Xanımlardan mesaj alan Avropa çempionumuz: “Gözlərində qəhrəmana çevrilmişdim” - FOTO
Bizi izləyin

İdman

Xanımlardan mesaj alan Avropa çempionumuz: “Gözlərində qəhrəmana çevrilmişdim” - FOTO

Azərbaycanlı yüngül atlet Nazim Babayev İsveçin Eskilstuna şəhərində keçirilən atletika üzrə Gənclərin Avropa çempionatında qızıl medal qazanıb. Atletimiz uzunluğa tullanma yarışlarında 17.04 m nəticə göstərərək yeni rekord əldə edib.

Bununla da o, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Azərbaycana rekordla qayıdan idmançımız Publika.az-a müsahibəsində ona gələn mesajlardan danışdı.

- Sizi təbrik edirik. Avropa Oyunlarında yaxşı çıxış etsəniz də, komandaya görə medalsız qalmışdınız. Amma bu yarışda özünüzü bir daha sübut etdiniz. Qələbə medalını boyununuzdan asmaq necə hisdir?

- Qələbəmlə bağlı onu deyə bilərəm ki, bu yarışa çox ciddi hazırlaşmışdım. Bu yarışdan öncə Avropa Oyunlarında 1-ci yeri tutsam da, komanda hesabında 5-ci olmuşduq. Ona görə də medal ala bilməmişdim. Yarışdan öncə yaxınlarıma söz verdim ki, oradan mütləq qızıl medal alacam. Çox yaxşı formada olduğum üçün özümə güvənirdim, hər şey yaxşı alındı.

- Sizi vətəndə necə qarşıladılar?

- 17.04 metr nəticə göstərdikdən sonra təkcə Bakıdan deyil, bütün dünyadan mənə təbrik mesajları gəlirdi. Bakıya gələndə məni çox yaxşı qarşıladılar. Necə deyim, bilmirəm. Amma xalqımızın gözündə sanki bir “qəhrəmana” çevrilmişdim.

- Qəhrəman kimi sevilmək necə hisdir?

- Çox gözəl... Çünki mən təkcə öz yaxınlarımın, müəllimimin, federasiyanın deyil, bütün Azərbaycanın adını yüksəyə qaldırdım. Bir idmançıyla Avropa çempionatında təmsil olunmağımıza baxmayaraq, Azərbaycanın bayrağını yüksəklərə qaldırdım.

- Medaldan başqa mükafatınız nə oldu?

- Hələ ki, heç nə... Sabah federasiya prezidenti bizi qəbul edəcək.

- Pul mükafatı ilə bağlı da xəbəriniz yoxdur?

- Heç nə olmayıb hələ...

- Deyirsiz ki, çoxlu təbrik mesajları almısız... Bəs bu mesajlar arasında xanım azarkeşlərin də təbrikləri var idi?

- (gülür) Əlbəttə, var idi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm