“Barselona” – “Sevilya” oyununun biletlərinin satışı başlandı
Bizi izləyin

İdman

“Barselona” – “Sevilya” oyununun biletlərinin satışı başlandı

UEFA Super kuboku çərçivəsində Tiflisdə keçiriləcək “Barselona” - “Sevilya” oyununun biletləri satışa çıxarılıb.

Publika.az xəbər verir ki, bu gün səhər saat 9:00-da Mixail Mesxi stadionundakı kassalarda biletlərin satışına başlanılıb.

Yerli azarkeşlər iyulun 10-dan Tbilisinin mərkəzindəki Vake istirahət parkında növbəyə yazılıblar.

İnsanlar artıq hər biri 50 nəfərdən ibarət olmaqla 150 qrupda növbəyə yazılıblar. Azarkeşlər siyahı əsasında avtobuslarla parkdan stadiona gətirilirlər. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsi ilə 4 bilet ala bilər.

Bilet ala və ya növbəyə dayana bilməyən vətəndaşlar isə Gürcüstan Futbol Federasiyasının qarşısında etiraz aksiyası keçiriblər.

Qeyd edək ki, “Barselona” - “Sevilya” qarşılaşmasına biletlər əvvəlcə bileti.ge portalında satışa çıxarılmışdı. Lakin, saytda bilet satışında ciddi problem yarandığı üçün, UEFA Gürcüstan Futbol Federasiyasına ciddi xəbərdarlıq etmişdir. Bundan sonra biletlərin kassalardan satılması qərara alınıb.

Avqustun 11-də paytaxtdakı “Dinamo-Arena” stadionunda keçiriləcək oyunda Gürcüstan vətəndaşları üçün 22 min bilet nəzərdə tutulub və iyulun 12-də günorta saatlarına qədər 600-dən çox insana 3000-nə yaxın bilet satılıb. Biletlərin qiyməti yerindən və kateqoriyasından asılı olaraq 18, 35 və 70 laridir.

Kassaların qarşısında növbəyə dayanan xarici ölkə vətəndaşları bilet ala bilməyiblər. Polis stadionun qarşısında və parkda gücləndirilmiş iş rejimində çalışır.

“Barselona” klubunun nümayəndələri “Tbilisi Marriott” otelində yerləşəcək. Kataloniya klubu Mixail Mesxi stadionunda məşqə çıxacaq. “Sevilya” isə “Holiday İnn” hotelində yerləşəcək. Komanda məşqini “Dinamo” akademiyasının stadionunda keçəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm