UEFA reytinqi açıqlandı: Azərbaycan irəlilədi
Bizi izləyin

İdman

UEFA reytinqi açıqlandı: Azərbaycan irəlilədi

Azərbaycan UEFA-nın əmsallar cədvəlində Bolqarıstan və Sloveniyanı arxada qoyaraq 26-cı pilləyə yüksəlib.

Publika.az xəbər verir ki, Avropa Liqasında mübarizəni davam etdirən "Qarabağ" və "Qəbələ" klubları ötən gün ölkəyə növbəti xalları qazandırıblar.

Belə ki, "Qarabağ" səfərdə İsveçrənin "Yanq Boyz" klubu üzərində qələbə qazanmaqla 1, "Qəbələ" isə evdə Yunanıstanın "Panatinaikos" kollektivi ilə heç-heçə etməklə 0,5 xal qazanmağa nail olub. Ümumilikdə qazanılan 1,5 xal ölkənin reytinq cədvəlində 26-cı pilləyə yüksəlməsi ilə nəticələnib.

Hazırda Azərbaycanın hesabında 13.250 reytinq xalı var və o, ən yaxın izləyicisindən 0,125 xal öndədir. Lakin qeyd edək ki, hazırda Bolqarıstan və Sloveniyanın bütün klubları Avropa kuboklarında mübarizəni dayandırıb. Əvəzində isə 29 və 30-cu pillələrdə qərarlaşan Serbiya və Slovakiyanın müvafiq olaraq 2 və 1 təmsilçisi avrokuboklarda çıxışını davam etdirdiyindən, onların xal qazanması və ya mərhələ adlaması Azərbaycan üçün təhlükəli ola bilər.

Reytinq cədvəlində Azərbaycanın növbəti hədəfə aldığı ölkə isə Norveçdir (16.250). Hazırda ölkəmizi bu rəqibdən 3 reytinq xalı ayırır və üstəlik, bu ölkənin 3 təmsilçisi hələ ki, avrokuboklarda mübarizəni davam etdirir.

Qeyd: Klublar təsnifat mərhələlərində qələbəyə görə 1 xal, heç-heçəyə görə isə - 0,5 xal, eyni zamanda qrup mərhələlərində 1 qələbəyə görə 2 xal, heç-heçəyə görə isə 1 xal qazanırlar. Mövsüm ərzində toplanan xallar ölkəni təmsil edən klubların ümumi sayına bölünür (Azərbaycan klublarının sayına) və yekun rəqəm ölkənin hesabına əlavə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm