«Qəbələ» yubileyi Afinada qeyd edəcək
Bizi izləyin

İdman

«Qəbələ» yubileyi Afinada qeyd edəcək

Avqustun 27-də UEFA Avropa Liqasının pley-off mərhələsinə yekun vurulacaq. Cavab oyunları çərçivəsində keçiriləcək qarşılaşmada “Qəbələ” Yunanıstanın “Panatinaikos” klubu ilə görüşəcək. Bakıda keçirilən ilk matçda qolsuz heç-heçə ilə kifayətlənən “Qırmızı-qaralar” qrup mərhələsinə vəsiqə uğrunda həlledici matçı səfərdə keçirəcək. Afinada keçiriləcək qarşılaşma “Apostolos Nikolaidis” stadionunda baş tutacaq. Bu matç komandamızın avrokuboklarda yubiley – 10-cu oyunu olacaq.

Publika.az xəbər verir ki, bunadək 9 görüşə çıxan “Qəbələ” bütün oyunlarını UEFA Avropa Liqasında keçirib. Avrokuboklardakı debüt ilində - 2014/15 mövsümündə iki matç keçirən komandamız cari mövsüm artıq 7 oyunda iştirak edib. Bu 9 matçda “Qəbələ” 3 qələbə qazanıb, 2 heç-heçə edib və 4 dəfə uduzub. Bu matçlarda komanda 7 qol vurub, 9-nu buraxıb. “Qəbələ”nin qollarını 4 futbolçu vurub. Cavid Hüseynov 3, Sergey Zenyov 2, Aleksey Antonovla Asif Məmmədov hərəyə 1 dəfə fərqlənib. Avrokuboklarda ən çox oyun keçirənlər isə əvvəlki 9 matçın hamısında iştirak edən Dodo və Rafael Santosdur.

“Qəbələ” artıq “Panatinaikos”la cavab oyununun hazırlığına start verib.

Azərbaycan Premyer Liqasının 3-cü turunda “Kəpəz” üzərindəki qələbədən (1:0) sonra fasilə verməyən “Qırmızı-qaralar” məşqlərini davam etdirir. Gündə bir dəfə hazırlıq keçən “Qəbələ” pley-offun cavab oyununun keçiriləcəyi Afinaya avqustun 26-da yollanacaq. Yunanıstana Qəbələdən birbaşa reyslə yollanacaq komanda avqustun 27-də baş tutacaq oyundan öncəki son məşqini Afinada keçirəcək.

Xatırladaq ki, “Qəbələ” səfər oyununa bir itki ilə çıxacaq. Əvvəlki qarşılaşmalarda 3 sarı vərəqə alan Rafael Santos cəzalı olduğundan komandamıza kömək edə bilməyəcək.

Avropa Liqası, pley-off mərhələsi, cavab oyunu

27 avqust

23:00 Panatinaikos (Yunanıstan) – Qəbələ (Azərbaycan) (ilk oyun – 0:0)

Baş hakim: İvan Krujilak (Slovakiya).

Yan xətt hakimləri: Tomas Somolani, Tomas Mokoş (hər ikisi Slovakiya).

Ehtiyat hakim: Peter Kraloviç (Slovakiya).

Hakim inspektor: Manuel Mexuto Qonzales (İspaniya).

UEFA nümayəndəsi: Volfqanq Tiyerixter (Avstriya).

Afina. Apostolos Nikolaidis stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm