“Sehrbaz cırtdan” ABŞ-a getməyəcək
Bizi izləyin

İdman

“Sehrbaz cırtdan” ABŞ-a getməyəcək

Son illərdə karyerasının qürub çağını yaşayan futbolçuların dünyanın müxtəlif guşələrinə səpələnməsinin şahidi oluruq. Bir çox hallarda bu addımı təqaüdə çıxmaq ərəfəsində daha çox pul qazanmaq istəyənlər atır. Təbii ki, başqa məqsədlər də var...

Bu gün daha çox ulduzların üz tutduğu bölgələr ABŞ və Asiya ölkələri sayılır. Bir neçə ildən sonra MLS ulduzların sayına görə Avropanı üstələsə təəccüblənməyin. Çünki veteranların son illərini okeanın o tayında keçirməsi ənənəyə çevrilməkdədir. Amma belə düşünməyənlər də var...

Məsələn, son 10 ildə Almaniya futbolunun, əsasən də “Bavariya”nın simasına çevrilən Filipp Lam heç də ABŞ-a yollanmaq haqda düşünmür.

Ötən il Almaniya yığmasıyla dünya çempionluğunu qazanan bəstəboy futbolçu sonradan gözlənilmədən milli karyerasını başa vurduğunu açıqladı. Halbuki 31 yaş bu qərarı vermək üçün çox tez idi. Hər halda, almanlar dəqiq və soyuqqanlılığıyla seçildiyi üçün Lamın qərarından dönməyəcəyi aşkardır.

Bu günlərdə isə alman müdafiəçi (hərçənd Qvardiola “Bavariya”ya baş məşqçi gələndən sonra Filipp yarımmüdafiəçi kimi məşhurlaşdı) onu başqalarından fərqli edən daha bir açıqlama verib:

“Bəzi futbolçular Qətərə və ABŞ-a gedir. Amma mən belə deyiləm. Mənim karyeram “Bavariya”da başa çatacaq. Bir dəfə də Çempionlar Liqasını qazanmaq istəyirəm”.

“Sehrbaz cırtdan” ləqəbli futbolçu 2005-ci ildən Almaniyanın ən titullu klubunun formasını geyinir. Bu müddətdə 6 dəfə Almaniya çempionu olan Lam 5 dəfə Almaniya kubokunun, 2 dəfə Almaniya Liqa kubokunun, 2 dəfə Almaniya superkubokunun, Çempionlar Liqasının, Avropa Superkubokunun və Klublararası dünya çempionatının qalibi olub.

Onun dünyanın ən yaxşı futbolçularından biri olduğunu sübut edən daha bir məqam isə 2006-cı ildən bəri bütün böyük turnirlərin (DÇ-2006 və DÇ-2010, AÇ-2008 və AÇ-2012) yekununda rəmzi yığmaya düşməsidir. Bundan başqa, Filipp 2012-ci ildə UEFA-nın, 2013 və 2014-cü illərdə FİFA-nın tərtib etdiyi rəmzi yığmada yer alıb.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm