“Qəbələ”yə layiq qələbə
Bizi izləyin

İdman

“Qəbələ”yə layiq qələbə

Azərbaycanda futbol bayramı davam edir. Bizim üçün bayram məhz avrokubok mövsümünün startında başlayır. Könül istərdi ki, elə həmin bu avrokubok mövsümü bitənə kimi bu bayram davam etsin. Amma hələlik bu da qənaətbəxşdir.

Bu gün daha bir klubumuz tarixində bir ilki gerçəkləşdirdi. Yarandığı gündən qarşısına böyük məqsədlər qoyan 9 yaşlı “Qəbələ” nəhayət ki, zəhmətinin ilk bəhrəsini görməkdədir. “Apollon” səddini layiqli mübarizəylə keçən “Qara-qırmızılar” adını pley-offa yazdırdı. Bu uğur gərgin əməyin bəhrəsidir. Hələ ötən il azarkeşlər “Qəbələ”dən bunu gözləyirdi. Amma ilk cəhd uğursuz alınmışdı. Bunu təcrübəsizliyə, heyətin yenilənməsinə, baş məşqçi dəyişikliyinə bağlamaq olar. Amma indi vəziyyət bir qədər fərqlidir. Ukraynalı baş məşqçi Roman Qriqorçuk istədiyi heyəti formalaşdıra bilib: döyüşkən, əzmkar, ən əsası nəticə qazanmağı bacaran. “Qəbələ” avrokuboklarda necə oynamaq lazım olduğunu öyrənib. Yoxsa ikinci cəhddə pley-offa qədər irəliləyə bilməzdi.

Yəqin ki, bu uğura ən çox sevinənlərdən biri klub prezidenti Tale Heydərovdur. Axı o bu günü 9 il gözləyib. Komandanın qitə arenasında özünü göstərməsi üçün futbolçulara hər cür şərait yaradıb. Bunu yəqin ki, futbolçular da təsdiqləyər.

“Apollon” üzərində qələbənin baş qəhrəmanı sözsüz ki, Cavid Hüseynov oldu. Hər iki oyunda özünü əsl kapitan kimi aparan 27 yaşlı yarımmüdafiəçi həm səfərdə, həm də evdə qol vurmaqla liderlik statusunu təsdiqlədi. Larnakada baş verənlərdən sonra onun üzərində böyük təzyiq var idi. Elə cavab matçında da rəqib futbolçuların meydanda tez-tez Cavidi təxribata çəkdiyi hiss olunurdu. Amma “Qəbələ”nin kapitanı soyuqqanlılıq nümayiş etdirərək, öz oyununu oynadı və komandasına lazım olan qolu vurdu. Hakimin final fitindən sonra onun qələbə sevincini görməyə dəyərdi. Gah Azərbaycan, gah da Türkiyə bayrağıyla meydanda dövrə vuran futbolçumuz az qala sevincindən uçurdu. Əlbəttə, bu Cavidin qələbəsiydi, bu Qriqorçukun qələbəsiydi. Və ən əsası, bu Tale Heydərovun qələbəsiydi...

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm