“Neftçi”-“Sumqayıt” görüşünün nəticəsi əvvəlcədən müəyyənləşdirilib?
Bizi izləyin

İdman

“Neftçi”-“Sumqayıt” görüşünün nəticəsi əvvəlcədən müəyyənləşdirilib?

Azərbaycan Premyer Liqasında 3-cü turun oyunları 3 gün ərzində keçiriləcək. Tura avqustun 22-də start veriləcək.

Publika.az 3-cü turun afişasını təqdim edir:

“Ağ-yaşıllar” motivasiya sarıdan korluq çəkməməlidir

Turun açılış oyunu “Fırtınalar meydanı”nda keçiriləcək. “Xəzər Lənkəran” “Rəvan”ı qəbul edəcək. FİFA-nın tətbiq etdiyi transfer qadağası ucbatından “Ağ-yaşıllar” heyətə cəlb etdiyi yeni oyunçulardan yararlana bilmir. Bu qadağa “Rəvan”la oyunda da qüvvədə olacaq. Qadağanın “Xəzər Lənkəran”ın nəticələrinə ciddi təsir edəcəyi gözlənilirdi. Ancaq kasad heyətin ilk iki turdan üzüağ çıxdığını iddia edə bilərik. “Ağ-yaşıllar” 4 xalla liderlər qrupunda qərarlaşıblar. Əsası gənclərdən təşkil olunan heyətin “Rəvan”la oyunda da motivasiya sarıdan korluq cəkməyəcəyi şəksizdir. İndiki heyət “Rəvan”a qalib gəlməklə, yeni transferlərin üzərinə böyük yük qoymuş olacaq. “Bu heyətlə nəticə qazanmaq mütləqdir” tələbini nəzərdə tuturuq. “Rəvan”ın baş məşqçisi Emin Quliyev nəsə etməyə çalışsa da, bu büdcə və heyətlə ciddi nəticə əldə etmək çox çətindir. “Rəvan” rəqiblərə ancaq və ancaq ciddi müqavimət göstərə bilər. Amma autsayder imicindən qurtulmaq üçün başqa amillərin də olması vacibdir. “Rəvan” isə hələ ki, peşəkar amillərə sahib deyil və olacağı da inandırıcı görünmür.

Statistika nə deyir?

“Xəzər Lənkəran” 5 oyundur meydanı qolsuz tərk etmir. Son 4 qarşılaşmada qonaq komanda qalib gələ bilmir. “Rəvan” səfər oyunlarının hamısında qol buraxıb.

Xəzər Lənkəran - Rəvan: 10 oyun, 3 qələbə, 4 heç-heçə, 3 məğlubiyyət, top fərqi – 15:9.

Qəbələdəki oyunun taleyini məşqçilər həll edəcək?

Turun daha 3 qarşılaşması avqustun 23-də keçiriləcək. Azərbaycanı Avropa Liqasında təmsil edən komandalar da məhz həmin gün meydana çıxacaqlar. “Panatinaikos”la ağır oyundan sonra “Kəpəz”ə qarşı mübarizə aparmaq “Qəbələ” üçün asan olmayacaq. Böyük ehtimalla, Roman Qriqorçuk Afinadakı cavab qarşılaşmasını nəzərə alaraq, əsas heyətin bəzi üzvlərinə istirahət verəcək. “Kəpəz”də məşqçi işinin nəticəsi ilk iki turda nəzərə çarpıb. Qərb klubunda komanda oyununun cizgiləri aşkar sezilir. Yorğun “Qəbələ” “Kəpəz”lə oyunda planlaşdırmadığı xal itkisiylə üzləşə bilər. Amma bütün hallarda bu qarşılaşmanın taleyini məşqçilərin taktiki planının həll edəcəyini deyə bilərik.

Statistika nə deyir?

Bu komandaların oyunlarında qonaq tərəf heç vaxt qalib gəlməyib. Son 4 qarşılaşmada isə meydan sahibi olan komanda qalib gəlib.

Qəbələ - Kəpəz: 8 oyun, 2 qələbə, 4 heç-heçə, 2 məğlubiyyət, top fərqi – 7:5.

Ehtiyat qüvvə də “təyyarə”ni ram etməyə qadirdir

“Qəbələ” ilə müqayisədə digər Avroliqa iştirakçısı “Qarabağ”ın işi daha asandır. Birincisi, “Köhlən atlar” İsveçrə səfərindən qələbə ilə qayıdır ki, bu da əhval-ruhiyyənin yüksək olması deməkdir. Digər tərəfdən, “Qarabağ”ın rəqibi AZAL-dır. AZAL-ın isə komanda kimi formalaşmadığına ilk iki turda şahidlik etmişik. Qurban Qurbanov “Yanq Boyz”la oyundan əvvəl - “Rəvan”la qarşılaşmada ehtiyat qüvvəyə güvənmişdi. Böyük ehtimalla, mütəxəssis yenə də ehtiyat qüvvəyə üstünlük verəcək. Ancaq əminliklə deməliyik ki, “Qarabağ”ın ehtiyat qüvvəsi də AZAL-a asanlıqla qalib gəlməyə qadirdir.

Statistika nə deyir?

“Qarabağ” son 6 oyunda qalib gəlib. Ardıcıl 7 matçda qol vuran ağdamlılar bu görüşlərdə uduzmayıb. AZAL son 7 ev qarşılaşmasında qol buraxıb.

AZAL – Qarabağ: 26 oyun, 5 qələbə, 6 heç-heçə, 15 məğlubiyyət, top fərqi – 24:34.

“Neftçi” “Sumqayıt”a kimin göstərişiylə qalib gələcək?

Günün daha bir qarşılaşmasında “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. Futbol ictimaiyyəti arasında bu qarşılaşmaya maraq böyükdür. Yox, komandaların heç biri çempionluq uğrunda mübarizə aparmır. Baxmayaraq ki, “Neftçi”nin qarşısına məhz bu vəzifə qoyulub. Bu oyuna maraq başqa amilə görə yaranıb. Hər iki komanda AFFA-nın baş katibi Elxan Məmmədovun nəzarətindədir. Hər iki komanda da elə ilk turlardan aşkar autsayder statusundadır. Bu qarşılaşmada kim qalib gələcək? “Neftçi”nin ilk iki turda qalib gələ bilməməsi klub rəhbərliyinə qarşı böyük tənqid dalğası yaradıb. “Ağ-qaralar” bu oyunda da qalib gələ bilməsə... Futbol ictimaiyyəti arasında gəzən söz-söhbətdə iddia olunur ki, “Neftçi” “Sumqayıt”a qalib gələcək. Ancaq bu oyunun nəticəsinin meydanda yox, AFFA-nın divarları arasında - baş katibin kabinetində müəyyənləşdirildiyi də iddia olunur. Bütün hallarda hər şeyə meydanda aydınlıq gələcək. Cidanı çuvalda gizlətmək olmur. Güman ki, baş katib də gizlədə bilməyəcək.

Statistika nə deyir?

“Sumqayıt” 4 oyundur qalib gələ bilmir. “Neftçi” ardıcıl 5 matçdır qol vurur. Bakılıların 6 ev oyunundan 5-də 4 və ya daha çox qol vurulub.

Neftçi – Sumqayıt: 12 oyun, 7 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət, top fərqi – 27:14.

Baxımlı futbol olmayacaq

Tura avqustun 24-də - “Zirə” - “İnter” görüşü ilə yekun vurulacaq. Bu qarşılaşma haqqında birmənalı iddia irəli sürmək çox çətindir. Çempionatın debütantı 2 turdan sonra liderlər qrupunda qərarlaşıb. Maliyyə böhranında boğulan “İnter” isə ilk turdakı məğlubiyyətdən sonra “”Neftçi”yə qalib gəlməklə, hələ “nəfəs alıram” dedi. Bu qarşılaşma ilə bağlı təkcə bunu deyə bilərik: Baxımlı futbol olmayacaq. Bu iddia təkcə komandaların oyun üslubuna görə irəli sürülmür. Həm də rəqiblər bir-birinə yaddır. Komandalar Azərbaycan çempionatında ilk dəfə üz-üzə gələcəklər.

Natiq Muxtarlı

Azərbaycan Premyer Liqası, 3-cü tur

22 avqust

21:00 Xəzər Lənkəran – Rəvan

Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Füzuli Nəcəfov

"Xəzər Lənkəran" mərkəzi stadionu

23 avqust

18:30 Neftçi – Sumqayıt

Hakimlər: Ramil Diniyev, Elman Musayev, Vüsal Qənbərov, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Məhəmməd Məmmədov

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

21:00 Qəbələ – Kəpəz

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Kərim Ağayev

Qəbələ şəhər stadionu

21:00 AZAL – Qarabağ

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Cavanşir Yusifov, Etibar Həsənov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Əhmədağa Cabbarov

“Dalğa Arena”

24 avqust

21:00 Zirə – İnter

Hakimlər: Fariz Yusifov, Zeynal Zeynalov, Nahid Əliyev, Xəlil Xəlilov

AFFA nümayəndəsi: Adil Nadirov

Hakim-inspektor: Murad Məmmədov

Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm