Qəhrəmanlar qayıtdı
Bizi izləyin

İdman

Qəhrəmanlar qayıtdı

Braziliyanın Salvador şəhərində gənclər arasında dünya çempionatında birincilik qazanmış sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvləri avqustun 19-da vətənə dönüblər.

Publika.az xəbər verir ki, güləşçilərimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının nümayəndələri, idmançıların yaxınları və media təmsilçiləri qarşılayıblar.

Yarışlar barədə məlumat verən gənclərdən ibarət sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov bildirib ki, böyük ümidlərlə yollandıqları çempionatdan yaxşı nəticələrlə geri dönüblər. İlk dəfədir idi ki, gənclərdən ibarət yığma komandada baş məşqçi kimi dünya çempionatına qatılıram. Dünya çempionatında yarışlar gərgin mübarizə şəraitində keçdi. Çempionatda 59 dövlət iştirak edirdi. Buna baxmayaraq, yeniyetmələrimiz inamlı mübarizə apardı. Güləşçilərimizin yüksək əzmkarlıq nümayiş etdirməsi və ümidlərimizi doğrultması bizi çox sevindirir. Gənc güləşçilərimiz demək olar ki, bütün çəki dərəcələrində medal qazandı.

Dünya çempionatına yaxşı hazırlaşdıqlarını söyləyən idmançılar yüksək nəticələri dövlət başçısının ölkəmizdə idmana və idmançılara göstərdiyi diqqət və qayğı sayəsində əldə ediblər.

Ən çətin qarşılaşmaların Rusiya və iranlı idmançılarla olduğunu söyləyən güləşçilərimiz yığmada dörd nəfərin birincilik qazandığını və qələbənin əldə edilməsində məşqçilər korpusunun əməyinin yüksək olduğunu vurğulayıblar.

Qeyd edək ki, sərbəst güləşçilərimiz yarışa böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında yollanmışdı. Sərbəst güləşçilərimiz dünya çempionatını 4 qızıl və 1 bürünc medalla başa vurublar. Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandamız qızıl medalların sayına görə dünya çempionatında bütün komandaları qabaqlayaraq dünya birincisi olub və idman tariximizə yeni səhifə yazıblar.

Qızıl medalları ölkəmizə Mahir Əmiraslanov (50 kq), Teymur Məmmədov (66 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) qazandırıblar. Arif Hüseynov (50 kq) isə bürünc medala sahib olub. Komanda hesabında 58 xal toplayan Azərbaycan yığması çempionatı ikinci sırada başa vurub. İran 62 xalla birinci, Rusiya 49 xalla üçüncü yerdə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm