• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Neftçi”nin almaq istədiyi futbolçu meydandaca öldü

  • İdman
  • 27 Avqust 2015 16:56
  • 913 Baxış
“Neftçi”nin almaq istədiyi futbolçu meydandaca öldü

Ötən həftə Kamerunda futbolçu ölümü haqda xəbər yayıldı. Duala “Dinamo”sunun üzvü Leopold Anqonq Oben oyun vaxtı canını tapşırdı. Təəssüf ki, son vaxtlar belə hallara tez-tez rast gəlirik. Ümumiyyətlə, son bir ildə 7 futbolçu ölümü qeydə alınıb.

Publika.az son bir ildə yaşıl meydandakı ölümləri xatırladır.

Leopold Anqonq Oben (? – 23.08.2015)

Ötən bazar bu faciəli xəbər Kamerundan gəldi. 2-ci divizionun oyunu zamanı Duala “Dinamo”sunun 26 yaşlı hücumçusu həyatla vidalaşdı. “Kolombe”ylə matçda ona qarşı kobudluq olunandan sonra həkimlərin müdaxiləsi sayəsində futbolçu yenidən ayağa qalxır və oyuna davam edir. Amma bir neçə dəqiqədən sonra huşunu itirərək yerə sərilir. Oben təcili Duala xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Maraqlıdır ki, bu, son 3 həftədə həmin “Dinamo” klubunda ikinci futbolçu ölümü hadisəsidir. Leopolddan əvvəl 27 yaşlı qapıçı Ferdinand Mboq xəstəlik üzündən dünyasını dəyişmişdi. Amma Leopoldun ölümünün səbəbi hələ açıqlanmayıb.

Qoran Qoqiç (24.04.1986 – 03.07.2015)

Hadisə yayda Çində baş verdi. “Tsindao Hayno”nun serb futbolçusu məşqdən sonra avtobusda huşunu itirdi. 29 yaşlı yarımmüdafiəçi xəstəxanaya aparılsa da, həyata qayıtmadı. Halbuki məşqdə ciddi xəsarət almamışdı. Şahidlərin sözlərinə görə, Qoqiç yaxşı görünürdü, oyundaşlarıyla zarafatlaşırdı. Amma əcəl...

Çində ilk mövsümünü keçirən serbiyalı mərhum futbolçu vətənində bir neçə klubun formasını geyinmişdi, “Yaqodina”yla Serbiya kubokunu və “Srvena Zvezda” ilə ölkə çempionluğunu qazanmışdı.

Devid Faramola Oniya (05.06.1985 – 13.06.2015)

8 il Özbəkistanda top qovan Oniyanın başına gələnlərə heyrətlənməmək olmur. 2014-cü ildə Fərqanə “Neftçi”siylə müqavilə bağlamağa hazırlaşan nigeriyalı müdafiəçinin keçidi demək olar həll edilmişdi. Tərəflər əl sıxışmışdı. Ancaq Devid ürəyindəki problem üzündən tibbi baxışdan keçə bilmədi. Həkimlərin rəyini qulaqardına vuran Oniya karyerasını davam etdirdi və Malayziyanı təmsil edən “T-Team” klubunun sıralarına qoşuldu. Bu ilin iyununda isə yoldaşlıq oyunlarının birində 3-cü dəqiqədə qazona yıxılan futbolçu yarım saat sonra ürəktutmasından keçindi. Klubun baş direktoru Sarizan Mod Zeynin açıqlamasına görə, Oniyanı xilas etmək olardı. Lakin tibbi yardım vaxtında göstərilməyib.

Kristian Qomes (4.11.1987 – 24.05.2015)

“Atletiko Parana”da oynayan argentinalı müdafiəçi “Boka Udinos”la matçda huşunu itirir. Stadionun növbətçi tibbi personalı Qomesi yaxınlıqdakı hospitala çatdırsa da, onu da xilas etmək mümkün olmayıb. Səbəb ürəktutması olmuşdu.

Emanuel Orteqa (? – 14.05.2015)

Qomeşdən 10 gün əvvəl Argentina daha bir şok yaşamışdı. Cinahda top uğrunda mübarizə zamanı “San-Martin”in yarımmüdafiəçisi rəqiblə toqquşmadan sonra meydandan kənara çıxaraq qazonla tribunanı ayıran betona çırpılmışdı. Həkim müayinəsindən sonra Orteqanın kəllə sümüyünün sınması aşkarlandı. 10 gün reanimasiyada ölümlə vuruşan futbolçu iki dəfə əməliyyat olunsa da, bu mübarizədən məğlub ayrıldı.

Ölümündən sonra Orteqanın “Feysbuk” səhifəsində “Ölənədək futbolu sevəcəyimə and içirəm” statusunun görünməsi isə hamını vahimələndirmişdi.

Qreqori Mertens (21.02.1991 – 30.04.2015)

Bu ilin aprelində “Lokeren”in müdafiəçisinin başına gələnlərdən bütün Avropa xəbər tutdu. “Genk”lə oyun zamanı Mertens adi vəziyyətdə qazona yıxıldı. Matçın hakimi dərhal həkimləri köməyə çağırdı. İlkin tibbi yardımdan sonra futbolçunun ürəyinin dayandığı müəyyən olundu. Dərhal süni nəfəs aparatına qoşulan Qreqori Genk xəstəxanalarından birinə aparıldı. Klub rəhbərliyi tibbi baxış zamanı onun ürəyində heç bir problem olmadığını bildirirdi. Xəstəxanada əməliyyatdan sonra Mertens 3 gün həyatla ölüm arasında mübarizə apardı. Nəhayət, ailəsi onun çəkdiyi əzablara dözməyərək, həkimlərdən Mertensi süni nəfəs aparatından ayırmağı xahiş etdi. Onun cəmi 24 yaşı vardı...

Piter Biaksanqzuala (? – 19.10.2014)

Ötən il Hindistanda da oxşar ölüm faktı qeydə alındı. Mizoram ştatının çempionat oyununda “Vifleem Venqtlanq” klubunda çıxış edən Piter “Çanmari Uest”in qapısına vurduğu qolun sevincini saltoyla qeyd etmək istəyir. Amma bu hərəkəti ona həyatı bahasına başa gəlir. Uğursuz şəkildə yerə yıxılan Piter onurğa sümüyünü zədələyir və komaya düşür. Dərhal xəstəxanaya aparılsa da, onu komadan çıxarmaq mümkün olmur. Həmin uğursuz saltodan 5 gün sonra qəribə familiyalı Biaksanqzuala həyatla vidalaşır.

Könül istərdi ki, futbol meydanlarında bir də belə ölüm halları olmasın. Təəssüf ki, heç kim bundan sığortalana bilməz...

Pərviz Hikmət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR