Avropanın ən güclü çempionatı başlayır – Orada həmyerlimiz də var
Bizi izləyin

İdman

Avropanın ən güclü çempionatı başlayır – Orada həmyerlimiz də var

Bu gün keçiriləcək “Malaqa” – “Sevilya” oyunuyla İspaniya La Liqasının 2015/16 mövsümünə start veriləcək. Azarkeşlər gələn il mayın 15-nə kimi Ronaldo, Messi, Beyl, Neymar, Suares və sair kimi dünya ulduzlarının oyunundan zövq alacaqlar. Yenə "Barsa" və "Real" çempionluq mübarizəsinə girişəcək, "Atetiko", "Sevilya", "Valensiya" və ya başqa bir klub Madrid və Kataloniya klubuna mane olmağa çalışacaq. Kim bilir, bəlkə bu ikilinin başı "El Klassiko"ya qarışdığı zaman "şikar" (çempionluq) bir başqasına qismət olacaq? Əvvəlcə gəlin La Liqanın tarixinə qısa nəzər salaq.

İngiltərə və İtaliyadan sonra

La Liqa bu gün Avropanın ən güclü çempionatlarından sayılsa da, bu liqa qitənin digər nəhəng birincilikləri İngiltərə və İtaliya çempionatından bir xeyli sonra yaradılıb. Belə ki, tarixdə ilk La Liqa 1928-ci ildə start götürüb. İlk qalib isə "Barselona" olub. Bu illər ərzində La Liqada 3 klub daimi olub. Belə ki, bu il 84-cü dəfə təşkil ediləcək liqanı "Barselona"yla yanaşı, katalonların əzəli rəqibi "Real" və Bilbao "Atletik"i heç vaxt tərk etməyiblər. Çempionat 1936-39-cu illərdə İspaniyadakı vətəndaş müharibəsinə görə keçirilməyib.

Ümumiyyətlə, bu günə qədər baş tutmuş 83 La Liqada 9 klub çempionluq sevinci yaşayıb. Bu sahədə mütləq rekord isə "Kral klubu"na məxsusdur. "Real" nə az, nə çox, düz, 32 (!) dəfə La Liqanın ən güclüsü olub. Madridliləri 23 çempionluqla əzəli rəqibləri "Barselona" izləyir. "Atletiko"nun hesabında 10, Bilbao "Atletik"ində isə 8 çempionluq var. Bundan başqa, "Valensiya" 6 dəfə, "Real Sosyedad" 2 dəfə, "Deportivo", "Sevilya" və "Betis" isə hərəyə bir dəfə çempionluq sevinci yaşayıblar.

Avropanın ən güclü liqası

La Liqa futbol səhnəsinə A seriyasından və İngiltərə çempionatından gec çıxsa da, uğurlarına görə bu liqaları qabaqlayır. La Liqa Avropada qazanılmış kubokların sayına görə liderlərdəndir. Belə ki, bu liqanın təmsilçiləri Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında 15 çempionluq (10 dəfə "Real", 5 dəfə "Barselona") sevinci yaşayıb ki, bu, ən yüksək göstərici sayılır. La Liqa klubları əvvəllər UEFA kuboku adlanan hazırda isə Avropa Liqasına çevrilən turnirdə də liderlərdəndir. Hesabında 9 çempionluq olan La Liqa burada A seriyasından bir gümüş medal geri qalır. Belə ki, italyan klubları da Pireney təmsilçiləri kimi 9 çempionluq qazansa da, qitənin ikinci ən nüfuzlu klub turnirinin finalında ispanlardan bir dəfə çox iştirak edib. Hazırda keçirilməyən UEFA Kuboklar Kubokunda isə ispanlar vahid liderdir (4 çempionluq).

La Liqanın bəzəyi – “El Klassiko”

Kim nə deyir-desin, La Liqanı La Liqa edən “El Klassiko”dur. Belə ki, "Kral klubu"yla Kataloniya təmsilçisinin qarşılaşması hər mövsüm 100-dən artıq ölkədə maraqla izlənilir. Bu əzəli rəqabət ötən əsrin 30-cu illərində, İspaniyada diktator Franko Fransiskonun hökmranlıq etdiyi dövrlərdə daha da güclənib. Yazıçı Fil Ball “El Klassiko” haqqında "İspaniya vətəndaş müharibəsinin başlanğıcı" fikrini ifadə etmişdi. Buna səbəb 30-cu illərdə İspaniyada daxili vəziyyət gərginləşdiyi zaman Franko tərəfdarlarının "Kral klubu" "Real"a, Kataloniya millətçilərinin isə doğma "Barsa"ya azarkeşlik etməsi idi. Müharibə meydanında məğlub olan katalonlar, özlərinin Kataloniya sevgisini "Barselona" vasitəsilə bu komandanın ev oyunlarını keçirdiyi "Nou Kamp"da davam etdirdilər. Hələ də "Barselona"nın ev oyunlarında "Kataloniya İspaniya deyil" şüarı səsləndirilir. Son illər isə Messi - Ronaldo rəqabəti “El Klassiko”ya əlavə rəng qatıb.

Bu klublar arasında bu günə qədər baş tutmuş 262 matçda katalonların qələbəsi daha çoxdur. Belə ki, "Göy-qırmızılar" "Kral klubu"nu 108 dəfə məğlub edib. 96 oyun madridlilərin qələbəsiylə, 58 matç isə heç-heçə nəticələnib.

La Liqanın "ən"ləri

Ən çox qələbə qazanan klub - "Real" (1590)

Bir mövsümə ən çox qələbə qazanan klub - "Real" 32 qələbə (2011/12)

Ən çox çempion olan klub - "Real" (32)

Ən çox heç-heçə edən klub - "Atletik" B (609)

Ən çox uduzan klub - "Espanyol" (1024)

Ən uzun məğlubiyyətsiz oyun seriyası - "Real Sosyedad" (38 oyun: 29 aprel, 1979 - 11 may, 1980)

Ən çox oyun keçirən futbolçu - Andoni Subisaretta (622)

Ən çox qol vuran futbolçu - Lionel Messi (286)

Bir mövsümə ən çox qol vuran futbolçu - Lionel Messi (50 qol - 2011/12)

Ən böyükhesablı qələbə - "Attletik" B - "Barselona" 12:1 (1931)

"Hindular" çox əliaçıqdı, amma...

Bu mövsüm La Liqada əvvəlki illərdə olduğu kimi çempionluq uğrunda "Barselona" və "Real"ın mübarizə aparacağı gözlənilir. Ancaq keçən il "Barsa"yla "Kral klubu"nun mübarizəsindən məharətlə yararlanaraq uzun fasilədən sonra 10-cu çempionluğunu qazanan "Atletiko" da əsas iddialılardan sayılır. Təsadüfi deyil ki, "Hindular" mövsümlərarası fasilədə ilk dəfə transferə klub üçün rekord məbləğ - 126 milyon avro xərcləyib. Buna baxmayaraq, madridlilər Arda Turan, Mario Mancukiç kimi futbolçularını satıb ki, adıçəkilən futbolçuların ötən mövsüm madridlilərin əsas heyət oyunçuları olduğunu nəzərə alsaq, bu, "Qırmızı-ağlar"ın nəticələrinə mənfi təsir edə bilər. "Barsa" isə FİFA-nın cəzasına görə, yeni ilə kimi mövsümlərarası transfer dövründə heyətinə cəlb etdiyi furtbolçuların xidmətindən istifadə edə bilməyəcək. Beləliklə, Arda Turanın pərəstişkarları türk futbolçunun Kataloniya klubunda debütünü gələn ilə kimi gözləməli olacaq.

Avropanın ən güclü çempionatındakı həmyerlimiz

Bu il start götürəcək La Liqaya təkcə yuxarıda adını çəkdiyim ulduzlara görə yox, elə millimizin üzvünə görə də baxmağa dəyər. Belə ki, keçən mövsüm "Qranada"nın uğurları üçün çalışan Azərbaycan millisinin üzvü Eddi İsrafilov bu il digər La Liqa klubu "Eybar"ın uğurları üçün çalışacaq. Eddi hər nə qədər bu klubun yoxlama oyunlarında gözə görünməsə də, onun La Liqa oyunlarında daimi olaraq meydana çıxacağına və Azərbaycanı layiqincə təmsil edəcəyinə ancaq ümid etmək qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm