Güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb
Bizi izləyin

İdman

Güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb

Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.

Publika.az xəbər verir ki, sərbəst güləşçilərin yarışında böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Arif Hüseynov (50 kq), Mahir Əmiraslanov (55 kq), Cahid Həsənzadə (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (84 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) iştirak edir.

Çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəkidə güləşçilər yarışıb. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub.

50 kq çəkidə mübarizə aparan Arif Hüseynov Yaponiya və Qırğızıstan güləşçilərinə qalib gəlsə də, yarımfinalda İran güləşçisi ilə gərgin keçən görüşdə məğlub olub. Təmsilçimiz bürünc medal uğrunda Ermənistan təmsilçisi ilə görüşə çıxıb. Rəqibini 4:2 üstələyən Arif Hüseynov Dünya çempionatının bürünc medalına sahib olub.

60 kq-da yığmamızın üzvü Cahid Həsənzadə ilk görüşdə Ermənistan təmsilçisini vaxtından əvvəl məğlub edib. Ardıcna Ukrayna və Belarus güləşçilərini də üstələyən təmsilçimiz yarımfinalda İranlı rəqibinə uduzub. Cahid bürünc medal uğrunda görüşdə Rusiya təmsilçisinə uduzub və çempionatı 5-ci sırada tamamlayıb.

96 kq-da mübarizə aparan Nurməhəmməd Hacıyev finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Rusiya, Finlandiya və Qazaxstan təmsilçiləri üzərində qələbə güləşçimizi finala yüksəldib. Həlledici görüşdə İran təmsilçisinə də şans verməyən Nurməhəmməd Hacıyev Dünya çempionatının qızıl medalına yiyələnib.

Xatırladaq ki, yunan-Roma güləşçilərinin mübarizəsində idmançılarımız 1 qızıl (Murad Məmmədov (55 kq)), 2 gümüş (Kərim Cəfərov (60 kq), İslam Abbasov (84 kq)) və 1 bürünc (Ruhin Mikayılov (66 kq)) medal qazanıb. Yığmamız çempionatı komanda hesabında ikinci sırada başa vurub.

Gənc qızların yarışında isə, yığmamız 2 qızıl (Türkan Nəsirova (44 kq), Leyla Qurbanova (51 kq)), 2 gümüş (Raqnetta Qurbanzadə (63 kq), Səbirə Əliyeva (72 kq)) və 1 bürünc (Elis Manolova (67 kq)) medal qazanıb və komanda hesabında Yaponiyadan sonra ikinci sırada qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm