• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

AB-Moskva “müharibəsi”nin ağrısı, banklara axışan əhali, Şimali Avropaya ayaq açan işsizlik və batan rus şirkətləri - HESABAT

  • Hesabat
  • 27 İyun 2015 15:00
  • 1 768 Baxış
AB-Moskva “müharibəsi”nin ağrısı, banklara axışan əhali, Şimali Avropaya ayaq açan işsizlik və batan rus şirkətləri - HESABAT

Yola saldığımız həftə birjalar və Rusiya üçün gərgin keçdi. Belə ki, ABŞ Mərkəz Bankının ötən həftənin sonunda reallaşdırdığı toplantıda faiz nisbətini sabit saxlaması dolları vurdu. Həftə ərzində dolların məzənnəsində sürətli eniş müşahidə edildi. Əvəzində bazarlarda üstünlüyü qızıl ələ aldı. Qiymətli metal bir gündə 2 dollar bahalaşdı. Avropa Birliyi 100 milyard dollar ziyana düşməsinə rəğmən Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı. Yunanıstanda defoltdan qorxan xalq banklara axışıb pullarını geri çəkdilər, Avropanı bürüyən işsizlik virusu Finlandiyaya da ayaq açdı.

Başlayaq, Avropa Birliyi ilə Rusiyanın sanksiya, embarqo davasından. Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini 2016-cı ilə qədər uzatdı. Bu da Kreml rəhbərliyini hərəkətə keçirdi. Moskva öz növbəsində Qərbə qarşı tətbiq etdiyi qida embarqosunu 2016-cı ilin iyununa qədər uzatdı. Baş nazir Dimitri Medvedev hətta embarqo tətbiq edilən qida məhsullarının siyahısında dəyişiklik edilə biləcəyini də dilə gətirdi: "Bu siyahı qəti deyil. Avropa Birliyindən ortaqlarımızla əlaqələr və bir çox başqa faktorlar siyahının dəyişməsini təmin edə bilər. Sanksiya döyüşünü başladan Rusiya deyildi. Dayandırmaq üçün ortaq şəkildə səy göstərmək lazım idi". Onu da bildirək ki, Rusiyanın embarqosu Avropa Birliyinə son 1 ildə 100 milyard avroya başa gəlib.

İqtisadi böhranla boğuşan Yunanıstanda bank depozitləri 11 ilin ən aşağı səviyyəsinə enib. Ölkənin banklarındakı depozitlərin həcmi 2.8 nisbətində enərək 129.9 milyard avroya düşdü. Xatırladaq ki, sonuncu dəfə bank depozitlərində bu həcm 2004-cü ildə iqtisadi böhran dövründə qeydə alınmışdı. Həmin vaxt bank depozitləri 130 milyard avro idi. 2009-cu ildə isə bank depozitləri 238 milyard avroya yüksəlmişdi.

Ekspertlərin rəyinə görə, depozitlərin azalmasına səbəb defolt riskindən qorxan əhalinin vəsaitlərini banklardan geri çəkməsidir: “Hamı pulunu bankdan çəkir. Əhalin düşünür ki, pis vəziyyətdə cibində ən azı pulu olacaq”.

Bu arada Avropa Mərkəz Bankı yunan banklarına likvid yardımının həcmini dəyişdirməməyə qərar verib. Belə ki, Mərkəzi Bank yunan banklarına 87.8 milyard avro səviyyəsində likvidlik verəcək.

Həftənin daha bir maraqlı hadisəsi Yunanıstanla kreditorlar arasında böhranın İsveçrə frankını vurması oldu. İsveçrə Mərkəz Bankı frankın digər kurslar qarşısındakı dəyər qazanmasını dayandırmaq məqsədilə addımlarını davam etdirəcəyini açıqladı. Bu şərhdən sonra günün ilk saatlarında İsveçrə frankı 1 avro qarşısında 1,05 səviyyəsində sabitləşdi.

Qeyd edək ki, Yunanıstanla kreditorlar arasında razılaşma əldə edilməməsindən narahat olan sərmayəçilərin bir çoxu etibarlı valyuta kimi İsveçrə frankına yatırımlar edirlər. Bu da sözügedən valyutanın sürətlə dəyər qazanmasına səbəb olur. Nəticədə pul vahidi ölkənin rəqabət gücünü endirir.

Dünyanın ikinci iqtisadiyyatından da xəbər var. Çində səhmlər 2008-ci ildəki maliyyə böhranından bu yana ən sərt enişi yaşayır. Belə ki, son bir ildə yaxşı performans ortaya qoyan Çin birjası bu müddət ərzində 6 trilyon dollar dəyər əldə etmişdi. Ancaq birjadakı son rəqəmlər bunu alt-üst etdi. Ötən 18 il ərzində birja ən böyük enişini yaşadı.

İşsizlik problemi Şimali Avropanı da qucaqlamağa başlayıb. Finlandiyada işsizlik nisbəti may ayında son 13 ilin ən yüksək səviyyəsinə çatıb. Ölkənin Statistik Ofisinin son hesabatına görə, mart və apreldə 10,3 faiz olan nisbət mayda 11,8 faizə yüksəlib. 3 min nəfərin işlə təmin edilməsinə baxmayaraq 324 min nəfərə yaxın işsiz ordusu var.

Şimali Avropa ölkəsində işsizlikdən ən çox təsirlənən seqmentsə gənclərdir. 15-24 yaş arası gənclər arasında işsizlik nisbəti apreldə 28,6 faiz təşkil edirdisə, may ayında bu rəqəm 36,3 faizə yüksəlib.

İş dünyası

Amerika dollarının digər valyutalar qarşısında güclənməsi geyim markası H&M-nı sarsıdıb. İsveçli şirkət ilin ikinci rübündə eniş yaşayacağını açıqlayıb. Bu şərhdən sonra şirkətin hissələri 2,35 faiz nisbətində dəyərdən düşüb. Qeyd edək ki, H&M dollarla alışlarının 80 faizini Asiya bazarında, satışın böyük qismini Avropada reallaşdırır.

Kanadalı texnologiya nəhəngi “Blackberry” tunelin sonundakı işığı nəhayət görə bilib. İllərdir dərin maliyyə böhranı yaşayan ağıllı telefon istehsalçısı ilin ilk rübündə zərərini aşağı endirib. Keçən ilin ilk rübündə 41 milyon dollar zərər açıqlayan şirkətin zərəri 2015-ci ilin eyni dövründə cəmisi 7 milyon dollar olub.

İtalyanın məşhur şokolad istehsalçısı “Ferrero” İngiltərədəki payını böyüdür. Belə ki, “Nutella”nın sahibi ingilis şokolad istehsalçısı “Thorntonsu” satın almaq üçün 157 milyon avro həcmində təklif irəli sürüb.

Onu da bildirək ki, fevral ayında “Ferrero”nun yaradıcısı Covanni Ferreronun vəfat etməsindən sonra qrupun satılması məsələsi gündəmə gəlmişdi. Lakin atasının yerinə keçən Miçele Ferrero şirkətin beynəlxalq bazarlarda daha aktiv olacağını açıqladı.

Yunanıstan böhranı Almaniyada şirkətlərin kefini pozub. Belə ki, Almaniya İqtisadi Araşdırmalar İnstitutunun (IFO) hesabatına görə, Yunanıstandakı vəziyyət səbəbindən Almaniyanın iş dünyasının güvən indeksi iyun ayında da geriləyib. Təxminən 7 min şirkət arasında aparılan monitorinqin nəticələri göstərib ki, bu indeks 1,1 bal geriləyərək 107,4 bala düşüb.

İş dünyası ilə bağlı daha bir maraqlı xəbər Rusiya şirkətlərinin dünyanın ən böyük 100 şirkəti arasına düşə bilməməsi oldu. Ən yaxşı göstərici “Qazprom” şirkətində qeydə alınıb - 56,57 milyard dollar. Bu halda belə şirkət 170-ci yeri tutub. Financial Times qəzetinın apardığın sorğuda “Top-500” şirkətin siyahısına 5 rus şirkəti daxil edilib. “Rosneft” 213-cü yeri,”Lukoil” 271-ci, ”Norilsk Nikel” 421-ci, ”Surqutneftqaz” 441-ci yeri tutub. Keçən il siyahıda 177-ci yerdə göstəilən “Sberbank” isə bu il ümumiyyətlə siyahını tərk edib.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Yola saldığımız həftə Azərbaycan Prezidenti Mərkəzi Bankı haqqında qanuna edilən dəyişiklikləri təsdiqlədi. Yeni dəyişikliklərə əsasən, kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür. Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur. Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir. Ekspertlərin rəyinə görə, dəyişiklik valyuta ehtiyatlarının məbləğinin azalacağı halda bankın qiymətli kağızlar bazarı vasitəsi ilə vəsait cəlb etmək istəyi ilə bağlıdır. Mütəxəssislər hesab edir ki, yeni qaydalar Bankın kapitalının formalaşması və kapital çatışmazlığı problemi ilə üzləşəndə onun ödənilməsi mexanizmlərinin dəyişdirilməsini nəzərdə tutur: “Çünki, əvvəlki qaydalara əsasən, Mərkəzi Bank ehtiyatları ilə nağd pul dövriyyəsi arasındakı asılılığı qorumaq üçün eyni zamanda pul aqreqatlarının həcmini dəyişməli idi. İndi isə bu məsələdə baş bank, demək olar, sərbəst olacaq. Mərkəzi Bankın kapital ehtiyatlarının minimum həddi onun nizamnamə kapitalından az olmamaq şərti ilə müəyyən olunacaq. Mərkəzi Bankın nizamnamə kapitalı isə ödənilməli səhmlərin ümumi nominal dəyərinin minimum miqdarıdır”.

Daha bir önəmli xəbər Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin “Petkim” neft-kimya kompleksinin İstanbul Fond Birjasında sərbəst tədavüldə olan səhmlərinin 3,4 faizini yenidən satışa çıxarması oldu. Qeyd edək ki, bundan əvvəl SOCAR “Petkim”dəki səhmlər paketini satmaqdan imtina etmişdi. Buna səbəb birjada fond indekslərinin düşməsi idi.

TANAP (Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsi) konsorsiumu isə "CEVA Logistics" şirkəti ilə müqavilə imzaladı. Müqaviləyə əsasən “CEVA Logistics” layihə üzrə boruların daşınması üçün logistik əməliyyatların idarə edilməsi ilə məşğul olacaq. Şirkət 1,2 mln. ton ağırlığında polad boruların 1850 km məsafədə 20 əyalətdən keçərək Türkiyənin Erdahan vilayətindən Edirnəyə qədər daşınması üçün yerüstü nəqliyyatı və logistika müqaviləsində nəzərdə tutulan işləri həyata keçirəcək.

Layihə çərçivəsində diametri 1422 və 1219 mm olan 135 884 ədəd polad boru qaz kəməri boyunca əsas yerlərə çatdırılmalıdır. 1422 millimetrlik boruların daşınması 2016-cı ilin oktyabrına kimi yekunlaşmalıdır. 2015 oktyabrından 2016-cı ilin oktyabrına kimi isə 1219 millimetrlik boruların daşınması prosesi başa çatdırılmalıdır.

Məndən bu qədər…

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR