Müharibənin kölgəsində futbol və ya keçi can hayında...
Bizi izləyin

İdman

Müharibənin kölgəsində futbol və ya keçi can hayında...

Futbol milyonların sevimli oyunudur. Amma futbol sadəcə oyun deyil. Maraqlı və təzadlı səslənir, deyilmi? Ötən əsrdə futbol daha çox oyun sayılırdı. İndi isə...

“Futbolu siyasətə qatmayın” ifadəsini tez-tez eşidirik. Amma bu əlaqə artıq yaşıl meydanlardakı qazonun canına hopub. Biz istəsək də, istəməsək də, bəzən futbol (təkcə futbol yox) siyasiləşir. Hələ müharibələrin təsirini demirik...

Müharibədən söz düşmüşkən, bu gün keçiriləcək “Şaxtyor” – “Fənərbaxça” qarşılaşmasına toxunmaq istərdim. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Ukrayna və Türkiyə təmsilçiləri ikinci dəfə üz-üzə gələcək. İstanbulda qolsuz heç-heçə qeydə alınmışdı. Görək Donetskdə... Yox, yox, tamam unutmuşdum. “Şaxtyor” bir ilə yaxındır ki, “Donbass Arena”dan məhrumdur. Səbəbini dünyadan xəbəri olanlar bilir. Ukrayna ilə Rusiya arasında gedən müharibə futbola da təsirsiz ötüşməyib. Bəziləri yerindən-yurdundan didərgin düşüb, bəziləri kökdən düşüb, bəziləri də futbol elitasından.

“Şaxtyor”la oyun ərəfəsində türkiyəli jurnalistlərdən biri Ukraynadan, konkret olaraq oyunun keçiriləcəyi Lvov şəhərindən maraqlı reportaj hazırlayıb. Maraqlı deyəndə, gözəgəlimli bir şey yoxdur. Həmkarımızın qeydə aldığı məqamlar sadəcə təəssüf doğurur. Son illərdə Avropaya səs salan “Şaxtyor” indi aciz vəziyyətə düşüb. Müharibənin fəsadları üzündən Donetskdən Lvova köçən “Şaxtaçılar” ilk növbədə azarkeş dəstəyini itirib. Hələ bunun mənəvi tərəflərini demirəm. Türkiyəli jurnalistin yazdığına görə Lvovda futbol ab-havası hiss olunmur. Xalqın başı döyüşən əsgərlər üçün pul, yardım toplamağa qarışıb. Futbol prizmasından baxanda “Fənərbaxça” üçün əlverişli situasiyadır. Amma...

Lvovda təhlükəsizlik qorxusu da yoxdur. İnsanlar başını aşağı salıb gününü keçirir. Şəhər müharibənin kölgəsində gizlənib. Xalq Çempionlar Liqasının yox, torpaqlarının müstəqilliyini qorumaq hayındadır. Lvov küçələrində futbol adına heç nəyə rast gəlmək olmur. Hamının çöhrəsində müharibə qorxusu sezilir. Hərçənd həyat davam edir. Olduğu, qaldığı yerdən... Kafelər, əyləncə mərkəzləri müştəri sarıdan korluq çəkmir. Bunun əsas səbəbi də Lvovun turzim şəhəri olmasıdır.

Bu gecə “Fənərbaxça” “Şaxtyor”un qonağı olacaq. Donetskdə yox, Lvovda...

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm