Başlayır - AFFA rəhbərliyinin içini yeyəcək çempionat
Bizi izləyin

İdman

Başlayır - AFFA rəhbərliyinin içini yeyəcək çempionat

Azərbaycan Premyer Liqasında növbəti mövsüm başlayır. Vaxtı həm məlumdur, həm də məlum deyil. PFL-ə hansısa klubdan oyunun vaxtının dəyişdirilməsiylə bağlı xahiş daxil olmasa, inşallah çempionat avqustun 9-da başlamalıdır.

Publika.az yeni mövsümün startıyla bağlı klubların vəziyyətini təhil edib.

PFL-in sürüşdürülməsinin vaxtıdır

Əslində yeni mövsümə avqustun 8-də start verilməliydi. Sadəcə, PFL xahişləri nəzərə alıb bir neçə oyunu “sürüşdürdü”. Ona görə də çempionat avqustun 8-də yox, 9-da başlayacaq. PFL rəsmiləri hələ təqvimi tərtib edərkən, klubların avrokubok oyunlarının olduğunu bilirdi. Bilə-bilə də anormal təqvim tərtib olunmuşdu. Amma yalnız klub rəhbərləri xahişlə müraciət edəndən sonra PFL-in “peşəkarlar”ı anladılar ki, “sürüşdürmə” aparmaq vacibdir. Əslində bu “peşəkarlar” işə məsuliyyətlə yanaşsaydılar, “sürüşdürmə”yə də ehtiyac olmazdı. PFL qarşılaşmaların vaxtını sürüşdürə-sürüşdürə Azərbaycan çempionatının imicini və səviyyəsini də şürüşdürür. PFL-in özünün sürüşdürülməsinin vaxtıdır. Bu qurumun öz işinin öhdəsindən gələ bilmədiyi dəqiqdir. Yaxşı olardı ki, cəmisi 10 komandanın iştirak etdiyi çempionatı AFFA özü təşkil etsin, ya da başqa bir qurum yaradılsın. PFL-in “sürüşdürmə”sindən sonra “Neftçi” - “Kəpəz” oyunu avqustun 8-dən 9-na, “Rəvan” - “Sumqayıt” qarşılaşması isə avqustun 8-dən 10-una keçirilib. “Qəbələ” -“Qarabağ” qarşılaşması da avqustun 9-dan 10-una “sürüşdürülüb”. Beləliklə, çempionata avqustun 9-da start veriləcək.

Yalnız “Qarabağ”la “Qəbələ”nin mübarizəsini izləyəcəyik?

Bəri başdan deyək ki, bu mövsüm son illərin ən zəif çempionatını izləyəcəyik. Ciddi-cəhdlə belə iddia irəli sürməyimiz üçün tutarlı faktlarımız da var. Çempionatda çıxış edəcək 10 komandanın maddi durumuna nəzər saldıqda, başqa iddiaya yer qalmır. Yalnız iki komanda - “Qarabağ” və “Qəbələ” sabit maliyyə dayağına sahibdir. Elə çempionluq uğrunda mübarizənin də bu iki komanda arasında gedəcəyi şəksizdir.

Beş aydır məvacib üzünə həsrət qalan “Neftçi” yerli gənclərlə bu komandalara heç bir müqavimət göstərə bilməz. “Ağ-qaralar”ın rəhbərliyi əvvəlcə futbolçulara olan borc problemini həll etməli, sonra isə iddia haqda düşünməlidir. İndiki halda, borc problemini həll edə bilməyən rəhbərlik iddia haqda düşünmək hayında deyil.

Mövsümün “Araz Naxçıvan”ı da olacaq?

Bir məqama da diqqət ayıraq: Ola bilsin ki, çempionatın gedişində komandaların sayı azalsın. Yəni, bu mövsüm də hansısa komanda “Araz Naxçıvan”ın yolu ilə gedə bilər. Bu ehtimalı doğruldacaq ciddi şərtlər də var. Biri elə ötən mövsümün gümüş mükafatçısı “İnter”. Avrokuboklarda çıxışını başa vuran “İnter”in futbolçulara xeyli borcu olduğu bəllidir. Ötən il “Bankirlər”in heyətində olan oyunçular FİFA-ya üz tutublar. Bu, bir tərəfə qalsın, Avroliqanın oyunlarında “İnter”in şərəfini qoruyanlar da məvaciblərini ala bilmirlər axı. Hətta futbolçular “Atletik”lə cavab oyununa çıxmaq istəmirdilər. “İnter” rəhbərliyinin borc problemini qısa zamanda həll edəcəyi inandırıcı görünmür. Deməli, bir müddətdən sonra “Bankirlər”in düşərgəsində yenə də qiyam ola bilər. Hətta klubun tamamilə buraxılacağı ehtimalı da yetərincə böyükdür. Ona görə də AFFA rəhbərliyi “İnter”in çempionatda çıxışını dayandıra bilmə ehtimalını da ciddiyə almalıdır.

Üçü də “xəstə”dir - “Rəvan” da “Kəpəz” də, AZAL da

Təhlükənin digər mənbəyi “Rəvan” ola bilər. Bu komanda çempionata AFFA rəhbərliyinin xahişi ilə qoşulub. Belə deyək də, AFFA əlacsız qalaraq, “Rəvan”a təklif göndərib, maddi və texniki imkanları Premyer Liqada çıxış etmək üçün yetərli olmayan “Rəvan”ın rəhbərliyi də bu xahişi yerə salmayıb. Çempionatın gedişində “Rəvan”ın problemləri qabarıq şəkildə özünü büruzə versə, heç şübhəsiz, bu komanda da fəaliyyətini dayandırmalı olacaq.

Elə AZAL-ı da eyni aqibət gözləyə bilər. Büdcəsi Avropanın məhəllə komandalarının büdcəsindən də aşağı olan bu klub borc içində boğulur. “Kəpəz”dən isə danışmağa dəyməz. AFFA-nın himayəsinə möhtac olan qərb klubunun büdcəsi də çox azdır. Üstəlik, onu da nəzərə alaq ki, büdcənin azlığına baxmayaraq, Gəncədə “Kəpəz”dən uğur tələb edəcəklər. İki-üç uğursuz oyun bu komandanın tamamilə dağılmasına gətirib çıxaracaq. AFFA bu ehtimalı da nəzərə almalıdır.

“Zirə”nin düşərgəsində çadır quran “moşennik”lər

Ötən mövsümün aşkar autsayderlərindən sayılan “Sumqayıt” bu mövsüm ortabab statusunda olacaq. Yox, AFFA-nın baş katibi Elxan Məmmədov himayə etdiyi klubun büdcəsini artırmayıb. Sadəcə, çempionatdakı digər klubların səviyyəsi o qədər aşağıdır ki, “Sumqayıt” istər-istəməz ortabab statusuna yüksəlib. Elə çempionatın debütantı “Zirə” də ortabab statusunda olacaq. “Zirə”nin sabit maliyyə imkanları olduğu sezilir. Amma heyətin komplektləşməsi zamanı atılan səhvlər acı nəticə verə bilər. Yaşı 35-dən yuxarı futbolçuların heyətə qatılması peşəkarlıq nümunəsi yox, “moşennik”lik əlamətidir. Digər klubların maddi durumunun pis olduğunu görən “moşennik” menecerlər “Zirə”nin düşərgəsində çadır qurublar.

“Xəzər Lənkəran” nəyin əksini sübut etmək istəyir?

Bu mövsüm “Xəzər Lənkəran”dan da ciddi nəsə gözləməyə dəyməz. Düzdür, cənub klubu bir neçə transfer edib. Amma bu transferlərlə nəticə qazanmaq çətin olacaq. Yerli futbolçularla çempion olmaq mümkün deyil. Bu, artıq çoxdanın aksiomasıdır. Amma təəssüf ki, “Xəzər Lənkəran” rəhbərliyi hələ də sübuta ehtiyacı olmayan bu aksiomanın əksini sübut etməyə çalışır.

Bir sözlə, AFFA çətinlik bahasına olsa belə, 10 komanda toplayıb, çempionatı başlayır. Amma bütün mövsüm ərzində AFFA rəhbərliyi səksəkə içində qalacaq. “Hansısa komanda bu gün dağılar, sabah dağılar” qorxusu AFFA rəhbərliyinin içini yeyəcək. Bu çempionat çox ağır çempionat olacaq. Səviyyəsinə görə yox, itkilərinə görə.

Azərbaycan Premyer Liqası - 2015/2016

1-ci tur

9 avqust

21:00 Neftçi – Kəpəz

21:00 Zirə – AZAL

21:00 Xəzər Lənkəran – İnter

10 avqust

21:00 Rəvan – Sumqayıt

21:00 Qəbələ – Qarabağ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm