Qəbələdə Dünya Kuboku yarışlarında ilk qaliblər məlum oldu
Bizi izləyin

İdman

Qəbələdə Dünya Kuboku yarışlarında ilk qaliblər məlum oldu

Qəbələ Stend və Ox Atıcılığı Kompleksində olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsi çərçivəsində ilk qalib idmançıların adları məlum olub.

Avqustun 8-də dairəvi səngər stend atıcılığı üzrə keçirilən yarışlarda qadın idmançılardan Spada Katyuşa (İtaliya) birinci, Connor Caitlin (ABŞ) ikinci, Hill Amber (Böyük Britaniya) üçüncü yeri tutub. İdmançılara medalları gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Beynəlxalq İdman Atıcılıq Federasiyasının baş katibi Frans Şrayber təqdim edib.

Olimpiya və dünya çempionlarının iştirak etdiyi bu yarışda Azərbaycanı Emin Cəfərov, Nurlana Cəfərova, Paşa Əhədpur, Niyaz Ağazadə və başqaları təmsil edib. “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə 100-ə yaxın ölkədən 2 minə qədər idmançı iştirak edir. Atıcılığın 17 növü üzrə keçirilən bu yarışlarda idmançılar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda mübarizə aparır. Ölkəmizi bu mötəbər yarışlarda 27 idmançı təmsil edir.

Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsindən öncə ötən bir il ərzində yarışların 5 mərhələsi ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kipr və Meksikada keçirilib. Həmin yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə keçirilən dünya kuboku uğrunda yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar. Yarışların 6-cı mərhələsi, yəni final görüşləri avqustun 8-dən 16-dək Qəbələdə keçiriləcək. Bu yarışlar 2015-ci il ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və dünya çempionatından sonra ən mühüm yarış hesab olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm