"Qəbələ" sərfəli nəticə ilə qayıdır (YENİLƏNİB)
Bizi izləyin

İdman

"Qəbələ" sərfəli nəticə ilə qayıdır (YENİLƏNİB)

İyulun 30-da futbol üzrə UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində "Qəbələ" komandası səfərdə Kiprin Limasol şəhərinin "Apollon" kollektivinin qonağı olub.

Publika.az-ın məlumatına görə, Larnaka şəhərinin "Antonis Papadopulos" stadionunda keçirilən oyunda "Qəbələ"nin start heyətində Dmitri Bezotosnıy, Vojislav Stankoviç, Rafael Santos, Urfan Abbasov, Rikardiniyu, Rəşad Sadiqov, Aleksey Qay, Cavid Hüseynov, Samir Zərgərov, Sergey Zenev və Aleksey Antonov yer alıblar.

Ukraynalı baş hakimi Sergey Boykonun idarə etdiyi və qarşılıqlı hücumlar şəraitində keçən oyunun 14-cü dəqiqəsində "Apollon"un futbolçusu Kolokudias hesabı açıb. 35-ci dəqiqədə "Qəbələ"nin baş məşqçisi birinci hissədə bir neçə dəfə ofsayd vəziyyətinə düşən Samir Zərgərovun yerinə komandamızın digər futbolçusu Dodonu meydana çıxarıb.

İlk hissə 1:0 hesabı ilə rəqib komandanın üstünlüyü illə yekunlaşıb.

İkinci hissədə daha sürətli oyun göstərən komandalar ilk dəqiqələrdə qapılar qarşısında təhlükəli vəziyyətlər yaradıblar.

54-cü və 69-cü dəqiqələrdə Dodonun sürətli reydlərini dayandırmağa çalışan "Apollon"un futbolçuları Elizio və Nuno Lopes kobudluğa görə sarı vərəqələrlə cəzalandırılıblar.

76-cı dəqiqədə meydana çıxan komandamızın yeni transferi bosniya və herseqovinalı futbolçu Ermin Zets son dəqiqələrdə iki dəfə fərqlənmək imkanını əldən verib.

Qarşılaşmanın 95-ci dəqiqəsində V.Stankoviça qarşı kobudluğa görə "Apollon"un qapısına təyin olunan on bir metrlik cərimə zərbəsini isə Cavid Hüseynov dəqiq yerinə yetirərək görüşdə hesabı bərabərləşdirib (1:1). Bu epizodda rəqib komandanın futbolçusu Freire sarı vərəqə ilə cəzalandırılıb. Beləliklə, görüş 1:1 hesabı ilə heç-heçə yekunlaşıb.

Səfərdə bərabərlik əldə edən təmsilçimizin cavab oyunu avqustun 6-da Bakıdakı "Bakcell Arena"da təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan çempionatının bürünc mükafatçısı əvvəlki təsnifat mərhələlərində Gürcüstanın "Dinamo" və Serbiyanın "Çukariçki" klublarını mübarizədən kənarlaşdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm