“Qarabağ”ın rəqiblərini daha yaxından tanıyaq
Bizi izləyin

İdman

“Qarabağ”ın rəqiblərini daha yaxından tanıyaq

Ardıcıl ikinci dəfə UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qarabağ” J qrupunda İngiltərənin “Tottenhem”, Belçikanın “Anderlext” və Fransanın “Monako” klubları ilə qarşılaşacaq.

Publika.az “Qarabağ”ın rəqiblərini təqdim edir.

“Tottenhem” (İngiltərə)

Tam adı “Tottenhem Hotspur” olan klub 1882-ci ildə yaradılıb. 123 yaşa malik klub Böyük Britaniyanın paytaxtı Londonu təmsil edir. Londonun şimalında bir araya gələn kriket klubunun üzvləri “Hotspur” adlı futbol komandası yaratmağa qərar verib. İki ildən sonra klub adını indiki kimi “Tottenhem Hotspur”a dəyişib. 1899-cu ildən ev oyunlarını “Uayt Hart Leyn” stadionunda keçirən klubun arenası 36284 tamaşaçı tutumuna malikdir. 1901-ci ildə ilk böyük titulunu – İngiltərə kubokunu qazanan “Tottenhem” futbolda yeni ənənənin təməlini qoyub. Klubun direktorunun həyat yoldaşı sevindiyindən kubokun üzərinə lent bağlayıb. Həmin ilk təsadüf artıq ənənəyə çevrilib. 1908-ci ildə yüksək diviziona vəsiqə qazanan komanda 6 ildən sonra aşağı dəstəyə düşüb. 1921-ci ildə ikinci dəfə ölkə kubokunu və ilk Superkubokunu, növbəti ildə çempionatın gümüş mükafatını qazanan şimali londonlular növbəti uğuru təxminən 30 il gözləyib. 1951-ci ildə tarixində ilk dəfə İngiltərə çempionu titulunu qazanan “Tottenhem” 1952 və 1957-ci ildə gümüşlə kifayətlənib. Ötən əsrin 60-cı illəri klubun Britaniya futbolu tarixində ilklərə imza atması ilə əlamətdar olub. Qızıl dövrünü yaşayan komanda 1961-ci ildə ikinci və sonuncu dəfə İngiltərə çempionu adını qazanıb. Həmin ildə kuboka yiyələnən London təmsilçisi XX əsrdə İngiltərədə “Qızıl dubl” edən ilk komanda olub. 1897-ci ildən sonra “Dumanlı Albion”da bunu bacaran olmamışdı. Hər iki çempionluqla yanaşı, Superkuboka da yiyələnən komanda ümumilikdə 7 dəfə (1921, 1951, 1961, 1962, 1967, 1981, 1991) bu titula sahib çıxıb. 1962-ci ildə Çempionlar Kubokunda yarımfinaladək irəliləyən komanda ölkə kubokunu qazanıb. UEFA Kuboklar Kubokuna vəsiqə əldə edən komanda Böyük Britaniya futbolu tarixində ilk dəfə avrokubokların qalibi olub. 1963-cü ildə qitə kubokuna yiyələnən “Tottenhem” finalda “Atletiko”nu 5:1 hesabı ilə yenib. Həmin il İngiltərə çempionatının 4-cü, hələlik sonuncu gümüş medalı da əldə edilib. Bundan sonra daha 4 dəfə - 1967, 1981, 1982 və 1991-ci ildə ölkə kubokuna yiyələnən paytaxt klubu bu turnirdəki titul sayını 8-ə çatdırıb. Qitə miqyasında da uzun müddətdir titul həsrətində olan İngiltərə təmsilçisi 1972 və 1984-cü illərdə UEFA kubokunu başı üzərinə qaldırıb. 3 dəfə avrokubok qazanan komanda 1974-cü ildə eyni yarışın finalında uduzub. Son illər daim Premyer Liqada mübarizə aparan “Tottenhem” 1971, 1973, 1999 və 2008-ci illərdə Liqa kubokunu qazanıb. 2010-cu ildə ilk dəfə Çempionlar Liqasına yüksələn komanda 2014/15 mövsümündə Premyer Liqanı 5-ci pillədə başa vurub. Bu da argentinalı baş məşqçi Maurisio Poçettinonun yetirmələrinin Avropa Liqasının qrupuna birbaşa vəsiqə əldə etməsinə imkan verib.

“Anderlext” (Belçika)

Belçikanın ən titullu klubu olan “Anderlext” 1908-ci il mayın 27-də yaradılıb. Brüsselin Anderlext kommunasında əsası qoyulan komanda 5 ildən sonra ölkə çempionatının 2-ci liqasında çıxış edib. Həmin vaxt 4-cü olan paytaxt klubunun indiki stadionu “Konstant Vanden Stok” arenası 1917-ci ildə inşa olunub. Bu stadion 28063 tamaşaçı tutumuna malikdir. Həmin vaxtlardan ağ-bənövşəyi rənglərə bağlanan brüssellilər 1921-ci ildə güclülər dəstəsində debüt edib və 12-ci pilləni tutub. Bundan sonra uzun illər elitada aşağı pillələrdə vurnuxan, dəfələrlə liqalar arasında var-gəl edən komanda II Dünya Müharibəsindən sonra Belçika futbolunun liderinə çevrilib. 1947-ci ildə qazanılan ilk ölkə çempionluğundan sonra mükafatları sıralamağa başlayan komanda 1964-68-ci illərdə milli çempionatların rekorduna imza atıb. Həmin vaxt “Anderlext” ardıcıl 5 dəfə çempion tituluna yiyələnib. Ümumilikdə isə 31 dəfə çempion, 9 dəfə kubokun, 10 dəfə Superkubokun qalibi olan paytaxt təmsilçisi Belçika yığmasının baza klubuna da çevrilməyi bacarıb. Daxili yarışlarla yanaşı, Avropa miqyaslı turnirlərdə də uğurlar əldə edib. 1970-ci ildə ilk dəfə avrokubokların finalına yüksələn “Anderlext” UEFA kubokunu qazanmaq uğrunda matçda İngiltərə “Arsenal”ına uduzub – 3:1, 0:3. 6 il sonra tarixi uğur – Avropada ilk kubok qazanıldı. Ardıcıl 3 dəfə Kuboklar Kubokunun finalına yüksələn “Anderlext” 1976-cı ildə digər İngiltərə təmsilçisi “Vest Hem”i sınağa çəkərək Brüsseldəki “Eyzel” stadionunda 4:2 hesabı ilə qalib gəlib. Növbəti il Almaniya “Hamburq”undan 2 cavabsız qol buraxan brüssellilər titulunu qoruya bilməyib. 1978-ci ildə Vyana “Austriya”sını 4:0 yenən Belçika klubu ikinci dəfə Kuboklar Kubokunu başı üzərinə qaldırıb. Bu mükafatı qazanmaqla iki dəfə UEFA Superkubokuna yüksələn “Anderlext” həm 1976, həm də 1978-ci ildə Çempionlar Kubokunun qalibindən güclü olaraq, daha iki dəfə avrokubok qazanıb. Əvvəl Almaniya “Bavariya”sı (1:2, 4:1), 2 il sonra İngiltərə “Liverpul”u (3:1, 1:2) məğlub edilib. 3 ildə 4 avrokubok qazanan rəqibimiz növbəti uğurlarını çox gözləməyib. Artıq 1983-cü ildə UEFA kubokunu da qazanan komanda qitədəki 5-ci titulunu Portuqaliya “Benfika”sını (1:0, 1:1) yenərək qazanıb. Növbəti il yenidən finalda oynayan “Anderlext” titulunu qrupdakı digər rəqibimiz “Tottenhem”lə matçda əldən verib – 1:1, 1:1, pen. 3:4. Belçikalıların avrokuboklardakı son finalı isə 25 il əvvələ təsadüf edir. Kuboklar Kubokunun İtaliya “Sampdoriya”sı ilə qarşılaşmasında brüssellilər 0:2 hesabı ilə uduzub. Bundan sonra qitə miqyasında böyük uğuru olmayan rəqibimiz Belçikadakı liderliyini davam etdirir. Son 15 mövsümdə 8 çempionluq qazanan “Anderlext” son yarışda bürünclə kifayətlənib. Bundan əvvəl ardıcıl 3 qızıl əldə edən komandanın seriyası qırılıb. Nəticədə son 3 mövsümdə Çempionlar Liqasının qrupunda çıxış edən belçikalılar bu dəfə Avropa Liqasının eyni mərhələsində mübarizə aparacaq. Sonuncu dəfə 2008/09 mövsümündə qitə kuboklarında qrupda oynamayan rəqibimiz buna birbaşa vəsiqə ilə nail olub.

“Monako” (Fransa)

Monako knyazlığının eyniadlı klubu 1924-cü il avqustun 23-də yaradılıb. Fransa çempionatında çıxış edən komanda əsası 5 il əvvəl qoyulan Monako Futbol İdman Assosiasiyasının xələfi kimi tarixə düşüb. 1930-cu ildə Fransanın peşəkar liqasına cəlb olunan klub maliyyə problemləri üzündən bu statusunu uzun müddət qoruya bilməyib. 1939-cu ildə Fonvey şəhərində knyaz Lui II şərəfinə adlandırılan stadion inşa olunub. Komanda indiyədək 18523 tamaşaçı tutan həmin arenada çıxış edir. 1948-ci ildə yenidən peşəkar statusunu bərpa edən “Monako” II diviziona qayıdır. Həmin ildən yeni knyaz Renye III klubu öz himayəsinə götürür. 1952/53 mövsümündə I diviziona yüksələn klubun büdcəsi də artırılır. 1960-cı ildə ilk titulu – Fransa kubokunu qazanan komanda növbəti il çempionluğu bayram edib. Bu da “qırmızı-ağlar”a Çempionlar Kubokuna vəsiqə verib. 1963-cü ildəki “Qızıl dubl”dan sonra baş məşqçi və bir sıra futbolçular klubu tərk edir. Nəticədə “Monako” ortababa çevrilir. 1978-ci ildə qazanılan ikinci çempionluq uğurlu dövrün startı olur. Həmin vaxtdan Fransa futbolunun liderləri sırasına qoşulan komanda 1982, 1988, 1997 və 2000-ci illərdə qızıl medal qazanmaqla yanaşı, ikinciliklərinin sayını 6-ya, üçüncülüklərinin sayını 11-ə çatdırır. 1980, 1985, 1991-ci illərdə də ölkə kubokuna yiyələnən “Monako” 5 dəfə də həlledici oyunda uduzur. Hesabında 4 Superkubok da olan “Knyazlıq klubu” avrokuboklarda da yetərincə uğurlu çıxış edir. Komanda heç vaxt titul qazanmasa da 2 dəfə finaladək irəliləyib. 1992-ci ildə Kuboklar Kubokunda Almaniya “Verder”inə 0:2, 2004-cü ildə Çempionlar Liqasında Portuqaliya “Porto”suna 0:3 hesabı ilə uduzub. Qitənin ən nüfuzlu klub turnirində 1989-cu ildə 1/4 finala, 1994, 1998-ci illərdə yarımfinala yüksələn monakolular 2014/15 mövsümündə də uğurlu nəticəyə imza atıb. 2005/06 mövsümündən sonra avrokuboklardan kənar qalan komanda 9 ildən sonra qayıdışını Çempionlar Liqasının 1/4 finalına irəliləməklə qeyd edib. Bu mərhələdə rəqibimizi İtaliya “Yuventus”u dayandırıb – 0:0, 0:1. Fransa çempionatında 2013/14 mövsümündə gümüş, ötən çempionatda bürünc qazanan “qırmızı-ağlar” bu il də avrokuboklara qitənin ən nüfuzlu klub turnirində başlayıb. III təsnifat mərhələsində pley-offdakı rəqibimiz İsveçrə “Yanq Boyz”unu (4:0, 3:1) keçən “Knyazlıq klubu” ardınca İspaniya “Valensiya”sına uduzaraq (2:1, 1:3) Avropa Liqasının qrupuna düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm