350-ci qələbə, ilk avtoqol, azarkeş rekordu – Azərbaycanda
Bizi izləyin

İdman

350-ci qələbə, ilk avtoqol, azarkeş rekordu – Azərbaycanda

Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün 2-ci turu yekunlaşmasa da bəzi diqqətçəkən məqamlar var.

Publika.az xəbər verir ki, “Qarabağ”ın “Rəvan”la səfər oyununda qazandığı qələbə (2:1) yubileylə əlamətdar olub. Ağdam təmsilçisi Azərbaycan çempionatında 350-ci dəfə meydanı qələbə ilə tərk edib. Əyalət klubu bu göstəriciyə 659-cu matçında nail olub. “Qarabağ”ın hesabında 350 qələbə ilə yanaşı, 158 heç-heçə və 151 məğlubiyyət də var.

214 dəfə evdə, 133 dəfə səfərdə qalib gələn ağdamlılar neytral meydanda 3 qələbə qazanıb. Ağdamlılar Azərbaycan çempionatındakı qələbə sayında yalnız “Neftçi”dən geri qalır. Bakı klubunun hesabında 387 qələbə var.

Cari mövsümdə ilk qələbəsini qazanan əyalət klubu əvvəlki 23 çempionatda ən çox – 24, ən az 5 dəfə qalib gəlib: 1992 – 24, 1993 – 11, 1993/94 – 21, 1994/95 – 13, 1995/96 – 13, 1996/97 – 23, 1997/98 – 14, 1998/99 – 20, 1999/2000 – 5, 2000/01 – 5, 2001/02 – 13, 2003/04 – 19, 2004/05 – 22, 2005/06 – 12, 2006/07 – 6, 2007/08 – 11, 2008/09 – 14, 2009/10 – 14, 2010/11 – 17, 2011/12 – 15, 2012/13 – 16, 2013/14 – 21, 2014/15 – 20.

Qeyd edək ki, “Qarabağ” çempionatda ilk qələbəsini 1992-ci il mayın 6-da Kürdəmir “Şirvan”ı ilə ev oyununda qazanıb – 6:0.

Artıq mövsümün ilk avtoqolu da qeydə alınıb. Bu da “Rəvan” – “Qarabağ” qarşılaşmasında (1:2) gerçəkləşib. Mövsümün ilk uğursuzu paytaxt təmsilçisinin futbolçusu Yamin Ağakərimzadə olub. Ümumiyyətlə, 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında 149-cu avtoqol qeydə alınıb.

Ağakərimzadə “Rəvan”ın tarixinə Premyer Liqada öz qapısına qol vuran ilk oyunçu kimi düşüb. Paytaxt təmsilçisi futbolçusu avtoqol müəllifi olan 38-ci komandadır. AZAL (17), “Qarabağ” (14), “Neftçi” (12) və “Bakı” (11) daha çox avtoqola imza atıb.

Rəqibi avtoqol edən komandaların sayı 34-dür. “Qarabağ” 16-cı dəfə rəqib qolu sayəsində fərqlənməklə, “Neftçi”yə çatıb. “Bakı” 15, “İnter” 14 belə halla üzləşib.

Qeyd edək ki, Premyer Liqada oynamış 58 klubdan 44-nün oyununda avtoqol qeydə alınıb.

Bu turda azarkeş rekordunun məhz Gəncədə qeydə alınması sevindirici xəbərdir. Böyük futbolun həyəcanını yaşayan gəncəlilər stadionda boş yer qoymayıb. Gəncədəki matçı 12500 tamaşaçı izləyib ki, bu da son 4 mövsüm üçün ən yüksək göstəricidir. Bu görüşədək mövsümün rekordu ilk turun “Xəzər Lənkəran” – “İnter” oyunu (2:0) idi – 7000. Bundan başqa, 2012/13, 2013/14 və 2014/15 mövsümlərində də belə yüksək rəqəmə təsadüf olunmamışdı.

Əvvəlki üç mövsümün rekordları Lənkəranda qeydə alınmışdı. Ötən çempionatda “Xəzər Lənkəran” - “Sumqayıt” görüşünü 8500, 2013/14-də “Xəzər Lənkəran” – “Neftçi”, 2012/13-də “Xəzər Lənkəran” – “İnter” matçlarının hər ikisini 11000 tamaşaçı seyr etmişdi. “Kəpəz” – “Zirə” oyunu ilə müqayisədə daha çox seyrçi sonuncu dəfə 2011/12 mövsümünün sonlarında qeydə alınmışdı. 2012-ci il mayın 11-də “Xəzər Lənkəran” – “Qarabağ” matçını 13500 tamaşaçı izləmişdi. Lənkərandakı oyundan sonrakı 1192 günün rekordu Gəncədə reallaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm