"Bavariya"nın "at oynatdığı" çempionat - Onlara kim mane olacaq?
Bizi izləyin

İdman

"Bavariya"nın "at oynatdığı" çempionat - Onlara kim mane olacaq?

Bu gün Avropanın ən güclü çempionatlarından sayılan, xüsusən də son illərdə geniş tamaşaçı auditoriyası toplayan Bundesliqada 53-cü mövsüm start götürür. Azarkeşlər gələn ilin mayına kimi "Bavariya", "Borussiya" (Dortmund), "Bayer", "Şalke" kimi komandaların sərgilədiyi sürətli, əzmkar futboldan zövq alacaqlar. Yenə də "Bavariya" qaçacaq, "Borussiya", "Bayer", "Volfsburq" və ya hər il olduğu kimi hər hansı başqa sürpriz klub münhenliləri qovacaq. Sıravi azarkeşlərə isə bu maraqlı qaç-qovdan ləzzət almaq qalacaq.

Kubok oyunlarından çempionata çevrilən Bundesliqa

Almaniyada ilk çempionat 1903-cü ildə təşkil edilib. Bundan 60 il sonra isə Bundesliqa yaradılıb. Əslində 1963-cü ilə qədər keçirilmiş birincilikləri daha çox kubok oyunlarına bənzətmək olar. Bu çempionatlar “uduzan çıxır” prinsipiylə keçirilirdi. Sona qalan iki klub isə çempionluq uğrunda final oyununda üz-üzə gəlirdilər. Həmin birinciliklərin nəticələri Bundesliqanın statistikasında nəzərə alınmır.

Almaniya futbolunda çevriliş sayılan Bundesliqanın ilk mövsümündə sevinən komanda "Köln" olur. "Keçilər" ən yaxın izləyiciləri "Mayderixer" və Frankfurt "Ayntraxt"ını 6 xal qabaqlayaraq, Bundesliqanın ilk çempionluğunu qazanırlar. İlk Bundesliqada indikindən iki klub az - 16 klub çıxış edirdi. Həmin ildən indiyə qədər keçirilmiş 52 çempionatda ən çox sevinən komanda "Bavariya" olub. Münhenlilər son mövsümdə sayca 24-cü çempionluqlarını qazandılar ki, onlar bu sahədə Almaniyada liderdilər. Maraqlıdır ki, "Bavariya"nın bu mənada ən yaxın izləyiciləri - Dortmund və Münhenqladbax "Borussiya"ları münhenlilərdən nə az, nə çox, düz 19 çempionluq geri qalır.

1963-cü ildən öncə keçirilən çempionatları da nəzərə aldıqda isə "Bavariya"nın çempionluqlarının sayı 24-dən 25-ə çatır. Bu vaxt Münhen klubunun ən yaxın izləyicisi "Borussiya"lar yox, "Nürnberq" olur. Hesabında 9 çempionluq olan "qırmızı-qaralar" bu uğurlarından 8-ni Bundesliqadan öncəki dövrlərdə qazanıb.

Bundesliqada hesabında 3 çempionluq olan klub formasında bir ulduz daşıya bilər. Çempionluq sayı 5-ə çatdıqda ulduzların sayı 2, 10-cu çempionluqda 3, 20-ci çempionluqda isə 4-ə çatır. Federasiyanın qaydalarına əsasən, klubun çempionluq sayından asılı olmayaraq, formasındakı ulduzların sayı 4-dən çox ola bilməz. Burda ancaq Bundesliqa çempionluqları nəzərə alınır.

Otto Rehagelə çatan yoxdu

Bundesliqa tarixinin ən çox çempion olan klubu "Bavariya"dır. Münhenlilərin hesabında 24 Bundesliqa çempionluğu var. Bundesliqa tarixində ən çox çempion olmuş futbolçular Mehmet Şoll, Bastian Şvaynştayger və Oliver Kandır. Sabiq "Bavariya"lılar 8 dəfə Bundesliqa çempionluğu sevincini yaşayıblar.

Udo Lattek Budesliqa tarixinin ən çox çempion olmuş məşqçisidir. Lattek 6 dəfə "Bavariya"nın, 2 dəfə isə Münhenqladbax "Borussiya"sının "sükanı arxasında" çempionluq sevinci yaşayıb.

Bir mövsümə ən çox xal toplamış klub "Bavariya"dır. Münhenlilər çempion olduğu 2012/13 mövsmündə 91 xal toplamışdı.

Bir mövsümə ən çox qələbə qazanan klub da "Bavariya"dır. Münhen təmsilçisi buna iki dəfə nail olub. "Qırmızı-göylər" 2012/13 və 2013/14 mövsümlərini rekord sayda - 29 qələbəylə başa vurmuşdu.

Bundesliqada bir mövsümə ən çox qol vurmuş klub da "Bavariya"dır. Münhenlilər 1971/72 mövsümündə rəqib qapıçıları 101 dəfə cəzalandırıblar.

Bundesliqanın ən böyük hesablı ev qələbəsinə "Borussiya" (Münhenladbax) imza atıb. "Ağ-yaşıllar" 1977/78 mövsümündə Dortmund "Borussiya"sını 12:0 hesabıyla darmadağın edib. Ən böyük hesablı səfər qələbəsinə isə "Duysburq" imza atıb. "Zebralar" 1965/66 mövsümündə səfərdə "Tazmania Berlin"ə 9:0 hesabıyla qalib gələrək tarixə düşüblər.

Bir mövsümə ən çox azarkeş toplayan klub Dortmund "Borussiya"sıdı. 2011/12 mövsümündə "sarı-qaralar"ın ev oyunlarını 1.368.860 tamaşaçı (hər oyuna orta hesabla 80521 tamaşaçı) izləyib ki, bu da Bundesliqa tarixində ən yüksək göstəricidi.

Karl-Haynys Körbel Bundesliqa tarixinin ən çox oyun keçirən futbolçusudu. Müdafiəçi Bundesliqada 1972-ci ildən 1991-ci ilə kimi 602 oyunda meydana çıxıb. Körbel bütün oyunlarını bir klubun - Frankfurt "Ayntraxt"ının heyətində keçirib.

Otto Rehagel Bundesliqada ən çox komanda çalışdıran mütəxəssisdi. 77 yaşlı çalışdırıcı 1974-cü ildən 2012-ci ilə kimi "Bavariya", "Borussiya" (Dortmund), "Verder", "Fortuna" (Düsseldorf), "Arminiya", "Kayzerslautern" kimi klubların "sükanı arxasında" 830 oyun keçirərək bu sahədə rekorda imza atıb.

Bundesliqa tarixinin ən sərrast futbolçusu "Bavariya"nın və Almaniya millisinin əfsanəsi Herd Müllerdi. Forvard Bundesliqada çıxış etdiyi 14 il ərzində 365 qola imza atıb. O, bütün bu qollarını "Bavariya"nın heyətində vurub.

"Bavariya" yenə fəaldır

Əvvəlki illərdə olduğu kimi bu mövsümdə də çempionluğa əsas namizəd "Bavariya" hesab olunur. Münhenlilərə ən çox müqavimət göstərə biləcək komandalar 2014/15 mövsümünün gümüş mükafatçısı "Volfsburq" və son mövsümü uğursuz keçirən "Borussiya"dır (Dortmund). Bundan başqa, "Bayer", "Borussiya" (Münhenqladbax) və "Şalke kimi klublar Çempionlar Liqasına vəsiqə verən yerlərdən biri uğrunda mübarizə apara bilər. Bütün bunlardan əlavə, Bundesliqada tez-tez rast gəlindiyi kimi bir sürpriz komanda peyda olaraq bu yerlərə iddia edə, hətta çempionluq uğrunda "Bavariya" ilə gərgin mübarizəyə də girişə bilər. Bu, Bundesliqanın əsas özəlliklərindən biridi.

2015/16 mövsümünə hazırlıq dövründə transfer çalışmalarında ən fəal olan klub "Bavariya" olub. Münhenlilər yeni mövsüm üçün 79 milyon avro dəyərində oyunçu transfer edib ki, bunların arasında da ən diqqət çəkəni "Yuventus"dan 37 milyon avro qarşılığında transfer edilmiş Arturo Vidaldır. Bundan başqa, "Şaxtyor"dan transfer edilmiş Duqlas Kosta da münhenlilərin mövsümlərarası dövrdə əsas transferlərindən hesab edilir. "Bavariya" çilili və braziliyalıdan başqa, "Ştutqart"dan Coşua Kimmix və Sven Ulrayxın transferi üçün də 12 milyon avro ziyana düşdü.

"Bavariya"dan gedənlər də oldu. Bunların arasında uzun illərdi komandanın əsas heyət üzvlərindən olan Bastian Şvaynştayger daha çox diqqət çəkir. Ümumilikdə, münhenlilər mövsümlərarası dövrdə komandanı tərk edən oyunçularına görə 35 milyon avro qazandı.

Növbəti mövsüm "Bavariya"nın əsas rəqiblərindən hesab olunan Dortmund "Borussiya"sı da keçən mövsümkü heyətini qoruyub saxlamaqla yanaşı, "Bayer"dən Qonzalo Kastronu, "Köln"dən Roman Bürkini və "Münhen 1860"-dan Culian Veyqli heyətinə cəlb etdi. Ümumilikdə, dortmundlular mövsümlərarası fasilədə transferlərə 17 milyon avro xərcləməklə yanaşı, göndərdiyi oyunçulara görə 9,7 milyon avro qazandı. Dortmundluların əsas transferi isə heç şübhəsiz, baş məşqçi Tomas Tuxel oldu. Tuxelin komandaya son illərdəki uğurları qazandıran, 2014/15 mövsümündəki uğursuz nəticədən sonra komandanı tərk edən Yürgen Kloppu necə əvəzləyəcəyi maraq doğurur.

Keçən mövsümün sürpriz komandası hesab olunan və Bundesliqanı gözlənilmədən 2-ci pillədə başa vuran "Volfsburq" da əsas heyətinin özəyini qoruyub saxlayıb. "Canavarlar"ın mövsümləararsı fasilədə həyata keçirdiyi əsas transfer isə son mövsümdə Münhenqladbax "Borussiya"sının heyətində parlaq çıxışıyla diqqət çəkən hücumameyilli yarımmüdafiəçi Maks Kruzedir. "Yaşıl-ağlar" Maksın keçidinə görə "Borussiya"ya 12 milyon avro ödəyib. Ümumilikdə vitse-çempion növbəti mövsüm üçün 14,7 milyonluq futbolçu transfer edibsə, oyunçu satışından cəmi 2,3 milyon avro qabağa düşüb.

Transfer dövründə fəallıq göstərən klublar arasında "Bayer" və "Şalke" də var. Belə ki, mövsümlərarası fasilədə leverkuzenlilər 35, helzenkirhenlilər isə 32 milyon avro dəyərində oyunçu transfer etdilər.

Transfer dövrünün ən diqqətçəkən klublarından biri də "Hoffenhaym oldu. "Göy-ağlar" transfer çalışmalarında 57,05 milyon avro dəyərində oyunçu satdı ki, bu da mövsümlərarsı dövrdə Bundesliqada rekord məbləğdir. Şübhəsiz ki, "Hoffenhaym"ın satdığı oyunçular arasında əsas yeri braziliyalı Roberto Firmino tutur. Bundesliqa təmsilçisi Firminonun "Liverpul"a satışına görə düz 41 milyon avro qazandı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm