Arxadan vurulan zərbə
Bizi izləyin

İdman

Arxadan vurulan zərbə

Arxadan vurulan zərbə

Qanunları kim pozur?

Martın 7-də keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında bir sıra qərarlar qəbul olundu. Həmişə olduğu kimi, bu dəfə də qəbul olunan qərarlar futbol ictimaiyyəti arasında birmənalı qarşılanmadı. İK bundan əvvəl qəbul etdiyi qərarları qüvvəyə minməmiş ləğv etməklə, Azərbaycan futbolunun xaosla idarə olunduğunu ortaya qoydu.

Qəbul olunmuş qərarlardan aydın görünür ki, AFFA üçün qanun, əsasnamə anlayışı yoxdu. Qrum rəhbərliyi qərar qəbul edərkən kimlərinsə şəxsi maraqlarından çıxış edir, qanunların kağız üzərində yazılması üçün qəbul edildiyi görüntüsü yaradır. Növbəti dəfə Premyer-Liqadan hansısa klubun düşməyəcəyini elan etmək qanunlara hörmətsizliyin bariz göstəricisidi.

AFFA prtezidenti protokol qaydalarını belə nəzərə almadan "mən "Sumqayıt"ın Premyer-Liqadan düşməsinə imkan verməyəcəm" deməklə, elə qanunların özü tərəfindən pozulduğunu göstərdi. Təbii ki, belə qeyri-sabit və qeyri-peşəkar idaretmə sistemində futbolun inkişafından danışmaq yersizdi. Futbolun inkişafını təmin etmək üçün ilk növbədə nizam-intizam və hamı üçün keçərli olan qanunlar lazımdı. Təəssüf ki, biz bunu AFFA-nın timsalında görmürük. AFFA prezidenti özü də etiraf etdi ki, futbola xərclənən vəsaitin nəticəsi yoxdu. Təbii ki, belə idarəetmə ilə nəticə olmamalıdı.

Klubların mənafeyi tapdalanır

Gəlin, AFFA İcraiyyə Komitəsinin çıxardığı və ləğv etdiyi qərarlara bir daha nəzər salaq. Ötən ilin mart ayında İK qərar qəbul etdi ki, 1-ci divizion klublarının heyətində 21 yaşa qədər 8 futbolçu çıxış etməlidi. Düşünülməmiş, Azərbaycan futbolunun reallıqları nəzərə alınmadan qəbul edilmiş qərar idi. Qərar qüvvəyə minməmiş avqustda keçirilən iclasda ləğv olundu. İK qərarı qəbul edəndən sonra öyrənə bilib ki, Azərbaycanda 21 yaşa qədər futbolçuların qıtlığı yaşanır.

Qərar ləğv olundu, amma əvəzində daha bir absurd qərar qəbul olundu. Birinci dəstədə oynayacaq səviyyədə 21 yaşa qədər futbolçularını qıtlığı məlum ola-ola, İK qərar qəbul etdi ki, Premyer-Liqa klubları start heyətinə 21 yaşa qədər 2 futbolçu daxil etməlidirlər. Heç cür anlamaq olmurdu ki, İK bu qərarı hansı məntiqlə qəbul edib. Növbəti dəfə narazılıqlar baş qaldırdı. Növbəti dəfə İcraiyyə Komitəsi qərarı qüvvəyə minməmiş dəyişdirdi.

Özü də klubların mənafeyinə zərbə vurmaqla. Fikir verin, avqustda qəbul edilmiş qərara əsasən klublar qış transfer pəncərəsi zamanı heyətə 21 yaşa qədər futbolçular cəlb etdilər. Müqavilə bağlandı, onlara müəyyən vəsait də ödənildi. Amma martın 7-də İK avqustda qəbul etdiyi qərarı ləğv etməklə klubların qışda etdiyi transferləri heçə endirdi. İndi həmin klublar neynəməlidi? Onların transfer etdiyi futbolçular artıq bu klublara lazım deyil. Üstəlik klublar bu futbolçulara ödədikləri vəsaiti də havaya sovurmuş oldular. AFFA-nın belə qeyri-peşəkar idarəçiliyi istər-istəməz futbol təsərrüfatında xaos formalaşdırır.

Messi yox, Banişevski nümunəsi

Ötən il çempionatın 10 komandalı sistemlə keçirilməsinə qərar verilib. Bu mövsüm "Sumqayıt"ı elitada saxlamaq üçün Premyer-Liqada klubların sayı yenidən artırılır.

Nəyin xətrinə? AFFA rəsmiləri deyirlər ki, "Sumqayıt"da gənc futbolçular çıxış edirlər. Absurddu. "Sumqayıt"ın "İnter"lə oyunda meydana çıxan futbolçularının orta yaş həddi 24-dü. 24 yaş futbolda heç vaxt gənclik dövrü hesab edilmir. Avropda gənc futbolçu meyarı 17-18 yaş arasında qəbul edilir. İndini demirik ha, elə əvvəllər də belə olub. Messi 23 yaşında artıq 3 "Qızıl Top" almışdı. Runi 17 yaşında "Mançester Yunayted"ə transfer olunmuşdu.

Azərbaycan futbol məktəbinin yetirməsi Anatoli Banişevski 1966-cı ildə İngiltərə kraliçasından "Bakı nefti sovetlər üçün nə qədər əhəmiyyətlidirsə, sizin də oyununuz SSRİ yığması üçün o qədər önəmlidi" kəlmələrini eşidərkən cəmi-cümlətanı 19 yaşda idi. Banişevski SSRİ boyda nəhəng dövlətin formasını geyinərkən isə 18 yaşındaydı. Necədi? İndi AFFA "Sumqayıt"ın heyətində oynayan 24-25 yaşlı "gənclərə" görə Azərbaycanın futbol təsərrüfatının altını üstünə çevirir.

Qurban Qurbanovun verdiyi dərs

İK-in qəbul etdiyi daha bir qərara görə növbəti mövsümdən komandaların heyətində yerli futbolçuların sayı artırılacaq. Limit 6+5 olacaq. Bu addım klub futbolunun inkişafına arxadan vurulan zərbədi.

Bu qərardan sonra yerli futbolçuların yüksək olan qiyməti istər-istəməz qalxacaq. Yerli futbolçuların illik məvacibi onların dəyərini onsuz da qat-qat üstələyirdi. Bu qərardan sonra Mahir Şükürov hər hansı bir klubun illik 500 min manatlıq təklifinə heç gözünün ucu ilə də baxmayacaq. O, artıq 700-800 min manat tələb edəcək.

Etiraf etmək lazımdı ki, Azərbyacanda futbolçu potensialı yoxdu. Klub komandaları səviyyəsində qazanılan nisbi uğurlar da əcnəbilərin hesabına baş verib. "Neftçi" Avroliqanın qrup mərhələsinə əcnəbi futbolçuların ustalığı sayəsində düşə bildi. Elə "Qarabağ"ın da Avroliqadakı uğuru birbaşa legionerlərlə bağlıdı. Hazırda çempionatın lideri olan "Qarabağ" parlaq oyun göstərir. Kimin hesabına? Təbii ki, legionerlərin. Azərbaycan çempionatının sonuncu turunda "Bakı" ilə qarşılaşmada "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov adi bir əvəzetmə ilə AFFA rəsmilərinin qəbul etdiyi qərarların absurdluğunu çılpaqlığı ilə göstərdi.

Qurban Qurbanov oyunun 78-ci dəqiqəsində Leroy Corcu Vüqar Nadirovla əvəzlədi. Bu dəyişikliyə qədər meydanda legionerlərin sayı yerlilərin sayından çox idi. "Qarabağ" da parlaq, baxımlı oyun göstərirdi. Vüqar Nadirovun meydana daxil olması ilə balans dəyişdi. Yerlilərin sayı legionerlərdən çox oldu meydanda. Bununla da "Qarabağ"ın oyun keyfiyyəti də xeyli aşağı düşdü. Qurban Qurbanov adi bir əvəzetmə ilə hər kəsə hər şeyi çılpaqlığı ilə anlatdı. Anlatdı ki, növbət mövsüm 80-ci dəqiqəyə qədər olan yox, ondan sonra meydanda olan "Qarabağ"ı görəcəksiz. Amma nə yazıq ki, İK üzvlərinin futbola baxışı belə işarələri anlamaq üçün yetərli deyil. Yetərli olsaydı, onlar Azərbaycan futbolunun kürəyinə arxadan zərbə vurmazdılar ki...

Natiq Muxtarlı

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm