AÇ-də ilk gün - 1 qızıl və 3 bürünc medal
Bizi izləyin

İdman

AÇ-də ilk gün - 1 qızıl və 3 bürünc medal

Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir.

Publika.az xəbər verir ki, proqrama əsasən, çempionatın ilk günündə 42, 50, 58, 69 və 85 kq çəkidə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. İlk yarış gününü güləşçilərimiz 1 qızıl və 3 bürünc medalla başa vurub. İslam Bazarqanov (50 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıb.

42 kq-da təmsilçimiz Əsgər Məmmədəliyev mübarizəyə Latviya və Ermənistan güləşçiləri üzərində qələbə ilə başlayıb. Yarımfinalda Türkiyə təmsilçinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Polşa güləşçisinə heç bir şans verməyən Əsgər vaxtından əvvəl qələbə qazanaraq Avropa çempionatının bürünc medalına sahib olub.

50 kq çəkidə mübarizə aparan İslam Bazarqanov bütün rəqiblərinə böyük hesabla qalib gələrək finala yüksəlib. Final yolunda Yunanıstan, Fransa və Türkiyə təmsilçilərini mübarizədən kənarlaşdıran güləşçimiz həlledici görüşdə Moldova idmançısı ilə qarşılaşıb. Vaxtından əvvəl tam üstünlüklə qələbə əldə edən İslam Bazarqanov Avropa çempionatının qızıl medalını qazanıb.

58 kq-da çıxış edən təmsilçimiz Geriya Qadisa Estoniya və Rumıniya güləşçilərinə tam üstünlüklə qalib gəlib. Yarımfinalda Gürcüstan idmançısına uduzan güləşçimiz bürünc medal uğrunda görüşüb. Polşa təmsilçisinə də heç bir şans verməyən idmançımız Avropa çempionatının bürünc medalına sahib çıxıb.

69 kq-da mübarizə aparan İsmayıl Abdullayev ilk görüşdə Belarus idmançısına qalib gəlsə də, Gürcüstanlı rəqibinə uduzub. Rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşlərə qatılmaq şansı verib. Bu şansı müsbət dəyərləndirən İsmayıl Türkiyə və Yunanıstandan olan rəqiblərini üstələyib. Bürünc medal uğrunda son görüşdə onun rəqibi Bolqarıstan idmançısı olub. Görüşü öz xeyrinə tamamlayan İsmayıl Abdullayev Avropa çempionatının bürünc medalına yiyələnib.

85 kq çəkidə yarışan Rahid Həmidli ilk görüşdə Macarıstandan olan rəqibini məğlub edib, Türkiyə təmsilçisinə isə uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq şansı verib. Moldova təmsilçisi üzərindəki qələbə ilə Rahid bürünc medal uğrunda görüşə çıxmağa haqq qazanıb. Gürcüstan idmançısı ilə qarşılaşan güləşçimiz qələbəni son saniyədə əldən verib və çempionatı 5-ci sırada tamamlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm