“Qəbələ”dən tarixi qələbə - FOTO (YENİLƏNİB)
Bizi izləyin

İdman

“Qəbələ”dən tarixi qələbə - FOTO (YENİLƏNİB)

Avqustun 6-da futbol üzrə UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin cavab oyununda Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” komandası Bakıda Kiprin “Apollon” (Limasol) kollektivini 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

“Bakcell Arena”da keçirilən oyunda “Qəbələ”yə qələbəni oyunun 80-ci dəqiqəsində Cavid Hüseynov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək qazandırıb.

“Qəbələ” komandasının üstünlüyü ilə keçən oyunun ilk hissəsində hesab açılmayıb. Qarşılaşmanın 8-ci dəqiqəsində Aleksey Antonovun zərbəsi qapıdan bir az aralı keçib. Oyunun 16-cı dəqiqəsində “Apollon”un qapıçısı ilə üzbəüz qalan Sergey Zenyovun zərbəsini isə rəqib komandanın qapıçısı çətinliklə dəf edərək ona fərqlənmək imkanı verməyib. Görüşün 27-ci dəqiqəsində künc zərbəsindən sonra Aleksey Antonov hesab açmaq imkanı dəyərləndirə bilməyib. Matçın 29-cu dəqiqəsində isə Cavid Hüseynov qol vurmaq imkanını əldən verib.

Oyunun 31-ci dəqiqəsində sürətli hücumun qarşısını alan almağa çalışan “Apollon”un futbolçusu Aleks kobudluğa görə sarı vərəqə ilə cəzalandırılıb. 43-cü dəqiqədə isə Rəşad Sadiqovun fərqlənməsinə rəqib qapıçı mane olub.

İkinci hissədə daha sürətli oyun sərgiləyən komandalar ilk dəqiqələrdə qapılar qarşısında təhlükəli vəziyyətlər yaradıb. Oyunun 47-ci dəqiqəsində Aleksey Antonovun zərbəsini rəqib qapıçı çətinliklə dəf edib. 58-ci dəqiqədə Dodoya qarşı kobudluğa görə Kipr komandasının futbolçusu Jaimi sarı vərəqə ilə cəzalandırılıb. 60-cı dəqiqədə Rəşad Sadiqovun cərimə zərbəsindən vurduğu top qapıdan bir neçə santimetr aralı keçib. 69-cu dəqiqədə isə “Apollon”un futbolçusu Leandro Freyro kobudluğa görə sarı vərəqə ilə cəzalandırılıb.

Nəhayət oyunun 80-ci dəqiqəsində azarkeşlərimiz qola seviniblər. “Apollon”un qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini “Qəbələ”nin futbolçusu Cavid Hüseynov dəqiq yerinə yetirərək hesabı açıb - 1:0. Bu epizodda rəqib komandanın futbolçusu Esteban Saketti sarı vərəqə ilə cəzalandırılıb.

“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı son dəqiqələrdə rəqibin ardıcıl bir neçə zərbəsinin qarşısını alaraq hesabın bərabərləşməsinə imkan verməyib. Oyunun 89-cu dəqiqəsində Ürfan Abbasov qırmızı vərəqə ilə cəzalandırılmasından sonra meydanda azlıqda qalan “Qəbələ” qələbəni sonadək qoruya bilib. Beləliklə, qarşılaşma 1:0 hesabı ilə “Qəbələ” komandasının qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında Kiprdə keçirilən ilk görüşdə 1:1 hesabı ilə heç–heçə qeydə alınmışdı. İki oyunun nəticəsinə görə üstün tərəf olan "Qəbələ" komandası UEFA Avropa Liqası yarışlarının növbəti mərhələsinə - pley-offa yüksəlib.

Görüşün baş hakimi portuqaliyalı Duarte Nunu Perreyra Qomeş olub. Ona həmyerliləri Luis Andre Ferreyra Pinto Kampos, Venansio Manuel Raposo Batista Tome və Bruno Migel Duarte Payxao kömək ediblər.

Turnirə birinci təsnifat mərhələsindən qoşulan “Qəbələ” komandası Gürcüstanın “Dinamo” və Serbiyanın “Çukariçki” klublarını məğlub edərək yarışdan kənarlaşdırıb və tarixində ilk dəfə olaraq UEFA Avropa Liqası yarışlarının üçüncü mərhələsinə yüksəlmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm