Federasiyada növbəti biabırçılıq: “Problemimiz tək maaş deyil”
Bizi izləyin

İdman

Federasiyada növbəti biabırçılıq: “Problemimiz tək maaş deyil”

Xəbər verdiyimiz kimi, cüdoçularımız bu yaxınlarda Qazaxıstandakı dünya çempionatından fiasko ilə qayıdıblar. “Uğursuzluq sindromu”ndan heç cür qurtula bilməyən Azərbaycan Cüdo Federasiyasında yenə ara qarışıb.

Publika.az-ın federasiyaya yaxın mənbədən aldığı məlumata görə, idmançılar uğursuzluğa səbəb kimi məşqçini və rəhbərliyi günahlandırır.

Adının çəkilməsini istəməyən bir neçə idmançı saytımıza açıqlamasında baş məşqçi Hacıağa Hacıəhmədovun məşqlərə laqeyd yanaşdığını, məşqlərin də yarışlarda uğur qazanacaq səviyyədə keçirilmədiyini deyib.

Bundan sonra cüdoçular federasiya rəhbəri Füzuli Ələkbərovla görüşmək qərarına gəliblər. Hətta bu görüş baş tutmasa, növbəti dəfə aksiya keçirəcəklərini deyiblər. Adının çəkilməsini istəməyən idmançılar istəklərini saytımız vasitəsi ilə belə çatdırıblar:

“Biz federasiyadan çox şey istəmirik. Tək problemimiz maaş deyil. Bizə səviyyəli məşq keçirilsin. Əgər hazırkı baş məşqçi (Hacıağa Hacıəhmədov) bu gücdə, potensialda deyilsə, bunu bacaran adamı gətirsinlər. Bizi təlim-məşqlərlə təmin etsinlər. Biz sadəcə bunu istəyirik. Azərbaycan üçün uğur qazanmaq istəyirik. Elmar Qasımov, Elxan Məmmədov kimi idmançılar bu gün nəticə verə bilmirsə, bunun tək səbəbkarı məşqçidir”.

Publika.az-a verilən digər məlumata görə, idmançıların maaş problemi yenə gündəmə gəlib. Belə ki, idmançıların 3 aya yaxındır pulları verilmir.

Füzuli Ələkbərov isə idmançılarla görüşməyi, onların problemini dinləməyi, həll etməyi öz öhdəsinə götürmək istəmir. Bu da idmançıların səbir kasasını daşırır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm