Avropanın çempionluq görməyən yeganə paytaxtı
Bizi izləyin

İdman

Avropanın çempionluq görməyən yeganə paytaxtı

Avropanın çempionluq görməyən yeganə paytaxtı

Əcnəbi saytlardan biri maraqlı bir araşdırma aparıb.

Publika.az xəbər verir ki, sayt paytaxt klublarının milli çempionatlardakı birinciliklərini araşdırıb. Məlum olub ki, qitənin ən çox çempionluq sevinci yaşayan paytaxtı Vyanadı. Türkiyənin paytaxtı Ankara isə çempionluq görməyən yeganə şəhərdi.

"Böyük beşlik" və digərləri

Avropanın 5 böyük çempionatında - İspaniya, İngiltərə, İtaliya, Almaniya və Fransada paytaxt klublarının öz yeri var. Bu çempionatlarla yanaşı, Portuqaliya, Rusiya, Hollandiya, Ukrayna, Beliçka, Yunanıstan, İsveçrə, Avstriya, Çexiya, Rumıniya, İsrail, Cənubi Kipr, Danimarka, Xorvatiya, Polşa, Belarus, Şotlandiya, İsveç, Bolqarıstan, Norveç, Serbiya, Macarıstan, Sloveniya, Slovakiya, Moldova, Gürcüstan, Qazaxıstan, Bosniya və Hersoqovina, Finlandiya, İslandiya, Latviya, Çernoqoriya, Albaniya, Litva, Makedoniya, İrlandiya, Lüksemburq, Malta, Lixtenşteyn (ölkə kuboku), Şimali İrlandiya, Uels, Ermənistan, Estoniya, Farer adaları, San Marino, Andorranın paytaxtları da çempionluq sevinci yaşayıb.

İspaniya zirvədə

"Böyük beşlik"də ən çox çempionluq sevinci yaşayan paytaxt Madriddi. İspaniyanın baş şəhərini təmsil edən "Real" və "Atletiko" ümumilikdə 41 dəfə qızıl medallara sahib çıxıb. Bu uğurda dünyanın ən güclü klublarından biri olan "Real"ın əməyi böyükdü. "Kral Klubu" düz 32 dəfə La Liqanın qalibi olub. "Atletiko" isə 9 dəfə birincilik əldə edib.

Madriddən sonra London

İngiltərənin paytaxtı Londonu təmsil edən klublar 19 dəfə çempionluq sevinci yaşayıb. Ən çox uğura "Arsenal" nail olub - 13 dəfə. Digər London təmsilçilərindən "Çelsi" 4, "Tottenhem" 2 dəfə uğura nail olub.

Fransanın paytaxtı Paris 14 çempionluqla "böyük beşlik"də üçüncü yeri tutur. Parisə 14 çempionluğu 7 müxtəlif klub bəxş edib. Ötən mövsümdə də qızıl medallara sahib çıxan PSJ 3 dəfə çempion olub. Fransa futbolunun ilk klublarından olan Paris təmsilçisi "Standard Atletik" 5, "RCF Paris" 2, "Français", "Gallia Club Paris", "CA Paris" və "Stade Français" klubları isə 1 dəfə qalib adını qazanıb.

Almaniyanın paytaxtı Berlin və İtaliyanın baş şəhəri Roma 5 dəfə çempionluq şərbətini içib. İtaliyada "Roma" 3, "Latsio" 2 dəfə birinciliyə nail olub. Almaniyada isə "Herta" və "Viktoria 89"un 2, "Blau Veyss 1890"ın isə 1 çempionluğu var.

Rekordçu Vyana

Avstriyanın paytaxtı Vyana Avropanın rekordçusudu. Belə ki, şəhərin komandaları 78 dəfə ölkə çempionu olub. "Rapid"in 32, "Austria"nın 24, "Admira"nın 8, "First Vyana"nın 6, "Viener Sport-Club"un 3, "Viener AF", "Viener AC", "Hakoah", "Vacker" və "Floridsdorfer"in 1 çempionluğu var.

Vyananı Yunanıstanın paytaxtı Afina izləyir. Bu şəhərin 71 çempionluğundan 40-nı "Olimpiakos", 20-ni "Panatinaikos", 11-ni isə AEK qazanıb.

Paytaxt sakinlərini ən çox sevindirən ölkələrdən biri də Portuqaliyadı. Burda Lissabon klublarının ölkənin digər böyük klubu "Portu" ilə mübarizəsi nəzərə çarpır. Paytaxtı təmsil edən "Benfika" 32 çempionluqla 27 birinciliyi olan "Portu"nu qabaqlayır. Digər Lissabon təmsilçisi "Sportinq" 22 dəfə qızıl medallara sahib çıxıb. "Belenenses" və "Atletiko Club de Portugal"ın isə 1 çemionluğu var.

Rusiyanın paytaxtı Moskva 48 dəfə çempionluq sevinci yaşayıb. "Spartak" 21, "Dinamo" və ÇSKA 11, "Torpedo" 3, "Lokomotiv" isə 2 dəfə qalib adını qazanıb.

Hollandiyanın paytaxtı Amsterdamın 39 çempionluğu var. Dünya futboluna qazandırdığı ulduzlarla daim diqqət mərkəzində olan "Ayaks" 32 dəfə paytaxt sakinlərini sevindirib. Qalan 7 birincilik isə paytaxtın digər təmsilçiləri - RAP (5), DWS (1) və "Voleviyekers"in (1) aktivindədi.

Ukraynanın paytaxtı Kiyevə "Dinamo" 13 çempionluq bəxş edib. İsveçrənin paytaxtı Bern isə 12 dəfə bu sevinci yaşayıb. Bunlardan 11-ni "Yanq Boyz", birini "Biel-Bienne" qazanıb.

Bakı: 21 çempionluqdan 12-si...

Azərbaycanın paytaxtı Bakı indiyədək baş tutan 21 çempionatın (yarımçıq dayandırılan 2002/03 mövsümü nəzərə alınmır) 12-də qalib adını qazanıb. Paytaxt klubları arasında çempionluq sevincini ən çox yaşayan klub "Neftçi"di. Son 3 mövsümdə çempionluğu heç kimə güzəşt etməyən futbolumuzun flaqmanı 8 dəfə paytaxt sakinlərini sevindirib. Qalan 4 çempionluqdan ikisi "Bakı"nın, ikisi isə "İnter"in aktivindədi.

Qeyd edək ki, Azərbaycanda paytaxt klubları ilə yanaşı, "Şəmkir" (3), "Kəpəz" (3), "Turan" (1), "Qarabağ" (1) və "Xəzər Lənkəran" (1) çempion olub.

Ankara çempionluğa həsrətdi

Avropada çempionluq görməyən yeganə paytaxt Ankaradı. Türkiyənin başkəndini təmsil edən klublar heç vaxt birincilik sevinci yaşamayıb.

Super Liqa keçirildiyi vaxtdan İstanbul klubları - "Qalatasaray" (19), "Fənərbaxça" (18) və "Beşiktaş" (13) 50 dəfə çempionluğu əldə edib. Qalan 7 birincilikdən 6-sı "Trabzonspor"un, biri isə "Bursaspor"un aktivindədi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm