistika ölkədə həyat standartlarının yaxşılaşdığını açıqlayıb. İşçilərin həftəlik qazancı aprel ayında ötən ilin eyni dövrünə nisbətən 2.7 faiz artıb. Ölkədə işsizlik nisbəti 5.5 faiz təşkil edir. Bu rəqəm 2008-ci ildən bəri qeydə alınan ən aşağı səviyyədir.

Yola saldığımız həftə Yunanıstan üçün daha gərgin oldu. 1,6 milyard avro borcunu qaytarmaq üçün maliyyə yardımı axtardı. Avropa Mərkəzi Bankının (AMB) banklara etdiyi yardımı kəsmə ehtimalı əhalinin hesablarındakı pulunu çəkməsinə yol açdı. Nəhayət, Avropa Mərkəzi Bankı Yunanıstanın "göz yaşları"na dözmədi. AMB-nin idarə heyətinin fövqəladə toplantısı təşkil olundu. Yunan banklarındakı likvidlik böhranı müzakirə edildi. Bank Yunanıstan Mərkəz Bankının Təcili Likvidlik Yardımının 3,5 milyard avro artırılması istiqamətində tələbini qəbul etməsə də, kömək edəcəyini bildirdi.

Bununla belə Yunanıstanın Avro Bölgəsində qalıb-qalmayacağı müzakirələri davam edir.

İsveçrə Mərkəzi Bankı (SNB) isə frankın məzənnəsinin güclənməsinin iqtisadiyyata mənfi təsir etməsi səbəbindən faiz nisbətini aşağı səviyyədə sabit tutmaq qərarına gəldi. Bank frankın iqtisadiyyata təsirini azaltmaq üçün hərəkətə keçməyə hazır olduğunu da açıqladı. Xatırladaq ki,SNB yanvar ayında frankın avroya nisbətini 1.20 frank müəəyyən etdikdən sonra İsveçrədə ixraca söykənən iqtisadiyyat resessiyaya daxil olub.

Rusiya Mərkəz Bankından da xəbər var. Bank faiz nisbətində yenidən dəyişiklik edib. Bank dərin böhrandan keçən ölkə iqtisadiyyatına dəstək məqsədilə nisbəti bir bal da endirərək 11,5 faiz səviyyəsinə çəkib. Qeyd edək ki, 2014-cü ilin dekabrında Mərkəz Bankı neftin qiymətindəki eniş səbəbindən rublun dəyər itkisinə maneə törətmək üçün uçot stavkasını 6,5 faizdən 17 faizə qaldırmışdı. 2015-ci il başlayandan bəri faiz nisbətini 4 dəfə endirib. Amma hələ ki rubl buna reaksiya vermir. İllik inflyasiya nisbəti mayda 15,8 faizə yüksəlib. Ölkə iqtisadiyyatının bu il 3,2 faiz nisbətində daralması gözlənilir.

Asiya 2016-cı ildə dünyanın ən varlı regionu olacaq. Sürətli artım və dayanıqlı bazar Asiyanı 2016-cı ildə dünyanın ən varlı regionuna çevirəcək.“Boston Cunsulting Group”-un “Dünyanın varı” hesabatına əsasən dünya bazarının həcmi 2014-cü ildə 11,9 faiz artmış, bu il üçün isə 12,3 faiz artım müşahidə edilir. Bu nəticələr dünyanın müxtəlif regionlarında bazarların həcminin azalması və artması hesabına formalaşır.

Qeyd edək ki, hesabata əsasən Şimali Amerika bazarında 2014-cü ildə 5,6 faiz (50,8 trillion dollar) artım müşahidə edildiyi halda, təkcə Yaponiya bazarı həmin il 29,4 faiz (47,3 trillion dollar) artıb.

Faktlar göstərir ki, Asiya regionu 2016-cı ildə Şimali Amerikanı ötərək dünya lideri olacaq. Asiya regionunun iqtisadi artım tempi 2019-cu ilədək proqnozlaşdırılır.

İş dünyası

Amerikanın pərakəndə nəhəngi “Wolmart”ın vergi cənnətlərində 76 milyard dollar sərvəti olduğu açıqlanıb. Beynəlxalq Birləşmiş Qida və Ticarət Təşkilatı tərəfindən nəşr olunan hesabata görə,”Wolmart”ın vergi cənnəti ölkələrində 78 şöbəsi var. Şirkətin son 6 il ərzində vergidən 3.5 milyard dollardan çox qazanc əldə etdiyi təxmin edilir.

Çin bu il Hollivudun bir nömrəli bazarı hesab edilir. Belə ki, son dövrdə çəkilən filmlərdə əsasən çinli aktyorlar rol alır. Eyni zamanda çəklişlərdə Çinə aid məhsullardan istifadə edilir.

Kino tarixində ilk dəfə 2015-ci ildə fevral ayında Hollivudun Çində əldə etdiyi gəlir ABŞ-dakı gəlirini üstələyib.

“Capgemini” konsaltinq qrupu və “Wealth Management” bankı dünyada milyonçuların sayını açıqlayıb. Hər iki qurumun illik hesabatında deyilir ki, ötən il planetin ən varlı adamlarının siyahısına daha 920 min şəxs əlavə olunub.

Milyonçuların siyahısına daşınmaz əmlak, bahalı incəsənət əşyaları və avtomobillər nəzərə alınmadan 1 milyon dollardan yuxarı investisiyaya malik şəxslər daxil edilir. Dünyada belə insanların sayı 14,6 milyon nəfərdir. Onların 60 faizi ABŞ, Yaponiya, Almaniya və Çində yaşayır.

Hesabatda bildirilir ki, yeni milyonçuların 345 mini ABŞ-dan çıxıb və ümumilikdə 4 milyon 351 min milyonçu ilə ölkə birinciliyini qoruyub. ABŞ-ı 2 milyon 452 min milyonçu ilə Yaponiya və bir milyon 141 min milyonçu ilə Almaniya izləyir. Milyonçu sayı ötən illə müqayisədə 17% artan Çin isə siyahıda dördüncü yeri tutur.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Əvvəlcə başlayaq statistikadan. Azərbaycana ət məhsulları ixrac edəcək Rusiya şirkətlərinin siyahısı hazırlanır, may ayında ölkədə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 16% azalıb, yanvar-may aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 9,3 mlrd. dolları ötüb, dövlət büdcəsinə gömrük daxilolmalarının həcmi 5%, sığorta bazarı isə 11% artıb.

Həftənin daha bir önəmli xəbəri SOCAR və Rusiya “Qazprombank”ı arasında imzalanan müqavilə oldu. Hansı ki, “Qazprombank” Azərbaycanda polipropilen və polietilen istehsalı ilə məşğul olacaq “SOCAR Polymer” zavodunun inşasının maliyyələşdirilməsinə kredit ayırmağı qəbul etdi. Bildirək ki, sənəd “Qazprombank”ın İdarə Heyətinin sədri Andrey Akimov və SOCAR prezidenti Rövnəq Abdullayev arasında imzalanıb. İmzalanma mərasimi bu gün Sankt-Peterburqda keçirilən İqtisadi Forum çərçivəsində baş tutub. “Qazprombank”ın İnvestisiya Komitəsi “SOCAR Polymer” üçün 10 il müddətinə 489 mln. dollar həcmində kredit ayırıb.

“Biz SOCAR-la uzunmüddətli strateji əməkdaşlıq qurmaq niyyətindəyik və “SOCAR Polymer” layihəsinin maliyyələşdirilməsinə bu əməkdaşlığın növbəti mərhələsi kimi baxırıq. Ümid edirik ki, maliyyə müqaviləsinin bağlanılması banka SOCAR tərəfindən həyata keçirilən digər layihələrdə də iştirak etməyə imkan yaradacaq. Həmçinin “Qazprombank” Qrupuna aid olan digər bir holdinqin – Birləşmiş Maşınqayırma Zavodlarının da əməkdaşlığa cəlb olunması planlaşdırılır”, – deyə A. Akimov bildirib.

Yeri gəlmişkən, ruslar SOCAR-a təkcə borc pul deyil, qaz da satmaq istəyirlər. “Qazprom” ASC-nin rəhbəri Aleksey Miller deyib ki, “Qazprom” şirkəti Azərbaycanın lazım olan həcmdə qaz idxalında tələbatını ödəməyə hazırdır: “Azərbaycan iqtisadiyyatının və daxili qaz tələbatının artımı ilə əlaqədar olaraq, “Qazprom” ölkənin lazım olan həcmdə qaz idxalında tələbatını ödəməyə hazırdır”.

Məndən bu qədər. Hər birinizə uğurlu həftəsonu tətili.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm