• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"İnter"dən bir ilk - FOTO

  • İdman
  • 24 İyul 2015 01:52
  • 306 Baxış
"İnter"dən bir ilk - FOTO

İyulun 23-də futbol üzrə UEFA Avropa Liqasındakı təmsilçilərimizdən Bakının “İnter” komandası ikinci təsnifat mərhələsi çərçivəsində cavab oyununu keçirib.

“İnter” komandası “Şəfa” stadionunda İslandiyanın “Hafnarfyordur” klubunu qəbul edib.

Ukraynalı baş hakim Yaroslav Kozikin idarə etdiyi oyunun ilk hissəsinin son saniyəsində Nika Kvekveskirinin ötürməsini Abbas Hüseynov qol ilə tamamlayıb. Qarşılaşmanın ilk hissəsi “İnter”in minimal üstünlüyü ilə yekunlaşıb - 1:0.

İkinci hissənin ilk dəqiqəsində İslandiya təmsilçisi hesabı bərabərləşdirib. “Hafnarfyordur” komandasının heyətində Torarinn Valdimarsson fərqlənib - 1:1. Görüşün 52-ci dəqiqəsində Kristan-Floki Finnboqasson ikinci topu “İnter”in qapısından keçirib. İki dəqiqə sonra qolun müəllifi ikinci sarı vərəqə alaraq oyundan kənarlaşdırılıb və İslandiya komandası azlıqda qalıb. Oyunun əsas vaxtı 2:1 hesabı ilə “Haynarfyordur”un xeyrinə başa çatıb.

Komandalar arasında İslandiyada təşkil olunan ilk oyunda “İnter” eyni hesabla qalib gəlmişdi. Cütün qalibinin müəyyənləşməsi üçün iki on beş dəqiqədən ibarət əlavə hissə oynanılıb. Əlavə vaxtın ilk dəqiqəsində “İnter”in hücumçusu Rauf Əliyev hesabı bərabərləşdirib.

Beləliklə, “İnter” – “Haynarfyordur” oyunu 2:2 hesabı ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə, 4:3 hesabı ilə qalib gələn “İnter” tarixində ilk dəfə UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsinə yüksəlib. Növbəti mərhələdə Bakı təmsilçisinin rəqibi İspaniyanın “Atletik” (Bilbao) komandası olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR