Havaya sovrulan milyonlar - FOTOLAR
Bizi izləyin

İdman

Havaya sovrulan milyonlar - FOTOLAR

“Beşiktaş”ın qeyri-sabit çıxışı və zaman-zaman maliyyə problemləriylə üz-üzə qaldığı hər kəsə məlumdur. 2008/09 mövsümündə «Xəzər Lənkəran»ın sabiq çalışdırıcısı Mustafa Dənizlinin rəhbərliyi altında həm ölkə çempionu, həm də kubokun sahibi olan "Qara Qartallar"ın sonrakı illərdə yaşadıqlarını "kabus" adlandırmaq olar. Maliyyə problemlərinin məngənəsində sıxılan istanbullular komanda daxilindəki problemləri həll etməyi bacarmadı. Klubun o dövrdəki prezidenti Yıldırım Dəmirörənin yürütdüyü yanlış transfer siyasəti nəticəsində külli miqdarda borca düşən klub hətta avrokuboklardan da kənarda qaldı. Futbol mütəxəssislərinin fikrincə, "Ağ-qaralar"ın transfer siyasətində düzgün qərarlar verməmələri ən böyük səhv addım idi.

Publika.az "Beşiktaş"ın son illər ərzində həyata keçirdiyi diqqətçəkən transferləri sizə təqdim edir. Öncə transferinə milyonlar xərclənən futbolçulardan başlayaq.

Rodriqo Tabata: "Qaziantepspor"dan "Beşiktaş"a 8 milyon avroya transfer olunan Tabatanın klubun tarixinin ən pis transferlərindən biri olduğunu söyləmək olar. Transferinə böyük məbləğdə pul xərclənən futbolçuya görə "Qara Qartal" tənqidlərə məruz qaldı. Oynadığı bir mövsüm ərzində sadəcə iki qol və üç məhsuldar ötürməylə yadda qalan yaponəsilli braziliyalı yarımmüdafiəçi sonrakı mövsüm Qətərin "Əl Rayyan" klubuna icarəyə verildi. 2011-ci ildə isə həmin kluba cəmi 1,1 milyon avroya satıldı.

Matteo Ferrari: İstanbul təmsilçisi müdafiə xəttindəki boşluqları aradan qaldırmaq üçün "Cenoa"dan Ferrarini transfer etdi. Bu keçid "ağ-qaralar"a 4,5 milyon avroya başa gəldi. İtalyan müdafiəçi "Beşiktaş"a kömək etmək əvəzinə kluba ciddi ziyan vurdu. İstanbulda dinc dayanmayan futbolçu rəhbərliklə münasibətlərinin gərginləşdiyini görüb, komandanın düşərgəsini tərk etdi. Həngamə də bundan sonra başladı. Matteo "Beşiktaş"dan UEFA-ya şikayət etdi. Xirtdəyə qədər problemlər içində olan klub rəhbərliyi hüquq mübarizəsində futbolçuya məğlub oldu. İtalyan futbolçuyla yaşanan problemi "Beşiktaş"ın yeni prezidenti Fikrət Orman həll etməyə çalışsa da, bir nəticə hasil olmadı. Sonda istanbullular futbolçuya 7,9 milyon avro ödəməli oldular.

Mihael Fink: "Beşiktaş"ın 2008/09 mövsümündə transferindən zərər görmədiyi futbolçu məhz Fink idi. Buna səbəb isə alman yarımmüdafiəçinin azad agent statusuna sahib olması idi. Onun İstanbuldakı macərası cəmi bir il çəkdi. Futbolçuyla bitən müqavilə rəhbərlik tərəfindən yenilənmədi.

Quti: İspaniya futbolunun tanınmış simalarından olan Quti uzun müddət şərəfini qoruduğu "Real"dan ayrıldıqdan sonra "Beşiktaş"la müqavilə imzaladı. Azarkeşlər bu keçidi komandanın uğurlarının başlanğıcı hesab edirdi. Amma zaman onların yanıldığını göstərdi. Yarımmüdafiəçi meydandakı oyunu ilə alqışlar qazansa da, gecə həyatına üstünlük verməsiylə tənqidlərə məruz qaldı. "Ağ-qaralar"da tez-tez baş tutan məşqçi dəyişiklikləri komandadakı vəziyyəti daha da gərginləşdirdi. Öncə Bernd Şuster, sonra Tayfur Havutçu Qutinin nazı ilə oynamağa razı oldular. Onlardan sonra baş məşqçi postuna gətirilən Karlos Karvahal həmkarlarından fərqli qərar verdi. Portuqaliyalı çalışdırıcının nizam-intizama ciddi yanaşması ispan futbolçu ilə münasibətlərin gərginləşməsinə səbəb oldu. Klub rəhbərliyinin baş məşqçiyə sonadək etimad göstərməsi Qutinin klubdan ayrılmasına gətirib çıxardı.

Xeyirsiz portuqallar

Əsl hay-küy bundan sonra başladı. Gözlənilməz şəkildə "Beşiktaş"a portuqaliyalı futbolçuların axını başladı. Türkiyəli həmkarlarımız tərəfindən "uğursuzlar dəstəsi" adlandırılan bu qrupun kluba verdiyi ziyanın məbləği isə 20 milyon avrodan çox idi.

Rikardo Kuarejma: Bir çox klubların maraq dairəsində olan portuqaliyalı ulduz futbolçunun "Beşiktaş"a keçidi dünya mətbuatında böyük səs-küyə səbəb oldu. İstanbullular bu transferə görə "İnter"ə 7,3 milyon avro ödədi. Rikardo komandaya qoşulduğu ilk mövsümdəcə ümidləri doğrultmağa başladı. Meydana çıxdığı 41 oyunda 11 qol və 17 məhsuldar ötürməylə yadda qaldı. Növbəti mövsüm isə ard-arda aldığı zədələr ona oynamağa imkan vermədi. 2012/13 mövsümündə isə klub rəhbərliyi və baş məşqçi Samet Aybaba ilə yaşadığı gərginlik səbəbindən altı ay futbolsuz qaldı. Qış transfer pəncərəsi zamanı "Əl-Əhli"yə pulsuz transfer olundu.

Simao Sabroza: Quti və Kuarejmadan sonra da ulduz transferlərinə doymayan "Beşiktaş" rəhbərliyi yenə axtarışda idi. Qış “transfer pəncərəsi” zamanı portuqaliyalı yarımmüdafiəçi Simao gözlənilməz şəkildə transfer olundu. Bu, "Beşiktaş"ın ən diqqətçəkən transfer bombası idi. "Barselona", "Benfika, "Atletiko" kimi klubların şərəfini qorumuş Sabrozanın keçidi üçün istanbullular cəmi 900 min avro xərcləmişdi. O, həmyerlisi Kuarejma ilə birlikdə yarımmüdafiənin cinahlarında əla oyun nümayiş etdirdi. Amma Simao da İstanbulda çox qalmadı. 2012/13 mövsümünün startından az sonra klubun düşərgəsini tərk etdi. Səbəb isə çox sadə idi: altı aydı maaş almırdı. Amma bununla belə, o, yaddaşlardan silinməyəcək jestlə "Beşiktaş"dan ayrıldı. Belə ki, almalı olduğu məbləği maddi problemlər içində boğulan kluba bağışladı. Bəli, nə UEFA-nın yolunu tutdu, nə də "Beşiktaş" rəhbərliyini tənqid etdi. Bir müddət sonra isə azad agent statusu ilə "Espanyol"la anlaşdı.

Manuel Fernandes: Kuarejma, Simao və Qutiylə birlikdə komandanın heyətinə cəlb olundu. Onun varlığı isə adıçəkilən futbolçuların komandadan ayrılmasından sonra məlum oldu. "Valensiya"dan transfer olunan Fernandes klubun pis günlərində özünü müəyyən qədər göstərsə də, vacib oyunlarda, xüsusilə də derbilərdə komandasını arxasınca apara bilmədi.

Uqo Almeyda: "Beşiktaş"ın növbəti portuqaliyalısı Uqo komandaya böyük ümidlərlə transfer olunsa da, ondan gözlənilənləri vermədi. Tez-tez zədələnən forvard hücum xəttində əvəzedilməz olmasına rəğmən, qaçırdığı qol epizodları ilə hər kəsi təəccübləndirirdi.

Julio Alveş: "Atletiko"dan Portuqaliya təmsilçisi "Rio Ave"yə transfer olunduqdan bir neçə gün sonra menecerinin müdaxiləsi sayəsində "Beşiktaş"a keçən Julionun İstanbuldakı macərası da çox mənasız alındı. 2011/12 mövsümündə sadəcə altı oyunda meydana çıxan gənc futbolçu növbəti mövsüm Lissabon "Sportinq"inə icarəyə verildi. 2013-cü ildə isə İstanbul təmsilçisi yarımmüdafiəçiylə olan müqaviləni pozmaq qərarına gəldi.

Bebe: "Mançester Yunayted"dən icarə əsasında transfer olunan digər portuqaliyalının oyununu izləmək «Beşiktaş»lı azarkeşlərə nəsib olmadı. Komandanın düşərgəsinə gələr-gəlməz zədələrdən əziyyət çəkən vinger sadəcə dörd oyunda meydanda oldu. İstanbul təmsilçisi bu uğursuz transferə görə "Qırmızı şeytanlar"a bir milyon avro ödəməli oldu.

Gəldikləri kimi gedənlər

Siyahımızın növbəti hissəsində isə varlığı ilə yoxluğu fərqlənməyən futbolçular yer alıb. "Beşiktaş" rəhbərlərinin, xüsusilə də Yıldırım Dəmirörənin onları hansı ağılla transfer etdiyi heç kimə məlum deyil.

Edu: "Şalke"dən icarə əsasında komandaya cəlb olunan futbolçunu azarkeşlər çoxdan unudublar. Braziliyalı hücumçu komandada olduğu müddətdə heç bir şeylə yadda qalmadı. Gəlişi kimi oyunu da, gedişi də səssiz oldu.

Sidney: "Benfika"dan icarəyə götürülən mərkəz müdafiəçisi yuxarıda danışılan bir çox futbolçulardan fərqli olaraq, "Beşiktaş"a az-çox xeyir verə bildi. «Sambaçı»nın yeganə çatışmazlığı meydanda ləng hərəkət etməsi idi. O da digər futbolçular kimi burda özünə yer tapa bilməyib "Benfika"ya geri döndü.

Allan Makqreqor: "Reyncers"in məlum səbəblərdən üçüncü diviziona yuvarlanmasından sonra klubu tərk edən qolkiper "Beşiktaş"la anlaşdı. Qəribə görünsə də, "Ağ-qaralar" bu keçidə görə Qlazqo təmsilçisinə pul ödəmədi. Makqreqor İstanbulda keçirdiyi bir mövsüm ərzində bərbad çıxışları ilə yadda qaldı. Elə bu səbəbdən "Beşiktaş" rəhbərliyi "Hall Siti"dən gələn 1,75 milyon avroluq təklifi düşünmədən qəbul etdi. Klub rəhbərliyi uzun illər sonra bir transferdən pul qazanmanın sevincini yaşaya bildi.

Dentinyo: "Şaxtyor"dan icarəyə götürülən braziliyalı futbolçu ona bəslənən ümidləri doğrultmadı. Günlərini sosial şəbəkələrdə keçirən hücumçunun meydana çıxdığı oyunlarda ayağı top tutmadığı məlum oldu. Onun komandanın məşqlərində belə, iştirak etmədiyi söylənilir.

Jülyen Esküde: Uzun müddət La Liqada "Sevilya"nın şərəfini qorumuş fransız futbolçunun keçidinə görə də "Beşiktaş" pul xərcləmədi. Esküdenin təcrübəsiylə "Ağ-qaralar"ın müdafiə xəttinə kömək edəcəyi gözlənilsə də, yaşının çox olması ona ciddi problemlər yaratdı.

Nianq: Daha əvvəl Türkiyədə "Fənərbaxça"nın şərəfini qorumuş forvardın "Beşiktaş"a gəlişi böyük səs-küyə səbəb olmuşdu. "Əl-Saad"dan icarəyə götürülən senaqallı futbolçu meydana çıxdığı 10 oyunda üç qol və iki məhsuldar ötürməylə yadda qaldı. Qısa müddət ərzində komandaya faydalı olması ilə digər transferlərdən açıq-aşkar fərqləndi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm