• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Qəbələ”nin rəqiblərini daha yaxından tanıyaq

  • İdman
  • 31 Avqust 2015 18:23
  • 318 Baxış
“Qəbələ”nin rəqiblərini daha yaxından tanıyaq

UEFA Avropa Liqasının qrup mərhələsinin Monakoda baş tutan püşkatmasının nəticələrinə əsasən “Qəbələ” C qrupunda “Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan) və “Krasnodar” (Rusiya) klubları ilə mübarizə aparacaq.

Publika.az “Qəbələ”nin rəqiblərini təqdim edir.

“Borussiya” (Dortmund, Almaniya)

Əsası 1909-ci il dekabrın 19-da qoyulan komanda ölkəsinin ən titullu klublarından biridir. 1913-cü ildən “qara-sarı” rənglərə sadiq olan Dortmund təmsilçisi ilk vaxtlar bölgə çempionatlarında çıxış edib və həmin dövrdən “Şalke” ilə əbədi rəqabəti başlayıb. Müxtəlif turnirlərdə qələbələr qazanan komanda ilk Almaniya çempionluğunu 1956-cı ildə qazanıb. 1957 və 1963-cü illərdə də əldə olunan uğurlar Bundesliqa yaranmazdan əvvəlki dövrə təsadüf edib. 1963-cü ildə əsası qoyulan peşəkar Bundesliqada isə 5 dəfə qızıl medallar Dortmund təmsilçisinə nəsib olub – 1995, 1996, 2002, 2011, 2012.

Ümumilikdə 8 qızıl medala yiyələnən rəqibimiz 6 gümüş və 5 bürüncə də sahib olub. 1965, 1989 və 2012-ci illərdə Almaniya kubokuna yiyələn “qara-sarılar” 4 dəfə də finalda uduzub. 8 dəfə Superkubok uğrunda mübarizə aparan dortmundlular bunların 6-da qələbə qazanıb.

Ümumiyyətlə, klubun tarixinə nəzər salsaq, ötən əsrin 90-cı illəri və son zamanları əhatə edən dövrü “Borussiya” üçün yüksəliş zamanı olub. Ottmar Hitsfeldin baş məşqçi təyin olunmasından sonra çiçəklənmə dövrü yaşayan “Borussiya” ilk mövsümdə Bundesliqanın 2-cisi olub. 1993-cü ildə UEFA kubokunun finalına yüksəlib. 1995, 1996-cı illərdə ölkə çempionluğu, 1997-ci ildə yeganə Çempionlar Liqası kuboku qazanılıb. Bununla da 1966-cı ildə Kuboklar Kubokuna sahib çıxan klub ikinci qitəmiqyaslı mükafatını əldə edib. Komandanın ulduzu Matias Zammer isə Avropanın ən yaxşı futbolçusu seçilib. Klub tarixinin ən böyük uğurundan sonra Hitsfeld postundan ayrılsa da, komanda uğurunu Qitələrarası kubokda da davam etdirib. 2002-ci ildə isə artıq Zammerin baş məşqçiliyi ilə çempionluq qazanılıb. Uzun illərdir 81359 tamaşaçı tutan “Siqnal İduna Park”a toplaşan azarkeş sayı ilə Avropada rekordlar müəyyənləşdirən “Borussiya”nın növbəti yüksəlişi son 5-6 ilə təsadüf edib. Yürgen Kloppun formalaşdırdığı heyət iki çempionluq, iki vitse-çempionluq və 2013-cü ildə Çempionlar Liqasının finalına qədər irəliləyib.

Ötən mövsüm Bundesliqaya uğursuz başlayıb, hətta aşağı dəstəyə yuvarlanmaq təhlükəsi də yaşayan komanda sonda 7-ci yerlə Avropa Liqasına yüksəlib. Tomas Tuxelin baş məşqçisi olduğu komanda bu yarışa 3-cü təsnifat mərhələsindən başlayıb, Avstriya “Volfsberq”i (1:0, 5:0) və Norveç “Odd”unu (4:3, 7:2) mübarizədən kənarlaşdırıb. Dortmundlular qalib gəlməklə yanaşı, əvvəl turnirin təsnifat mərhələləri, sonra pley-offu üçün azarkeş sayında yeni rekordlar müəyyənləşdirib.

PAOK (Yunanıstan)

Saloniki şəhərini təmsil edən komanda 1926-cı ildə yaradılıb. 28703 tamaşaçı tutumuna malik “Tumba” stadionunda çıxış edən PAOK ilk uğurunu 11 il gözləyib. 1937-ci ildə ölkə çempionatının gümüşünü qazanan rəqibimiz 3 il sonra bu uğuru təkrarlayıb, 1939-cu ildə isə kubokun finalınadək irəliləyib. 1951 və 1955-ci illərdə də kubok qazanmaq imkanının həlledici qarşılaşmada əldən verən Saloniki təmsilçisinin qızıl dövrü ötən əsrin 70-ci illərinə təsadüf edib. Yunan futbolunun məşhur simalarının yer aldığı komanda uğurlarının çoxunu həmin heyətlə əldə edib. 1972-ci ildə ilk titulunu qazanıb, Yunanıstan kubokuna yiyələnən PAOK iki ildən sonra bu nailiyyətini təkrarlayıb. 1971-ci ildə isə finalda uduzan rəqibimiz 1973-də həm kubok, həm çempionatda ikinci olub. 41 il əvvəl Kuboklar Kubokunun 1/4 finalınadək irəliləyən salonikililər avrokuboklar tarixində özünün ən yaxşı nəticəsinə imza atıb. PAOK həmin nəticəsini hələ də təkrarlaya bilməyib. 1976-cı ildə ilk dəfə Superliqanın çempionu tituluna sahib çıxan PAOK 2 il sonra gümüşlə kifayətlənib. 1978-ci ildə də çempionatın ikincisi olan salonikililər 1977, 1978, 1981, 1983, 1985-ci illərdə kubokun finalında uduzub. 30 il öncə klub tarixinin ikinci və sonuncu çempionluğunu bayram edib.

Əsasən “Olimpiakos” və “Panatinaikos”un kölgəsində qalan PAOK növbəti titulunu 16 il gözləyib. 2001 və 2003-cü illərdə kubok qazanmaqla bu mükafatın 4 qat qalibi olan rəqibimiz 1992 və 2014-cü ildə finaladək irəliləyib. 2010 və 2013-cü illərdə Superliqada daha iki dəfə gümüş medal qazanmağı bacaran PAOK ötən mövsüm çempionatı 5-ci pillədə başa vurub. Bunun sayəsində Avropa Liqasına yüksələn komanda II təsnifat mərhələsindən mübarizəyə qoşulub. Baş məşqçi İqor Tudorun yetirmələri qrupa vəsiqə qazanana qədər Xorvatiya “Lokomotiv”i (1:2, 6:0), ardınca Slovakiya “Spartak”ı (1:0, 1:1) və Danimarka “Brondbü”sünü (5:0, 1:1) mübarizədən kənarlaşdırıb.

“Krasnodar” (Rusiya)

2008-ci il fevralın 22-də yaranan komanda C qrupunun ən gənc klubu olsa da, artıq kifayət qədər avrokubok təcrübəsinə malikdir. Tarixinin ilk mövsümündə II divizionda çıxış etdiyi zonada 3-cü olan Krasnodarın eyniadlı təmsilçisi liderdən 11 xal geri qalıb. Lakin bəzi komandaların çempionata qatılmaqdan imtinası gənc kollektivin artıq 2009-cu ildə I divizionda oynamasına şərait yaradıb. İlk cəhddə 10-cu, növbəti il 5-ci olan “Krasnodar” Premyer Liqa arzusunu gerçəkləşdirmək üçün əcnəbi mütəxəssisisə ehtiyac duyub. Bu üzdən serbiyalı Slavolyub Muslinlə anlaşılıb. Onun qarşısına Premyer Liqaya vəsiqə qazanmaq vəzifəsi qoyulsa da, komanda növbəti dəfə oynamadan yüksək dəstəyə keçib. İki klubun Premyer Liqada çıxışını dayandırması krasnodarlılar üçün şans yaradıb. Nəticədə onlar 2011-ci ildə elitada debüt edib. 2011/12 mövsümündə 9-cu, 2012/13 mövsümündə 10-cu olan klub Premyer Liqanın ortababına çevrilib. Bununla kifayətlənməyən rəhbərlik Muslini istefaya göndərib, Oleq Kononovla anlaşıb. 2013/14 mövsümündə 5-ci olan komanda kubokun finalınadək irəliləyib. Onlar həlledici qarşılaşmada “Rostov”a penaltilər seriyasında uduzub. Avropa Liqasında debüt şansı qazanan komanda İspaniya “Real Sosyedad”ı kimi rəqibi də mübarizədən kənarlaşdırıb qrup mərhələsinədək irəliləyib. Burada isə “Krasnodar” 3-cü olub. 2014/15 mövsümündə Premyer Liqanı da 3-cü yerdə tamamlayan Kononovun yetirmələri çempionatda ilk medalına sahib çıxıb. Yenidən Avropa Liqasına yüksələn krasnodarlılar ikinci dəfə çıxış edəcəyi qrup mərhələsinədək Slovakiya “Slovan”ı (2:0, 3:3) və Finlandiya HİK-inə (5:1, 0:0) qalib gəlib. İnşa olunan yeni stadionunda tamamlama işləri aparılan klub yarandığı gündən ev oyunlarını şəhərin digər arenası - 35200 tamaşaçı tutumuna malik “Kuban”da keçirir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR